Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1748/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə, İddiaçı İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı istehlakçıların hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı cavabdeh “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X2 5700 manatın, 5000 manat dəymiş mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şikayətçi olduğu cavabdeh X6“Cavabdeh” “Piano Gallery» ünvan 1 saylı ünvanda musiqi alətləri satışı fəaliyyəti ilə məşğuldur. xx.xx.2019-cu il tarixdə, iddiaçı öz şəxsi istifadəsi üçün “Cavabdeh” "Piano Gallery” musiqi alətləri mağazasından 5.700 manata “Conrad Graf” markalı Piano almışdır. “Cavabdeh" musiqi alətləri mağazasının sahibi X6 onu aldadaraq bildirmişdir ki, pianino guya ki, İndoneziya istehsalıdır. İlk öncə o, “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X2 aldığı “Conrad Graf” markalı pianonun sertifikatını tələb etmiş, lakin X6 onu aldadaraq bildirmişdir ki, guya ki, vitrində olan “Conrad Graf” markalı pianonun sertifikatını xadiməçı bilməyərək zibilə atıb. X6 onu aldadaraq bildirmişdir ki, əgər o, pianonu alsa, piano mağaza hesabına işçilər tərəfindən qablaşdırmada mənzilə çatdırılacaq və piano vitrindəki yox, anbardan ağzı bağlı şəkildə göndəriləcək və “Conrad Graf” markalı pianonun sertifikatı upakovkanın içərisində olacaq. İddiaçı xx.xx.2019-cu il tarixdə 5700 manatı “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X4 ödəmiş, tələb etdikdən sonra ona 5,700 manatın qəbzi verilmişdir. İddiaçı mağazadan ayrılmış, elə həmin gün xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində “Cavabdeh” musiqi alətləri mağazasından aldığı “Conrad Graf” markalı pianonu Sumqayıt şəhəri, H.Əliyev prospekti, 19-cu məhəllə, ev-154B, m- 242 saylı ünvanda yerləşən mənzilinə gətirmişdirlər. Lakin, X3 dediyi kimi pianino upakovkanın içərisində deyildi və gətirənlər ona bildirdilər ki, pianino anbarda açılıb və sertifikat yenədə ona təqdim edilmədi. Səhəri gün iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev-7, m-21 saylı ünvanda fəaliyyət göstərən “Cavabdeh” "Piano Gallery” musiqi alətləri mağazasına getmiş və bir alıcı kimi öz iradını X4 bildirərək, ondan ə pianonun sertifikatı tələb etmişdir. Lakin, X6 ona min-bir bahanə gətirərək aldığı “Conrad Graf” markalı pianonun sertifikatını verməmişdir. Bu səbəbdən də, aralarında mübahisə düşdü və o, X3 bu hərəkətindən şübhələnərək gün ərzində aldığı “Conrad Graf” markalı Pianonun hansı ölkə tərəfindən istehsal olduğunu araşdırmışdır. Nəticədə o, müəyyən etmişdir ki, X6, iddiaçının ona olan etibarından sui-istifadə edərək, İndoneziya ölkəsinin istehsal etdiyi pianino adı ilə qiyməti 5.700 manat olmayan, Çin istehsalı pianino satmışdır. Bu səbəbdən də, o xx.xx.2019-cu il tarixdə mağazaya gedərək X3 onu aldatdığını və iddiaçının ona olan etibarından sui-istifadə edərək, Çin ölkəsinin istehsal etdiyi piano satdığını bildirmişdir. Bu səbəbdən də, onlar mağazada olan piano katoloqlarına birlikdə baxmışlar və iddiaçı ona sübut etmişdir ki, onun iddiaçıya satdığı piano Çin istehsalıdır. Bu səbəbdən pianonu, 14 gün keçmədiyi üçün geri qaytarmaq istədiyini bildirmişdir. Lakin, cavabdeh pianinonu geri qaytarmaqdan imtina eləmişdir. xx.xx.2019-cu il tarixdə o, 5.700 manatı “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X4 ödəmiş və ona 5.700 manatın qəbzi verilmişdir. Cavabdeh X6, iddiaçının etibarından sui-istifadə edərək, iddiaçıya İndoneziya ölkəsinin İstehsal etdiyi piano adı ilə, qiyməti 5.700 manat olmayan, Çin istehsalı piano satdığına görə, iddiaçı 5.700 manat məbləğində maddi ziyan çəkmişdir. Bu səbəbdən də, cavabdeh X6 iddiaçıya vurduğu maddi ziyana görə 5.700 manat məbləğində pulu ödəməlidir. İddiaçı cavabdeh X2 5,700 manat pulunu dəfələrlə tələb etmiş, cavabdeh X6 5.700 manat pulu vermiyəcəyini bildirərək imtina etmişdir. Bu səbəbdən də, yaranan mübahisəyə görə xx.xx.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinə şikayət etmişdir. “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X3 iddiaçıya qarşı etdiyi saxtakarlığı araşdırılmışdır və xx.xx.2019-cu il tarixdə iddiaçıya rəsmi qaydada cavab verilmişdir. Ona bildirilmişdir ki, “Cavabdeh” mağazasından aldığı pianinonun qaytarılması haqqında müraciəti ilə bağlı aparılmış araşdırma zamanı “Cavabdeh” mağazasının sahibi fiziki şəxs X6 Dövlət Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla müraciətində qeyd olunanları təkzib edərək pianinonun guya, Çin Xalq Respublikasından gətirildiyi haqqında iddiaçıya məlumat verilərək kataloqun ona təqdim edildiyini, sərbəst şəkildə malı seçib aldığını, malı evində şəxsən bağlamadan açaraq mexanizmdə olan taxta plombu qopararaq ətraflı baxdıqdan sonra qəbul etdiyini, lakin sonradan mağazaya gələrək pianinonun qapağında problem yarandığını qeyd edərək qaytarılmasını tələb etdiyini, qüsursuz təhvil verildiyindən iddianı qəbul etməyərək mala mənzilində baxılmasının təklif edildiyini, lakin bununla razılaşmayaraq sonradan zədəli hissənin şəkillərini təqdim etdiyini, həmin zədəli hissələrin baxış zamanı yaranmış qüsurun kənar mexaniki təsirlər nəticəsində yarandığının məlum olduğunu, bu səbəbdən malın qaytarılmasından imtina edildiyi bildirilmişdir. İddiaçı qeyd etmişdir ki, əgər 5700 manata piano alırsa, aldanılması və malda zavod istehsalı qüsurun olması iddiaçının günahı deyil. O, pianinoya heç bir kənar mexaniki təsir göstərməmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti rəsmi cavabında qeyd etmişdir ki, “X1 haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mal öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı uyğun mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazimı keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Əlavə olaraq bildirmişdir ki, X3 mövqeyi ilə razılaşmadığı təqdirdə “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Cavabdehin hərəkətləri nəticəsində, iddiaçı sarsıntı və əsəb keçirir, çünki, cavabdehin ona vurduğu mənəvi ziyan əvəz olunmazdır. Bu səbəbə görə də, iddiaçı dəyən mənəvi ziyana ödəməsi üçün cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyanı 5.000 manat hesab edir. Cavabdeh pulu qaytarmaq əvəzinə iddiaçının ona olan etibarından suiistifadə edir, bu isə iddiaçının ağır sarsıntı və iztirab keçirməsi ilə nəticələnir. Məhkəmə iclasında çıxış edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili X12 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı həyat yoldaşı ilə birlikdə ona məxsus olan Bakı şəhəri Xətai rayonu Nobel prospekti ev 7, mənzil 21-də fəaliyyət göstərən “Piano Gallery” musiqi alətləri mağazasına gələrək akustik pianino almaq istədiklərini dedilər. O mağazada olan müxtəlif marka və modellərdə olan pianolar barəsində həm şifahi qaydada zəruri məlumatlar vermiş, həm də kataloq təqdim edərək istəklərinə uyğun sərbəst seçim etmələrinə lazım olan bütün şəraiti yaratmışdır. İddiaçı və həyat yoldaşına mağazada satılan pianoları ötən ilin fevral ayında ÇXR-da keçirilən beynəlxalq musiqi sərgisində bəyənib seçdiyini və sərgidə ona verilən məlumata əsasən pianoların İndoneziyada istehsal olunduğunu və ÇXR-daki satış dilerlərindən alıb idxal etdiyini söyləmişdir. Eyni zamanda o, həmin vaxt İddiaçı gözəl piano ifaçısı kimi xatirində saxladığına görə tanıyaraq, onların 2018-ci ilin yanvar ayında da məhz pianino almaq üçün onun işlədiyi mağazada olduqlarını xatırlamış və onlara o zamandan bəri hələ də piano seçib ala bilmədiklərinə görə təəccübünü gizlətməmişdir. Onlar da etiraf etmişlər ki, həqiqətən də 2018-ci ilin yanvar aynda mağazada olmuşlar və elə o zamandan bəri Bakı şəhərinin pianino satılan bütün məhşur mağazalarında olsalar da, onların zövq və tələblərini təmin edən pianino tapa bilməmişlər. O satıcı olaraq, eləcə də peşəkar pianoçu kimi onlara mağazada olan bütün növ pianinolar barəsində zəruri məlumatları tam ətraflı şəkildə izah etdikdən sonra İddiaçı təqribən 2 saat müddətində mağazada bəyəndiyi hər bir pianoda tək-tək və təkrar-təkrar ifa etdikdən və həyat yoldaşı ilə uzun-uzadı müzakirələrdən sonra hər ikisi vitrində olan “Conrad Graf” markalı pianinonun həm yüksək səs efektini və texniki imkanlarını çox bəyəndiklərini, həm də istehsalçının aləti yüksək keyfiyyətdə istehsal etdiyini də qiymətləndirdiyini gözdən qaçırmadıqlarını qeyd edərək (İddiaçı söhbət əsnasında mağazaya gəlməzdən əvvəl “Royal” musiqi alətləri mağazasında olduqlarını, lakin həmin mağazada satılan 5700 AZNa satılan “Johannes Seiler” markalı pianoların “deşoviy” mal olduğunu ilk baxışdan anladığını söyləmişdir), məhz bu pianonun üzərində dayandıqlarını bildirərək, onu almaq istədiklərini söyləmişlər. Beləliklə, ona bir musiqiçi kimi aşkar göründüyü üzrə almağa qərar verdiyi musiqi alətinin bütün texniki-mexaniki göstəricilərdən və daxili-xarici keyfiyyət xüsusiyyətlərindən dərin məlumatlı birisi olan İddiaçı “Conrad Graf” markalı pianinonu bütün keyfiyyət xüsusiyətlərini canlı təmas şəklində öyrəndikdən, həyat yoldaşı ilə 2 saat sürən qarşılıqlı sərbəst müzakirədən və bir neçə dəfə mobil telefon vasitəsi ilə kimlərləsə məsləhətləşdikdən sonra həmin vitrindəki pianinonu 5700 (beş min yeddi yüz) manata ala biləcəklərini razılaşıb, yaxınlıqda yerləşən bankomatdan pul çıxarmaları üçün bir neçə dəqiqəliyə mağazadan çıxdılar. Bir neçə dəqiqə sonra təkrar mağazaya geri qayıdaraq xahiş etdilər ki, eyni pianinonun qablaşdırılmış vəziyyətdə olanını axşam saat 9-dan sonra onların Sumqayıt şəhərində yerləşən mənzilərinə göndərsin. O da daşınma xərclərini öz üzərinə götürməklə onlarla razılaşıb, pianinonun dəyəri olan 5700 (beş min yeddi yüz) manatı qəbul edib onlara müvafiq pul qəbzi təqdim etmişdir. Bundan sonra daşınma işinin təşkilindən ötrü, işçilər-fəhlələr və maşın tapıb, qablaşdırılmış vəziyyətdə olan bir ədəd “Conrad Graf” markalı pianinonu İddiaçı ünvan 4 ünvanına göndərmişdir. Pianino 2 təbəqədən ibarət fabrik qablaşdırmasında gəlir. Üst qablaşdırma ağır taxta altlıqdan və taxta-karton yanlardan ibarət qablaşdırmadır ki, bu qablaşdırma ilə piano daşınması üçün ağır texnika cəlb etmək tələb olunmasından dolayı bir qayda olaraq üst qablaşdırma anbarda açılır və pianino alt qoruyucu qablaşdırma ləğv edilmədən alıcının mənzilinə çatdırılır. Pianonun təzə, istifadə olunmadığını sübut edən əsas amil pianonun mexamizmində olan plombdur ki, həmin plomb həmin vaxt pianonu yoxlamaq üçün gələn musiqiçi anası və atası, həyat yoldaşı ilə birlikdə ətraflı yoxlayıb təhvil aldıqdan sonra İddiaçı mənzilində özünün iştirakı ilə qoparılıb. Elə həmin gün gecə İddiaçı “Whatsapp” vasitəsi ilə ona mesaj yazıb “Salam Arzu xanım, pianino əladır, hər şeyə görə təşəkkür edirəm, çox sağ olun” yazılı münasibətini bildirmişdir. O da təbii ki, bir satıcı olaraq müştərinin razı qalmasından məmnun olmuşdur. Bundan sonra İddiaçı xx.xx.2019-cu il tarixdə mağazaya gələrək fikrini dəyişdirdiyini, başqa mağazada gördüyü “Kawai” markalı elektropiano almaq qərarına gəldiyini söyləyərək pianonu geri qaytarmaq istədiyini bildirdi. Çəkisi 225 kg olan pianonu başqa şəhərdə yerləşən mənzilinə apartdırmaq, bir neçə gün istifadə edib, sonra “fikrimi dəyişdim” deyərək qarşısındaki insanlara nə qədər maddi və mənəvi ziyan vurduğunu düşünməyən bu insana, sırf öz səviyyəsini qorumaq xatirinə pianonu qaytarmağa etiraz etməmiş və ona bildirmişdir ki, əvvəlcə alətə yerində baxış keçirməlidirlər və alətdə heç bir zədələnmə halı aşkar edilmədiyi təqdirdə və geri daşınmaq xərci onun özü tərəfindən qarşılanması şərti ilə razılığa gələ bilərlər. Alətin daşınma xərcləri ilə bağlı şərtinə İddiaçı etiraz etmediyini bildirdi və ona belə bir sual verdi: “Əgər alətdə bir problem varsa, o zaman geri qaytarmayacaqsınız?” O, ona “təbii ki, əgər məhsulun əmtəə görünüşünə ziyan vurulubsa, o zaman geri qaytarmaq mümkün deyil” demişdir. Bu cavabını eşidən İddiaçı “o zaman gedib baxış keçirməyin heç bir mənası yoxdur, pianonun qapağında problem var” deyə bildirərək, alətə yerində baxış keçirməyimə qəti şəkildə etiraz etdi, yəni onların mənzilinə gedib problemin nədən ibarət olduğunu yerində müəyyən etməyinə heç bir şəkildə imkan vermədi. O dərhal başa düşmüşdür ki, alət istifadə olunub və məhz istifadə zamanı pianino mexaniki zədə alıb. Bundan sonraki günlərdəki “Whatsapp” yazışmasında olan israrından sonra göndərilən fotodan məlum oldu ki, həqiqətən də birbaşa istifadəçinin təqsiri ucbatından pianinonun qapağının mexanizmi zədələnmişdir. Təbii ki, belə olan bir halda o həmin pianinonu geri qaytara bilməzdi və İddiaçı bu barədə “Whatsapp” vasitəsi ilə geniş yazılı izah göndərmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə istehlakçı hüququnun pozulması ilə bağlı şikayət vermiş, şikayətində pianonu qaytarmaq istəməsinə səbəb olaraq pianonun Çin istehsalı olmasını göstərmiş, lakin əsas səbəbi, yəni pianonun qapağında mexaniki təsir nəticəsində yaratığı zədələnməni gizlətmişdir. Həmin şikayət heç bir əsası olmadığından, dövlət qurumu tərəfindən haqlı olaraq rədd edilmişdir. Onun İddiaçı satdığı pianino musiqi aləti plombu açılmaqla tam təyinatı üzrə istifadə olunmuş və məhz istifadə zamanı əmtəə görünüşü zədələnmişdir. Qablaşdırılmış vəziyyətdə olan pianino musiqi alətini xüsusi yerində olan plombu sındırmamış istifadə olunması mümkün deyildir. Sonradan məlum oldu ki, pianinoya aid sənədlər və pasport pianinonun alt hissəsində, içərisində olmuşdur. İddiaçı bunu da bir bəhanə gətirərək qanunsuz pul əldə etmək üçün ona qarşı saxta iddia qaldırmışdır. Mənəvi ziyana gəldikdə isə, qarşı tərəfi zəif hesab etdiyi üçün şantaj etməyə və bu yolla pul əldə etməyə çalışan birinin qabaqdangəlmişlik etməsi təəccüblüdür və bu tələb tamamilə gülünç və qəbul edilməzdir. İddiaçı ona bildirdiyi təşəkkürlər və iddia etdiyi mənəvi zərər bir-biri ilə ziddiyət təşkil edir ki, bu da iddianın şantaj məqsədli olduğu açıq-aşkar görünməkdədir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin İddiaçı onun müraciəti əsasında ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna əsasən, “Cavabdeh” mağazasından aldığı pianinonun qaytarılmaması haqqında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X1 Dövlət Xidmətinin “Qaynar Xətti”-nə etdiyi xx.xx.2019-cu il tarixli müraciətinə (daxilolma qeydiyyatı: 13/1939, xx.xx.2019-cu il) aidiyyəti üzrə baxılmışdır. Müraciətlə bağlı aparılmış araşdırma zamanı “Cavabdeh” mağazasının sahibi fiziki şəxs X6 Dövlət Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla müraciətdə qeyd olunarları təkzib edərək pianinonun Çin Xalq Respublikasından gətirildiyi haqqında ona məlumat verilərək kataloqun ona təqdim edildiyini, sərbəst şəkildə malı seçib bəyənərək aldığını, malı evində şəxsən bağlamadan açaraq mexanizimdə olan taxta plombu qopararaq ətraflı baxdıqdan sonra qəbul etdiyini, lakin sonradan mağazaya gələrək pianinonun qapağında problem yarandığını qeyd edərək qaytarılmasını tələb etdiyini, qüsursuz təhvil verildiyindən iddianı qəbul etməyərək mala mənzilində baxılmasının təklif edildiyini, lakin bununla razılaşmayaraq sonradan zədəli hissənin şəkillərini təqdim etdiyi, həmin zədəli hissələrə baxış zamanı yaranmış qüsurun kənar mexaniki təsirlər nəticəsində yarandığının məlum olduğunu, bu səbəbdən malın qaytarılmasından imtina edildiyini bildirmişdir. Məlumat üçün bildirilmişdir ki, “İstehlakçılarin hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, fasonuna, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı uyğun mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehfak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal İlə birlikdə verilmiş digər sənədləri saxlamlıbsa, bu hallarda o dəyişdirilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxx 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.53-ci bəndinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Əlavə olaraq bildirilmişdir ki, X3 mövqeyi ilə razılaşmadığı təqdirdə X1 haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə X4 (“X14”) 5700 manat ödəniş edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, cavabdeh X3 yanında 2019-cu ilin sentyabr ayından işləyir. O, çatdırılma və digər köməkçi işlərlə məşğuldur. xx.xx.2019-cu ildə o, iddiaçıya məxsus ünvana pianonu aparmışdırlar, piano alt qablarşdırmada idi. Belə ki, piano iki qablaşdırmada olur, belə vəziyyətdə pianinonun daşınması qeyri-mümkündür. İddiaçı pianonu yoxlayıb təvhil aldı. Pianoda hər hansı bir nöqsan aşkar edilməmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, cavabdeh X3 yanında işləyir. xx.xx.2019-cu ildə o, iş yoldaşı ilə birlikdə iddiaçının evinə, yəni Sumqayıt şəhərində yerləşən evinə pianonu çatdırmışdırlar. Piano qablaşdırmada idi. Qablaşdırmanı açdıq və iddiaçı pianonu yoxladı, pianoda musiqi əsərlərini ifa etdi və pianonu təhvil aldı. Məhkəmə tərəflərin təqdim etdiyi “Whatsapp” yazışmalarına qiymət verərək hesab edir ki, AR Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsi nəzərə alınmaqla həmin yazışmalar iş üzrə sübut kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Cavadeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Bakı Musiqi Akademiyasında musiqi alətlərinin kökləyicisi vəzifəsində çalışan X5 tərəfindən təqdim edilmiş rəydə qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunmayan, lakin mülki işin digər materiallarında irəli sürülən və pianinoda aşkarlanmış, gah "lyuft", gahda qüsur olduğu iddia edilən, fortepiano klavişlərinin hərəkət gedişnin əksinə istiqamətdə əllə geri dartılarkən klavişlərin klaviaturanın müəyyən hissəsində daha az, müəyyən hissəsində isə daha çox geriyə doğru hərəkət etməsi (əks istiqamətdə hərəkət) heç bir halda istehsal qüsuru və sonradan yaranan qüsur hesab edilə bilməz və bu hal həmin alətin təyinat üzrə istifadəsinə heç bir şəkildə təsir və ya maneə törədə bilməz. İddiaçı klavişlərin hərəkət istiqamətinin əksinə gedişdən şikayət edir ki, bu hal ümumiyyətlə qüsur hesab edilə bilməz və bu iddia tam əsassızdır. Fortepianonun klavişlərinin hərəkət və səslənmə mexanizmi klavişin aşağıya doğru basılaraq çəkici tətikləməsi, çəkicin isə öz növbəsində simə təmas etməsi nəticəsində yaranan səsdən ibarətdir. Klavişlərin səslənmə və düzgün hərəkət mexanizmi birmənalı şəkildə klavişlərin yalnız irəli, yəni aşağıya doğru hərəkəti vəziyyətində dəyərləndirilə bilər. Klavişlərin hərəkət mexanizminin İddiaçı iddiasında qeyd etdiyi şəkildə əks istiqamətdə - geriyə və ya yuxarıya doğru qaldırılaraq və ya dartılaraq dəyərləndirilməsi və qüsur olaraq görülməsi tamamilə yanlışdır və heç bir əsası yoxdur. Həmçinin iddia olunan "lyuft termini də pianinonun mövcud vəziyyəti ilə heç bir əlaqəsi olmayan əsassız və peşəkarlıqdan uzaq bir iddiadır. Arzu Təhməzovaya məxsus "Piano Gallery" musiqi alətləri mağazasında olan "Conrad Graf" markalı eyni model pianinolara yerində baxış keçirərək müəyyən etdim ki, pianinolar fortepiano istehsalı standartlarına uyğundur və alətlərdə fabrik qüsuru və yaxud sonradan yaranan qüsurlar mövcud deyil. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində cavabdehdən 5700 manat dəyərində olan “Conrad Graf” markalı pianino almış, həmin pianino iddiaçının evində çatdırılmış, qablaşdırmadan çıxarılaraq, onun mexanizmində olan plomb qoparılmış, və pianino yoxlanıldıqdan sonra iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, o, hal-hazırda da həmin pianinonu istifadə edir. Belə olan halda, iddiaçının “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci və 15-ci maddələrinə istinad edərək, pianonun dəyəri olan 5700 manat məbləğində pulun geri ödəmək tələbi əsassızdır. Belə ki, “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilmiş şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımı xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Mal, (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. Həmin Qanunun 15-ci maddəsinə əsasən lazımı keyfiyyətli qeyri-ərza malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə ishtelakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onun aldığı yerdə uyğun mala dəyişmək hüquq var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və ya yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, isthelakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verilməlidir. Məhkəmə iddianın 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X10 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X10 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş və tələb edilən 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı cavabdeh “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X2 5700 manatın, 5000 manat iddiaçıya dəymiş mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddiası əsassızdı və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı cavabdeh “Cavabdeh” musiqi alətləri mağazasının sahibi X2 5700 manatın, 5000 manat iddiaçıya dəymiş mənəvi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1748/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1748/2020
24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver