Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1655/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara müştərək olaraq ödəmədiyi və vurduğu 157 200 (yüz əlli yeddi min iki yüz) manat maddi zərərin və vurduğu mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh tərəfindən onlara müştərək ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin əməllərində 178.3-cü maddəsinin əlamətlərinin tərkibi olduğu üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verəsilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, “1980-ci illərdən etibarən bizim istifadəmizdə Bakı şəhəri Bağlar təsərrüfatı tərəfindən Goradil bağlar sahəsində ayrılmış sahədə 2 bağ verilmişdir. 1994-cü ildə müvafiq olaraq 18 və 19 saylı orderlərlə 1703A və 1703B saylı bağlar və Qarabağ müharibə veteranları olduğumuz üçün əlavə sahə ayrılmışdır. Həmin orderlər əsasında ******* və ******* saylı dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Müharibə veteranı olduğumuz üçün həmin sahədə artıq 6 sot sahə də bizim istifadəmizə verilmişdir. 2022-ci ildə biz xəbər tutduq ki, bizim həmin ərazi kənar şəxslər tərəfindən zəbt edilərək orada hətta birmərtəbəli ev tikilmiş, bizim sahələr bir neçə hissəyə bölünərək qeyri-qanuni satılmışdır. Ərazimizdən 12 sot isə ayrıca zəbt edilərək hasara alınmış və dəmir darvaza qoyulmuşdur. Biz əvvəl aidiyyatı orqanların müdaxiləsilə həmin vaxt zəbtetmənin qarşısını aldıq, qanunsuz tikililəri sökdürdük və qanuni sahələrimizin üzərində mülkiyyət hüququmuzu bərpa etdik. Biz bu səbəbdən həmin sahələrimizi satmaq məcburiyyətində olduq və həmin sahələrimizi satmağa qərar verdik. Lakin hazırda bizdə həmin əlavə sahələrə dair sənəd yoxdur. xx.xx.2022-ci il tarixində əvvəlcədən ümumi razılığa gələrək həmin torpaq sahələrini cavabdehǝ satmış, şifahi olaraq hər sahəni 45000 manat olmaqla və artıq olan 6 sot sahənin hər sotunu 3500 manata razılaşmışq. Lakin cavabdeh bizə 2 sahəyə görə 80 000 manat ödəsə də razılaşdığımız məbləğdən 10000 manat əskik vermişdir. Əlavə sahənin də cəmi 2,5 sotunun pulunu kəsərək 2500 manatdan ödəmişdir. Bundan əlavə olaraq bizə verilmiş 12 sot əlavə sahəni də zəbt etmişdir. Beləliklə cavabdeh vicdansızlıqla, dələduzluqla Qarabağ müharibə veteranları olan bizim yerlərimizin pulunu tam ödəməkdən yayınır, ermənicəsinə əlavə sahəmizi zəbt edib. Biz dəfələrlə cavabdehi haqqa dəvət etmək istədik, onu qanuna dəvət etdik və qalan pulumuzu - 31000 manat məbləğində pulu ondan tələb etdik. O isə bizim tələblərimizə məhəl qoymamışdır və sonra telefonumuzu bloka atmışdır. Biz buna görə bu dələduz barəsində Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etdik. Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən təhqiqat aparılmış və HK-12404 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Əslində cinayət işinin başlanması üçün kifayət qədər səbəb və əsaslar olsa da, lakin bizə PB-dən bildirildiyinə görə mülki icraat qaydasında işə məhkəmədə baxıla bilər. Faktiki cavabdeh bizə özünün dələduzluq əməllərilə həm də maddi və mənəvi zərər yetirmişdir. Belə ki, son 2 ildə bizi başda gəzdirməklə 31000 manat pulumuzu ödəməməklə ölkədə inflyasiya nəticəsində həmin məbləğ ən azından dəfələrlə dəyərini itirmişdir. Ən azı 20% inflyasiyanı nəzərə alsaq cavabdeh bizə əlavə olaraq 6200 manat maddi zərər vurmuşdur. Həmçinin biz ahıl yaşda olan Qarabağ veteranları, ağır müharibə nəticəsində deformasiyaya uğramış sağlamlığımıza cavabdehin dələduz əməlləri nəticəsində əlavə olaraq sarsıntı keçirmiş, iztirablara düçar edilmişik. Bizim hər birimizə vurulan mənəvi zərəri 10000 manat olmaqla, ikimizə ümumilikdə vurulan mənəvi zərəri 20000 manat hesab edirik. Nəzərə alsaq ki, biz satışdan əldə edəcəyimiz məbləğə o zaman Bakı şəhərində mənzil alıb X1 üçün toy etmək niyyətindəydik. Əgər cavabdeh öz öhdəliklərini vicdanla yerinə yetirsəydi biz öz istəyimizə nail olacaqdıq və Bakı şəhərində normal 2-3 otaqlı mənzil ala biləcəkdik, lakin cavabdehin öz öhdəliyini sona qədər yerinə yetirməməsi, etibarımızdan sui-istifadə edərək bizə tam məbləği ödəməməsi, o vaxt 31000 manat pulumuzu kəsməsi səbəbindən bizim arzu, istəyimizi gerçəkləşdirə bilməməyimizlə nəticələndi. Hal-hazırda isə Bakı şəhərində uyğun mənzillər ən azı 150000-200000 manat qədər bahalaşmışdır. Ona görə də, biz cavabdehin bizə ödəməli olduğu 31000 manatdan əlavə bizə vurduğu maddi zərəri də bügünkü günə müvafiq 60000 manat olmaqla, ümumi bizə vurulan maddi zərəri müştərək qaydada 31000+6200+60000+60000(12 sot zəbt edilmiş sahəyə görə)=157200 manat hesab edirik”. Sonda İddiaçı1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 22 dekabr 2022-ci il tarixli RBYF-6792/1 saylı “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən İddiaçı1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Cavabdeh mülkiyyətinə vermiş, əmlakın satış qiyməti 40000 (qırx min) manat olmuşdur, 22 dekabr 2022-ci il tarixli RBYF-6792/2 saylı “Alqı-satqı və ipoteka müqaviləsi” ilə İddiaçı2 ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Cavabdeh mülkiyyətinə vermiş, əmlakın satış qiyməti 40000 (qırx min) manat olmuşdur, cavabdeh tərəfindən, ümumilikdə 0,24 ha torpaq sahəsi alınmışdır. Bu sahələrdən əlavə hər hansı bir sahə olmamışdır, cavabdeh heç bir sahəni zəbt etməyib, qanuni şəkildə - alqı-satqı müqaviləsi ilə əmlak əldə etmişdir. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla belə, cavabdehin nümayəndəsi və vəkili elektron ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilən **********61 reyester nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, ünvan 1 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilən **********24 reyester nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, ünvan 2 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisində Satıcı İddiaçı1, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlammış 22 dekabr 2022-ci il tarixli RBYF-6792/1 saylı “Alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********61 reyester nömrəli, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Əmlakın satış qiyməti 40000 (qırx min) manatdır, əmlakın dəyərinin 30000 (otuz min) manatı Kreditor-İpoteka saxlayan tərəfindən 22 dekabr 2022-ci il tarixli RBYF-6792 saylı müqaviləyə əsasan Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Əmlakın dəyərinin 10000 (on min) manatı alıcı Cavabdeh tərəfindən ödənilir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisində Satıcı İddiaçı2, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlammış 22 dekabr 2022-ci il tarixli RBYF-6792/2 saylı “Alqı-satqı və ipoteka müqaviləsi”ndən görünür ki, Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********24 reyester nömrəli, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Satıcıya məxsus olan ünvan 2 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Əmlakın satış qiyməti 40000 (qırx min) manatdır, əmlakın dəyərinin 30000 (otuz min) manatı Kreditor-İpoteka saxlayan tərəfindən 22 dekabr 2022-ci il tarixli RBYF-6792 saylı müqaviləyə əsasan Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Əmlakın dəyərinin 10000 (on min) manatı alıcı Cavabdeh tərəfindən ödənilir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, vətəndaş İddiaçı2 və qardaşı vətəndaş İddiaçı1 müraciəti əsasında təhqiqat aparılmış və toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd ediilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı1, ünvan 2 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır, 22 dekabr 2022-ci il tarixli RBYF-6792/1 saylı “Alqı-satqı və ipoteka müqaviləsi” ilə İddiaçı1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Cavabdeh mülkiyyətinə vermiş, əmlakın satış qiyməti 40000 (qırx min) manat olmuşdur, 22 dekabr 2022-ci il tarixli RBYF-6792/2 saylı “Alqı-satqı və ipoteka müqaviləsi” ilə İddiaçı2 ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,12 ha olan sahədən ibarət bağ sahəsi və yaşayış məntəqələrinin torpaqlarını Cavabdeh mülkiyyətinə vermiş, əmlakın satış qiyməti 40000 (qırx min) manat olmuşdur, həmin torpaq sahələrinə görə iddiaçılara ümumilikdə 80000 manat ödənilmişdir, iddiaçılar həmin torpaq sahələrinin qiymətini şifahi olaraq 90000 manata razılaşdıqlarını, həmçinin cavabdehə 6 sot əlavə torpaq sahəsi (qiyməti 21000 manat) satdıqlarını və əlavə torpaq sahələrinin də cavabdeh tərəfindən zəbt edildiyini bildirirlər və onlara vurulmuş zərərin ödənilməsini tələb edirlər. Bununla belə, cavabdehin mübahisəli torpaq sahələri ilə bağlı icra edilməmiş öhdəliyinin olması məhkəmə tərəfin müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “müqavilə üzrə satılmış torpaq sahələrinə görə ödənilməli olan 10000 manat” hissəsinə münasibətdə qeyd edir ki, bu sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçılar həmin torpaq sahələrinin 90000 manata razılaşdırıldığına dair sübutetmə vəzifəsi daşıyırlar, lakin onlar bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, həmin torpaq sahələrinin hər birinin qiyməti müqavilələrdə 40000 manat məbləğində qeyd edilmiş, cavabdeh tərəfindən də həmin məbləğ iddiaçılara ödənilmişdir. Məhkəmə, iddia tələbinin “əlavə torpaq sahələrinə görə ödənilməli olan pul məbləğləri” hissəsinə münasibətdə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər, lakin iddiaçıların qeyd etdikləri əlavə torpaq sahələri ilə bağlılığı, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyən edici sənədlərinin olması müəyyən edilməmiş, iddiaçılar özləri də həmin torpaq sahələrinin sənədlərinin olmadğını bildirmişdir ki, bununla da iddiaçıların mübahisəli torpaq sahələri ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur və bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə qanuni və əsaslı deyil və ona görə də təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “inflyasiya məbləği”, “mənəvi zərər” və “xüsusi qərardad çıxarılması” hissələrinə münasibətdə hesab edir ki, əsas tələb təmin edilmədiyndən bundan irəli gələn əlavə tələblər də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 “Cavabdeh onlara müştərək olaraq ödəmədiyi və vurduğu 157 200 (yüz əlli yeddi min iki yüz) manat maddi zərərin və vurduğu mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh tərəfindən onlara müştərək ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçılar isə dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 “Cavabdeh onlara müştərək olaraq ödəmədiyi və vurduğu 157 200 (yüz əlli yeddi min iki yüz) manat maddi zərərin və vurduğu mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun cavabdeh tərəfindən onlara müştərək ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1655/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1655/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver