Məhkəmə qərarları › İş №2(011)-16/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-16/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-16/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması, maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdehin ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına (bundan sonra – Qeyri-yaşayış sahəsi) mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona bu barədə xx.xx.2007-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.

2. xx.xx.2015-ci il tarixdə cavabdehlə X2 arasında “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən Qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən X1 bağışlanmışdır.

3. İddiaçının Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.

4. Bundan başqa, cavabdehin X1 və Suraxanı rayonu, 35 saylı notariat ofisinə qarşı Qeyri-yaşayış sahəsinə dair Rasim Ramazanovla bağlanmış “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddiası Quvadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

5. Qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir və bununla bağlı tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı Qeyri-yaşayış binasından cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehin əşyaları ilə birlikdə çıxarılması, əldən çıxmış qazanc olaraq 7500 manat pul vəsaitinin, vəkil müqaviləsi üçün ödədiyi 1000 manat məbləğində, ödədiyi 146 manat məbəğində dövlət rüsumunun və mənəvi ziyana görə 10.000 manat məbləğində, ümumilikdə 18646 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Qeyri- yaşayış binasına xx.xx.2022-ci ildə tam mülkiyyət hüququ tanınmışdır. Cavabdehlə aralarında Qeyri-yaşayış binasına aid heç bir kirayə və ya notarial müqavilə bağlanmamışdır. Cavabdeh qanunsuz olaraq Qeyriyaşayış binasını zəbt etmişdir və bu günə qədər avtoyuma xidməti ilə məşğul olur. Cavabdehdən qeyri-yaşayış binasından çıxmasını hər dəfə tələb edəndə onu təhqir etmiş və hədəlimişdir. Cavabdehi ona məxsus olan qeyri-yaşayış binasından çıxartmaq üçün Xətai Rayon 34-cü Polis Şöbəsinə müraciət etmiş, lakin şifahi şəkildə imtina edilərək məhkəməyə müraciyət etməyi bildirilmişdir. Artıq cavabdeh onu hədələyərək, Qeyriyaşayış binasından çıxmır. Hal-hazırda mülkiyyətində olan Qeyri-yaşayış obyektini bir neçə şəxs onunla qanuni şəkildə icarə müqaviləsi bağlayaraq aylıq 1500 manat məbləğində icarəyə götürmək istəyir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdən əmlakını zəbt etdiyindən o, öz mülkiyyətçi hüquqlarından istifadə edə bilmir. Bu 5 ay ərzində obyektini 1500 manata icarəyə versəydi, artıq 7500 manat qazanc əldə edərdi.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının mülkiyyətində olan Qeyri-yaşayış sahəsini hələ də qanunsuz olaraq zəbt etmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi

22. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin, şahidlərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. İşin mübahisəsiz halıdır ki, Qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və iddiaçının Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla iddiaçıya çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindəki qeydin mövcud olduğu müddətdə, Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq, onun həmin əmlaka dair reyestrdəki qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olacaqdır. Odur ki, iddiaçı mülkiyyət hüququnun müdafisə ilə bağlı iddia irəli sürməkdə haqlıdır və AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Qeyd edilən maddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

26. Qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququna malik olması işin yuxarıda qeyd edilən mübahisəsiz halları ilə müəyyən edilir.

27. Qeyri-yaşayış sahəsinin cavabdehin sahibliyində olması da işin faktiki halı kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Sonuncu məhkəmə iclasında da iddiaçının vəkili və nümayəndəsi bildirdi ki, cavabdeh hələ də qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyib.

28. Qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyində olmasına gəldikdə, məhkəmə qeyd edir ki, cavabdeh Rasim Ramazanovla xx.xx.2015-ci il tarixdə bağladığı bağışlama müqaviləsi ilə həmin əmlakı özgəninkiləşdirmiş, bununla da o, mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir. Belə ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin də mübahisəsiz halıdır ki, Qeyri-yaşayış sahəsi hazırda iddiaçının mülkiyyətindədir və cavabdeh həmin əmlakdan istifadə etmsi ilə bağlı onunla hər hansı müqavilə bağlamamışdır. Həmçinin, cavabdeh Qeyri-yaşayış sahəsini Rasim Ramazanova bağışlamaq niyyəti olmadığını əsas gətirərək “bağışlanma müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş və həmin qətnamə qüvvəsini almışdıdır.

29. Göründüyü kimi, şərh edilən hallar MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən Qeyri-yaşayış sahəsinin əşyalarla birlikdə boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir.

30. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək və sərəncam vermək hüququna malik olduğundan, cavabdehin isə Qeyri-yaşayış sahəsinə dair hər hansı hüququ mövcud olmadığından o, Qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməyə borcludur.

31. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vəkil bürosunun hesabına, ödənilmiş 1000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də əsaslıdır.

32. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC vasitəsilə 13 saylı vəkil bürosuna 1000 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir.

33. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir.

34. İddiaçının digər tələbi 5 ay ərzində Qeyri-yaşayış sahəsinə görə almalı olduğu icarə haqqını əldən çıxmış fayda formasında cavabdehdən tələb etməsi barədədir.

35. Mülki Məcəllənin 21-ci maddəsində zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Digər bir tərəfdən, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsində də tələb və etirazlarının əsası kimi isitnad etdikləri halları sübut etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur.

36. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət (MPM-nin 5.1-ci maddəsi) etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

37. Məhkəmə həmçinin hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də təmin edilə bilməz.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

39. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

40. İddiaçı cavabedehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəyməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasından əşyaları ilə birlikdə çıxarılsın. Ödənilmiş 146 manat dövlət rüsmumu və 1000 manat məbləğində vəkil xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar