Məhkəmə qərarları › İş №2(011)-161/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-161/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-161/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh “X1-Park” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “X1-Park” QSC-yə (Bakı Medical Plaza Klinikası) və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı anadangəlmə hemafiliya xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. İddiaçı xx.xx.2022-ci il tarixdə “X4” adlı klinikada lobarator müayinədən, xx.xx.2022ci il tarixdə isə Cavabdeh2 tərəfindən tam abdominal USM müayinədən keçmişdir.

2. 06.07.2023-cü il tarixdə aparılmış müayinədən sonra iddiaçının qarın nahiyəsində dəri altı qanaxmalar baş vermişdir.

3. Cavabdeh2 digər cavabdeh “X1-Park” QSC-nin işçisidir və orada şüa diaqnostikası üzrə həkim vəzifəsində işləyir.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

5. İddia ərizəsinin dəlilləri:

6. İddiaçı cavabdehlərdən 500 manat ödənilmiş maddi zərərin və 3000 manat vurulmuş mənəvi, ümumilikdə 3500 manat manat vəsaitin ona qaytarılması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onu anası idarə edir. Özünü pis hiss elədiyi üçün anası onu X2 aparıb müayinə etdirmişdir. Orda həkim Bəxtiyar Hüseynov (uroloq) onu analiz verməyə və UZM-dən kəçməyini bildirib. Həkimə bildirib ki, qan xastəliyindən - hemofiliyadan əziyyət çəkir. O da bildirib ki heç nə olmaz analizdən və UZM-dən keçsin. O, analiz verib uziyə getmişdir. Orda UZM hakimi Cavabdeh2 ona baxan vaxt 2 dəfə bildirib ki, qan xəstəyili-hemofiliyadan əziyyət çəkir, ehtiyyatlı olsun. Cavabdeh2 aparatla baxanda bərk basmış və ona agrı vermişdir. Həmin vaxt ağrısının olmasını bildirib. Cavabdeh2 bildirib ki, “heçnə olmaz çıx get evə”. Həmin günü evə gəldikdən sonra ağrıları başlamışdır. Bu xəstəliyin dərmanı «faktor 9 octanine»dir. Bu dərmanı onun kimi qan xəstəyiklərinə X3 Mehriban Əliyeva pulsuz verib. Ona 10 gün yüksək dozalı bu dərman damarına yeridildi. Anası şəkər xəstəsidir. Onun şəkəri 350-yə yüksəldi. O, çox həyacan keçirdi. 10 gündən sonra anası ilə birlikdə Bəxtiyar Hüseynovun yanına gedərək vəziyyəti ona bildirdii. O iddiaçıya baxandan sonra Cavabdeh2 yanına çağırdı. Onlar bildirib ki, iddiaçıda qanaxma var. Cavabdeh2 isə onlara “olub olub da” demişdir.

8. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdehlər etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.

10. Məhkəmə iclasında verilən izahatlar:

11. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, övladını müayinə üçün həmin xəstənaya aparanda bildirdilər ki, UZM müayinəsindən keçilməlidir, həmin vaxt o, təklif edib ki, övladını öz UZM həkimində müayinə etdirsin. Ancaq razı olmayıblar. Analizlərə 500 manat məbləğində pul ödənilib, lakin qəbzləri götürməyib. Əvvəlcə məhkəməyə gəlmək niyyətində deyildi, ona görə də qəbzlərin indi harda olmasını da bilmir.

12. Cavabdeh “X1-Park” QSC-nin nümayəndəsi məhkəmə baxışı zamanı ekspert rəyinə etiraz etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

13. Digər cavabdeh əvvəlki məhkəmə iclasılarında iddianı qəbul etmədiyini bildirmiş, sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

21. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

22. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

26. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

27. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün cavabdehin təqsirliliyi və iddiaçıya mənəvi və maddi zərərin dəyməsinin müəyyən edilməsi vacibdir.

28. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir (§16).

29. Məhkəmə qeyd edir ki, törədilmiş əməlin hüquqa zidd olması ilə onun nəticəsində başqa şəxsə ziyan dəyməsi (iddiaçının sağlamlığına ziyan vurulması) işin mübahisəsiz halıdır. Ancaq əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsi üçün iddiaçının səhhətində yaranmış problemdə Cavabdeh2 təqsirinin olub-olmaması müəyyən edilməlidir.

30. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hemofiliya xəstəliyinin ağır formasından əziyyət çəkir, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən tam abdominal USM müayinədən keçirilmiş, müayinə ultrasəs müayinə cihazının aparat başlığının (USM cihazı) iddiaçının bədəninin qasıq nahiyəsinə və qarın boşluğuna təmas etdirilməsi vasitəsilə həyata keçirilmişdir. Həmin müayinədən sonra iddiaçının qarın boşluğunda dərialtı qanaxmalar baş vermişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh2 iddiaçıda baş vermiş dərialtı qanaxmaların meydana gəlməsində birbaşa təqsirli olmasa da, onun əməlində obyektiv məsuliyyətin əlamətləri mövcuddur.

31. Cavabdeh2 əməlində niyə və hansı səbəbdən obyektiv məsuliyyətin mövcudluğunu qeyd etməzdən əvvəl məhkəmə hesab edir ki, ilk öncə obyektiv məsuliyyətin anlayışı verilərək mahiyyəti aydınlaşdırılmalıdır. Obyektiv məsuliyyət dedikdə məsuliyyətin elə bir növü nəzərdə tutulur ki, şəxsin hüquq pozuntusu hesab olunan əməlin törədilməsində təqsiri olmasa da, onun tərəfindən törədilmiş əməl başqa şəxsin sağlamlığına, əmlakına və ya qanunla qorunan mənafelərinə ziyan vurur. Şəxsin təqsirinin olmaması dedikdə, o nəzərdə tutulur ki, şəxs əməlinin hüquqa zidd nəticəyə səbəb olacağını əvvəlcədən diqqət göstərərək görə biləcəyi halda bunu etmir və ya həmin əməlin ətrafa mühitə və cəmiyyətə ziyan vurmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür, nəticədə hüquq pozuntusu ilə nəticələnən hərəkət və ya hərəkətsizlik etmiş olur. Ziyan vurulmuş şəxsin pozulmuş hüquqlarının kompensasiya edilməsi, cəmiyyətdə ədalətin bərqarar edilməsi məqsədilə və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi prinsipi rəhbər tutularaq hüquqda obyektiv məsuliyyət (obyektiv təqsir) anlayışına yer verilmişdir.

32. Hazırki işə gəldikdə isə, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının əziyyət çəkdiyi hemofiliya xəstəliyi – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Bu xəstəliyin səbəbi qanın laxtalanmasını təmin edən faktorların əskik olmasıdır. Bu cür xəstəlikdən əziyyət çəkən şəxslərə orqanizmdə əskik olan faktorlar iynə vasitəsilə bədənə vurulur. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Hemotologiya şöbəsində həkim-hematoloq Vüqar Şirzadov bildirmişdir ki, hemofiliya xəstəliyindən əziyyət çəkən xəstələrdə hətta adi müdaxilə nəticəsində və ya asqırma, öskürmə nəticəsində də qanaxmalar başlayır. Bu cür xəstələr müayinə edilməzdən əvvəl onlara faktor köçürülməsi həyata keçirilir və yalnız bundan sonra müayinə olunur.

33. Cavabdeh2 məhkəməyə verdiyi izahatlarında (iş materiallarında səh., 53 və səh., 63) müayinədən əvvəl iddiaçının hemofiliya xəstəliyindən əziyyət çəkməsi barədə məlumatlı olduğunu bildirmişdir. Lakin müayinədən əvvəl baş verə biləcək əks təsirlərin qarşısını almaq üçün əvvəlcədən zəruri tədbirlər görməyərək iddiaçıya faktor köçürülməsini tələb etməmişdir.

34. Məhkəmə qeyd edir ki, Cavabdeh2 həkim-mütəxəssisdir, o bu tip xəstəlikdən əziyyət çəkən şəxslərə xüsusi diqqət göstərilməli olduğunu, onlarla müayinə-müalicə zamanı digər xəstələrdən fərqli olaraq daha ehtiyyatlı rəftar etməli olduğunu biləcək səviyyədə tibbi biliyə malikdir. Cavabdeh iddiaçını müayinə etməzdən əvvəl ondan lazimi dozada faktor qəbul edib-etmədiyini, edibsə, neçə müddət əvvəl qəbul etdiyini soruşmaq, əgər lazimi dozada faktor qəbul edilməyibsə, həmin iynənin vurulmasını tələb etmək və yalnız bundan sonra müayinənin aparılmasının mümkün olduğunu pasientə bildirmək iqtidarında olub. Lakin kifayət qədər diqqət göstərməyərək iddiaçını qeyd edilənlərə əməl etmədən müayinə etmişdir. Həm iş üzrə fikri dinlənilmiş Vüqar Şirzadovun izahatı ilə, həm də iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertiza üzrə AR Səhiyyə Nazirliyi Məkhəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 62/KEŞ saylı ekspert rəyi ilə müəyyən olunur ki, müayinədən əvvəl müvafiq xüsusi tibbi tədbirlərin görülməsi iddiaçıda baş verə biləcək əks təsirlərin qarşısını ala bilərdi. Belə ki, Vüqar Şirzadov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, əgər müayinə olunmazdan yarım saat əvvəl lazimi miqdarda faktor köçürülsəydi, iddiaçının səhhəti bu qədər pisləşmiyə bilərdi. 62/KEŞ saylı ekspert rəyində isə qeyd edilmişdir ki, iddiaçının xəsarəti nəzərə alınmaqla onun həkim müayinəsi zamanı baş verə biləcək dərialtı qanaxmaların qarşısının alınması məqsədilə müvafiq tibbi tədbirlər görülə bilərdi.

35. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının sağlamlığında yaranmış qanaxmada cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər müəyyən edildiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır.

36. Məhkəmə həmçinin qeyd edir ki, MM-nin 1112-ci maddəsində tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin zərərvuranın təqsiri üzündən baş vermədiyini sübuta yetirmək vəzifəsi zərərvuranın öz üzərinə qoyulmuşdur. Lakin cavabdehlər iddiaçının sağlamlığının pozulmasını onların təqsirindən baş vermədiyini iddia etsələr də, bu dəlillərini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər.

37. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini qismən əsaslı hesab edir.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

39. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

40. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

41. Əvvəldə də şərh edildiyi kimi, Cavabdeh2 təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, iddiaçının bədənində gözlə görülə bilən dəyişiklik, zahiri görünüşündə yaranmış deformasiya onda xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə, bundan sonrakı keçməli olduğu müayinələrində yenə eyni hadisənin baş verməsinə dair qorxu hissini yaşamasına səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı ağır xəstəlik olan hemofiliya xəstəsidir. Adi sağlam insanlardan fərqli olaraq o, həmin xəstəliyin daimi qorxusu altında yaşayır, xəstəliyin törədə biləcəyi fəsadların baş verməməsi üçün ən sadə davranışlarına diqqət yetirmək (çünki bədənin küt bir şeyə toxunduğu halda dərialtı qanaxmaların baş verməsi qaçılmazdır) məcburiyyətində qalır. İddiaçının xəstəliyi də nəzərə alındığı halda, onun sağlamlığının pozulması nəticəsində iztirab, qorxu, həyacan keçirməsi mübahisəsizdir. Məhkəmənin qənaətinə görə mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, təsəlli ala bilər.

42. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

43. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

45. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

46. Məhkəmə hesab edir ki, iddia tələbində mənəvi zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edilsə də, onun hazırki iddiasına cavab verməli olan şəxs tibb müəssisəsidir. Yuxarıda qeyd olunmuş Mülki Məcəllənin 1112-ci maddəsinin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, müayinə tibb müəssisəində həyata keçirildiyindən, eləcə də, MM-nin 1099.1ci maddəsində hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıması müəyyən olunduğundan iddiaçıya dəymiş mənəvi zərərin əvəzi də tibb müəssisəsindən tutulmalıdır.

47. Nəzərə alınmalıdır ki, Cavabdeh2 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi tibbi yardım göstərən subyekt kimi çıxış edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, tibb müəssisəsi o zaman məsuliyyətdən azad olunardı ki, məhz xəstə ilə Cavabdeh2 arasında tibbi xidmətin göstərilməsinə dair müqavilə olsun və ya Cavabdeh2 Klinikada yalnız müvafiq tibbi xidmət göstərdiyi otağı icarəyə götürərək, oradakı texniki avadanlıqlardan istifadə etmiş olsun. Qeyd edilən halları təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyil.

48. İddiaçı analizlərin verilməsinə görə ödənilmiş 500 manat məbləğində maddi zərərin əvəzinin də tutulmasını tələb etsə də, həmin ödənişlərin edilməsi barədə məhkəməyə heç bir mötərəbər sübut təqdim etməmiş, edilmiş ödənişləri təsdiq edən qəbzlərin isə hal-hazırda harda olduğunu bilmədiyini qeyd etmişdir.(§ 22). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 1000 manat pul “X1-Park” QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar