Məhkəmə qərarları › İş №2(011)-1865/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1865/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1865/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Türkiyə Respublikasının "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyinə “deliktlərdən irəli gələn öhdəliklər üzrə zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 135 ABŞ dolları, ona və ailəsinə vurulmuş mənəvi ziyana 3000 (üç min) manat və beynəlxalq anlaşmaya əsasən 4 nəfər üçün 1600 (min altı yüz) avro pul vəsaitinin cavabdeh Türkiyə Respublikasının "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, vurulmuş maddi ziyana görə 135 ABŞ dolları, ona və 3 ailə üzvünə vurulmuş mənəvi ziyana hər sərnişin (4 nəfər) üçün 3000 (üç min) manat cəmi 12000 (on iki min) manat və beynəlxalq anlaşmaya əsasən 4 nəfər üçün 1600 (min altı yüz) avro pul vəsaitinin cavabdeh Türkiyə Respublikasının "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o və ailəsi xx.xx.2023 və xx.xx.2023-cü il tarixində Türkiyə Respublikasına səfər planlamış və bu məqsədlə “X16”ndan Xətai rayonu ərazisində Qanuni nümayəndə (xx.xx.1988), İddiaçı2(xx.xx.1989), İddiaçı3 (xx.xx.2017) və İddiaçı4 (16 06.2016) aid olan ETKT 235 **********, ETKT 235 **********, ETKT 235 **********, ETKT 235 ********** nömrəli aviabiletləri əldə etmişlər, lakin xx.xx.2023-cü il saat 12:25-ə planlaşdırılan reys 15 dəqiqə ertələnərək saat 12:10-la əvəz edilmişdir, xx.xx.2023-cü il tarixdə dönüşdə passportları ilə birlikdə X16 qeydiyyat masasına yaxınlaşaraq Bakıya uçmaq istədiklərini və bunun üçün qeydiyyat olunmaqlarını xahiş etmişlər, bu zaman X12 xanım əməkdaşı onları uçuşa ala bilməyəcəklərini bildirmişdir. Onlar buna etiraz edərək, uçuş üçün biletlərininin olduğunu bildirmiş və xanım əməkdaşa təqdim etmişlər, e-maildə qeyd olunan uçuş biletlərinə baxdıqdan sonra onlara, “Overbookıng” səbəbindən yenə də onları uçuşa ala bilməyəcəyini bildirmiş, narahatlıq keçirməməklərini, növbəti uçuşla onları Bakıya yola salacaqlarını, təzminat ödəniləcəyini, reys olmadığı təqdirda otel, nəqliyyat və digər zəruri təminatlarla təmin ediləcəklərini həmçinin hər sərnişin üçün 400 avro təzminat ödəniləcəyini onlara bildirmişdir. Bu səbəblə təxminən 10-15 dəqiqə onlarla söhbətləşmələr aparmış, təxminən 15 dəqiqə sonra kiminləsə mobil telefonla əlaqə saxlayaraq onlara qeydiyyat sənədlərini təqdim edərək, uçuşa getməli olduqlarını bildirmiş, uçuşa gecikə biləcəklərini, bunun üçün baqajlarını təhvil verməli olduqlarını, baqajın əlavə sarğı ilə bağlanmalı olduğunu bildirmiş daha sonra onlarla birlikdə təyyarənin qapısına qədər birlikdə getmişdir. Uçuş talonlarında oturacaq yerlərin nömrələrinin olmadığını bildirəndə isə, “siz yaxınlaşın, təyyarədə sizi yerləşdirəcəklər” deyə bildirmişdir. Onlar uçuş üçün təyin olunan giriş qapısına yaxınlaşdıqları zaman təyyarənin qapısının bağlı olduğunu, təyyarənin 3 dəqiqə əvvəl yəni saat 11:50-də uçuşun bağlandığı bildirilmişdir. Daha sonra onların təyyarəyə gecikmələri səbəbindən bu barədə onlara heç cür kömək edə bilməyəcəklərini bildirilmişdir. Əvvəl onlara “overbooking” səbəbindən uçuşa alına bilinməyəcəkləri bildirilsə də, sonradan təzminatdan yayınılmış, onlar uçuşa süni şəkildə gecikdirilərək, təzminatdan imtina olunmuşdur. Belə ki, X12 xanım əməkdaşı bizi tələsdirmək əvəzinə süni şəkildə, əsassız yerə qeydiyyat zamanı təxminən 25 dəqiqə yubatmış, uçuşa gecikdirmiş, uçuşun onların tərəfindən qaydalara riayət olunmamaqla təzminat ödəməkdən şirkəti yayındırmışdır. İstanbul aeroportunda X12 əməkdaşları aralarında olan söhbət zamanı uçuşda yerlərin tam şəkildə satıldığını, o səbəbdən uçuş talonlarında yerlərin nömrələri olmadığı, uçan təyyarədə 4 sərnişin üçün yerin olmadığı deyilsə də, onlara uçuşa gecikmə səbəbi göstərilmişdir. Halbuki, uçuş talonunda oturacaqların nömrələri qeyd edilməmişdir. Aralarında danışıqların qeydə alınmasının video və audio çəkilişlərə icazə verilməmiş bunu qadağan olunduğunu, bütün hadisələrin X16 tərəfindən qeydə alındığını, əməkdaşlarla olan bütün danışıqların qeydə alındığını “Care Point” əməkdaşı Gürhan Bozkuş tərəfindən onlara bildirilmişdir. Bütün qeyd olunan hallar kameralar və səs yazıları vasitəsiylə qeydiyyat edilmişdir. Həmin tarixdə 12 saatdan artıq müddətdə 2 azyaşlı uşaqla bərabər, İstanbul aeroportunda gözləmiş, daha sonra “X16” tərəfindən bizə Sabıha Gökçen hava limanından aşağı sinifli “Anadolujet”lə Bakıya uçuş biletləri təqdim edilmişdir. Lakin təzminat ödəməkdən və xərcləri çəkməkdən yayınmışlar. Uçuşa süni olaraq gecikdirilmə nəticəsində 2 azyaşlı uşaqla bərabər 12 saat İstanbul aeroportunda və yollarda qalmışlar, uşaqların günlük rejimləri pozulmuş, 9 saat o və ailəsi aeroport polisində, X12 ofislərində pozulmuş hüquqlarının bərpasını tələb etmiş, 90 km aralıda yerləşən digər aeporta böyük çətinlik və tıxacla 3 saata çata bilmişlər. Göstərilənlər nəticəsində 135 ABŞ dollar nəqliyyat və tələbat xərcləri çəkmiş, cavabdehin qanunsuz hərəkəti nəticəsində o və ailəsi xüsusilə azyaşlı uşaqlar böyük sarsıntı keçirmiş, azyaşlıların günlük və s. rejimləri pozulmuş, valideynlərinin polis və s. ofislərdə şəkişmələrinə şahid olmuş, maddi zərərə məruz qalmış, fiziki olaraq böyük əziyyət çəkmişlər, həmçinin dönüşdə onlara gəldikləri reyslə deyil daha ucuz və aşağı büdcəli “Anadolujet” təyyarəsi ilə biletlər təqdim olunmuşdur. Halbuki, beynəlxalq anlaşmaya əsasən eyni büdcəli reyslə uçuş təmin olunmalı idi. İstirahət üçün etdikləri səyahət sonda arzuolunmaz sonluqla başa çatmışdır. Halbuki, şirkət beynəlxalq sərnişin daşınma qaydalarına əsasən artıq satılan yerlərin əvəzində onlara növbəti eyni büdcəli hava reysilə 4 yerlə təmin etməli, 4 nəfər üçün cəmi 1600 euro təzminat ödəməli, növbəti reys olmadıqda isə nəqliyyat və qalmaq xərclərini qarşılamalı idi. Beləliklə cavabdehin hərəkətləri nəticəsində onun və ailə üzvlərinin hüquqları pozulmuş nəticədə maddi və mənəvi zərər çəkmişlər. Göstərilənlər barəsində X12 Azərbaycan üzrə nümayəndəliyinin direktoru cənab Hamid Eldeleklioğluna xx.xx.2023-cü il tarixdə müraciət olunsa da, cavabdeh tərəfindən müraciətə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə onlar qarşısında müqavilə öhdəliklərini icra edərkən öhdəliyi layiqincə yerinə yetirməmiş, Türkiyə Respublikasının qoşulduğu Avropa Birliyinin xx/xx/2004 tarixli 261/2004 saylı beynəlxalq müqavilənin şərtlərini pozmuş, ona və ailəsinə zərər vurmuşdur. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin maddi və mənəvi zərəri həmçinin beynəlxalq anlaşmaya əsasən təzminatı ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin və təzminatın ödənilməsindən yayınır. Belə olan halda onlara dəymiş maddi, mənəvi zərəri və təzminatı məhkəmə qaydasında tələb edirlər. Həmin zərər vurma nəticəsində onlara dəymiş maddi ziyanı 135 ABŞ dolları vəsait kimi, beynəlxalq anlaşmaya əsasən 4 nəfər üçün 1600 (min altı yüz) avro pul vəsaiti kimi, vurulmuş mənəvi ziyana hər sərnişin (4 nəfər) üçün 3000 (üç min) manat cəmi 12000 (on iki min) manat kimi qiymətləndirir. Sonda iddiaçı Qanuni nümayəndə iddia tələbinin təmin edilməsi və ona dəyən zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etriaz edərək bildirdi ki, iddiaçılar ərizələrində aviabiletlər satın aldıqlarını, uçuş vaxtının 15 dəqiqə ertələnərək xx.xx.2023-cü il tarixdə saat 12:10-a keçirildiyini, lakin overbooking səbəbindən uçuşa qəbul edilməyəcəklərinin bildirildiyini, 15 dəqiqə sonra minik kartı verilərək qapıya yola salındıqlarını, qapıya çatdıqda isə 3 dəqiqə əvvəl qapıların bağlandığını göstərirlər. İddiaçılar xx.xx.2023-cü il tarixdə saat 12:10-da baş tutacaq İstanbul-Bakı reysinə cavabdeh X16 tərəfindən minik kartının verilməsi, baqajın təhvil alınmasına baxmayaraq onlara “overbooking” təzminatının verilməli olduğunu hesab edirlər. Halbuki, X7ydalarına və ümumi qəbul edilmiş beynəlxalq praktikaya əsasən X16 iddiaçılar qeydiyyat masası qarşısında olan zaman onların xeyrinə hava gəmisindəki yerindən imtina edən könüllü sərnişinlər tapmaq üçün anons verməli, əgər könüllülər tapılmasa, iddiaçıları uçurmaqdan imtina edərək “overbooking”lə bağlı digər şərtləri tətbiq etməli idi. Amma bütün bunlar baş verməmiş, X16 uçuşda iştirak etmələri üçün iddiaçılara minik kartlarını təqdim etmişdir. Təsadüfi deyildir ki, iddiaçılar ərizələrində aviabiletin nə zaman və necə satın alınması, uçuş vaxtının nə zaman ertələnməsi və onlara bu barədə məlumatın nə zaman verilməsi, hava limanına nə zaman gəlmələri, onlara minik talonlarının nə zaman verilməsi barədə məlumatları göstərməmişlər. Bununla da məhkəmədə belə bir təəssürat yaratmağa çalışılır ki, X16 iddiaçıları qəsdən gecikdirmiş və nəticədə iddiaçılar X12 təqsirindən uçuşda iştirak etməmişdirlər. İddiaçılar iddia ərizələrində istinad etdikləri halları təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişlər, yalnız öz mülahizələrini bildirməklə kifayətləniblər. Halbuki, İddiaçıların İstanbul-Bakı reysi üzrə aviabiletlərinə dair araşdırma apardıqda fərqli bir mənzərə ortaya çıxır. İddiaçılar sözügedən aviabiletləri 16 yanvar 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən yəni Turizm şirkətindən satın alıblar. Bu barədə müvafiq aviabiletlərin üzərində məlumat qeyd edilmişdir. Uçuş saatının ertələnməsi barədə məlumat isə aviabiletlərdə göstərilən email ünvanı və telefon nömrələrinə 31 yanvar 2023cü il tarixdə iddiaçılara göndərilmişdir. İddiaçıların biletalma, uçuş öncəsi qeydiyyat və minik talonu verilməsi ilə bağlı tarixlərə xronoloji ardıcıllıqla baxdıqda, iddiaçıların uçuşa gecikməsində X12 təqsirinin olmaması açıqca görsənəcəkdir: - İddiaçılar aviabiletləri xx.xx.2023-cü il tarixdə satın alıblar; - Uçuş vaxtının xx.xx.2023-cü il, saat 12:25-dən saat 12:10-a ertələnməsinə dair məlumat xx.xx.2023-cü il tarixdə İddiaçılara göndərilmişdir; - İddiaçılar xx.xx.2023-cü il tarixdə saat 11:09-da X5kı qeydiyyat masasına (check-in kontuarı) müraciət ediblər; - İddiaçılara həmin gün saat 11:12-də minik talonu verilmişdir; - İddiaçılar saat 11:52-də uçuş qapısına yaxınlaşmışdır. Qeyd edək ki, yuxarıda göstərilən məlumatlar cavabdeh X16 tərəfindən deyil, üçüncü bir şirkət, yəni X3 yerüstü xidmətlər göstərən “TGS X8 Şirketi” tərəfindən elektron məktub vasitəsilə təqdim edilmişdir. İddiaçılar ərizələrində baş verən hadisələri sadalasalar da, hansı hadisənin hansı tarixdə və saatda baş verməsini göstərməmişlər. Halbuki, yuxarıda X16 tərəf tam dəqiqliyi ilə bütün hadisələrin baş vermə tarix və saatını qeyd edir. İddiaçıların aviabiletlər əldə etdikləri İstanbul-Bakı reysi üzrə uçuş vaxtı xx.xx.2023-cü il, saat 12:10 idi. Uçuş öncəsi qeydiyyat (check-in) isə uçuşdan 60 dəqiqə öncədən bağlanır. Belə ki, X4 Aeroportunun rəsmi internet səhifəsində (airport.az) “Prosedurlar” başlığının, “Beynəlxalq Gediş” altbaşlığında qeyd edilmişdir ki, “Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, nəzərə alınmalıdır ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır. Həmçinin, X12 rəsmi internet səhifəsində (https://www.turkishairlines.com/tr-int/) qeydiyyat (check-in) bölməsində qeyd edilmişdir ki, qeydiyyat masasında qeydiyyat əməliyyatları uçuşdan daxili reyslərdə 45, xarici reyslərdə isə 60 dəqiqə əvvəl sona çatır. Bununla da müəyyən edilir ki, uçuş vaxtı saat 12:10 olan reys üçün qeydiyyat saat 11:10-da sona çatmalı idi, İddiaçılar isə qeydiyyat müddətinin sona çatmasına 1 dəqiqə qalmış, yəni 11:09-da qeydiyyat masasına müraciət ediblər. Halbuki, X12 rəsmi internet səhifəsindəki qeydiyyat bölməsində qeyd edilmişdir ki, Hava limanındakı bagaj ve təhlükəsizlik prosesləri səbəbi ilə uçuşdan daxili reyslər üçün 2 saat, xarici reyslər üçün 3 saat əvvəl terminala gəlməyiniz məsləhət görülür. İddiaçılar isə qeydiyyatın sona çatmasına 1 dəqiqə qalmış terminala gəlməklə uçuşa vaxtında çatmağı riskə atıblar, çünki pasport yoxlanışı, minik kartının çap edilməsi, baqajların çəkisinin ölçülərək təhvil alınması, baqaj birkalarının çap edilməsi, sərhəd yoxlanışından keçmək və sair prosedurlar vaxt tələb edir. Bununla belə iddiaçılara saat 11:12-də, yəni qeydiyyat masasına yaxınlaşmalarından 3 dəqiqə sonra minik talonları verilmişdir. İddiaçılara təqdim edilmiş aviabiletlərin üzərində də qeyd edildiyi kimi hava gəmisinə qəbul uçuşa 20 dəqiqə qalmış qurtarır. Yəni, iddiaçılar məlumatlı idi ki, 11:50-də hava gəmisinə qəbul qurtaracaqdır və saat 11:12-də onlara minik kartı verildiyinə görə hava gəmisinə qəbul edilmələri üçün 38 dəqiqə vaxtları mövcud idi. Təsəvvür edin ki, iddiaçılar X1, əllərində minik kartları var və 38 dəqiqə ərzində hava gəmisinə daxil ola bilərlər, amma özlərinin təqsirli hərəkətləri nəticəsində hava gəmisinə qəbul qurtarandan 2 dəqiqə sonra, yəni saat 11:52-də hava gəmisinin qapısına gəlib çıxırlar. Göründüyü kimi, iddiaçılar X12 hava gəmisinə miniklə bağlı qaydalarına riayət etmədiyi üçün hava gəmisinə qəbul edilməmişdir. Bu təqdirdə də X12 iddiaçılara hər hansı kompensasiya və digər ödənişlər həyata keçirmək öhdəliyi yoxdur. Ölkənin yeganə hava yolu daşıyıcısı olan "xxxx" QSC-nin rəsmi internet səhifəsində də (https://www.azal.az/az/information/overbooking/) “overbooking”lə bağlı qaydalar nəzərdə tutulmuşdur. Həmin qaydalara əsasən uçuşda təxsis edilən yerlərin sayının artıq olması, uçuş təhlükəsizliyi (hava gəmisinin ağırlıq limitləri) və ya texniki səbəbdən hava gəmisinin daha az oturacaqlı hava gəmisi ilə əvəzlənməsi səbəbindən Sərnişini daşımaya qəbul etmək mümkün olmaya bilər. Bu halda Aviaşirkət uçuşda təsdiq olunmuş yerini könüllü şəkildə daha sonrakı uçuş və kompensasiya müqabilində dəyişməyə razı olan Sərnişinlər axtaracaq. Əgər kifayət qədər uçuşdan imtina edəcək könüllü Sərnişin yoxdursa bu zaman bəzi Sərnişinlər Aviaşirkətin minik prioriteti qaydalarına uyğun olaraq uçuşa buraxılmayacaqlar. Aviaşirkətin qeydiyyat vaxtına və digər qaydalarına riayət edərək uçuşdan kənarlaşdırılmış Sərnişini Aviaşirkət alternativ uçuş və kompensasiya ilə təmin edəcəkdir. Əgər Sərnişin Avişirkətin qeydiyyat vaxtı və digər qaydalara riayət etməzsə, kompensasiya verilmədən uçuşdan kənarlaşdırıla bilər. Göründüyü kimi sərnişinin qaydalara riayət etməməsi səbəbindən uçuşdan kənarlaşdırılması və kompensasiya ödənilməməsi ancaq cavabdeh X12 nəzərdə tutduğu qayda deyil, "xxxx" QSC və digər bütün hava yolu şirkətləri bu qaydanı nəzərdə tutmuşdur. İddiaçılar sözügedən uçuşda özlərinin səhlənkarlığı nəticəsində iştirak edə bilməsələr də, 2 azyaşlı uşaqla birlikdə səyahət etdiklərinə görə müştəri məmnuniyyətini təmin etmək üçün onların “Ecofly” sinifli aviabiletləri (qaydalara görə bu sinif biletlər heç bir haqq ödənilmədən dəyişdirilə və qaytarıla bilməz) dəyişdirilərək xx.xx.2023-cü il tarixli, saat 00:15-dəki uçuşa aviabilet verilmişdir və iddiaçılar həmin uçuşda iştirak edərək Bakıya qayıtmışlar. Buna baxmayaraq iddiaçılar “overbooking” halının baş verdiyini iddia edərək X9 təzminat və maddi və mənəvi zərərin əvəzini tələb edirlər. Əsas kimi isə Avropa Birliyinin xx.xx.2004-cü il tarixli, 261/2004 nömrəli uçuşa qəbul edilməmə, uçuşun ləğvi yaxud uzun müddətli gecikməsi halında sərnişinlərə ödənilməli olan təzminatla bağlı ümumi şərtləri müəyyən edən Qaydalara (bundan sonra “Qaydalar”) istinad etmişdir. Halbuki, Qaydaların əhatə dairəsi adlı 3.1-ci maddəsinə əsasən a) Avropa Birliyinin yaradılması haqqında Sazişin tətbiq edildiyi üzv dövlətin ərazisində yerləşən hava limanından yola düşən sərnişinlərə; b) Üçüncü ölkədə təzminat əldə edən və köməklik göstərilən sərnişinlər istisna olmaqla, Avropa Birliyinə məxsus hava yolu daşıyıcısı Üçüncü ölkənin ərazisində yerləşən hava limanından Avropa Birliyinin yaradılması haqqında Sazişin tətbiq edildiyi üzv dövlətin ərazisində yerləşən hava limanına yola düşən sərnişinlərə, bir şərtlə ki, sözügedən uçuşu həyata keçirən hava yolu daşıyıcısı Avropa Birliyinə məxsus olsun. Lakin hazırki halda İddiaçılar Avropa Birliyinə üzv olmayan Türkiyə Respublikasına məxsus hava yolu daşıyıcısı ilə Türkiyə Respublikasından Avropa Birliyinə üzv olmayan Azərbaycan Respublikasına səfər ediblər və bu halda adıçəkilən Qaydalar qətiyyən tətbiq edilə bilməz. İddiaçıların Qaydalara istinad etməklə Cavabdehdən təzminat və digər ödənişlər tələb etmək hüququ yoxdur. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli saat 20:48-ə aid ödəniş qəbzindən görünür ki, X10 hava limanında qida alınmasına 224 Türk lirəsi xərclənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli saat 20:25-ə aid ödəniş qəbzindən görünür ki, Alizadə-Musaviyə 816,20 Türk lirəsi məbləğində satış həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli saat 21:03-ə aid ödəniş qəbzindən görünür ki, X10 hava limanında qida alınmasına 56 Türk lirəsi xərclənmişdir. İş materiallarında olan biletlərdən görünür ki, Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına İstanbuldan “Heydər Əliyev” hava limanına Kapı-A4B, Biniş saatı – 11:10, Koltuk-SBY qeyd edilməklə təyyarə biletləri alınmışdır. İş materiallarında olan X13 tərəfindən göndərilmiş maildə qeyd edilmişdir ki, “Sərnişinlərimizin 30MAY TK340 İST/GYD reysində bron qeydi olduğu görünür. Bəhs edilən şikayətin kamera çəkilişlərinin müddəti başa çatdığı üçün müvafiq çəkilişləri araşdırmaq mümkün olmamışdır. PİS (Paylanmış idarəetmə sistemi) qeydləri araşdırılarkən sərnişinlərimizin 30MAY TK340 İST/C reysinin SC (tarifli) olduğu və saat 12:25-də başlamalı olan tarif üzrə reysin vaxtının saat 12:10-a keçirildiyi müəyyən edilmişdir. Həmçinin 30MAY TK340 İST/GYD reysinin başlama vaxtı ilə bağlı sərnişinimizə məlumat məqsədli mesajın göndərildiyi də məlum olmuşdur. Sərnişinlərimizin 30 MAY TK340 İST/GYD reysində, minmə qapısının sərnişinlərimizə münasibətdə "saat 11:52 müraciət yoxdur” qeydi edilərək uçuşa qəbul edilməmələri müəyyən edilmişdir. PNR ("Sərnişin adı qeydi”) qeydi araşdırıldıqda sərnişinimizin uçuş cədvəlində uçuş tarifində dəyişiklik olduğu və sistemdəki müvafiq əlaqə məlumatları vasitəsilə ona məlumat verildiyi məlum olur. Sərnişinlərimizə kontuarda stand-by (gözləmə) yeri verilmişdir . Lakin reys 3 boş oturacaqla bağlanmış və sərnişinlərimizə heç bir imtina tətbiq edilməmişdir. Sərnişinlərimiz gec müraciət etmişdir.” İş materiallarında olan X12 internet saytından əldə edilmiş “Yolcu Hakları (sərnişin hüquqları)”na dair məlumatdan görünür ki, sərnişilərin “X14 edən Sərnişinlərin Hüquqlarına Dair Əsasnamə” çərçivəsində uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gecikmə halında X12 təzminat və xidmət sistemi ilə bağlı hüquqlarından yararlana biləcəyi qeyd edilmiş, onların buna dair hüquqları öz əksini tapmışdır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılar xx.xx.2023-cü il tarixinə İstanbul-Bakı reysi üzrə təyyarə bileti əldə etmiş, uçuş (gediş) tarixi əvvəlcə xx.xx.2023-cü il saat 12:25 olaraq müəyyən edilsə də, sonradan xx.xx.2023cü il saat 12:10 olaraq dəyişdirilmiş və bu barədə iddiaçılara-sərnişinlərə məlumat verilmişdir, xx.xx.2023-cü il tarixdə iddiaçılar qeyd olunan reys üzrə hərəkət etmək üçün qeydiyyat vaxtı bitmədən – saat 11:09-da X5 qeydiyyat masasına yaxınlaşmış, onlara uçuş talonları verilmiş, onlar təyyarəyə çatdıqda təyyarənin qapılarının bağlandığı bildirilmiş, təyyarədə 3 ədəd boş yer qalmışdır, iddiaçıların həmin reys üzrə gedişləri mümkün olmamışdır, sonradan isə onlara saat 00:15 üçün başqa biletlər verilmiş, həmin bilet üzrə gediş başqa hava limanında baş tutmuşdur, boş dayanma müddəti 13 saatı əhatə edir, boş dayanma dövrdə iddiaçıların xərclədiyi vəsaitə dair məbləğ 1096 lirə təşkil edir, cavabdeh ona dair saytdakı məlumatında uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gecikmə halında X12 təzminat və xidmət sistemi ilə bağlı sərnişinlərin hüquqlarından məsələlərin “X14 edən Sərnişinlərin Hüquqlarına Dair Əsasnamə” çərçivəsində istifadə edilə biləcəyini elan etmiş, iddiaçılara formalaşmış praktikaya uyğun olaraq hər bir sərnişin üçün 400 Avro məbləğində kompensasiya təklif edilmişdir, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, onlar qeydiyyat masasına vaxtında yaxınlaşmış, lakin X12 əməkdaşı onlara təyyarədə boş yer olmadığını, buna görə də, onlara təzminat ödəniləcəyini və qalacaq yer ilə təmin ediləcəklərini bildirmiş, yalnız onlar öz biletlərini göstərdikdən sonra onları qeydiyyata alaraq talon vermiş, cavabdeh təyyarədə 3 boş yer qaldığını etiraf edir, lakin sərnişinlərin təyyarəyə buraxılmamasının və təzminat ödənilməməsinin səbəbi kimi boş yerlərin olmaması deyil, sərnişinlərin özlərinin gecikdiyini bildirir, cavabdeh, həmçinin onu da etiraf edir ki, təyyarədə mövcud olan yerlərdən daha artıq bilet satışı həyata keçirilir və artıq satılmış yerlər üzrə sərnişinlərdən təyyarəyə daha əvvəl çatan təyyarəyə buraxılır. Bununla belə, uçuşda iştirak etməməsində iddiaçıların təqsirini müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçılar qeydiyyat yerinə vaxtında çatmış, cavabdeh tərəfindən təyyarədə mövcud olan yerlərdən daha artıq bilet satışı həyata keçirilmiş və buna görə iddiaçıların hər birinə 400 Avro məbləğində kompensasiya təklif edilmiş, təyyarə gedişi 3-dən artıq olmayan boş yerlə həyata keçirmişdir ki, bu da iddiaçların gedişdə iştirak etməmələrinin onlardan asılı olmayan hallarla bağlı olması barədə nəticəyə gələməyə əsas verir. Başqa cür desək, iddiaçılar vaxtında təyyarəyə çatmış olsaydılar belə, ailə üzvləri olaraq bir yerdə gedişdə iştirak etmələri üçün lazımi sayda yerlərin olmamısı onların gedişdə iştirakını mümkünsüz edir ki, bu da bilavasiitə cavabdehin fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, sərnişinlərin xx.xx.2023-cü il tarixə saat 12:10-a təyin edilmiş gedişi cavabdehin təqsiri ucbatından baş tutmadığından, cavabdehin öhdəliyini istisna edən hər hansı hal olmadığından, uçuşdan imtina, uçuşun ləğvi və ya ən azı iki saat gec uçma halında X12 təzminat öhdəliyi olduğundan cavabdeh sərnişinlərə dəymiş zərəri ödəməlidir. Məhkəmə, cavabdehin təqsiri nəticəsində iddiaçılara vurulmuş maddi zərərin məbləğini müəyyən edərkən, sərnişinlərin hava limanında qaldığı müddətdə çəkdikləri xərcləri, itirdiyi vaxtı və digər halları nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərərin məbləği, xərclənən vəsait üzrə 135 ABŞ dolları, X14 edən Sərnişinlərin Hüquqlarına Dair Əsasnamə”yə uyğun olaraq kompensasiya məbləği kimi ümumilikdə 1600 avro təşkil edir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçılara vurulmuş ziyanın aradan qaldırılması və iddiaçıların öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə hər iddiaçıya 200 manat, ümumilikdə 800 manat kompensasiya məbləği müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; Həmin Məcəllənin 842.1-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 842.2-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Həmin Məcəllənin 842.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 846.1-ci maddəsinə əsasən, daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Həmin Məcəllənin 846.2-ci maddəsinə əsasən, daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. Həmin Məcəllənin 846.6-cı maddəsinə əsasən, əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 849.2-ci maddəsinə əsasən, bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun Həmin Məcəllənin 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. ... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı presedentə görə,...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən maddi zərərə görə 135 ABŞ dolları və 1600 avro (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə) və mənəvi zərərə görə 800 manat alınaraq Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad edilməsi halları müəyyən edilmədiyindən, dövlət rüsumu cavabdehə aid edilməli və "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən 59,83 manat tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia tələbi qismən təmin edilsin. "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən maddi zərərə görə 135 (yüz otuz beş) ABŞ dolları və 1600 (min altı yüz) avro (ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə) və mənəvi zərərə görə 800 (səkkiz yüz) manat alınaraq Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. "X16 X11 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı "X16" Nümayəndəliyindən 59 (əlli doqquz) manat 83 (səksən üç) qəpik tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar