Məhkəmə qərarları › İş №2(011)-1476/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1476/2024

07.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1476/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənsur qızına qarşı istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzilin (bundan sonra – Mənzil) ÖM seriyalı 173690 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsusdur və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir.

2. Cavabdeh1 iddiaçının keçmiş arvadıdır. Onlar xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar və nikahları Ağcabədi rayon Qeydiyyat Şöbəsində 125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2-1545/2004 saylı xx.xx.2004cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikah pozulmuş, iddiaçıya bu barədə xx.xx.2004-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.

3. Digər Cavabdeh2 isə iddiaçının qızıdır. Cavabdehlər hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatında olsalar da, yaşamırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərin Mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən Mənzil onun mülkiyyətindədir. Alqı-satqı müqaviləsinin 13-cü əndinə əsasən cavabdehlər Mənzil satıldqdan sonra qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, həmin vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh2 iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, o, iddiaçı ilə Cavabdeh1 rəsmi nikahından xx.xx.1978-ci il tarixində anadan olmuşdur. O, uzun müddət Mənzildə yaşamış, son zamanlara kimi də həmin ünvana gediş-gəlişi olmuşdur, günü bu gün də şəxsi əşyaları həmin evdədir. Atası və anası arasında şəxsi münasibətlərin soyuması və onun ilin müəyyən dövrlərində ölkədən xaricdə işləməyiylə əlaqədar olaraq bir sıra hallarda qardaşı Rəşad Namazova məxsus ünvan 1 ünvanında (Radiozavodun arxasında Yeni tikililər) yerləşən evdə, bəzən mübahisəli ünvanda, bəzi hallarda isə kirayədə yaşayır. Bu barədə iddiaçı da məlumatlıdır, daima onunla əlaqəsi olmuşdur, əsasən qardaşı Rəşad Namazovla münasibətdə olduğundan göstərilənlərdən məlumatlıdır. Onun adına Respublika üzrə daşınmaz əmlak mövcud deyildir. Onun Mənzilə ehtiyacı var və istifadə hüququnun xitam verilməsinə etiraz edir. Ən azı qanunla müəyyən edilmiş kompensasiya ödənilmədən bu addımın iddiaçı tərəfindən atılması yolverilməzdir.

7. Digər cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşlı insanlara qulluq etmək üçün müəyyən şəxslər cəlb olunur, ancaq cavabdehlər hazırda onun Mənzilində qeydiyyatda olduqlarından o, bu imtiyazdan məhrumdur. Cavabdehlər artıq 10-dən çoxdur ki, Mənzildə yaşamırlar. O, Mənzildə tək yaşayır.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

13. Maddə 225.1. Ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

14. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

15. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

16. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

17. Maddə 262.1. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

19. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Mübahisənin əsasını Mənzilə dair istifadə hüququ ilə bağlı məsələlər təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca hüquqi hərəkət kimi (istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1). Birinci halda şəxs əmlakın mülkiyyətçisi deyil, yalnız mülkiyyətçinin verdiyi hədlərdə əmlakdan istifadə hüququna malikdir.

27. Hazırkı mübahisə iddiaçının mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə hər bir cavabdehə münasibətdə ayrıayrılıqda hüquqi qiymət verilməlidir. Məhkəmə öncə Cavabdeh1 dair hissədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar, mübahisə predmeti olan Mənzil isə xx.xx.2003-cü il tarixdə, yəni, tərəflərin birgə nikahda olduqları dövrdə iddiaçının adına qeydiyyata alınmışdır.

28. Həm Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur.

29. İddiaçı ilə Cavabdeh1 xx.xx.1977-ci il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas).

30. İkinci hüquqi əsasın, yəni həm mübahisəli Mənzilin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə əldə edilməsi iş materiallarında olan sübutlar əsasında öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan 210620 saylı xx.xx.2003-cü il tarixli mqavilənin surətindən görünür ki, iddiaçı X1 88 600 manat dəyərində Mənzili almış, Mənzil xx.xx.2003-cü il tarixdə xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır.

31. Beləliklə, əmlakın ər-arvadın birgə əmlakı hesab olunması üçün ikinci qanuni əsas da iş materialları ilə tam sübuta yetirilir.

32. Mənzilin iddiaçı ilə Cavabdeh1 birgə qazancı hesabına əldə edilməsi ilə bağlı üçüncü hüquqi əsasa gəldikdə isə, bu halı təkzib edəcək sübutlar iş materiallarında mövcud deyil. Məhkəmə qeyd edir ki, əksi sübuta yetirilməyincə Mənzilin tərəflərin birgə qazancı hesabına əldə edilməsi prezumpsiyası qüvvədədir, çünki əmlakın iddaçı ilə cavabdehin birgə əmlakı hesab edilməsi üçün yuxarıda şərh edilən digər iki qanuni əsaslar mövcuddur. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı ilə Cavabdeh1 Mənzil alınanadək uzun müddət, 26 il ər-arvad kimi birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Bu hal da Mənzilin onların birgə qazancı hesabına əldə edilməsini deməyə tam əsas verir. Mənzil iddiaçı ilə Cavabdeh1 nikahda olduqları vaxt əldə edildiyindən onların hər ikisinin birgə əmlakı hesab olunur. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

33. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Mənzil iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edildiyindən, eləcə də Mənzildəki paylarına dair aralarında razılıq olmadığından, bu hüquqi əsas isə onların hər ikisinin Mənzilə dair bərabər mülkiyyət hüquqlarına malik olmalarını təsbit etdiyindən, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

34. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, iddia tələbi ona aid hissədə təmin edilməlidir.

35. İddiaçı qızının uzun müddətdir Mənzilində yaşamadığını, buna görə də onun istifadə hüququnun itirilməsini istəyir. İşin mübahisəsiz halıdır ki, iddiaçının Mənzilə dair mülkiyyət xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında da bildirmişdir ki, Mənzili aldıqdan sonra qızı Cavabdeh2 onunla birlikdə yaşamış, 2013-cü il tarixdən sonra daimi olaraq anası – Cavabdeh1 ilə birlikdə Mənzildən çıxıb getmişdir. Məhkəmə iddiaçının Mənzilə dair mülkiyyət hüququnun xx.xx.2003-cü il tarixdən, eləcə də ailə üzvü olaraq Cavabdeh2 həmin vaxtdan iddiaçı ilə birlikdə Mənzildə yaşamasını nəzərə alaraq hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməldir.

36. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

37. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

38. Həm Mülki Məcəllənin 228.5-ci maddəsinin mənası, həm də Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi praktika baxımından mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə edən şəxsləri 2 kateqoriyaya ayırmaq olar: birincisi, mülkiyyətçinin ailə üzvləri. Bunlara Mülki Məcəllənin 228.5-ci maddəsndə göstərilən şəxslər, yəni mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları aiddir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə həmin şəxslərin istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə ayrıca müqavilənin bağlanmasına zərurət yoxdur, bu halda istifadə hüququnun yaranması etibarlı ailə münasibətlərinə əsaslanır; ikincisi, digər şəxlər. Bu kateqoriya şəxslərin istifadə hüquqlarının yaranması əsasları isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu halda isə digər şəxslərin istifadə hüquqlarının yaranması üçün onlar mülkiyyətçi ilə müvafiq müqavilə bağlamalı, həmin müqavilə notarial qaydada təsdiq edildikdən sonra istifadə hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.

39. Cavabdeh2 iddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsinin mənası baxımından ailə üzvü (qızı) olması və Mənzilə dair iddiaçının mülkiyyət hüququnun yarndığı vaxtdan (xx.xx.2003-cü il) onunla birlikdə Mənzildə yaşaması (iddiaçının məhkəmə iclasında verdiyi izahatlara əsasən) işin mübahisəsiz halıdır. Bu halda, qeyd edilən qanunvericilik müddəaları baxımından Cavabdeh2 xx.xx.2003-cü il tarixdən Mənzilə istifadə hüququ yaranmışdır. Eyni zamanda, işin faktiki halları ilə o da müəyyən edilir ki, Cavabdeh2 10 ildən artıq müddətdir ki, Mənzildə yaşamır. Bu faktı o, yazılı etirazında da qismən etiraf etmişdir. İddiaçı da qızının uzun müddət Mənzildə yaşamamasını əsas gətirərək onun istifadə hüququnun itirilməsini tələb edir.

40. Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilmsinin 2 əsası nəzərdə tutulmuşdur. Birincisi, tərəflərin razılığı ilə, ikincisi mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə. Aydındır ki, birinci əsas hazırkı mübahisə üzrə mövcud deyil. İkinci əsasa gəldikdə isə, mülkiyyətçi tərəfindən məhkəmə qaydasında kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün iki başlıca şərtin olması vacibdir. Bunlardan birincisi, hüququ mübahisə edilən şəxsin istifadə hüququna malik olmasıdır. Yuxarıda da ətraflı şərh edildiyi kimi, Cavabdeh2 Mənzilə istifadə hüququ yaranmışdır. Digər şərt isə, mənzildən (evdən) istifadə hüququ yaranmış şəxsin həmin mənzildən (evdən) istifadəsinə ehtiyacının olması ilə bağlıdır ki, məhkəmə aşağıda şərh edilənlərə əsasən hesab edir ki, Cavabdeh2 Mənzildən istifadə ilə bağlı ehtiyacı aradan qalxmışdır.

41. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

42. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qeyd etmişdir Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

43. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyindən də göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və ona xitam verilməsi servitutun yaranması və ona xitam verilməsi ilə eyni hüquqi mahiyyətə malikdir.

44. İstifadə hüququna xitam verilməsi barədə konkret tələblə (servituta əsaslanan istifadə hüququ) bağlı məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 uzun müddətdir, yəni 10 ildən artıqdır ki, Mənzildə yaşamır. Bu hal məhkəmə iclası zamanı iddiaçının verdiyi izahatı və Cavabdeh2 yazılı etirazı, eləcə də “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları ilə də təsdiq olunur. Cavabdeh özü də etirazında qeyd etmişdir ki, ilin müəyyən vaxtlarında xaricdə işləməyi ilə əlaqədar olaraq bir sıra hallarda qardaşına məxsus mənzildə, bəzən mübahisəli ünvanda, bəzi hallarda isə kirayədə yaşayır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları əsasında da müəyyən olunur ki, cavabdeh mütəmadi olaraq ölkədən xaricə çıxaraq bir neçə aydan sonra ölkəyə qayıtmışdır. Cavabdeh bəzi hallarda Mənzildə yaşamasını qeyd etsə də, bu dəlilini təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim etməmişdir.

45. Şərh edilənlərə, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 Mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından və o, uzun müddətdir Mənzildə yaşamadığından onun formal olaraq istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur. Qanunvericilik mülkiyyət hüququnun ən üstün qorunmasını təsbit etdiyi halda, onun mahiyyətcə formal xarakter daşıyan digər hüquqlarla (istifadə və sahiblik) məhdudlaşdırılması mülkiyyət hüququnun daşıdığı məqsədə mütənasib olmamaqla, yalnız mülkiyyətçinin həddən artıq əlverişsiz vəziyyətə düşməsinə səbəb olur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).

46. Azərbaycan Respublikası Konstitusiyasında heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.

47. Beləliklə, Məhkəmə Heyran Namazonanın Mənzildə yaşamamasını işin faktiki halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması onun istəyi və ilin daha çox hissəsi xaricdə yaşaması ilə bağlıdır. Ona görə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbi təmin edilərək Mənzilə dair onun istifadə hüququna xitam verilməlidir.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 Mənsur qızının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzilinə dair istifadə hüquqları itirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar