Məhkəmə qərarları › İş №2(011)-1916/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1916/2025

18.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1916/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 520 (beş yüz iyirmi) manat maddi ziyanın və 500 (beş) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus “Toyota Prius minik” markalı, 77BV108 dövlət nömrə nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etmək üçün Cavabdeh vermişdir. Lakin cavabdeh avtomobili idarə edərkən yol-nəqliyyat hərəkətlərini pozmuşdur. Nəticədə isə ona cərimə olması barədə məlumatlar gəlmiş, lakin cərimələr onun tərəfindən ödənilməmişdir. Belə ki, o cavabdehə dəfələrlə cərimələrin ödəməsini xahiş etsə də, ödəməsini söz vermis, lakin ödənişləri etməmişdir. Ona məxsus avtomaşına məhdudiyyət qoyulmasın deyə həmin cərimələri, yəni 3 protokola əsasən cəmi 520 manat məbləğində cərimələr onun tərəfindən ödənilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələblərində qeyd olunanları təsdiq etmişdir. O bildirmişdir ki, “Toyota Prius minik” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilini Cavabdeh icarəyə vermişdir. Cavabdeh hər gün üçün ona 20 manat pul ödəməli idi. Cavabdeh ona 16 gündən artıq müddət üçün pulu ödəmədiyindən, sonuncunun ən azı 320 manat borcu yığılmışdır. Əslində maşın onda daha artıq müddət qalıb. Bundan əlavə cavabdeh cərimələr topladığına görə onun tərəfindən 3 protokola əsasən 203 manat pul ödənilmişdir. Buna görə də o cavabdehdən 520 manat maddi ziyanı tələb edir. Bundan əlavə o, mənəvi ziyanla bağlı 500 manat pul tələb edir. Cavabdeh mənəvi ziyanı ödəyə bilməsə də, heç olmasa maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh məhkəmə müddətində barışıq təklif etmişdi, hətta ona borcdan 50 manat ödəniş etmişdir. Amma telefona cavab vermir, iclasa gəlmir. O, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 3 cərimə üzrə 203 manat iddia tələbi ilə razıdır. Qalan hissədə tələblə razı deyil. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cərimə ödənişi barədə elektron bildirişdən görünür ki, EQ22640057 nömrəli xx.xx.2024-cü il tarixli protokola əsasən 778V108 dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh 135 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cərimə ödənişi barədə elektron bildirişdən görünür ki, EQ22231992 nömrəli xx.xx.2024-cü il tarixli protokola əsasən 778V108 dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh 54 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan cərimə ödənişi barədə elektron bildirişdən görünür ki, EQ23055201 nömrəli xx.xx.2024-cü il tarixli protokola əsasən 778V108 dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh 13,5 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, 13,50 manat, 135 manat və 54 manat məbləğləri EQ23055201 nömrəli, EQ22640057 nömrəli və EQ22231992 nömrəli protokollar üzrə müvafiq cərimə ödənişləri kimi ödənilib. İş materiallarında olan “avtonəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, “Toyota Prius minik” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı 2 il müddətinə (xx.xx.2026-cı il tarixədək) Cavabdeh avtomobili idarə etmək səlahiyyətlərini ötürmüşdür. İddiaçıya 520 manat məbləğində maddi zərərin vurulması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması müddətində Cavabdeh və İddiaçı izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı “Toyota Prius minik” markalı 778V108 dövlət nömrə nişanlı avtomobili avtomobili xx.xx.2024-cü il tarixdən etibarən 1 günü 20 manat icarə haqqı müqabilində cavabdehin icarəsinə vermişdir. Cavabdehin izahatı ilə müəyyən edilir ki, xəstələndiyindən və 22 gün xəstə olduğundan, icarə haqqını ödəyə bilməmişdir. Onun izahatına görə o, xəstəliyinin 18-ci günündə avtomobili Məhəmməd Tağıyev adlı ümumi tanışlarının vasitəsilə iddiaçıya təhvil vermişdir. İddiaçı bildirmişdir ki, Məhəmməd Tağıyev adlı ümumi tanışlarının vasitəsilə razılıq əldə olunmuşdur ki, xəstəlik dövründə icarə haqqı ödənilməyəcək. İddiaçı bu mövqe ilə razılaşmayaraq, bildirmişdir ki, bu kimi razılaşma olmamışdır, əksinə maşını cavabdehin oğlu idarə edib pulu ödəyəcəkdi. Bundan başqa cavabdeh icarə haqqı ilə bağlı etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı icarə müqaviləsi bağlanılmayıb. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin arasında 1 günü 20 manat icarə haqqı ödənilməsi şərti ilə əmlak icarəsi münasibətləri yaranmışdır. Avtomobilin 16 gün müddətində cavabdehin sahibliyində qalmaqla, həmin müddət üçün icarə haqqının ödənilməməsi iş materialları ilə müəyyən edilir. Cavabdehin xəstəlik dövründə icarə haqqını ödəmək öhdəliyindən azad edilməsi barədə dəlilləri məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq olunmadığından, əsaslı hesab edilmir. Buna görə də icarə haqqının ödənilməməsi ilə bağlı iddia tələbləri təmin edilərək, 16 gün müddətinə ödənilməmiş 320 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə müddətində cavabdehin ödədiyi 50 manat məbləği borca hesablanmalıdır. Bundan başqa işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh müxtəlif tarixlərdə idarə etdiyi “Toyota Prius minik” markalı 778V108 dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə sonuncunun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, cəmi 3 cərimə üzrə 202,50 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh həmin iddia tələblərini qəbul edərək, həmin pul məbləğini ödəməyə razı olduğunu bildirmişdir. İddiaçıya 500 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının icarə münasibətlərinin pozulması nəticəsində həcmi və xarakteri məhkəmə tərəfindən müəyyən edilə biləcək həddə sarsıntı və iztirablara məruz qalması iş materialları ilə müəyyən edilmədiyindən, bu hissədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qərara gəlir ki, iddia tələbləri həcmində iddia tələbləri qismən təmin edilməli, dəymiş maddi ziyanla bağlı 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. Maddi ziyana görə 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar