Məhkəmə qərarları › İş №2(011)-1543/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1543/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1543/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi cinayət məsuliyyətinə cəlb etmək, onu sürücülük hüququndan məhrum etmək, cavabdehdən iddiaçının xeyrinə uğratdığı maddi və mənəvi ziyan və zərəri qarşılamaqdan ötrü 3000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 29 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Aytacı universitetdən dərsdən gələrkən avtomobillə vuraraq ona ağır bədən xəsarəti yetirmiş, onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçmışdır. Hadisə evdən təxminən 100 metr məsafədə Araz marketdən yolu keçərkən baş vermişdir. O, sol qıçın diz nahiyyəsindən və sol çiyin nahiyəsindən xəsarət almışdır, onun əl çantasından kosmetik əşya vasitələri asfalta səpələnmiş, qulağından 2 qramlıq sırğası itmişdir. Bu vaxt o, xəsarətin təsirindən asfaltın üzərində huşsuz vəziyyətdə qalmışdır, yoldan keçənlərin köməyi ilə ona kömək edərək dayanacaqdakı skamyaya oturtmuşlar. Huşu müəyyən qədər özünə gələndən sonra və yaranın isti olması səbəbindən çox çətinliklə evə gəlmiş, əl-qol hərəkətləri ilə hadisəni başa salmışdır. Onlar təxirə salınmadan 102 xidmətinə müraciət etmiş və qısa zamanda cavabdehin şəxsiyyəti təyin olunmuşdur. Səhəri gün Xətai rayon Polis İdarəsinə ərizə ilə şikayət etmişlər. Cavabdeh tək bir dəfə onlara gəlmişdir. Cavabdehin yeganə köməyi Aytacı rentgenə aparmaq olmuşdur. Aytac ağır psixoloji sarsıntı keçirmişdir, o daim qorxu altında, əsəbi, yuxuya pis gedir, yuxuda diksinir, nəqliyyata qarşı onda fobiya yaranmış, axır vaxtlar yadda zəifliyini də hiss etməkdədirlər. Qəza keçirməsi ilə əlaqədar onu yaxından və uzaqdan yoluxmağa gələnlərlə əlaqədar və süfrə açmaq səbəbindən, onu dərsə taksi ilə 10 gün aparıbgətirmişlər, “çıldağa” və inanc yerlərinə və s. aparmışlar. Bu, xeyli maddi xərcin çıxması deməkdir. Hava soyuyanda onun zədə aldığı nahiyələrdə ağrılar başlayır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, yol nəqliyyat hadisəsi zamanı nəvəsi X2 maddi və mənəvi zərər dəydiyini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il qərardan görünür ki, 29 oktyabr 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində Cavabdeh idarə etdiyi avtomobillə Xətai rayonu İ.İsmayılov küçəsi ilə Əhmədli m/s istiqamətində hərəkət edərək 1-ci hərəkət zolağı ilə 5-10 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ hissəsində dayanmış avtobusun ön hissəsindən yolu sağdan sola keçmək istəyən piyada X3 avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Material üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi zamanı vurulmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qərarda Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərar alınmışdır. Sahə həkiminin xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X1 xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra bədən ağrıları və halsızlıq müşayət olunmuşdur. “X4”nin rentgen və USM müayinəsinə dair sənədlərdən görünür ki, Aytac Həsənovada sümüklərdə travmatik, destruktiv-degenerativ dəyişikliklər aşkar edilməmiş, USM patalogiyası izlənməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı:

1. ...Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

2. ... Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbəqə qeyd edir ki, iddia tələbinin “cavabdehi cinayət məsuliyyətinə cəlb etmək, onu sürücülük hüququndan məhrum etmək” hissəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1543/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsinin maddi zərərin tələb edilməsi hissəsində məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə maddi zərərin ödənilməsi üçün zərərçəkmişin sağlamlığına real ziyan vurulması, bu ziyanın birbaşa cavabdehin təqsirli hərəkətindən irəli gəlməsi və zərərin ödənilməsi üçün çəkilən xərclərin iddiaçı tərəfindən qarşılanması sübut olunmalıdır. Lakin iş materialları ilə qeyd edilən halların mövcudluğu sübut olunmur. Əksinə, iş materilları ilə sübut olunur ki, yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış ekspertizanın nəticəsinə əsasən, zərərçəkmiş heç bir sağlamlığa zərər vuran, dərəcələri təyin edilən xəsarət almamışdır. Tibbi sənədlərdən – rentgen və USM müayinələrindən də görünür ki, zərərçəkmişin sağlamlığına hər hansı ziyan dəyməmişdir. İddiaçının maddi zərərə dair təqdim etdiyi sənədlər yalnız müayinələrlə bağlıdır və həmin müayinələrin ödənişinin birbaşa cavabdeh tərəfindən həyata keçirilməsini həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçı özü də etiraf etmişdir. Mənəvi zərərin tələb edilməsi hissəsində isə məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli şəxsdir, odur ki, mənəvi zərərin ödənilməsi tələbi ilə yalnız o, özü müraciət edə bilər. Hazırki halda iddiaçının mənəvi zərərin ödənilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi tələblərinin qanuni əsası olmadığından iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar