Məhkəmə qərarları › İş №2(011)-1593/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1593/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1593/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, mənzil 126-da yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, mənzil 126-da yerləşən mənzili keçmiş mülkiyyətçisi X1 25 iyul 2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat kontorunda bağlanmış AN-İ ******* saylı yaşayış sahəsinin alğı-satqı müqaviləsinə əsasən almışdır. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli çıxarışa əsasən həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alğı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən, cavabdehlər 25 sentyabr 2023-cü il müddətində həmin mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, yaşayış sahəsini iddiaçıya satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq, qeydiyyatdan çıxmamışlar. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İş materiallarında olan notariat işindən görünür ki, İddiaçı 25 iyul 2023-cü il tarixdə X2 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, mənzil 126 ünvanında yerləşən, ümumi sahəsi 48.05 kv. metr olan mənzili almışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmuş, o, sözügedən mənzilin satılmasına dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq vermişdir. Cavabdeh hazırda həmin mənzildə yaşamır, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, mənzil 126 ünvanında yerləşən, ümumi sahəsi 48.05 kv. metr olan mənzil 09 avqust 2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh iddiaçıya məxsus ünvanda qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7, mənzil 126 ünvanında yerləşən, ümumi sahəsi 48.05 kv. metr olan mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmaqla hazırda həmin mənzildə yaşamır, iddiaçının ailə üzvü deyil. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 7 ünvanında yerləşən 126 saylı mənzilindən istifadə hüquqları itirilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar