Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1596/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıdan aldığı 1.200 manat məbləğin, eyni zamanda Sulutəpə qəsəbəsindən Şərq bazarına aylardır dəfələrlə getməyi üçün nəqliyyata sərf etdiyi 428 manat, 110 manat məhkəmə prosesinə baş vurmaq üçün ödədiyi dövlət rüsumu, eyni zamanda 9 ay müddətində keçirdiyi əsəb və stres üçün qəbul etdiyi dərmanlara görə 173 manat, ayrıca olaraq, iddiaçının mənəviyyatı ilə, insanlığı ilə oynayaraq vurmuş olduğu mənəvi ziyan üçün 7.000 manat olmaqla, ümumilikdə 8.911 manat məbləğində vəsaitin cavabdehdən tutulub iddiaçıya qaytarılması və eyni zamanda cavabdehin cəza alması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mart ayının ortalarında Bakı şəhərində yerləşən Şərq bazarının qızıl bölməsində yerləşən “LİLEX” (instagram səhifəsi: lilex.az) adlı qızıl dükanına yaxınlaşaraq Cavabdeh minimum 22 qram həcmində 750 əyarlıq şir başlı, göz qismi 2 ədəd kiçik karatlı brilyantdan ibarət qızıl üzük sifariş etmişdir. Sifariş verərkən sifarişin iddiaçı üçün çox böyük mənəviyatı olduğunu, yeganə oğlu Enesin doğum günü üçün nəzərdə tutduğunu, hətta üzüyün üzərində oğlunun adının yazılmasını xahiş edərək sifariş etmişdir. Sifariş verdiyi günü iddiaçı oğlu ilə bərabər gəlmişdir. Xəlil iddiaçıya “nə gözəl narahat olmayın tam istədiyiniz kimi üzüyü sizə 2 həftə ərzində təqdim edəcəm” deyə cavab vermişdir. Sifarişin dəyəri 22 qram nəzərdə tutulduğu üçün qramı 100 manatdan olmaq şərti ilə 2.200 manat təşkil etmişdir və işə başlamaq üçün 1.200 manat avans istəmişdir, yerdə qalan məbləği isə iş bitdiyində alacağını vurğulamışdır. Belə ki, 2 həftə ərzində iddiaçı zəng etmiş, cavabdeh isə bir az işim qalıb xanım narahat olmayın sizə zəng edəcəm qısa zaman ərzində gəlib götürərsin deyə cavab vermişdir. 2 həftə tamam olmuş, 3-cü həftə cavabdeh zəng etməmiş, yenə iddiaçı özü telefonla əlaqə saxlamış, cavabdeh - xanım, çox az bir işim qalıb səbirli olun bitirib sizə zəng edəcəm demişdir. Beləliklə, cavabdeh “bu üzüyü bitirməyə az qalıb” sözünü iddiaçıya aylardır demişdir. Whatsapp üzərindən yazışmaları xeyli davam etmiş, həm yazılı, həm səsli, həm şifahən müxtəlif bəhanələr edərək qısacası iddiaçıya üzüyü təqdim etməmişdir. İddiaçı oğlu ilə bərabər yaşadığı ünvandan Şərq bazarına cavabdehin yanına dəfələrlə getmiş, həm maddi, həm də mənəvi ziyana düşmüşdür. Hər dəfəsində taksi ilə gedib, taksi ilə gəlmişdir. Və gedişlərinin hər birində cavabdeh müxtəlif bəhanələr edərək bu gün-bu gün, sabah-sabah deyərək vaxtı uzatmış, nəticə etibarilə üzüyü verməmişdir. Daha sonra iddiaçı əsəbləşərək artıq oğlunun doğum günü keçdiyindən, nəzərdə tutduğu hədiyyəsini də verə bilmədiyindən pulu tələb etmişdir. Cavabdeh - yaxşı pulunuzu geri qaytaracam deyə cavab vermiş və iddiaçıdan kart göndərməyini istəmiş, iddiaçı kartı göndərmiş, ancaq oyun yenə də davam etmişdir və cavabdeh pulu bugünki günə kimi qaytarmamışdır. Daha sonra iddiaçı Şərq bazarına təkrar getmiş və dükanın bağlı olduğunu görmüş, oradakı digər qızıl bölmələrində işləyən yoldaşlarla görüşüb cavabdehi soruşmuş, iddiaçıya bildirmişlər ki, barəsində çox şikayətlər gəldiyi üçün cavabdeh bazardan çıxardılmışdır. İddiaçı Şərq bazarının administratoru Elman bəylə telefonla əlaqə saxlayıb ondan kömək istəmiş, sonuncu, iddiaçıya cavabdehin bu cür dələduzluqlarının şahidi olduğu üçün onu çıxarmaq məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı bu işin həlli üçün Nərimanov rayon 18 saylı polis bölməsinə gedərək orada ərizə yazaraq onlardan köməklik istəmişdir. Qısa zaman ərzində iddiaçıya zəng edərək onu taparaq, bölməyə çağırıb, dəmir barmaqlıqlar arxasında saxladıqlarını bildirərək polis bölməsinə yaxınlaşmağını istəmişlər. İddiaçı getmiş, üzləşmə olmuş, hər dəfəsində olduğu kimi bu səfər də cavabdeh oktyabr ayının sonunda pulu ödəyəcəyinə dair həm iddiaçıya, həm də polis bölməsi əməkdaşlarına söz vermişdir. Təbii ki, iddiaçı 8 ayın yalanlarına səbr edərək ona inanmamış, lakin yenə də oktyabr ayının sonunu da gözləmişdir, daha sonra isə iddiaçı təkrar pulu tələb etdiyində mən sizə pul verməyəcəm, məhkəməyə verin deyə səslənmişdir. Aşkar edilmişdir ki, cavabdeh daha öncə də məhkumluq həyatı yaşayıb, hətta eyni zamanda da Xətai Rayon Məhkəməsi tərəfindən axtarışda olduğunu bildirdilər. 2 gün sonra bölmə ilə əlaqə saxlayıb işi ilə bağlı məlumat soruşduqda onu buraxdıqlarını bildirmişlər. Bununla kifayətlənməyərək iddiaçı Nəsimi Rayon Prokurorluğuna müraciət etmiş, təəssüflər olsun ki, oradan da müsbət cavab ala bilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. O, verdiyi izahatda qeyd etmişdir ki, iddiaçı düzəltmək üçün 2 əşya sifariş vermiş, o da həmin əşyalardan birini düzəltmiş, vəsaiti çatmadığı üçün digərini düzəldə bilməmişdir. Həmin əşyanın düzəldilməsi üçün iddiaçı ona 3.000 manat pul vermiş, həmin pulun 1.200 manatını iddiaçıya qaytarmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Cavabdeh zərgərdir. İddiaçı qızıl düzəltməsi üçün cavabdehlə razılığa gəlmiş, razılığa əsasən iddiaçı ilkin olaraq 1.200 manatı cavabdehə vermişdir. Tərəflər qızıl hazır olduqdan sonra 1.000 manat daha ödəniş edilməsi ilə bağlı şifahi razılığa gəlmişlər. İş materiallarında olan tərəflər arasında keçən Whatsapp yazışmalarından və məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan da görünür ki, iddiaçı cavabdehə 1.200 manat pul vermişdir. Cavabdeh iddiaçıya dediyi kimi 2 həftə ərzində qızılı hazırlaya bilməmişdir. İddiaçı pulunu tələb etdikdə isə ona verilən 1.200 manatı qaytarmamışdır. İddiaçı cavabdehin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmiş, Nərimanov RPİ-nin 18-ci PŞ-nin 28 oktyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın mətnindən görünür ki, izahatı alınmış Cavabdeh İddiaçı 1.200 manat borcunun olduğunu etiraf etmiş və tezliklə qaytaracağını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1.200 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Müqaviləyə əsasən, iddiaçı qızıl düzəltməsi üçün cavabdehə 1.200 manat pul vermiş, lakin cavabdeh razılaşmaya əsasən qızılı hazırlayıb iddiaçıya təhvil verməklə bağlı öhdəliyini icra etməmiş, bununla da cavabdeh iddiaçıya maddi ziyan vurmuşdur. Odur ki, vurulmuş maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin Sulutəpə qəsəbəsindən Şərq bazarına aylardır dəfələrlə getməyi üçün nəqliyyata sərf etdiyi 428 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı yaşadığı Sulutəpə qəsəbəsindən Şərq bazarına getmək üçün hər dəfə taksi xidmətlərindən yararlandığını və buna görə 428 manat pul xərclədiyini qeyd etsə də, buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia tələbinin bu hissədə əsassız olduğu qənaətinə gəlir. Məhkəmə iddia tələbinin 9 ay müddətində keçirdiyi əsəb və stres üçün qəbul etdiyi dərmanlara görə 173 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində səhhətinin pisləşməsi və buna görə müalicə alaraq dərmanlar qəbul etməsi, həmin dərmanların qiymətinin 173 manat olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan üçün 7.000 manat pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 150 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 1.200 manat, mənəvi zərərə görə 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 109 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 109 manat dövlət rüsumunun 92.65 manatı iddiaçının özünə aid edilməli, qalan 16.35 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1.200 (bir min iki yüz) manat, mənəvi zərərə görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı ödədiyi 109 manat dövlət rüsumunun 92.65 (doxsan iki manat altmış beş qəpik) manatı iddiaçının özünə aid edilsin, qalan 16.35 (on altı manat otuz beş qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1596/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1596/2024
27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver