Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1904/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 onların yetkinlik yaşına çatmamış ailə üzvləri olan xx xxxx 2009cu il təvəllüdlü Cavabdeh4 və 01 avqust 2017-ci il təvəllüdlü Cavabdeh5, xx xxxx 2011-ci il təvəllüdlü Cavabdeh6 ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil iddiaçıya satılmışdır. İddiaçının həmin mənzilə olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzil iddiaçıya satıldığı zaman cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri mənzildə qeydiyyatda olmuşlar və yetkinlik yaşına çatmış şəxslər tərəfindən mənzilin satılmasına razılıq ərizəsi verilmişdir və həmin ərizədə onlar mənzil satıldıqdan sonra qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Mənzil iddiaçıya satıldıqdan sonra mənzildə yaşayan şəxslər oradan köçmüşlər və mənzil iddiaçının sahiblik və istifadəsinə verilmişdir, lakin cavabdehlərin mənzilin satılmasına razılıq vermələrinə və oradan qeydiyyatdan çıxmaq öhdəliyi götürmələrinə baxmayaraq bu müddətə kimi onlar qeydiyyatdan çıxmamışlar. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 11 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 ilə arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 87, 89 saylı evin 3 saylı mənzilini (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 89, M4, m3) almışdır. Mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. Alğı-satqı müqaviləsinə əsasən cavabdehlər mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, hələ də qeydiyyatdan çıxmamışlar. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvü olmuşdurlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzilin satılmasına dair notarial qaydada yazılı razılıq vermişdirlər. Onlar hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunu: 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 11 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 87, 89 saylı evin 3 saylı mənzilini (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 89, M4, m3) tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvü deyildirlər. Həmçinin məhkəmə hesab edir ki, xx xxxx 2009-cu il təvəllüdlü Cavabdeh4, xx xxxx 2011-ci il təvəllüdlü Cavabdeh6 və 01 avqust 2017-ci il təvəllüdlü Cavabdeh5 cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideynləri mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, xx xxxx 2009-cu il təvəllüdlü Cavabdeh4, xx xxxx 2011-ci il təvəllüdlü Cavabdeh6 və 01 avqust 2017-ci il təvəllüdlü Cavabdeh5 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 87, 89, 3 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 89, M4, m3) istifadə hüquqları itirilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1904/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1904/2023
30.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver