Məhkəmə qərarları › İş №2(011)-1805/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1805/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1805/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir xərci olaraq 20000 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə istifadə və ona çəkilən xərclər barədə hazırda faktiki mübahisə mövcuddur, əlavə olaraq anlaşılmazlıq olmaması üçün nəzərinizə çatdırırıq ki, tərəflər arasında rayon Məhkəməsində iki işə baxılıb qətnamələr qəbul edilib, hal-hazırda hər iki iş üzrə qətnamələrdən şikayət verilib və apellyasiva məhkəməsinin icraatındadır, tərəflər arasında 2(011)-3797/2021 nömrəli iş üzrə qəbul edilmiş 08.09.2021-ci il tarixil qətnamənin predmeti cavabdehin iddiaçıya olan pul borcu olmuşdur, yəni mübahisə sırf pul öhdəliklərindən əmələ gələn mübahisədir, ikinci mübahisə isə 2(011)-5314/2021 nömrəli is üzrə baxılan və qəbul edilən 22.11.2021-ci il tarixli qətnamənin predmeti isə sırf ünvan 2 ünvanında olan qeyri-yasayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı münasibətlərdir, hazırkı iddia iddiaçının həmin əmlakdan istifadə etdiyi müddət ərzində həmin qeyri-yaşayış sahəsinə çəkdiyi təmir xərclərinin ödənilməsi ilə bağlıdır, faktiki olaraq həmin daşınmaz əmlak cavabdeh tərəfindən iddiaçıya satılmışdır, lakin əmlak həmin vaxtı bankın girovunda olduğundan və həmin vaxt rəsmiləşmənin mümkün olmaması səbəbindən cavabdeh bu qeyri-yaşayış sahəsini iddiaçıya 2015-ilin may ayında 20000 ABŞ dollarına mülki etibarnamə əsasında faktiki satmışdır, iddiaçı, həmin əmlakın girovdan məhkəmə qaydasında çıxarılması üçün bütün məhkəmə xərclərini öz üzərinə götürmüşdür, qeyd edilən faktlar Xətai rayon Polis İdarəsinin 37-ci X2 əsaslandırma hissəsində əks olunmuşdur, iddiaçı faktiki olaraq həmin əmiaka, istifadəyə başlayan kimi müxtəlif vaxtlarda ümumilikdə 20.000 manat təmir xərci çəkmişdir, hazırda qeyri yaşayış sahəsinin rəsmi olaraq mülkiyyətçisi olan cavabdeh həmin qeyri-yaşayış sahəsinə iddiaçını buraxmır və çəkilən təmir xərclərini ödəməkdən yayınmaqla bərabər ona məxsus olaraq avadanlıqları verməkdən imtina edir, təmir izlərini məhv etməyə çalışır, bu da hazırda içəri baxış keçirib müstəqil qiymətləndiricidən rəy almaq və işə əlavə sübutlar təqdim etmək imkanından məhrum edir, həmçinin həmin şəxs qeyd edilən əmlakı başqasına satacağını bəyan edir, obyektə demək olar ki, hər gün müxtəlif potensial müştərilər baxış keçirir, banka qarşı iş üzrə qətnamə qəbul edilib qanuni qüvvəyə mindiyinə görə həbsin götürülməsi yalnız texniki məsələdir, əvvəllər cavabdeh ordan anbar kimi istifadə edirdi və çox köhnə vəziyyətdə idi, iddiaçı tərəfindən isə həmin yer şirniyyat dükanı kimi istifadə edilib, həmin əmlak daxilində 5 il ərzində müxtəlif təmir işləri, avadanlıqların quraşdırılması ilə bağlı müxtəlif kommunal xətlərin çəkilməsi və səkinin təmiri ilə bağlı digər işlər görülmüşdür, lakin 2021-ci ilin ortalarından başlayaraq cavabdeh və oğlanları həmin qeyri-yaşayış sahəsinin qapılarını qıraraq zorla ora daxil olmuşlar bir sıra avadanlıqlar yararsız hala düşmüşdür, həmçinin təmir edilən hissələr məhv edilmiş və obyekt dağınıq vəziyyətə gətirilmiş və yenidən səliqəsi şəkildə anbar kimi istifadə edilmişdir, sübutlardan göründüyü kimi, həqiqətən də tərəflər arasında mülki etibarnamə əsasında həmin yerin iddiaçıya 20.000 ABŞ dolları müqabilində verilməsi faktı olmuşdur, cavabdeh tərəfindən iddiaçıdan əlavə pul almaq qarşılığında ona verilmiş etibarnamələr ləğv edilmiş və pulu aldıqdan sonra həmin daşınmaz əmlakdan istifadə və sərəncam verməklə bağlı etibarnamələr verilmişdir bütün bu faktlar sübutlarda əksini ətraflı olaraq tapmışdır, indi həmin qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsi ehtimalı kifayət qədər güclüdür, hazırda da həmin obyekti kimin dağıtmağı barədə araşdırma gedir, həmin obyekt 1-2 il əvvəl təmirli vəziyyətdə idi və fəaliyyət göstərirdi, cavabdeh tərəf hazırda əsassız olaraq varlanmışdır, ora çəkilmiş xərclə bağlı ekspertiza təyin olunmalıdır ki, nə qədər xərc çəkdiyi müəyyən olunsun. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həmin obyektin təmirinə uzağı bir qab emulsiya istifadə oluna bilər, əlavə olaraq usta üçün çəkilən xərc də hesablansa, cəmi təmir xərci 200 manat ola bilər, lakin iddiaçı isə 20 min manat təmir xərci tələb edir, iddiaçı həmin obyektdə nə edibsə, obyektən çıxarkən də özü ilə aparmışdır, izahat verən şahid X1 oğlu orada olan əşyaları şəxsən özü obyektən sökürdü, ondan bunun səbəbini soruşanda isə demişdir ki, “anam dedi sök, mən də sökürəm”, obyektı iddiaçı tərəf özü dağıtmışdır, həmin obyektin girovdan çıxması üçün özü pulu ödəmişdir və bu əsasla da 2021-ci ilin fevral ayında onu girovdan çıxarmışdır, bu gün həmin obyektdə heç qapı da yoxdur, çox pis vəziyyətdədir, pəncərələri sınıqdır, hər hansı bir 20.000 manatlıq varlanmadan, təmirdən söz gedə bilməz, iddia tərəf obyektən özləri çıxmışdır, obyekt konkret olaraq ona təhvil verilməmişdir, özünə aid olan əşyalardan orada heç nə qalmayıb, hamısını iddiaçı tərəf özü ilə aparmışdır, hazırki iddia ilə bağlı iddiaçının sübutu da yoxdur, təmirlə bağlı hər hansı smeta və ya çek, qəbz iş materiallarına əlavə edilməmişdir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, 06.04.2022-ci il tarixli məhkəmə iclasında 26.07.1975-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı cavabdehdən əvvəlcə mübahisəli obyektin sağındakı obyekti almış, lakin sonra iddiaçıya satdığı obyekti cavabdeh tamam ayrı adama satmışdır, indiki obyekt isə 2016-cı ildən iddiaçıdadır, əvvəl həmin yer şirniyyat yeri olmuşdur, onlar da həmin qaydanı pozmamış və elə şirniyyat yeri kimi oranın fəaliyyətini davam etdirmişlər, əvvəllər orada türklər işləmişdir, Eldardan həmin yeri almış və təmirə başlamışdırlar, oranı təhvil verəndə təmir sıfır vəziyyətində idi, avadanlıqlar isə işlək halda idi, lakin, cavabdeh avadanlıqlara görə başqasına borclu idi, cavabdehdən həmin avadanlıqları pul ilə almışdırlar, obyektin qapısına, lambrinə, oboyuna, alçipana xərc çəkərək oranı dəyişdirmişdirlər, bu saydıqları əvvəl də var idi, lakin çox pis gündə idi, obyektdə yalnız kafel dəyişməyib, oboyun yerinə emulsiya idi, bərbad halda idi, əlavə olaraq işıq sistemi də iddiaçı tərəfindən dəyişilib, təmirə 8000 pul qoyulub, onun 4000 soyuducu üçündür, 470 manat da qapının alınmasına xərc çəkilib, hətta bütün bu təmir işləri obyekt işlək olan halda həyata keçirilib, obyekti cavabdehin oğlu dağıdıb, ora gələndə şoka düşmüşlər, çünki oboy, alçipan, qapı, lambrin və kondisioner obyektdə yox idi, bununla bağlı 37-ci polis bölməsinə də müraciət etmişlər, iddiaçı obyektə gələrkən obyekt işlək vəziyyətdə idi, bəzi şeylər yox idi və obyektin təmiri yox vəziyyətində idi, obyekt pandemiyaya görə işləmədi, işçilərin pulun verə bilməmişlər, obyektin içərisində olan ağacın kəsilməsinə görə 800 manatı da cavabdeh iddaçıdan almşdır, iddiaçı orada arendator olduğu üçün oranı təmir elətdirmişdir, orada olarkən 6 dam işləyirdi lakin, su və qapı yox idi. 06.04.2022-ci il tarixli məhkəmə iclasında 07.06.1981-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı tərəfin sürücüsü olmuşdur, hər bir təmir üçün malları özü alıb gətirmişdir, materiallar maşını ilə daşınmışdır, 2016-cı ildə iddiaçı tərəf oranı arendaya götürmüşdür, lambrin və alçipanlar alınıb, dəyişdirilib, ona pulu Aynurə xanım vermiş, özü isə malları almışdır, iddiaçı tərəf obyekti götürəndə oranın təmirə ehtiyacı var idi, pis gündə idi, ona görə iddiaçı oranı remont elətdirmişdir, lakin karantinə görə işləməmişdir, iş dayanmışdır, haırda obyekt pis gündədir, oranı o günə kim salıb məlumatı yoxdur, obyektdə 3-4 ədəd peç, 2 dənə soyuducu, 2 mərtəbəli, qaz peçi, perojşki bişirən, çörək bişirən və xəmir aparatı olub, qutab aparatı, qril aparatı olmayıb, lambrin olmuşdur, amma saralmışdı, ona görə təzəsi alındı, emulsiya alınıb, 4-5 qa, hərəsi 20 litrlik, onlar da 2 qat vurulmuşdur, təmirə nə qədər xərc çəkildiyi bilmir, tərəflərin arasında sonradan nə olduğundan məlumat yoxdur. 13.04.2022-ci il tarixli məhkəmə iclasında 26.11.1966-cı il təvəllüdlü Cavabdeh şahid qismində ifadə verərək bildirmişdir ki, ustadır, 2016-cı ildə mübahisəli obyektdə 2 ay işləmişdir, şifer, reyka, mil pis vəziyyətdə olduğu üçün özü dəyişmişdir, ora gələndə təmir səviyyəsi sıfır olmuşdur, 30 ədəd şifer dəyişmiş, obyektin qarşısını artırmışlar, astar, üz, oboy, qapı, alçipan, naqil, laminat, işıq, tualet, motor və s. dəyişmək üçün 2 ay işləmişdir, həmin zaman orada avdanlıqlar da olmuşdur, lakin təmir üçün onları kənara qoymuşlar, hazırda ora dağılıb, pəncərə qırıqdır, qapı yoxdur, təmirdən sadəcə boya və reklam plakatı qalmışdır, təmir üçün 4 vedrə rəng işlətmişdir, materialları özü almamışdır, yalnız alınan materiallardan istifadə etmişdir, əmlakın indiki halı əvvəlkindən də pisdir. İş materiallarında olan 04.03.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı 08.09.2021-ci il tarixli Qətnaməsindən görünür ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın qaytarılması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsi açarları ilə birlikdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona qaytarılması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqısı ilə bağlı şifahi razılıq əldə olunmuş, iddiaçı tərəfindən cavabdehə 20000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Sonradan alqı-satqı baş tutmadığına görə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 21633 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və məhkəmə xərclərinə 530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla təsdiq edilir ki, qeyd edilən qətnamənin icra edilməməsi faktına görə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh tərəfindən icra edildiyinə görə həmin işin icraatına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1441/2021 saylı 13.04.2021 tarixli Qərarı ilə işin hallarından görünür ki, Cavabdeh ona məxsus olan ünvan 3 ünvanında qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və ipoteka ilə yüklülüyü təsdiq edən 14 oktyabr 2013-cü i tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 12 noyabr 2019-cu il tarixli qətnaməsi rədd edilmişdir, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və reyestr orqanından verilmiş 14 oktyabr 2013-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2(103)-2373/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı keçirilmiş 07.03.2022-ci il tarixində mübahisəli əmlakın yerləşdiyi ünvan 5 ünvanına yerli baxış zamanı müəyyən olunmuşdur ki, əmlak bir mərtəbəli qeyri-yaşayış sahəsidir, hazırda təmirsiz vəziyyətdədir, obyektin iki pəncərəsi var, biri qırıqdır, içəridə heç bir əşya yoxdur, yalnız taxta, təkər, oboy parçaları və şüşə qırıqları var, tavanın taxtaları sökülüb, dam örtüyü görünür, obyektin girişində olan qapı qırıq deyildir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur, həmin əmlak 2016-2021-ci il tarixlərdə faktiki olaraq iddiaçının istifadəsində olmuş və onun tərəfindən təmir olunmuşdur, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3797/2021 saylı 08.09.2021-ci il tarixli Qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı mübahisəli qeyri-yaşayış sahəsinin faktiki alqı-satqısı üzrə pul tələbinə dair iddiası eyni hüquqi əsaslarla tələb olunan pul məbləğinin cavabdeh tərəfindən ödənilməsi sübutlarla (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə) təsdiq olunduğundan təmin edilməmiş, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 26 kv.metr olan qeyri-yaşayış sahəsinin açarları ilə birlikdə İddiaçı alınaraq S.Abbasova qaytarılması qət edilmişdir, hazırki iddia tələbi həmin qeyri-yaşayış sahəsinə iddiaçı tərəfindən 2016-2021-ci illərdə çəkilmiş təmir xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədədir, əmlak hazırda təmirsiz vəziyyətdədir. Bununla belə, iddiaçı tərtəfindən 2016-cı ildə təmir olunma nəticəsində əmlakın hazırda dəyərinin artmasına, əmlakın iddiaçı tərəfindən istifadəyə qəbul olunduğu və onun faktiki istifadəsində olduğu dövrdə təmir vəziyyətinə, habelə onun hazırda təmirsiz vəziyyətdə olmasının cavabdehlə bilavasitə bağlı olmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, iddia tələbi sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, iş materialları ilə əmlaka xərc çəkilməsi ilə cavabdehin əsassız varlanması, o cümlədən mübahisəli əmlaka çəkilmiş təmir xərci hesabına hazırda onun dəyərinin artırılmasını təsdiq edən, əmlakın dəyərinin aşağı salınmasında bilavasitə cavabdehin aidiyyətinə, əmlakın cavabdehlə təhvil-təslim olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən deyil. İkincisi, iddiaçı, mübahisəli sahədən 2016-cı il tarixdən 2021-ci il tarixədək istifadə etmiş və hazırda həmin əmlak tam təmirsiz vəziyyətdədir. Məhkəmə, iddiaçının “təmir-bərpa xərclərinin müəyyən olunması barədə məhkəmə ekspertizanın rəyinin alınması zəruriliyi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin sübut, əmlakın iddiaçının ixtiyarında olduğu dövr ərzində artan dəyərinin məbləğinə və ya cavabdehin hüquqa zidd əməli nəticəsində dəymiş zərərin məbləğinə dair hallarla bağlıdır. Lakin əmlak, iddiaçının ixtiyarında olduğu dövr ərzində təmir olunsa da, hazırda onun təmirsiz vəziyyətdə olması (hətta əvvəlkindən də aşağı səviyyədə) mübahisəsizdir, mübahisə əmlakın belə vəziyyətə salınmasında bilavasitə cavabdehin təqsirinə dair hallarla bağlıdır ki, iş materialları ilə də belə hallar müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın hazırkı dəyərinin iddiaçının özünün ixtiyarında olduğu dövrdə çəkdiyi təmir xərci nəticəsində artmasına, iddiaçı tərəfindən əmlaka çəkilmiş xərcin aradan qaldırılmasında cavabdehin aidiyyətinə dair halla sübut olunmadığından, habelə əmlakın iddiaçı tərəfindən təmir olunmazdan əvvəlki dəyəri barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən çəkilmiş xərc nəticəsində onun (əmlakın) artan dəyərinin müəyyən olunması da iş üçün heç bir əhəmiyyət kəsb etmir və belə vəsatətlərin təmini işə baxılmasının əsassız uzadılmasına, habelə tərəflər üçün əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “təmir xərci olaraq 20000 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə” dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “təmir xərci olaraq 20000 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar