Məhkəmə qərarları › İş №2(011)-1867/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1867/2022

16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1867/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 manat qiymətləndirilərək, ona 17500 manat məbləğində kompensasiyanın 25%-ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabına, 75%-ni Azərbaycan Respublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi iddiaçı tərəfindən çek hərracında iştirak etməklə alınmış investisiya qiymətli kağızlarına - səhmlərə görə kompensasiyanın ödənilməsi barədədir, iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2(112)-5590/2021 saylı 07.05.2021-ci il tarixli qərardadı ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış çek hərrracında satılması ilə bağlı qəzetdə dərc olunmuş elanla tanış olmuşdur, bundan sonra öz sərbəst iradələri əsasında Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Respublikası Auksion Mərkəzində keçirilmiş çek hərracında iştirak etmiş və yenə də iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərinə uyğun olaraq birjada qiymətli kağızlarla alqı-satqı müqaviləsi bağlayaraq "xxxx" ASC-nin səhmlərini əldə etmişdir, bu müqavilədə iddiaçı səhmləri əldə edən alıcı, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi səhmlərin satıcısı qismində çıxış etmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində) kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan və iddia tələbi investisiya qiymətli kağızı (səhm) ilə bağlı olduğundan mübahisə kommersiya mübahisəsidir, buna görə də, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən, Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31, 32, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar