Məhkəmə qərarları › İş №2(011)-1499/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1499/2024

23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1499/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat olmaqla, cəmi 630 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə internet vasitəsi ilə tanış olmuşdur, maşın satışı ilə məşğul olurdu. O rayonda yaşadığı üçün xalası oğlanları Samir və Saleh Bakı şəhərində maşına baxdılar və maşının yaxşı olduğunu bildirdilər. Cavabdeh bildirmişdir ki, o rayondan gec gələcək, 600 manat verəcəyi var, kartına vursun, maşının pulunu ödəyəndə 600 manatı ödəməz. O da 600 manat pulu cavabdehin xahişi ilə, onun adına olan karta iki dəfəyə, 21 oktyabr 2023cü il tarixdə göndərmişdir.Bakı şəhərinə getmiş və maşına baxmış, ancaq maşın xoşuma gəlməmişdir. Cavabdehdən 600 manatını qaytarmasını xahiş etmişdir. Cavabdeh söz verdi ki, bir neçə günə pulu qaytaracaq. Ancaq göstərilən müddətdə cavabdeh pulu qaytarmamışdır. Həmin vaxtdan cavabdeh onun telefon zənglərinə cavab vermir və pulunu qaytarmır. O da məhkəməyə müraciət etməli olmuşdur. Ona görədə hesab edir ki, Cavabdeh 600 manat pul və dövlət rüsumu kimi ödədiyi 30 manat pul qanunla müəyyən edilmiş qaydada alınıb ona verilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, ümumilikdə İddiaçı 600 manat borcu vardır. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, 600 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh iddia tələbini qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə arasında olan razılaşmaya əsasən sonuncunun kart hesabına 600 manat göndərmiş, lakin Cavabdeh həmin pulu qaytarmamışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıya 600 manat pul verməsi, lakin iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 600 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar