Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1546/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Bakı şəhər 52 saylı Notariat Ofisinə qarşı “ərizələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Bakı şəhər 52 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 52 saylı Notariat Ofisində 8İ-11549 reyestr nömrəli, 24 dekabr 2022-ci il tarixdə Xətai rayonu 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat ofisində 8İ-40104 reyestr nömrəsi ilə bağlanmış ərizələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 52 saylı Notariat Ofisində 8İ-11549 reyestr nömrəsi ilə ərizə tərtib edilmiş və iddiaçının imzası ilə təsdiq edilmişdir. Ərizəyə əsasən iddiaçı 19 noyabr 2022-ci il tarixdə vəfat etmiş oğlu X1 irs qalmış əmlakdan qızı X2 xeyrinə imtina etmişdir. Qızı iddiaçıya evi satıb onun payını verəcəyini vəd etmiş, lakin ərizəni verdikdən sonra heç nə verməyəcəyini bildirmişdir. Sonradan iddiaçının oğlu X4 iddiaçını evinə çağırmış, əmlakdan onun xeyrinə imtina edəcəyi təqdirdə əmlakdan payı ona verəcəyini bildirmişdir. 24 dekabr 2022-ci il tarixdə Xətai rayonu 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat Ofisində 8İ-40104 reyestr nömrəsi ilə ərizə tərtib edilmiş və iddiaçının imzası ilə təsdiq edilmişdir. Sonradan iddiaçının oğlu Fəxri Abdullayev ona əmlakdan pay verməyəcəyini bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlərin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 52 saylı Notariat Ofisində 8İ-11549 reyestr nömrəsi ilə tərtib edilmiş və iddiaçının imzası ilə təsdiq edilmiş ərizəyə əsasən iddiaçı 19 noyabr 2022-ci il tarixdə vəfat etmiş oğlu X1 miras qalmış əmlakdan qızı X2 xeyrinə imtina etmişdir. Daha sonra 24 dekabr 2022-ci il tarixdə Xətai rayonu 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat Ofisində 8İ-40104 reyestr nömrəsi ilə tərtib edilmiş və iddiaçının imzası ilə təsdiq edilmiş ərizəyə əsasən iddiaçı vəfat etmiş oğlundan miras qalmış əmlakdan imtina etmişdir. İddiaçıya Bakı şəhəri 52 saylı Notariat Ofisi və 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən imtina məktubu verilmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1. ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1268.1-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı vəfat etmiş oğlu Fərhad Abdullayevin vərəsəsi olaraq birinci növbəli vərəsə kimi vərəsəliyə çağrılmışdır. İddiaçı 52 saylı Notariat Kontorunda ona vərəsəlikdən düşən paydan qızı Sədaqət Səlimovanın xeyrinə imtina etmişdir. İddiaçı istinad olunan ərizəni aldanması nəticəsində verdiyinə istinad edib ərizənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı aldanması halını sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, iddiasının əsasını sübuta yetirə bilməmişdir. Eynik zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən mirasdakı paydan imtina ilə bağlı verilmiş ərizənin geri götürülməsi nəzərdə tutulmur. Odur ki, iddia tələbi hazırkı hissədə təmin edilə bilməz. Məhkəmə mübahisələndirilən digər imtina ərizəsinə münasibətdə qeyd edir ki, nə qədər ki qanunvericilikdə mirasdan imtina ərizəsinin geri götürülməsinin yolverilməzliyi nəzərdə tutulur, 6 saylı Notariat Kontorunda yenidən mirasdan imtina ilə bağlı ərizə qəbul edilə bilməzdi. Belə ki qanunvericiliyin tələblərinin pozulması ilə alınan ərizə özlüyündə etibarsızdır. Etibarsız ərizənin ləğvi ilə bağlı iddiaya qiymət verməyi məhkəmə zəruri hesab etmir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və Bakı şəhər 52 saylı Notariat Ofisinə qarşı -13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 52 saylı Notariat Ofisində 8İ-11549 reyestr nömrəli, 24 dekabr 2022-ci il tarixdə Xətai rayonu 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat ofisində 8İ-40104 reyestr nömrəsi ilə bağlanmış ərizələrin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1546/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1546/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver