Məhkəmə qərarları › İş №2(011)-1502/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1502/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1502/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsində 1051 saylı akt qeydi ilə qeydiyyata alınmışdır.

2. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-174/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.

3. İddiaçı ilə cavabdeh Seymur Yusubov 2022-ci ilin avqust ayından etibarən ayrı yaşayırlar və ailə münasibətlərinə həmin vaxtdan faktiki olaraq xitam veriblər. İddiaçıya hədiyyə olaraq qızıl-zinət əşyları alınmışdır.

4. Tərəflər arasındakı mübahisə iddiaçıya hədiyyə kimi alınmış qızıl-zinət əşyalarının cavabdeh tərəfindən onun məlumatı olmadan girov qoyulması və indiyənədək qaytarılmaması ilə bağlıdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı cavabdehdən qızıllarının və ya dəyəri 20000 manat pulun alınıbna verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 585 əyar, çəkisi 10 qram olan, 1000 manat dəyərində üzük, klon və sırğadan ibarət komplekt dəstin; 916 əyar, çəkisi 20 qram olan, 2800 manat dəyərində sırğanın; 916 əyar, çəkisi 30 qram olan, 4200 manat dəyərində qolbağın; 750 əyar, 9 qram çəkidə, 700 manat dəyərində üzüyün; 4000 manat dəyərində üzük-sırğa komplekt dəstin; 750 əyar, 5 qram çəkidə, 600 manat dəyərində qolbağın; 585 əyar 1200 manat dəyərində üzüyün; 585 əyar 1800 manat dəyərində üzüyün; 583 əyar, 15 qram çəkidə dəyəri 1100 manat olan qolbağın; 583 əyar, 21 qram çəkidə, 1600 manat dəyərində qolbağın və ya 19000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi çəkisi 10 qram olan 585 əyarlı üzük, klon və sırğadan ibarət komplekt dəstin dəyərinin 900 manat, çəkisi 20 qram olan 916 əyarlı sırğanın dəyərinin 3100 manat, çəkisi 30 qram olan 916 əyarlı qolbağın dəyərinin 4650 manat, çəkisi 9 qram olan 750 əyarlı kişi üzüyünün dəyərinin 1080 manat, çəkisi 5 qram olan 750 əyarlı qolbağın (əslində nişan üzüyü olduğu halda texniki səhv olaraq qolbağ kimi qeyd edilmişdir, əlamətlərinin olduğu kimi, adının isə nişan üzüyü olmasını nəzərə alınmasını xahiş edirəm) dəyərinin 600 manat, çəkisi 15 qram olan 583 əyarlı qolbağının dəyərinin 1350 manat, çəkisi 21 qram olan 583 əyarlı qolbağının dəyərinin 1890 manat olaraq, hərbi bir qramının dəyəri qeyd edilmiş, lakin qramları qeyd edilməmiş 750 əyarlı komplekt üzük-sırğa dəstinin çəkisinin 23.5 qram, 3 karat, 80 sot olmaqla dəyərinin 5950 manat, 585 əyarlı üzüyün çəkisinin 8 qram, 1 karat sibir briliyantı 10 sot olmaqla dəyərinin 2500 manat, 585 əyarlı üzüyün çəkisinin 8 qram, dəyərinin 720 manat olmasını kimi qəbul edilməsini, həmin qızıl əşyalarının, qətnamə icra olunan vaxt mövcud olmayan əşyaların isə dəyərinin cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Türkiyə Respublikasına imtahan vermək üçün gedmiş, Türkiyə Respublikasından qayıdandan iki gün sonra baş həkimin qızının toyuna gedən zaman 20 000 manat dəyərində olan qızıllarının yerində olamdığını görmüşdür. Cavabdehdən qızıllarını soruşanda o, bildirmişdir ki, saxlamaq üçün “Kapital Bank”a qoyub, həmin günü qızılları gətirə bilməyəcəyini bildirdi. Dəfələrlə qızılları gəliməyini istəsə də, gətirməmiş, buna görə də, evdə söz söhbət düşmüşdür. Sonuncu dəfə yenə qızılları istəyəndə dava olmuş, üstünə bıçaq çəkmiş, iddiaçı isə DİN 102 qaynar xəttinə zəng vurub şikayət etmiş, onu şikayət ərizəsi yazmağa çağırmışlar. Cavabdeh ona bildirmişdir ki, əgər polisə getsə, bu dəfə onu doğracağaq və heç kim onu tapa bilməyəcək. Cavabdeh onu hədələdiyinə görə şikayət ərizəsi yazmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razıdırlar.

11. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlığında yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının 1 ay müddətinə təxirə salınmasını xahiş etsə də, məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübutlar ərizəyə əlavə edilmədiyindən, eləcə də, işin artıq uzun müddətdir məhkəmədə baxılmasını nəzərə alaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

14. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır

22. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir.

23. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

24. Qızıl-ziynət əşyalarının (585 əyar olmaqla, iki ədəd qızıl üzük (cavabdeh onların bacısına aid olduğunu bildirmişdir) və iddiaçının övladına bağışlanmış, çəkisi 9 qram olan 750 əyar kişi üzüyü isitisna olmaqla) iddiaçıya məxsus olması barədə tərəflər arasında mübahisə yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdeh iddiaçı tərəfindən təqdim edilən foto-şəkillərdəki, ikisi qadın üzüyü, biri kişi üzüyü olmaqla, 3 üzükdən başqa digər qızıl-ziynət əşyalarının iddiaçıya məxsus olmasını etiraf etmişdir.

25. İkinci dispozitiv şərtin olması, yəni qızıl-zinət əşyalarının başqa şəxsin sahibliyində olması isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. İddiaçının qeyd etdiyinə görə, qızıl-ziynət əşyaları cavabdeh tərəfindən lombarda girov qoyulmuşdur. Cavabdeh ötən məhkəmə iclası zamanı verdiyi izahatlarında bildirmişdir ki, o, 2020-2021-ci illər ərzində 1 il müddətinə qızıl-ziynət əşyalarını lombarda girov qoymuş, lakin 1 il ərzində ödənişlər edərək onları girovdan çıxarmışdır. Lakin sonrakı məhkəmə prosessləri zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş girov biletinin surəti əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qızıl-ziynət əşyaları xx.xx.2022-ci il tarixində girov qoyulmuşdur. Tərəflər isə faktiki olaraq 2022-ci ilin avqust ayından etibarən birlikdə yaşamırlar. Cavabdeh birlikdə yaşadıqları dövrdə qızıl-ziynət əşyalarını girovdan çıxardığını, iddiaçının evdən gedərkən qızılları da özü ilə apararaq anasına verdiyini bildirsə də, bu dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

26. Beləliklə, qızıl-zinət əşyalarının başqa şəxsin qanunsuz sahibliyində olması halı da məhkəmə araşdırması zamanı sübuta mövcuddur. Göstərilən üçüncü dispozitiv şərtin də mövcudluğu məhkəmə iclasında müəyyən edilmişdir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qızıl-zinət əşyalarının cavabdehdən alınması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə qızıl-zinət əşyaları (585 əyar olmaqla, iki ədəd qızıl üzük və iddiaçının övladına bağışlanmış, çəkisi 9 qram olan 750 əyar kişi üzüyü isitisna olmaqla) olmadığı təqdirdə onlarının dəyərinin cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, qızıl zinət əşyalarının bazar dəyərinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq xx.xx.2024-cü il tarixli 9/8085 nömrəli ekspert rəyində sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada dəyərinin təxminən 13 570 manat olması, üzük-sırğa dəstinin, iki ədəd hər biri 585 əyar olmaqla qızıl üzüklərin çəkisi barədə məluat olmadığından həmin qızıl-zinət əşyaları üzrə tətqiqatın aparılmadığı qeyd edilmişdir. İddiaçı da məhkəməyə təqdim etdiyi sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində geri qaytarılması tələb olunan qızıl ziynət əşyalarının bazar dəyərinin xx.xx.2024-cü il tarixli 9/8085 nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməlidir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi 585 əyar olmaqla, iki ədəd qızıl üzüyə və çəkisi 9 qram, 750 əyar olan kişi üzüyünə aid hissıdı təmin ediməməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçı verdiyi izahatında bildirmişdir ki, çəkisi 9 qram olan, 750 əyar kişi üzüyü, iddiaçının qaynatası tərəfindən onların birgə nikahlarından doğulmuş övladına hədiyyə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin üzük iddiaçının övladına hədiyyə edildiyindən, iddiaçının sözügedən əşyanın geri qaytarılmasını və ya onun dəyərinin ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Qızıl-ziynət əşyasının hədiyyə edildiyi şəxs yetkinlik yaşına çatmamışsa, iddiaçı övladının qanuni nümayəndəsi qismində, onun adından əşyanın özgənin sahibliyindən geri alınması və ya dəyərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə iddia irəli sürməkdə haqlıdır, lakin, həmin mübahisə üzrə də iddiaçı qismində deyil, iddiaçının (üzüyün hədiyyə edildiyi şəxs) qanuni nümayəndəsi qismində çıxış edəcəkdir.

29. Həmçinin, cavabdeh məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb edilən hər biri 585 əyar olmaqla iki ədəd qızıl üzük cavabdehin bacısına məxsus olmuşdur. İddiaçı isə həmin qızıl-ziynət əşyalarının ona məxsus olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər biri 585 əyar olmaqla iki ədəd qızıl üzüyün və çəkisi 9 qram olan, 750 əyar kişi üzüyünün iddiaçıya məxsus olması öz təsdiqini tapmadığından həmin qızıl-ziynət əşyaları üzrə digər dispozitiv şərtlərin mövcudluğuna dair araşdırma aparmağa zərurət yoxdur.

30. Məhkəmə hesab edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 585 əyar, çəkisi 10 qram olan 900 manat dəyərində üzük klon və sırğadan ibarət komplekt dəst; 916 əyar, çəkisi 20 qram olan 3100 manat dəyərində sırğa; 916 əyar, çəkisi 30 qram olan 4650 manat dəyərində qolbağ; 750 əyar, 2820 manat dəyərində üzük və sırğadan ibarət dəst; 750 əyar, 5 qram çəkidə, 600 manat dəyərində qızıl nişan üzüyü; 583 əyar, 15 qram çəkidə dəyəri 1350 manat olan qolbağ; və 583 əyar, 21 qram çəkidə, 1890 manat dəyərində qolbağ, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 15 310 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspert xərci Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar