Məhkəmə qərarları › İş №2(011)-18/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-18/2024

02.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-18/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 50.000 manat dəymiş maddi ziyan və 20.000 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci ilin aprel ayında kliterində ağrı olduğundan müayinəsi üçün ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Klinikasında həkim işləyən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 iddiaçını qəbul etmiş və müraciət etdikdən bir neçə gün sonra “labioplastika” əməliyyatı olmasının lazım gəldiyini bildirmişdir. İddiaçı, həkim işləyən Cavabdeh1 inanmış və əməliyyata razı olmuşdur. 21 aprel 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda yerləşən Cavabdeh2 tibb mərkəzində cavabdeh plastik cərrah Cavabdeh1 tərəfindən üzərində “labioplastika” plastik cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyata görə iddiaçı tərəfindən 500 manat pul ödənilmişdir. Əməliyyatdan sonra müayinə Cavabdeh2 Klinikasında davam etdirilmişdir. Belə ki, iddiaçı cinsiyyət orqanınının kliterində ağrı olduğundan ağrıların aradan qaldırılması məqsədilə təkrar cavabdehə müraciət etmişdir. Cavabdeh İddiaçı üzərində cinsi orqanında kəskinləşmiş yanma və qaşınma, qızartılar səbəbi ilə 2021-ci ilin yay aylarında “vagina plastika” əməliyyatı icra olunmuşdur. Yəni həkim (cavabdeh) iddiaçının cinsiyyət üzvü dodaqlarını tamamilə kəsib götürməklə sağlamlığına ciddi zərər vurmuşdur (tibbdə cinsiyyət dodaqlarının tamamilə kəsilməsi sünnət sayılır). İddiaçı əməliyyatdan sonrakı dövrdə yeriməkdə ciddi çətinlik çəkmiş, cinsiyyət orqanında quruluq, sürtünmə, dəhşətli ağrılar yaranmışdır. İddiaçı cavabdeh həkim Cavabdeh1 dəfələrlə müraciət etsə də onu qəbul etməkdən imtina etmişdir. İddiaçı məcbur qalıb sağlamlığının bərpası üçün Bakı şəhərində yerləşən klinikaların əksəriyyətinə müraciət etmişdir. Lakin heç bir nəticə olmamış, hətta başqa həkimlərə müraciət etdikdə başqa həkimlər birmənalı olaraq bildirmişlər ki, Cavabdeh1 tərəfindən əməliyyat düzgün icra edilməmişdir. İddiaçı digər tibb mərkəzlərində keçirdiyi müayinələrin nəticəsində müəyyən etmişdir ki, cinsiyyət orqanının tamamilə sünnət olaraq dodaqların kəsilib götürülməsi tibbi baxımdan yolverilməzdir və bu əməliyyat cavabdeh tərəfindən icra edilmişdir. Hazırda isə İddiaçı sağlamlığını itirmişdir. Eyni zamanda digər həkimlərin iddiaçıya verdikləri izahlarından məlum olur ki, əməliyyatdan əvvəl cinsiyyət orqanının vəziyyətinin müəyyən edilməsi üçün mütləq UZİ görüntüsü alınmalı idi. UZİ görüntüsü olmadan belə əməliyyatın aparılması həkim səhlənkarlığıdır. Cavabdeh1 səhlənkarlığa yol verərək iddiaçını aparat müayinəsindən keçirmədən cinsiyyət dodaqlarını dibindən kəsib götürmüşdür. Həkim səhlənkarlığı ilə bağlı Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə iddiaçı tərəfindən Yasamal rayon prokurorluğa şikayət ərizəsi təqdim edilmişdir. Qeyd edilən fakt Yasamal rayon prokurorluğunda araşdırılmış, toplanmış material üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X2 Şöbəsinin 42/KEŞ JVb-li, 31 yanvar 2022-ci il tarixli rəyi alınmışdır. Sözügedən rəyin nəticəvi hissəsi ilə müəyyən edilir ki, Cavabdeh2da tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinədən sonra ona “Hipertrofik labium minor. Kalpit” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Labioplastika” cərrahiyə əməliyyatı icra olunmuşdur. İddiaçınm məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı hazırda onda icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatından sonra kiçik cinsiyyət dodaqlarının anatomik quruluşunun tam itirilməsi, uşaqlıq yolunun bağlanmaması, bartolin vəzilərinin axarlarının anatomik quruluşunun dəyişdiyi üçün şişkinləşmiş və qalxan infeksiyalar səbəbi ilə ödemli olduğu müəyyən edilmişdir. Qeyd olunanlar infeksion mənşəli xəstəliklərə gətirib çıxara bilər. Bu da həyat üçün təhlükəli olan ağırlaşmalara aiddir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilmişdir. İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatıdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul olan şəxs müalicə həkimidir. Prokurorluq tərəfindən cinayət işinin başlanması rədd edilsə də, cinayət işinin başlanmasının rədd edilməsi barədə Yasamal rayon Prokurorluğunun 14 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 21 aprel 2020-ci il tarixdə plastik cərrah Cavabdeh1 tərəfindən İddiaçı üzərində icra olunmuş “Labioplastika” cərrahi əməliyyatı qüsurlu icra edilmiş, həyat üçün təhlükəli ağırlaşmalara şərait yaratmış və səhiyyə sistemində qüvvədə olan 70 saylı protokol qaydaları pozulmuşdur. İddiaçı sağlamlığını bərpa etmək üçün bugünə qədər müxtəlif klinikalarda və həkim müayinələrində olmuş, tibb xidmətlərdən istifadə etmiş, müalicələr etdirmiş, lakin heç bir nəticə verməmişdir. Təkcə həkim müayinələrinə çəkilən xərc 1.645 manat təşkil edir. Əlavə olaraq, Cavabdeh1 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və X1 şöbə müdiri vəzifəsində işləyir. Əməliyyatları isə Cavabdeh2 Klinikasında həyata keçirmişdir. İddiaçı sağlamlığının itirilməsi ilə əlaqədar dəymiş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Maddi ziyan kimi əməliyyat xərci, həkim müayinələri, dərman perapatlarına çəkilən xərclər, eyni zamanda təkrar əməliyyat olunması üçün çəkiləcək xərclər daxildir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı digər Cavabdeh2 MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz mövqeyində olmuş və onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Cavabdeh2 MMC-də baş mühasib vəzifəsində çalışmış X6 bildirmişdir ki, xəstəxana bir müddət üçün əməliyyatxananı həkimlərə icarəyə verir, həkim əməliyyat xərclərini özü müəyyən edir, icarə müqaviləsi əsasında vəsait xəstəxananın kassasına mədaxil olunur. Həkimin ödədiyi vəsaitə görə vergi hesablanır. Cavabdeh1 Cavabdeh2 MMC-də 2 əməliyyat icra edib və bu halda şifahi razılaşma olmuşdur. Şahid verdiyi izahatda qeyd etmişdir ki, Cavabdeh1 müqavilə bağlamadan əməliyyat icra etmiş, bu hadisə davamlı olmamış və xəstəxana da şikayət etməmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı üzərində 21 aprel 2020-ci il tarixdə Cavabdeh2 tibb mərkəzində Cavabdeh1 tərəfindən “labioplastika” plastik cərrahi əməliyyatı icra olunmuşdur. İddiaçı sözügedən əməliyyatın qüsurlu icra edilməsinə və bundan maddi və mənəvi ziyan çəkməsinə istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən araşdırılmanın tam və hərtərəfli aparıla bilməsi üçün məhkəmə iclasında ginekologiya sahəsi üzrə cərrah mütəxəssis dəvət edilmiş, mütəxəssis X5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının üzərində icra edilmiş “labioplastika” əməliyyatı kosmetik əməliyyatdır və yalnız əməliyyatxanada icra edilməlidir. Manipulyasiya otağında əməliyyatın icra edilməsi yolverilməzdir. Bu tip əməliyyatlar yalnız müəyyən göstəriş əsasında həyata keçirilməlidir. İcra edilmiş “labioplastika” əməliyyatının diskomfortluq, quruluq, göynəmə, cinsi hissiyyatın azalması ilə heç bir əlaqəsi yoxdur. Cinsiyyət dodaqları kosmetik funskiya daşıyır və quruluq, nəmlik yaratmır. Klitorun kəsilməsi “hudoplastika” əməliyyatı ilə əlaqədardır. “Vaginaplastika” əməliyyatı nəticəsində cinsi hissiyyat bir qədər azala bilər. Bartolyon vəz böyük cinsiyyət dodağının aşağı hissəsində yerləşir. “Labioplastika” əməliyyatının icrası ilə bartolyon vəz dəyişə bilməz. Plastik cərrahiyyə əməliyyatlarda protokol olmur. Dünya ölkələrində rekonstruktiv əməliyyatlarda protokol olur, lakin Azərbaycanda hazırda belə hal mövcud deyil. Məhkəmə iclasında mütəxəssis dinlənildikdən sonra iş üzrə tibbi ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ tərəfindən təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli rəydən görünür ki, İddiaçı adına Cavabdeh2da tərtib edilmiş 11831 saylı ambulator xəstənin tibbi kitabçasına əsasən, o, 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. “Labioplastika” əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. İddiaçı cinsiyyət orqanında quruluq, yanma, qaşınma, qızartı kimi hallar infeksion xəstəliklər səbəbindən yarana bilər, bu da aparılmış “Labioplastika” əməliyyatının taktiki və texniki cəhətdən qüsurlu icrası ilə əlaqədardır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində “hudoplastika” cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. İstinad olunan rəyə münasibətdə məhkəmə hesab etmişdir ki, ekspert qarşısında “hudoplastika” əməliyyatı ilə bağlı sual qoyulmuş olsa da, iddiaçıya baxış keçirilməklə suala cavab vermək əvəzinə iş materiallarına əlavə edilmiş tibbi sənədlərə istinad edilərək rəy tərtib edilmişdir. Təqdim edilmiş rəydə məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallar natamam şəkildə cavablandırıldığından və şəxsə baxış keçirilmədən rəy verildiyindən, məhkəmə iş üzrə kompleks (tibbi və psixoloji) ekspertiza təyin etmiş, Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş 29 avqust 2023cü il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, aparılmış eksperimental-psixoloji müayinə zamanı İddiaçı idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğundur. Müayinə gedişatında İddiaçı psixi-emosional sferasında əhval-ruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözümiradi səviyyəsində enmə və intihar fikirləri aşkar olunmuşdur. Hazırkı psixoloji müayinə zamanı İddiaçı psixi-emosional vəziyyətində əhval-ruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə və intihar fikirləri aşkar olunmuşdur. İddiaçı müəyyən edilən psixoloji vəziyyət keçirdiyi əməliyyatlardan sonrakı fəsadlaşma ilə əlaqədar ola bilərdi. Psixoloq və ya psixiatr müayinəsi tövsiyə edilir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ tərəfindən təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlir ki, İddiaçı adına Cavabdeh2da tərtib edilmiş 11831 saylı ambulator xəstənin tibbi kitabçasına əsasən, o, 21 aprel 2020-ci il tarixdə ginekologiya şöbəsinə tez-tez təkrarlanan sidik cinsiyyət yolları infeksiyasından, imitasiya və ağrılı cinsi əlaqədən, hipertrofik labioplastika minorları, kiçik cinsiyyət dodaq maneçiliyi şikayətləri ilə daxil olmuşdur. “Labioplastika” əməliyyatı şəxsin istəyi ilə icra edilən əməliyyatlardandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8 X11 tərəfindən verilmiş ekspert rəylərində “Labioplastika” əməliyyatının qüsurlu icra edildiyi qeyd edilmişdir. Bu da əməliyyatdan qısa bir müddət sonra şəxs müayinədən keçdiyindən qeyd olunan dəyişikliklər əməliyyatın qüsuru kimi qiymətləndirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda aparılmış “Labioplastika” əməliyyatı ilə əlaqədar hər hansı bir fəsad və ya ağırlaşma müəyyən edilmədi. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, onun üzərində X3 İnstitutu Plastik və X1 22 iyun 2021-ci il tarixdə “Vaginoplastika” və “X4”da isə 02 aprel 2022-ci il tarixdə “Ön-arxa kolpoperineorafiya. Levatorplastika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Aparılmış əməliyyatların “Labioplastika” əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdə İddiaçı üzərində “Hudoplastika” cərrahiyyə əməliyyatının aparılması haqqında hər hansı qeydiyyat aparılmamışdır. İş materiallarında olan xəstəlik tarixçəsindən görünür ki, 22 iyun 2021-ci il tarixdə iddiaçıya uşaqlıq yolunun sallanması diaqnozu qoyulmuşdur. Cavabdeh2 tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı əməliyyatı həkim Cavabdeh1 tərəfindən ambulator şəraitdə, xəstəxananın ginekolojimanipulyasiya otağında həyata keçirilmişdir. MMC-nin fəaliyyətdə olan ginekoloji şöbəsi 2022-ci il tarixdən etibarən kameralarla təchiz edilmiş və əməliyyatın icra edildiyi 2021-ci il tarixdə əməliyyatın kameralarla müşaiyəti həyata keçirilməmişdir. İş materiallarında olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 26 may 2022-ci il tarixdə kiçik cinsiyyət dodaqlarının sallanması səbəbi ilə əməliyyat olunduğundan kliniki xəstəxanada ambulator (stasionar) müalicədə olmuşdur. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə Yasamal rayon prokurorluğunun 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı səhhətinə dəymiş zərərlə bağlı hüquq mühafizə orqanına müraciət etmişdir. Araşdırılma zamanı ekspertiza keçirilmiş, tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli rəydən görünür ki, xəstənin üzərində “Labioplastika” cərahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonra kiçik cinsiyyət dodaqlarının anatomik quruluşunun tam itirilməsi, uşaqlıq yolunun bağlanmaması, bartolin vəzilərinin axarlarının anatomik quruluşunun dəyişdiyi üçün şişkinləşmiş və qalxan infeksiyalar səbəbi ilə ödemli olduğu müəyyən edilmişdir. Qeyd olunanlar infeksion mənşəli xəstəliklərə gətirib çıxara bilər. Bu da həyat üçün təhlükəli olan ağırlaşmalara aiddir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatı taktiki və texniki cəhətdən qüsurlu icra edilmişdir. İddiaçı üzərində icra edilmiş “Labioplastika” cərrahiyə əməliyyatıdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin mövcud protokol qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul olan şəxs müalicə həkimidir. Cavabdeh1 əməllərində cinayətin əlamətləri aşkar edilmədiyindən 14 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ona dəymiş maddi ziyanı təsdiq etmək üçün müvafiq qəbzlər və arayışlar təqdim etmişdir. Mülki iş materialalrının 25A-58-ci səhifələrindəki qəbzlərə əsasən, 55 manat, 40 manat, 100 manat, 55 manat, 40 manat, 70 manat, 900 manat, 55 manat, 55 manat, 60 manat, 60 manat, 40 manat, 70 manat, 40 manat, 20 manat, 40 manat 40 manat olmaqla, ümumilikdə 1.740 manat məbləğində iddiaçı xərc çəkmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində belə qənaətə gəlir ki, İddiaçı üzərində icra edilən “hudoplastika” əməliyyatı qüsurlu icra edildiyindən sonuncunun səhhətinə və psixoloji sağlamlığına ziyan vurulmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh1 vəkili iddia tələbinə etiraz edərək əməliyyatın səhv icra edilmədiyini, bunun məhkəmə tərəfindən şəxsə baxış keçirilməklə aparılmış sonuncu ekspert rəyində də təsdiqini tapdığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş sonuncu ekspertizada iddiaçıya baxış keçirilməklə rəy verilməsi tələb edilsə də, iddiaçı çağırılan vaxtda ekspertiza mərkəzinə getmiş, lakin ekspert Cavid Cahangirli tərəfindən ona bildirilmişdir ki, hazırkı məsələ üzrə rəyin verilməsi üçün onun ekspert ginekoloq olması zəruridir, lakin o cərrahdır. Bu səbəbdən də sonuncu ekspert rəyi də iddiaçıya baxış keçirilmədən tərtib edilmişdir. Odur ki, iddiaçı 08 dekabr 2023-cü il tarixli rəyin sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli rəyə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan rəydə yenidən məhkəmə tərəfindən qoyulmuş “hudoplastika” əməliyyatı ilə bağlı suallara cavab verilməmişdir. Halbuki rəydə iddiaçının mütəxəssis müayinəsindən keçməsi qeyd edilmişdir. Əgər belə bir müayinə keçirilmiş olsaydı, məhkəmənin “hudoplastika” ilə bağlı qoyduğu suala da cavab verilərdi. Eyni zamanda, rəydə mütəxəssisin kim olduğu, araşdırmanı nəyə əsasən və hansı qaydada apardığı qeyd edilmədiyindən, məhkəmə 08 dekabr 2023-cü il tarixli rəyi mötəbər hesab etməyərək sübut qismində qəbul etmir. Beləliklə, həm məhkəməyədək aparılmış araşdırılma nəticəsində (Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar), həm məhkəmə araşdırması zamanı (16 noyabr 2022-ci il tarixli ekspert rəyi) müəyyən edilmişdir ki, iddiaçının üzərində icra edilmiş “Labioplastika” əməliyyatı qüsurlu icra edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. Məhkəmə maddi ziyanın əvəzi olaraq iddiaçının məhkəməyə təqdim etdiyi qəbzləri və arayışları əsas götürərək orada əks edilmiş, ümumilikdə 1.740 manat məbləğin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən qəbzlərin tarixinin icra edilmiş əməliyyatdan sonraya əməliyyatın da iddiaçının sağlamlığına vurduğu zərərin mövcud olduğu müddətə aid olması, həmçinin bundan sonra iddiaçının sağlamlığının pozulması nəticəsində sonuncunun bədənində başqa kənar fəsadların da törənə biləcəyi ehtimalı məhkəmədə bu qəbzlərin məhz sözügedən əməliyyatın nəticəsi ilə bağlı çəkilən xərclərə sərf edilmiş pul məbləği olması qənaətini formalaşdırır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, psixoloji ekspertiza rəyi ilə və məhkəmə araşdırması zamanı iddiaçının keçirdiyi əməliyyat nəticəsində onun sağlamlığının pozulması, mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 15.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddiaçının dəymiş ziyanın müştərək qaydada hər iki cavabdehdən tutulmasına dair hissədə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və dəymiş ziyan Cavabdeh1 tutulmalıdır. Belə ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında nə işçi və işəgötürən münasibətləri mövcuddur, nə də ki iş materiallarında Cavabdeh2 MMC-nin hərəkətləri nəticəsində iddiaçıya dəyən zərərin həcminin artması hallarına rast gəlinmişdir. Eyni zamanda araşdırma nəticəsində ziyanın məhz Xudiyeva tərəfindən əməliyyatın texniki və taktiki olaraq səhv və qüsurlu icra edilməsi nəticəsində iddiaçıya ziyan dəyməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi zərərə görə 1.740 manat, mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyindən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq Cavabdeh1 140.22 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 1.740 (bir min yeddi yüz qırx) manat, mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1 140.22 (bir yüz qırx manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar