Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1824/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh ilə iddiaçının oğlu X2 16 mart 2011-ci il tarixində nikaha daxil olmuşdurlar. Onların nikahı Xətai Rayon Məhkəməsinin 2(011)-4372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda cavabdeh iddiaçının mənzildən istifadə hüquqlarını kobud sürətdə pozur və ona maneələr yaradır.
İddiaçının tələbi:
3. Cavabdeh mənzilə istifadə hüququ olmayan hesab edilməsi və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. xx.xx.2025-ci il tarixində Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Hazırda iddiaçının oğlu ilə cavabdeh ayrılmışdırlar. Cavabdehin sözügedən mənzildə qeydiyyatda qalması və yaşaması iddiaçının mənzildən istifadə hüquqlarını kobud sürətdə pozmaqdadır. İddiaçının oğlu cavabdehin maneələrinə görə həftədə 1 dəfə evə gəlməkdədir. Həmçinin, cavabeh mənzilin otaqlarından birini ümumiyyətlə bağlamış və iddiaçının həmin otaqdan istifadə etməsinə icazə vermir. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə və nümayəndəsinə (vəkili) məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və mülki işin başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4372/2024 saylı qənaməsinə əsasən, iddia tələbi təmin edilmiş, iddiaçı X2 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 16 mart 2011-ci il tarixdə 300 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
9. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən, X2, Cavabdeh, X3, X4 və X1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzildə qeydiyyatdadır.
10. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
12. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir
16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının sözügedən mənzilə xüsusi mülkiyyət hüququ mövcuddur, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.(§8) Cavabdeh mülkiyyətçinin oğlunun keçmiş həyat yoldaşıdır (onlar xx.xx.2011-ci ildə nikaha daxil olmuş, xx.xx.2025-ci ildə isə boşanmışlar). (§7) Nikahda olduğu dövrə cavabdehin həmin mənzilə istifadə hüququ yaranmışdır. Daha cavadeh daha sonra iddiaçının oğlu ilə boşanmışdır. Bu sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı subyektiv hüququ mövcuddur və o, məhkəmədə bu məsələ ilə bağlı iddiaçı qismində tanınmasını tələb etməkdə haqlıdır.
21. Belə ki, tərəflər arasındakı hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Bu səbəbdən mübahisə həll edilərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsınin xx.xx.2016-ci il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. (§15).
22. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
23. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixində Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. (§4) Lakin, cavabdeh məhkəməyə ərizəsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin keçmiş ailə üzvü kimi mənzil maraqlarının mövcud olması, o cümlədən cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması halları müəyyən edilməmişdir.
24. Beləliklə, cavabdehin formal xarakterli qeydiyyatı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququndan sərbəst istifadə etmək hüququnu məhdudlaşdırdığı üçün Bu məhkəmə hesab edir ki, iddia tələbi istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
25. Həmçinin, iddiaçının digər tələbi isə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılması olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində təmin olunduğu üçün həmin hissədə də təmin olunmalıdır.
26. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməli və cavabdeh həmin mənzildən çıxarılmalıdır.
Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilsin.
3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 19 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılsın.
4. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova