Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1724/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh nümayəndəsi X11, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh kartof məhsullarının Rusiya Federasiyasında satışını həyata keçirmək məqsədilə Cəlilabad rayonunun Kazımabad və Maşlıq kəndlərində becərilmiş kartof məhsullarının kənd sakinlərindən toplanmasını, alınmasını və yük maşınlarına yüklənərək Rusiya Federasiyasına göndərilməsini, hər yüklü maşın üçün 300 manat haqq müqabilində iddiaçıya tapşırmış və bununla bağlı tərəflər şifahi formada razılığa gəlmişlər. Bu razılaşma əsasında iddiaçı ümumilikdə 18 yük maşını kartof məhsulunu cavabdeh üçün toplayaraq ona təhvil vermişdir. Kartofun çəkisinə və keyfiyyətinə nəzarəti isə cavabdeh qohumu olan X7 tapşırmışdır.
2. Cavabdeh tərəfindən alınmış kartof məhsuluna görə ödənilməli olan pul vəsaitinin bir hissəsi (qalıq borcun 40000 manatı - 15000 manat hissəsi nağd pul, 25000 manat hissəsi isə toxumluq kartof şəklində natura formasında cavabdehin atası tərəfindən) iddiaçının vasitəçiliyi ilə kənd sakinlərinə ödənilmişdir. Hazırda tərəflər arasında ilkin iddia ərizəsi üzrə mübahisə 19 nəfər kənd sakininə ödənilməli olan pul vəsaiti ilə bağlıdır. Həmin kənd sakinlərinin (Rauf Ağayev və Ramil Babayev istisna olmaqla) hər biri notarial qaydada təsdiq olunmuş ərizələrində cavabdehə satdıqları kartofun dəyərinin iddiaçı tərəfindən onlara ödənildiyini və heç bir tələblərinin olmadıqlarını qeyd etmişlər.
3. Qarşılıqlı iddia ərizəsi üzrə mübahisə isə cavabdehə satılmış kartofun keyfiyyətsiz olması və bununla əlaqədar ona dəymiş maddi zərərlə bağlıdır.
İddia ərizələrinin və onlara etirazın dəlilləri:
a) İlkin iddia ərizəsinin və ona etirazın dəlilləri:
4. İddiaçı 20.000 manat pulun 250 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 20.000 manat dəyərində əsas borc, 1416 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 21416 manat məbləğində pulun və 250 manat məbləğində ödənilmiş dövlət rusumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, o, Kazımabad kəndində kartof sahəsi əkib-becərməklə ailəsini dolandırmağa çalışır. Bununla yanaşı kənd sakinlərinin əkib-becərdikləri kartofu alıcılara göstərib onları sahələrlə tanış edir. Cavabdehi 5 il əvvəl atası Zahid İbadovun vasitəsi ilə tanmışdır. Cavabdehin atası Zahid İbadovla uzun müddət aralarında hər mövsümdə kartof alveri olduğuna görə Cavabdeh Kazımabad və Alvadı kənd ərazilərində yığılan kartof məsullarını RF-na yük maşınları ilə yola salmasına iştirak edib vasitəçilik etməyini xahiş elmişdir. Sonuncu dəfə 2022-ci ilin may-iyun aylarında cavabdehin xahişi ilə yaşadığı Kazımabad və qonşu Alvadı Maşlıq kənd sakinlərindən kartof məsulunu Zaurun bibisi oğlu və eyni zamanda onun nümayəndəsi olan İlham adlı şəxsin işdirakı ilə nisyə və nağd şəkildə alaraq cavabdeh üçün dayısı oğlu İlhamın vastəsi və nəzarəti ilə Zaurun göndərdiyi yük maşınlarına yığıb yola salmışdır. Cavabdeh göndərdiyi məsulların bir qisminin pulunu nəğd şəkildə İlhamın vastəsi ilə çatdırsa da, Kazımabad kənd sakinlərinə ümumilikdə 60.000 manat dəyərində kartof məhsullarının pullarını verməmişdir. Cavabdeh telefonu söndürdüyü üçün cavabdehin atası Zahid İbadovu tapıb karofun pullarını vermədiyi üçün ona narazılığını bildirmişdir. Zahid cavabdehin əvəzinə ona nağd şəkildə iki dəfə, xx.xx.2022-ci ildə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat pul vermişdir. Zaur bu pulu camaata paylamağını xahiş edib, qalan pulu isə kartof sahiblərinə söz vermişdir ki, yeznəsi İlhamın adına bankdan pul götürüb hamısının pulunu verəcəkdir. Bu bəhanə ilə camaatı sakitləşdirmişdir. Məhz bundan sonra onun atası Zahid İbadov ona xx.xx.2022-ci il tarixdə 20.000 manat dəyərində toxumluq kartof vermişdir. Borcun 35.000 manatını oğlu Zaurun əvəzinə ödəmişdir. Lakin 25.000 manat borc pulu bu günə qədər verməmişdir. Sonradan isə Zahid ibadov ona bildirmişdir ki, ona verdiyi 20.000 manatlıq karofun hər kiloqramım səkksən qəpiyə yox, 1 manata vermişdir. O, məcbur da olsa, camaatın pulları batmasın deyə bununla razılaşmışdır. Aralarında qalan 20.000 pulu cavabdehdən tələb etmişdir. Lakin cavabdeh ona telefon açmamışdır. Onun və həmkəndlisi Babayev Hüseyn barəsində Cəlilabad rayon Polis Şöbəsinə ona zay kartof göndərdiyini və 65.000 ABŞ dolları, 110. 500 manat dəyərində küllü miqdarda ziyan vurmağı barədə şikayət ərizəsi vermişdir. Cavabdehin bu puldan boyun qaçıracağını görüb Göytəpə PB-nə ərizə ilə müraciət etmiş, ümimmilikdə isə 21 nəfər şəxs xx.xx.2022-ci il tarixində Zaurun bu hərəkətləri barəsində akt tərtib edərək onu imzalamışlar. Çünki cavabdehin yalan danışdığını, göndərdikləri kartof məsullarının hamsının istifadəyə yaralı olması, onları sahədən şəxsən cavabdehin bibisi oğlu İlham adlı şəxsin qəbul edib RF-na cavabdeh üçün yola salması və İlhamın iştirakı ilə kartofun sahədən yığılmasını mobil telefonun kamerasına çəkiliş edib təhqiqata təqdim etmişdir.
7. İlkin iddia ərizəsinə dair yazılı etiraz verilməmişdir.
b) Qarşılıqlı iddia ərizəsinin və ona etirazın dəlilləri:
8. Cavabdeh ilkin iddia tələbinin rədd edilməsi, ona dəymiş ziyana görə 98600 manat pul vəsaitinin, (buraya əldə çıxmış faydaya görə 30.000 manat pul vəsaiti də daxildir) ödədiyi 150 manat dövlət rusumu və iddianın verilməsi ilə bağlı 385.80 pul vəsaitinin, cəmi 99.135,80 manat pul vəsaitinin iddiaçıdan tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə ərizə ilə Cəlilabad rayon PŞ-nə Cəlilabad rayonu Kazımabad kənd sakinləri Babayev Hüseyn və iddiaçı tərəfındən 2022-ci ilin aprel-iyun aylarında ona satmaq üçün pis keyfiyyətli, standarta uyğun olmayan zay kartof məhsulları göndərməklə, onu aldadaraq külli miqdarda maddi ziyan vurmaları ilə bağlı ərizə ilə Cəlilabad rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən onun izahatı alınmaqla araşdırmaya başlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin bir qrup kənd sakinləri tərəfindən ona satılmış kartof məhsullarının pulundan 25 000 manatını borclu qalaraq verməməsi barədə şikayət ərizəsi ilə Göytopə PB-nə müraciət etmişdir. Toplanmış material xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə araşdırılmanın davam etdirilməsindən ötrü Güytəpə PB nə göndərilmişdir. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X12, X8, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X1, X3, X4, Masallı rayonu Təklə kənd sakini X5 və qeyriləri, ümumilikdə 47 500 manat dəyərində kartof məhsullarını pulunu bir həftəyə ödəmək şərti ilə iddiaçının vasitəsi ilə cavabdehə satdıqlarını, sonuncu tərəfindən onların borclarının qaytarılmaması barədə ərizələrlə Göytəpə PB-nə müraciət etmələri göstərilmişdir. Cəlilabad rayon PŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun 29 dekabr 2022-ci il tarixdə ərizədə göstərilən faktları tam obyektiv araşdırmadan cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, cavabdeh X15 və iddiaçının yaşadığı kənd sakinlərindən kartof məhsullarını toplayaraq satmaları ilə məşğul olduqlarını bilib onlarla kartof məhsullarını cavabdehə satmalarına razılaşmışdır. Razılığa görə onlar cavabdeh üçün X2 şəhərinə hər bir yük maşınına 300-350 manat pul vəsaiti almaqla standart, keyfiyyətli məhsullar toplamaqla, 2022-ci ilin aprel ayının sonlarından iyun ayının 25-dək olan müddətlər ərzində Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X15 və İddiaçı İrec oğlunun ona 18 yük avtomobilində X2 şəhərinə kartof məhsulları göndərmişlər. Cəlilabad rayonu Kazımabad kənd sakinləri X12, X9, Masallı rayonu Təzə Alvadı kənd sakinləri X1, X3, X4, Masallı rayonu Təklə kənd sakini X5 və qeyrilərini tanımır, onlarla heç bir münasibəti və alqı satqısı olmamışdır. Həmin şəxslərin və X15 ilə iddiaçının ondan şikayətlər etmələri onlardan dəymiş ziyanı tələb etməsindən sonra özlərinə haqq qazandırmaq məqsədindən yaranmışdır. X15 və iddiaçı ilə aralarındakı razılaşmaya görə ona göndəriləcək kartof məhsulunun keyfiyyətinə cavabdehliyi Hüseyn və iddiaçının üzərinə qoyulmuşdur. Yük daşıma və gömrük rüsumləri ödəmək isə onun öhdəsinə düşmüşdür. O, aralarındakı razılaşmanın bütün şərtlərini yerinə yetirmişdir. Yüklər birbirinin ardınca yola salındığına görə ilkin yük maşını Moskva şəhərinə çatan zaman bir neçə maşınlar isə yolda olduğundan onları qəbul edilməməsi mümkün olmamışdır. Ona məhsulun zay olması barədə məlumat verildikdən dərhal sonra bunu onlara bildirib, yükün göndərilməsini dayandırmağı bildirdikdə onlar növbəti yüklərin daha keyfiyyətli olacağını vəd etdiklərinə görə onlara inanmışdır. Məhsulların zay və pis keyfiyyətli olmaları yüklər qəbul olunan zaman məlum olmuş ona bu barədə dərhal məlumat verilmişdir. Moskvada olan yükü qəbul edənlər son yükləri isə ümumiyyətlə qəbul etmək istəməmişlər. Həmin yüklərin şəkillərini də ona göndərilmişlər. O, həmin şəkilləri və danışıqları da telefon vasitəsilə Hüseyn və iddiaçıya göndərməklə onlara göndərdikləri məhsulların zay və pıs keyfiyyətli olmasını bildirmişdir. Həmin yüklərə görə 8 yük maşını üçün 350 manatdan 10 yük maşını üçün isə onlara hər yük maşınına görə 300 manat olmaqla 5800 manat məhsulun pulundan əlavə olaraq pul ödəmişdir. Məhsulların standartlara uyğun olmayan pis keyfiyyətli olmasına dair video çəkilişləri onlara göstərmişdir. Məhsulu qəbul edənlər onun bir hissəsini təmizlədiyindən bu yolla ziyanın bir hissəsinin qarşısın almağa nail olmuşdur. Bundan sonra onlar daha 59 000 manat pul vəsaitini ödəməyini tələb etməyə başlamışlar. O, isə aldadıldığını, əksinə ona ziyan vurmalarını bildirmişdir. Belə olduqda iddiaçı ilə Hüseyn cavabdehə onlara 40.000 manat pul verməklə kifayətlənəcəklərini bildirsələr də, buna etiraz etmişdir. Ondan sonra iddiaçı ilə Hüseyn onun xəbəri olmadan atası Zahirə müraciət edərək cavabdehin onlara 59.000 manat borclu olduğunu, onlara 40 000 manat verərsə, bu söhbəti bağlayacaqlarını bildirmişlər. Atası ondan xəbər almadan 25 000 manat dəyərində toxumluq kartof və 15 000 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cəlilabad rayonunun Kazımabad kənd sakinləri X15 və iddiaçı ancaq istehlakçıları aldatmaqla aldıqları pul vəsaitinin müqabilində sifarişçilərə pis keyfiyyətli zay məhsullar göndərməklə aldıqları pul vəsaitlərinin ələ keçirərək dələduzluqla məşğul olurlar. Məhsulu aldıqları şəxslərə də məhsulların pullarının sifarişçilər tərəfindən verilmədiyini deməklə, onları da aldadırlar. X15 və iddiaçı cavabdehin adına həmin məhsulları Azərbaycandan və Rusiyada olan yük maşınları sürücüləri ilə Moskva şəhərinə göndərilmişdir. Həmin yuk avtomobil sürücüləri də onun adına göndərilən məhsulların standarta uyğun olmayan pis keyfiyyətli məhsullar olması görmüşlər. İddiaçı və Hüseynin həmin kartot məhsullarını kənd sakinlərindən müxtəlif adamlardan aldıqlarını bildirsələr də, cavabdeh həmin şəxsləri tanımır onlarla heç bir münasibət və əlaqələri belə olmamışdır. X15 və iddiaçı təkrar cavabdehin atasının yaşadığı Masallı rayonunun Ərkıvan qəsəbəsinə gedərək onu hədələməklə pul tələb etdikdə atası onların haqsız olmalarını görüb bu barədə polisə müraciət etmişdir. Şikayət etmiş şəxslərin onlardan İddiaçının almış olduqları kartof məhsullarının pullarının bir həftəyə veriləcəyi barədə verdikləri vədlərdə yalandır.
c) İddiaçının qarşılıqlı iddia ərizəsinə etirazının dəlilləri:
10. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə razı olmadığını bildirmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi (atası), habelə vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsi, ilkin iddianın isə rədd edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, onlar kəndlilərdir, kartof əkirlər. İddiaçı gəlib dedi ki, Zaurun bibisi oğlu İlham kartof alır. İlham gəldi, baxdı və bəyəndi. 3550 manat pul edirdi. İyun ayının əvvəlləri idi, kiloqramını 50 qəpikdən təklif etdi, razılaşdı. Lakin pul verilmədiyindən 2 gündən sonra iddiaçıgilə getdi, bildirdi ki, pulu vermirsə, kartof da vermir. Sonra, Zaurun atası zəng etdi və dedi ki, pulu verəcək. Malın keyfiyyətini, qiymətini, çəkisini İlhamla danışırdılar, İlham malı götürürdü, baxırdı, arasından seçirdi. Bilirdi ki, malı Zaura satır. Bir müddət də keçdi, Zaur pulu vermədi. Zaurla telefonla danışanda demişdi ki, onu Moskvada aldadıblar, gedir ora, versələr onların pulunu qaytaracaq. Məcbur olub digər kəndliləri ilə Zaurun atası gilə getdilər, lakin polis onları yoldan qaytardı. Sonra Zaurun atası Alvadı kəndinə gəldi, danışıq oldu, bildirdi ki, 10 qəpik güzəşt etsinlər, pulu verəcək. Onlar da razılaşdılar. Toxumluq kartof alandan sonra 1750 manat pulu qalmışdı, 1200 manatın iddiaçıdan götürdü ki, kartof əkməyə pulu yoxdur. Hal-hazırda ona 550 manat borc qalıb və həmin pulu iddiaçıdan tələb edi.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, cavabdehi tanımır, lakin onun atası Zahidi tanıyır. Zahidə güvəndiyi üçün iddiaçının vasitəçiliyi ilə cavabdehə məhsul verib. 292 kisə kartof verib, onun 2 kisəsini İlham özü üçün götürüb. 1 kisəsi 35-38 kq, ümumilikdə 4992 manat borc qalıb. 1900 manatlıq toxumluq kartof verilib. Çünki 80 qəpiklik kartofa 1000 manat təklif edib bu isə sərf etmədi. Onlar məhsulu satdılar Zaura, danışığı isə iddiaçı ilə apardılar. Danışıqları İlham aparırdı. Deyilmişdi ki, 1 həftəyə pullar veriləcək. 5000 manatlıq məhsul verib. O bilirdi ki kartofu Zaura verib, amma iddiaçını tanıyır, məcbur olaraq pulu ondan tələb edəcək. Malın keyfiyyəti gözəl olub. İlham məhsulu alan tərəfdən nəzarətçi kimi malin keyfiyyətini yoxlayırdı. Zaur onlara bildirmişdir ki, malı batdığına görə pulu onlara verə bilmir. 1900 manat dəyərinndə toxumluq kartof verilsə də, o, almamışdır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirdi ki, O, cavabdeh tərəfindən iştirak etmişdir. Ondan əvvəl iddiaçı məşğul olub. Cavabdeh ona bildirib ki, o, malın çəkisinə nəzarət etsin. Kartofun tapılmasına iddiaçı baxıb. O, tonaja və çəkiyə nəzarət eləmişdir ki, bir maşına neçə ton kartof gedər. Kartof kisələrindən birinə boşaldıb nümunə kimi baxmışdır. Kisələrin hamısına baxmaq mümkün deyil. Sahəyə onlar özləri baxıb, müəyyən qədər də o baxmışdır. Camaat gətirib maşını ilə malı təhvil verirdi. Məhsulun keyfiyyətindən başı çıxmırdı. Onun işi kartofu çəkib, Zaura təhvil vermək olub. Cavabdeh ona zəng edib bildirirdi ki, mallar zay gəlir, o da iddiaçıya deyirdi ki, belə olmaz. Polisdəki izahatda qeyd olunan sözləri o, yazmayıb.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, o, kartof verib, cavabdehi pul istəyəndə şəxsən görüb. Cavabdehə bir dəfə 102 kisə, bir dəfə də 50 kisə verib. Kartofun 1 kiloqramını 70 qəpikdən verirdi, bu isə 3700 manat edir. Kartofu iddiaçıya və İlhama verib, onlar da cavabdehə verirdilər, ancaq ona heç bir ödəniş edilməyib. Ona 1300 manatlıq toxumluq kartof verilib, 2400 manat isə borc qalıb. Onun məhsulu istifadəyə yaralı olub. Cavabdeh özü zəng edib bildirmişdi ki, pulu 1 həftəyə qaytaracaq. Əgər məhsul xarab idisə, bu barədə ona məlumat verilməli idi. İlham məhsulu qəbul edirdi və qəbul edəndə məhsulun keyfiyyətinə baxırdı. Tırlara kartof məhsuku yüklənəndə kisə açılıb içinə baxılırdı.
17. Məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş X13 izahatında bildirdi ki, onun satdığı kartofun dəyəri 4992 manat edir. Ondan 1900 manat dəyərində kartof iddiaçı tərəfindən ona verilmişdir. Hazırda 3092 manat pul qalmışdır. Kartof iddiaçının əli ilə Zaura verilmişdir. O əsas Zaurun atasını, Zahidi tanıyır. Zahid onların pulunun verilməsinə söz vermişdir. Kartofu Zaur aldığını bilirdi. Pulu Zaur verməliydi iddiaçıya, o da pulu onlara verməliydi. İddiaçıdan başqa mala İlham da baxırdı. İlham əsas malın çəkisinə, keyfiyyətinə baxırdı.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, cavabdehi tanıyır, onun müdiridir. Onlar Moskvaya 2 reys kartof məhsulu aparıblar. 1-ci reys yaxşı Maşlıq kəndindən kartof normal olub, satılıb. Ancaq 2-ci reys Kazımabad kəndindən yüklənib. 3 gün gömrükdə ləngiyib. Sonra Moskkvaya gedib topdan satış bazarına. Bazarda maşını açıb arxa sıralara baxdılar, bəzi kisədə nəmlik olduğuna görə almadılar. 6 gün orada qaldılar, gəlib baxıb, deyirdilər xoşumuza gəlmir, almırdılar. 6 gündən sonra narazılıq etdi. 6 gün sonra Yaroslava göndərdilər. 3 gün də orada qaldı. 4cü gün artıq o məcbur etdi ki, məhsulu boşaltsınlar. Həmin gün yükü anbara boşaltdılar. Ümumilikdə yükü 16 gündən sonra düşürdülər. Yük maşınına 545 kisə məhsul yığılmışdı. Lakin yükü birbaşa maşının içinı yığdılar, buna etiraz etsə də, ona dedilər ki, sən sürücüsən qarışma. Yükün altına taxta altlıqlar qoyulmalıdır ki, soyuducu yükü soyuq saxlasın. Nə qədər malın xarab olmasını bilmədi. Gömrükdə məhsulun yoxlanışı olmur, amma Rusiyada gömrükdə arxadan 2 kisə kartof məhsulu götürdülər. Ona anbarda bildirməyiblər ki, məhsul xarabdır, məhsul həmin vəziyyətdə Yaroslava getdi. Sonradan o cavabdehə zəng edib bildirdi ki məhsul xarabdı və o, burda qalıb. Kartof çürük olanda çöl hissəyə nəm verir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirdi ki, cavabdehi tanıyır, çünki onun yüklərini aparır. 2022-ci ilin may ayında 530 kisə məhsulu Masallı rayonunun Kazımabad kəndindən Nijni Noqvqoroda aparıb. 2 gün yarım yol gedib, 2 gün gömrükdə qalıb, məhsul nəmləndiyi üçün mağaza götürmədi, buna görə də 5 gün də orada qalıb. 6-cı gün malı Nijni Noqvqorodda anbara boşaltdılar. Mal bir başa yerdən yük yerinə yığılmışdır, altına heç nə qoyulmamışdır. Nəmli kisələrin sayını bilmir, təxminən 20 kisə olardı. Ümumilikdə məhsul 10 gün maşında qalmışdır. Gömrükdə arxa sıradan kisə götürüb baxdılar. Avtomobil daimi işləyir ki, soyuduğu dayanmasın. Məhsulların altına hava axının tənzimlənməsi üçün taxta qoyulur adətən, amma taxta qoyulmamışdı.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.
26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
27. Maddə 771.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
28. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
29. Maddə 782.4. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
34. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
35. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
36. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir.
37. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir (§ 27).
38. Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün 3 şərt tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi – bu şərt həm də müqavilənin qüvvəyə minməsini təsdiq edir; 2) əqdlərin, işlərin və digər xidmətlərin vəkalət verənin tapşırığı əsasında icra edilməsi və 3) əqdlərin, işlərin və digər xidmətlərin icra edilməsi zamanı konkret nəticənin əldə edilməsinə təminat verilməməsi.
39. Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, cavabdeh kartof məhsullarının kənd sakinlərindən almasını və yük maşınlarına yüklənməsini təşkil etmək üçün iddiaçıya tapşırıq vermiş, iddiaçı cavabdehin şifahi tapşırığı əsasında onun nümayəndəsinin (cavabdehin qohumu İlham Əliyev) də iştirakı ilə göstərilən tapşırıqla bağlı üzərinə öhdəlik götürmüşdür. Yəni, iddiaçı cavabdehin tapşırığını qəbul etmişdir. Tapşırığın qəbul edilməsinin digər bir təsdiqi isə iş materiallarında olan Cəlilabad RPŞ tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən edilir. Həmin qərarda iddiaçı verdiyi izahatında cavabdehdən yuxarıda göstərilən tapşırığı alması və onun tapşırığı ilə hərəkət etdiyini bildirmişdir.
40. Tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün tələb edilən digər iki şərtin də mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, kənd sakinlərindən kartofun alınması ilə bağlı əqd bağlamaq tapşırığını iddiaçıya cavabdeh vermişdir. Həm də bu tapşırıq müqaviləsi əvəzli olmuşdur, belə ki, tərəflər arasındakı şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya hər yük maşını üçün 300 manat haqq ödəməsini öhdəsinə götürmüşdür.
41. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilənin həm şifahi, həm də yazılı formada bağlanması qanunla müəyyən edilmişdir (MM-nin 777.2-ci maddəsi).
42. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, ilkin iddia ərizəsi üzrə tərəflər arasındakı mübahisə cavabdehin kartof məhsullarının dəyərini tam ödəməmisidir.
43. Məhkəmə hesab edir ki, hüquqi qiymət verilməli ikinci hal iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsidir. Subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
44. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı cavabdehin şifahi tapşırığı əsasında Kazımabad və Maşlıq kəndi sakinlərindən kartofun cavabdeh üçün alınması ilə bağlı işləri təşkil etmişdir. İşin məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya tapşırığı sahələrə gedərək satılacaq kartof məhsulunun müəyyən edilməsi, qiymətin razılaşdırılması, məhsulunu satmaq istəyən şəxslərə kartofun qablaşdırılması üçün kağız torbaların verilməsi (belə torbalar da cavabdeh tərəfindən verilmişdir), kartofun sahələrdən toplanıb kənara daşınmaqla avtomobillərə yüklənməsi və alınmış məhsulun pulunu cavabdeh ona verdikdən sonra məhsul sahiblərinə verməkdən ibarət olmuşdur. Alınan kartofun çəkisinə və keyfiyyətinə nəzarəti isə cavabdehin qohumu X16 həyata keçirmişdir. Tərəflər arasında şifahi razılığa əsasən cavabdeh kartof məhsullarının dəyərini iddiaçıya ödəməli, iddiaçı isə öz növbəsində həmin pul vəsaitlərini məhsulu satmış kənd sakinlərinə ödəməli idi.
45. Həmçinin, məhkəmə baxışı zamanı o da müəyyən edilmişdir ki, məhsulu satan kənd sakinləri ilə birbaşa təmasda iddiaçı olmuş, qiyməti razılaşmış, onlar iddiaçını yaxından tanıdıqları üçün məhsulun satılaraq bir neçə gündən sonra pulunun verilməsinə razılıq vermişlər. Satdıqları məhsullarının pulu ödənilmədikdə isə bunu iddiaçıdan tələb etmişlər.
46. Bundan başqa, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı kartofun dəyərinin bir qismini iddiaçının vasitəsi ilə məhsul sahiblərinə ödəmişdir. Pulları tam ödənilməmiş digər kənd sakinləri isə bunu iddiaçıdan tələb etdiklərindəm qalan vəsait iddiaçı tərəfindən onlara ödənilmiş (Rauf Ağayev və Ramil Babayev istisna olmaqla) və pulları ödənilən kənd sakinləri qalıq borclarının iddiaçı tərəfindən ödənilməsi barədə notarial qaydada ərizə vermişlər.
47. Məhkəmə tərəflər arasındakı münasibətlərin xarakterini, eləcə də uzun müddətdir formalaşmış olan kənd sakinlərinin kartof məhsullarının satış qaydasının xüsusiyyətini (bir çox kənd sakinləri becərdikləri məhsulların topdan satışını şərh edilən qaydada həyata keçirirlər), həmçinin bəzi məhsul sahiblərinə cavabdeh tərəfindən ödənilməli olan qalıq borcun iddiaçı tərəfindən tam ödənilməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.
48. İddiaçının tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 782.4-cü maddəsi təşkil edir. Həmin müddəadan da göründüyü kimi, əgər vəkalət verən onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə vəkalət alana dəyən zərərin əvəzini ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh aldığı məhsulun pulunu şifahi razılaşdırılmış şərtlərə uyğun onun sahiblərinə ödəməməklə öhdəliyini pozduğundan, iddiaçı isə həm kartofun topdan satışını təşkil edən şəxs kimi, həm məhsul sahiblərinin bəziləri ilə eyni kənddə yaşadığından, həm də məhsul sahiblərinin onun etibarına güvənərək kartofu cavabdehə nisyə satmasına razılıq vermələrini nəzərə alaraq məhsul sahiblərinin bir neçəsinə cavabdehin əvəzinə pul ödəmiş, bununla da iddiaçı ödədiyi pul həddində maddi zərər çəkmiş, cavabdehin öhdəliyini onun əvəzinə icra etməklə öz əmlakından (pul vəsaitindən) məhrum olmuşdur
49. Lakin, məhkəmə qeyd edir ki, iddia tələbi mahiyyətcə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin kartof məhsullarına görə kənd sakinlərinə ümumilikdə 60 000 manat borcunun olmasını qeyd etsə də, iş materiallarında kənd sakinləri tərəfindən Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ünvanladıqları ərizələrin surətindən müəyyən olunur ki, borcun ümumi məbləği 52 200 (Zamin Məmmədova – 2170 manat, Xumar Dadaşovaya - 1630 manat, Əziz Muradova – 2000 manat, Mübariz Sarıyevə 1330 manat, Rüstəmov Nuralıya – 3580 manat, Məmmədov Şakirə - 1700 manat, Tofik Kərimova – 2580 manat, Etiram Ağayevə - 3540 manat, Rauf Ağayevə - 4900 manat, Alışan Muradova – 6500 manat, Şamil Muradova – 2370 manat, Valeh Seyfullayevə - 2600 manat, Ramil Babayevə - 3700 manat, Hüseyin Babayevə - 1630 manat, Səfalı Həsənova – 4700 manat, Museyib İsrafilova – 3000 manat, Naib Bağırova – 320 manat, Cavanşir Nəsirova – 2450 manat, Mirzağa Nadirova 1500 manat) manat təşkil edir. İddiaçı isə qalan 7800 manat pulun hansı əsasla hesablanmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
50. O cümlədən, işin mübahisəsiz halıdır ki, cavabdehin atası tərəfindən məhsul sahiblərinə qalan borcdan ümumilikdə 40 000 manat, 15000 manat nağd, 25000 manat isə toxumluq kartof verilməsi ilə natura formasında ödənilmişdir. Bu hal nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
51. Bundan başqa, məhkəmə qeyd edir ki, digər kənd sakinlərinə kartof məhsullarına görə cavabdeh tərəfindən ödənilməli olan pul vəsaiti iddiaçı tərəfindən ödənilərək, onların cavabdehə qarşı tələb etmə hüququ iddiaçıya keçsə də, kənd sakinləri X28 Babayevə iddiaçı tərəfindən heç bir ödəniş edillməyib, onlara borcun bir hissəsi toxumluq kartofla əvələşdirilərək ödənilsə də, toxumluq kartof, yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən deyil, cavabdehin atası Zahid İbadov tərəfindən ödənilmişdir. İşin bu halı da mübahisələndirilməmişdir. X28 Babayevə ödənilməli olan pul vəsaiti isə ümumilikdə 8600 manat təşkil edir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin kartof məhsullarına görə ödəməli olduğu pul vəsaiti 20 000 manat deyil, 3600 manat, yəni 52 200 manat (kartof sahiblərinə ödənilməli olan cəmi borc) - 40 000 manat (cavabdehin atası tərəfindən həm nağd, həm də natura formada (toxumluq kartof verilməklə) ödənilən vəsait) - 8600 manat (iddiaçı tərəfindən ödənilməyən X28 Babayevə cavabdeh tərəfindən ödənilməli olan borc) = 3600 manat təşkil edir.
52. Məhkəmə qeyd edir ki, satdığı məhsulu ödənilməyən Rauf Ağayev və Ramil Babayev isə müstəqil şəkildə ayrıca cavabdehə qarşı iddia qaldırmaq hüququna malikdirlər.
53. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
56. Qeyd edilən müddəalardan da göründüyü kimi iddiaçının əldən çıxmış faydaya görə cavabdehdən pul vəsaitinin tələb etməsi üçün ona ödənilməsini gecikdirdiyi pul vəsaitindən cavabdehin faydalanaraq gəlir əldə etməsini sübut etməlidir. İddiaçı isə həmin pul vəsaitlərindən cavadehin faydalanaraq gəlir əldə etməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
57. Məhkəmə hesab edir ki, 250 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 18%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
58. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır.
59. Əvvəla, cavabdeh məhsul sahiblərinin ona iddia ərizəsində göstərilən dəyərdə keyfiyyətsiz kartof verməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi optik daşıyıcıda əks olunmuş video görüntüləri isə mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, video görüntüdə kartof məhsullarının bir hissəsinin çürük, lazimi keyfiyyətdə olmadığı əks olunsa da, həmin məhsulun məhz iddiaçı tərəfindən kənd sakinlərindən toplanılaraq cavabdehə göndərilmiş məhsul olduğu öz təsdiqini tapmır.
60. Digər bir tərəfdən, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, kartof məhsullarının kənd sakinlərindən toplanılması və onların yük maşınlarına yüklənməsi mərhələsində cavabdehin qohumu İlham Əliyev də iştirak etmişdir. İlham Əliyev və cavabdeh məhkəmə baxışı zamanı verdikləri izahatında Əliyev İlhamın yalnız kartof məhsullarının çəkisinə nəzarət etdiklərini qeyd etsələr də, iş materiallarında olan Cəlilbad RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əliyev İlham verdiyi izahatında məhsulun keyfiyyətinə və çəkisinə nəzarət etdiyini, onun iştirakı ilə yığılmış kartof məhsullarının arasında çürük və keyfiyyətsuz məhsul olmadığını, kartof məhsulları yüklənərkən təsadüfi seçmə yolu ilə bir neçə kağız kisəsinin açılaraq məhsula baxdığını bildirmişdir. Məhkəmə baxışı zamanı İlham Əliyev polisdəki izahatının təhrif olunduğunu, həmin fikirlərin ona aid olmadığını və təhqiqatçı tərəfindən boş kağıza imza etdiyini bildirsə də, məhkəmə onun bu dəlillərini ağlabatan hesab etmir. Belə ki, məhkəmədə dindirilmiş kartof satıcısı olmuş şahidlər də İlham Əliyevin kartofun keyfiyyətinə nəzarət etiyini bildirmişlər.
61. Həmçinin, məhkəmədə cavabdehin təqdim etdiyi və kartofu Rusiya Federasiyasına daşımış sürücülər (onlar cavabdehin onların müdürü olduğunu bildirmişlər) Müşfiq Həmidov və Ceyhun Rzayev havalandırmanın tam dövr etməsi üçün kartof kisələrinin altına taxta altlıqların qoyulmadığını və birbaşa avtomobillərin yük yerinə yığıldığını bildirdilər. Məhkəmə hesab edir ki, bu hal kartofun daşınması zaman onun təsadüfən xarab olması riskinin artmasına kifayət qədər şübhəli əsaslar yaratmış olur.
62. Məhkəmə qeyd edir ki, alqı-satqı zamanı əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin bölünməsi MM-nin 571.1-ci maddəsində gəstərilmişdir. Həmin müddəaya əsasən alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadığı halda, satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski alıcıya keçir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, alınan mallar kartof yetişdirilən sahələrdə daşınması üçün kağız kisələrə (kağız kisələr cavabdeh tərəfindən təmin edilmişdir) yığılaraq cavabehin nümayəndələrinə təhvil verilmişdir. Bu zaman isə, yuxarıda da göstərildiyi kimi, kisələr cavabdehin qohumu İlham Əliyev tərəfindən süçmə üsulla yoxlanaraq təhvil alınmışdır. Məhsulu qəbul edildikdən sonra onun əlverişli keyfiyyətdə olmadığını sübut etmə yükü isə alıcının (cavabdehin) üzərinə düşür. Lakin cavabdeh bunu da sübut edə bilməmişdir.
63. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə tələb olunan hüquqi xidmət haqqının və ödənilmiş dövlət rüsumunun tələb edilməsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən, ona görə çəkilmiş əlavə xərclərin də tutulması təmin edilə bilməz.
64. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. 3600 manat məbləğində pul vəsaiti və 45 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 205 manat hissəsi iddiaçının özünə aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı