Məhkəmə qərarları › İş №2(011)-1926/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1926/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1926/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər “X1” QSC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı “X1” QSC-nin həkimi Cavabdeh2 tərəfindən aparılan müayinə, müalicə və dərmanlar üçün ödədiyi 500 manat, əldən çıxmış əmək haqqının əvəzi 140 manat, mənəvi zərərin əvəzi 1000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul vəsaitinin cavabdehlər “X1” QSC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

5. Belə ki, mülki iş üzrə 2 məhkəmə hazırlıq iclası keçirilmişdir. Məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin edilmiş, cavabdehlər hər iki məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddiaçı isə hər iki məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə 2 hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçı hazırlıq iclaslarında iştirak etməmiş və iddiaçı iclaslarda iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

7. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə xahiş edilən pul məbləği yüksək olduğundan, tələb edilən pul məbləği ilə mülki iş materiallarına əlavə edilmiş sübutlar arasında aşkar uyğunsuzluq olduğundan, yəni, iddiaçının iddia tələbinin əsası kimi irəli sürdüyü sübutlar kifayət etmədiyindən iddiaçının məhkəmə iclaslarında iştirakı zəruri olmuşdur. Məhkəmə mülki iş üzrə tərəfin iştirakı olmadan məhkəmə araşdırmasının davam etdirilməsini qeyri-mümkün hesab edir.

8. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.(§3)

9. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

10. Mülki iş baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər “X1” QSC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 37 (otuz yeddi) manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar