Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1931/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı cavabdeh Türkiyə Respublikasının “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyinə “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı ərizəsində qeyd etmişdir ki, 2022-ci il 26 avqust tarixində xarici səfərdən geri qayıtması ilə əlaqədar Almaniyanın Frankfurt hava limanında bilet işləmləri mərkəzi tərəfindən transfer İstanbuldan olmaqla X18 (THY) şirkətinin operatorluğu ilə TK338 reysi ilə geri dönmək üçün iddiaçıya bilet yazılmış və həmin gecə Lufthansa reysi ilə Bakıya uçmaq üçün İstanbul Hava limanına gəlmişdir.
2. Hava limanında növbəti reysə minmək üçün yaxınlaşanda THY müştəri xidmətləri qeydiyyat bölümü tərəfindən iddiaçının bileti qəbul edilməmiş, minik talonu olduğu halda təyyarəyə buraxılmamışdır. Təəccüb içərisində bunun səbəbini soruşduqda isə biletin başlanğıc nömrəsinin onların sisteminə müvafiq olmadığını, biletin birbaşa THY-dən alınmalı olduğu bildirilmişdir. İddiaçı onlara minik talonu olduğunu və partnyorları tərəfindən bu reysə keçərli nömrəsi olan bilet olaraq yazıldığını izah etməyə çalışsa da, THY işçiləri heç bir izah qəbul etməmişdirlər. Yalnız həmin gecə yox, növbəti üç gün ərzində Bakıya uçan THY reyslərinə bilet olmadığını bildirmişlər.
3. İstanbul Hava limanında THY qeydiyyat bölməsi və müştəri xidmətləri şöbəsinin işçiləri ilə danışıqlardan, ofislər arasında çoxsaylı nəticəsiz gediş-gəlişlərdən, stress və yorğunluq içərisində uzun müddət gözlədikdən sonra iddiaçıya 3 gün sonraya 2700 dollara ekonom sinfə və Antalyada 8 saat gözləmə ilə bilet təklif edilmişdir. Təbii ki, bu fikri qəbul etməmişdir. Növbəti gün limanda fəaliyyət göstərən İST X20 Tourism şirkətindən 1295 ABŞ dollarına (2199 manat) bir boş yer qalmış THY-AZAL birgə reysinə bilet tapmış və yarım sutka sonra Bakıya geri dönə bilmişdir. İddiaçı başına gələn hadisələr barədə THY marketinq və kommunikasiyalar şöbəsinə, müştəri-telefon xəttinə və veb saytına dəfələrlə yazmış, lakin heç bir cavab verilməmişdir.
4. Bundan başqa 2022-ci ilin dekabrın 27-də THY-dan Bakı-İstanbul-Nyu-York istiqamətində gediş, 2023-cü ilin yanvarın 7-də isə Nyu-York-İstanbul-Bakı istiqamətində geri dönüş üçün iddiaçı özünə, həyat yoldaşına və qızına aviabilet almışdır. 2022-ci il dekabrın 27-də saat 22:45-də THY-ə məxsus TK29 saylı reysi ilə X5 Beynəlxalq Hava limanına eniş etmişdir. Bajaqları aldıqda iddiaçı onlara məxsus çantanın yan tərəfinin tamamilə başdan başa cırıldığını, digərinin isə təkərlərinin qırıldığını, cırılmış baqajda əşyaların yerə tökülməməsi üçün onun “skoç”la sarıldığını aşkar etmişdir. İddiaçı bu barədə hava limanının baqaj xidmətinə məlumat versə də, onlar bunun THY müştəri xidmətinin məsələsi olduğu üçün onlara müraciət etməli olduğunu bildirmişlər. X6 Hava limanında THY təmsilçisi olmadığından müştəri xidmətlərinə zəng etməsini və ya geri dönəndə İstanbul Hava limanında THY-ə müraciət etməsini məsləhət görmüşlər.
5. 2023-cü ilin yanvar ayının 7-də saat 23:45-də X11 Hava limanında THY-ə məxsus TK012 saylı (geri dönüş) reysilə növbəti gün 17:15-də İstanbula enmiş, bir neçə saatlıq gözləmədən sonra isə 22:00-a təyin edilmiş TK-0336 reysi ilə Bakıya dönmək üçün təyyarəyə minmişlər. İstanbul Hava limanında olarkən THY müştəri xidmətləri mərkəzinə yaxınlaşıb gediş zamanı baş vermiş hadisə barədə məlumat vermiş, onlar isə sorğunu Bakı ofisinə və hava limanı təmsilçiliyinə yönəltməyi tövsiyə etmişlər. Minik başlanmış və iddiaçı təyyarəyə getməli olmuşdur.
6. İddiaçı körpə ilə hərəkət edən digər sərnişinlər kimi uşaq arabasını təyyarəyə minən zaman baqaj xidmətinə təhvil vermiş, lakin Bakıya çatıb baqajları təhvil alarkən arabanın arxa təkərinin (çarxının) oxundan sındığını, plastik ayaqaltının isə qırıldığını görmüşdür. Chicco (İtaliya) uşaq arabası modellərinin kifayət qədər möhkəm olmasına baxmayaraq, bu hala salınması baqaj kimi verilmiş araba ilə olduqca kobud və ehtiyatsız davranıldığını göstərir. Bu halın davamlı baş verməsi bilavasitə uçuş operatorunun məsuliyyətinə aid məsələdir, çünki sərnişinlərin baqajlarının təhlükəsiz və etibarlı daşınmasına məhz onlar məsuliyyət daşıyır.
İddiaçının tələbi:
7. İddiaçı mənəvi zərərə görə 7000 manat, yeni bilet almaqla bağlı 2199 manat, zədələnmiş iki baqaja və əşyalara vurulmuş ziyana görə 1500 manat, uşaq arabasına vurulmuş ziyana görə 600 manat pul vəsaitinin cavabdeh “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyinin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, onun iradəsindən kənar, cavabdeh tərəfin vəkili tərəfindən müraciətlər edilmiş, məlumatlar əldə edilmişdir. Həmçinin müraciət müddəti onun tərəfindən ötürülməmişdir, hadisə baş verdikdən sonra bütün lazımi prosedurlar həyata keçirilmişdir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, X14 bu hadisə ilə bağlı heç bir təqsiri yoxdur. İddiaçıya biletin pulunu artıq X9 ödəmişdir. Həmçinin iddiaçı tərəfindən müraciət müddəti ötürülmüşdür.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, baş vermiş hadisədə X14 təqsiri olmamış, X15 iddiaçı qarşısında məsuliyyətini qəbul etmişdir. X9 tərəfindən bilet səhv kəsilmişdir. X9 tərəfindən 1435 avro iddiaçıya geri qaytarılmışdır. Baş vermiş hadisə nəticəsində zərər dəyildiyi qeyd edilən uşaq arabası ilə bağlı tərəflərindən araşdırma aparılmaqdadır, iddiaçıdan dəymiş ziyanı müəyyən etmək üçün sənədlər tələb edilmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
12. 26 avqust 2022-ci il tarixli sərnişin biletinə əsasən, İddiaçı TK338 reysi ilə İstanbul- Bakı arasında uçuş həyata keçirməli olmuşdur.
13. X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli saat 03:21-ə olan qəbzə əsasən, 2199,03 manat ödəniş edilmişdir.
14. xx.xx.2022-ci il tarixli “mail” cavabına əsasən, X14 marketinq və kommunikasiya şöbəsi tərəfindən İddiaçı sorğusu 3 iş günü ərzində cavablandırılacağı qeyd edilmişdir.
15. Sərnişin biletlərinə əsasən, 27 dekabr 2022-ci il tarixdə TK333 reysi ilə Bakı- İstanbul arasında, TK29 reysi ilə İstanbul-Nyu-York arasında uçuşlar həyata keçirilmişdir.
16. Əmlaka dəymiş ziyanın hesabatına əsasən 08 yanvar 2023-cü il tarixdə Chicco markalı uşaq arabası zədələnmişdir.
17. xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən, cavabdehə xəbərdarlıq məktubu (pretenziya) göndərilmişdir.
18. xx.xx.2023-cü il tarixli Nümayəndə1 ünvanlanmış cavab məktubuna əsasən, sərnişinin **********725 nömrəli bileti X7 məxsusdur. İSTGYD TK0338 reysi ilə 27 avqust 2022-ci il tarixli səfərdəki uçuşu “təsdiqli” deyil, RQ-“Sorğu” kiçi təşkil olunub. (Sərnişinin adı səyahətçilər sırasında deyil) Daha sonra bilet (**********725) dəyəri geri qaytarılmışdır. Sistemdən yoxlanılanda həmin tarixə sərnişinlə bağlı hər hansı qeyd tapılmamışdır.
19. Alaska Air-lə olan yazışmalara əsasən, son hava daşıyıcısının X4 və təzminatı onlardan tələb edə biləcəyi qeyd edilmişdir.
20. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli 9/4880 nömrəli ekspert rəyinə əsasən, “Chicco 4 season multy ride” markalı uşaq arabasının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 250 manat müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası: 60.İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
22. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
23. X2 bəzi Qaydalarının Unifikasiyasi üçün Varşava Konvensiyasi: 17.2. 2. Məhv olma, itirilmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin göyərtəsində və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər müəyyən dərəcədə baqaja xas olan nöqsan, keyfiyyət və ya qüsurun nəticəsidirsə, daşıyıcı məsuliyyət daşımır. Qeydiyyata alınmamış baqaja, o cümlədən şəxsi əşyalara münasibətdə, daşıyıcı o halda məsuliyyət daşıyır ki, zərər onun və ya onun əməkdaşlarının, yaxud agentlərinin səhvi ucbatından vurulmuş olsun. 18.1. Daşıyıcı yükün məhv edilməsi, itirilməsi və ya zədələnməsi halında baş vermiş zərərə görə zərərə səbəb olmuş hadisə yalnız hava daşıması zamanı baş verdikdə məsuliyyət daşıyır. 18.2. Lakin daşıyıcı yükün məhv olmasının, itirilməsinin və ya zədələnməsinin aşağıda sadalanan halların biri və ya bir neçəsinin nəticəsində baş verdiyini həmin dərəcədə sübut edərsə, məsuliyyət daşımır: a) yükə xas olan nöqsan, keyfiyyət və ya qüsur; b) yükün daşıyıcıdan, onun əməkdaşları və ya agentlərindən fərqli şəxs tərəfindən qeyri-düzgün qablaşdırılması; c) müharibə aktı və ya silahlı münaqişə; d) yükün gətirilməsi, aparılması və ya tranziti ilə bağlı dövlət hakimiyyəti orqanının aktı. 18.3. Bu maddənin 1-ci hissəsinə əsasən, hava daşıması yükün daşıyıcının mühafizəsi altında olduğu müddəti əhatə edir.
19. Daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. 22.1. Şəxslərin daşınması zamanı 19-cu maddədə bəhs edilən ləngimə nəticəsində zərər vurulduğu halda daşıyıcının hər bir sərnişinə münasibətdə məsuliyyəti 4150 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. 22.2. Baqajın daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyəti, sərnişinin qeydiyyata alınmış baqajın daşıyıcıya təhvil verilməsi anında çatdırılmada maraqlı olması barədə xüsusi bəyannamə verdiyi və zəruri olduğu təqdirdə əlavə yığım ödədiyi hallar istisna edilməklə, hər bir sərnişinə münasibətdə 1000 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Bu halda daşıyıcı, bu məbləğin sərnişinin çatdırılmada həqiqi marağından artıq olduğunu sübut edə bilmədiyi təqdirdə, bəyan edilmiş məbləğdən artıq olmayan məbləği ödəməyə borcludur. 22.3. Yükün daşınması zamanı məhv edilmə, itirilmə, korlama və ya ləngitmə halında daşıyıcının məsuliyyəti göndərənin yerin daşıyıcıya təhvil verilməsi anında çatdırılmada maraqlı olması barədə xüsusi bəyanat verdiyi və zəruri olduğu təqdirdə əlavə yığım ödədiyi hallar istisna edilməklə, hər kiloqram üçün 17 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Bu halda daşıyıcı, bu məbləğin göndərənin çatdırılmada həqiqi marağından artıq olduğunu sübut edə bilmədiyi təqdirdə, bəyan edilmiş məbləğdən artıq olmayan məbləği ödəməyə borcludur. 22.4. Yükün bir hissəsinin və ya onun tərkibində olan hər hansı predmetin məhv edilməsi, itirilməsi, korlanması və ya ləngidilməsi halında daşıyıcının məsuliyyət həddi müəyyən edilərkən, yalnız müvafiq yerin, yaxud yerlərin ümumi çəkisi diqqətə alınır. Lakin yükün bir hissəsinin və ya onun tərkibində olan hər hansı predmetin məhv edilməsi, itirilməsi, korlanması və ya ləngidilməsi eyni aviayük qaiməsinə və ya eyni qəbzə, yaxud onlar verilmədiyi təqdirdə, 4-cü maddənin 2-ci hissəsində göstərilmiş digər vasitələrlə qorunub saxlanılan həmin qeydə daxil edilmiş digər yerlərin dəyərinə təsir etdiyi zaman məsuliyyət həddi müəyyən edilərkən, həmçinin belə yerin, yaxud yerlərin ümumi çəkisi də diqqətə alınmalıdır. 22.5. Ziyanın daşıyıcının, onun əməkdaşlarının, yaxud agentlərinin ziyan vurmaq niyyəti ilə, yaxud düşünmədən və bunun nəticəsində ziyanın dəyə biləcəyi dərk olunmaqla edilmiş hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyi sübut ediləcəyi təqdirdə, bu maddənin 1ci və 2-ci hissələrinin yuxarıda göstərilən müddəaları tətbiq edilmir, bu şərtlə ki, əməkdaşın və ya agentin belə hərəkəti və ya hərəkətsizliyi halında həmin əməkdaşın, yaxud agentin öz səlahiyyətləri daxilində fəaliyyət göstərdiyi də sübuta yetirilsin. 22.6. Bu Konvensiyanın 21-ci maddəsi və bu maddə ilə müəyyən olunmuş hədlər məhkəməyə bütün məhkəmə xərclərini və ya onların bir qismini və faizlər də daxil olmaqla, iddiaçının məhkəmə istintaqı üzrə çəkdiyi digər xərcləri öz qanunvericiliyinə müvafiq şəkildə əlavə olaraq təyin etməyə mane olmur. Məhkəmə xərcləri və məhkəmə istintaqı ilə bağlı digər xərclər istisna olunmaqla, ziyanın ödənilməsi qaydası üzrə təyin olunmuş məbləğ daşıyıcının ziyanın vurulduğu tarixdən etibarən altı ay ərzində, yaxud əgər bu tarix daha sonrakı tarixdirsə, məhkəmə işi başlanmazdan öncə şikayətçiyə yazılı şəkildə təklif etdiyi məbləğdən artıq deyilsə, yuxarıda göstərilən müddəa tətbiq edilmir. 23.1. Bu Konvensiyada xüsusi borcalma hüquqlarında göstərilən məbləğlərə X8 tərəfindən müəyyən edildiyi kimi, xüsusi borcalma hüquqlarına aid məbləğlər kimi baxılır. Məhkəmə istintaqı halında həmin məbləğlərin milli valyutalara mübadiləsi məhkəmə qərarının qəbul edildiyi tarixdə belə valyutaların xüsusi borcalma hüquqlarında ifadə edilən dəyərinə uyğun həyata keçirilir. X3 üzvü olan iştirakçı dövlətin milli valyutasının xüsusi borcalma hüquqlarında ifadə edilmiş dəyəri məhkəmə qərarının qəbul edildiyi tarixdə X3 öz əməliyyatları və hesablaşmaları üçün tətbiq etdiyi qiymətləndirmə metoduna uyğun olaraq hesablanır. X3 üzvü olmayan iştirakçı dövlətin milli valyutasının xüsusi borcalma hüquqlarında ifadə edilmiş dəyəri həmin iştirakçı dövlət tərəfindən müəyyən edilmiş metod üzrə hesablanır. 23.2. Buna baxmayaraq, X3 üzvü olmayan və qanunvericiliyi bu maddənin 1-ci hissəsinin müddəalarını tətbiq etməyə yol verməyən dövlətlər ratifikasiya edərkən və ya qoşularkən, yaxud bundan sonra istənilən digər zaman bəyan edə bilərlər ki, daşıyıcının 21ci maddədə təyin edilmiş məsuliyyət həddi onların ərazisində aparılan məhkəmə istintaqı zamanı hər sərnişinə görə 1 500 000 valyuta vahidi, 22-ci maddənin 1-ci hissəsinə münasibətdə hər sərnişinə görə 62 500 valyuta vahidi, 22-ci maddənin 2-ci hissəsinə münasibətdə hər sərnişinə görə 15 000 valyuta vahidi və 22-ci maddənin 3-cü hissəsinə münasibətdə hər kiloqrama görə 250 valyuta vahidi həcmində müəyyən edilmişdir. Bu valyuta vahidi 900 000 (doqquz yüz min) əyarlı 65.5 (altmış beş tam onda beş) milliqramlıq qızıldan ibarətdir. Göstərilən məbləğlər yuvarlaqlaşdırılmış rəqəmlərlə müvafiq milli valyutaya çevrilə bilər. Belə məbləğlərin milli valyutaya çevrilməsi müvafiq dövlətin qanunvericiliyinə əsasən həyata keçirilir. 23.3. Bu maddənin 1-ci hissəsinin son cümləsində qeyd olunan hesablamalar və bu maddənin 2-ci hissəsində qeyd olunan çevirmə elə qaydada həyata keçirilir ki, 21-ci və 22-ci maddələrdə göstərilən say göstəricilərinin real dəyəri iştirakçı dövlətin milli valyutasında, mümkün olduğu qədər, bu maddənin 1-ci hissəsinin ilk üç cümləsinin tətbiqi nəticəsində alınacaq dəyərdə ifadə edilsin. İştirakçı dövlətlər bu Konvensiyanın ratifikasiyası, qəbulu, təsdiqi və ya ona qoşulma haqqında sənədi saxlanca verərkən, müvafiq olaraq bu maddənin 1-ci hissəsinə əsasən hesablama metodu və ya bu maddənin 2-ci hissəsinə əsasən çevirmə nəticələri, həmçinin hər dəfə dəyişiklik edildikdən sonra bu haqda depozitarini məlumatlandırırlar.
29. Sərnişinlərin, baqajın və yükün daşınması zamanı məsuliyyət barədə istənilən iddia bu Konvensiyaya, müqaviləyə, qanun pozuntusuna əsaslanmasından və ya istənilən digər əsasdan asılı olmayaraq, yalnız bu Konvensiyada nəzərdə tutulmuş şərtlərə və məsuliyyət hədlərinə uyğun olaraq iddia hüququ olan şəxslər dairəsinin və onların müvafiq hüquqlarının müəyyən edilməsinə ziyan vurulmadan irəli sürülə bilər. İstənilən belə iddia zamanı cərimələr, cərimə sanksiyaları və yaxud faktiki ziyanın kompensasiya edilməsinə aid olmayan istənilən digər ödəmələr alına bilməz. 31.1. Qeydiyyata alınmış baqajın və ya yükün alan tərəfindən etirazsız alınması, əksi sübut edilənədək, belə bir ehtimal doğurur ki, baqaj və ya yük lazımi vəziyyətdə və daşıma sənədinə, yaxud 3-cü maddənin 2-ci hissəsində və 4-cü maddənin 2-ci hissəsində sadalanan digər vasitələrlə qorunub saxlanılan qeydə müvafiq olaraq çatdırılıb. 32.2. Zərər yetirildiyi təqdirdə, yükü almaq hüququna malik şəxs zərəri aşkar etdikdən dərhal sonra və qeydiyyata alınmış baqaj alındığı gündən etibarən yeddi gündən və yük alındığı gündən etibarən on dörd gündən gec olmayaraq daşıyıcıya öz etirazını bildirməlidir. Ləngimə baş verdikdə, etiraz baqaj və ya yükün onun sərəncamına verildiyi tarixdən etibarən iyirmi bir gündən gec olmayaraq verilməlidir. 33.3. Hər bir etiraz yazılı şəkildə bildirilməli və yuxarıda göstərilmiş müddətlərdə təqdim edilməli və ya göndərilməlidir. 34.4. Əgər yuxarıda göstərilmiş müddətlərdə etiraz bildirilməzsə, daşıyıcı tərəfindən aldatma halı istisna edilməklə, ona qarşı heç bir iddia qəbul edilmir. 36.1. Bu Konvensiyanın 1-ci maddəsinin 3-cü hissəsindəki anlayışla tənzimlənən, bir neçə ardıcıl daşıyıcı tərəfindən həyata keçirilən daşımalarla bağlı hallarda sərnişinləri, baqajı və ya yükü qəbul edən hər bir daşıyıcı bu Konvensiya ilə müəyyən edilmiş qaydaların təsiri altına düşür və daşıma müqaviləsi onun nəzarəti altında həyata keçirilən daşımanın bir hissəsinə aid olduğu üçün həmin müqavilənin tərəflərindən biri kimi nəzərdən keçirilir. 36.2. Belə daşıma zamanı sərnişin və ya onun adından kompensasiya tələb etmək hüququ olan istənilən şəxs, birinci daşıyıcının xüsusi şərtə əsasən bütün marşrut üçün məsuliyyəti öz üzərinə götürdüyü hal istisna olmaqla, yalnız hadisə və ya ləngimənin baş verdiyi daşımanı həyata keçirən daşıyıcıya qarşı iddia irəli sürə bilər. 36.3. Baqaja və ya yükə münasibətdə sərnişin və ya göndərən birinci daşıyıcıya qarşı iş qaldıra bilər, sərnişin və ya qəbul etmək hüquqlu alan sonuncu daşıyıcıya qarşı iş qaldıra bilər, bundan əlavə onların hər biri məhv olma, itki, zədələnmə və ya ləngimənin baş verdiyi daşımanı həyata keçirən daşıyıcıdan cərimə tələb edə bilər. Bu daşıyıcılar göndərən və alan qarşısında birgə məsuliyyət daşıyacaqlar.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. 3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. 849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər. 849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
25.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.
27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.(§26)
30. Məhkəmə qeyd edir ki, iddiaçının “X22 LTD” şirkətinə avia biletə görə ödədiyi 2199 manat maddi zərərə görə cavabdehin məsuliyyət daşıması mülki iş materialları ilə sübuta yetirilmir. Belə ki, mülki iş materiallarında 26 avqust 2022-ci il biletdən görünür ki, 26 avqust Frankfurt-Bakı reysi təsdiqlənmiş, lakin 27 avqust İstanbul-Bakı reysi üzrə uçuş cavabdeh tərəfindən təsdiqlənməmişdir, eyni zamanda iddiaçının ilkin bileti aldığı daşıma şirkəti olan “Lutfthansa” iddiaçını bu barədə məlumatlandırmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bu məsələ ilə bağlı əsl cavabdeh deyil, iddia tələbi bu hissədə təmin edilməməlidir.
31. İddiaçının X18 şirkətinin işçilərinin etinasız yanaşması səbəbindən keçirdiyi stress, vaxt itkisinə görə 7000 manat mənəvi ziyanla bağlı tələbinə münasibətdə, məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. (§27)
32. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
33. Məhkəmə hesab edir ki, iddiaçının hava limanında keçirdiyi stress, zaman itgisi ilə bağlı məsələlərə görə cavbdeh məsuliyyət daşımadığından iddiaçının mənəvi ziyanla bağlı tələbi təmin edilməməlidr.
34. Məhkəmə hesab edir ki, iddia tələbinin “27 dekabr 2022-ci il Bakı-İstanbul-Nyu York reysi zamanı X21 Beynəlxalq Hava limanında zədələnmiş iki baqaja və içindəki əşyalara vurulmuş ziyana görə 1500 manat maddi zərər kompensasiya” tələbi hissəsi əssasızdır və rədd edilməlidir. Belə ki, iddiaçı 27 dekabr 2022-ci il Bakı-İstanbul-Nyu York reysi zamanı zədələnmiş baqajlarla bağlı etirazı 07 yanvar 2023-cü il tarixdə İstanbul hava limanında X18 müştəri xidmətlərinə bildirdiyini qeyd etsə də, bu cür etirazı vaxtında, lazımi qaydada təqdim etdiyini sübut edən hər hansı sənədi mülki iş materiallarına əlavə etməmişdir. Varşava konvensiyasına əsasən, zərər yetirildiyi təqdirdə, yükü almaq hüququna malik şəxs zərəri aşkar etdikdən dərhal sonra və qeydiyyata alınmış baqaj alındığı gündən etibarən yeddi gündən və yük alındığı gündən etibarən on dörd gündən gec olmayaraq daşıyıcıya öz etirazını bildirməlidir. Hər bir etiraz yazılı şəkildə bildirilməli və yuxarıda göstərilmiş müddətlərdə təqdim edilməli və ya göndərilməlidir. Əgər yuxarıda göstərilmiş müddətlərdə etiraz bildirilməzsə, daşıyıcı tərəfindən aldatma halı istisna edilməklə, ona qarşı heç bir iddia qəbul edilmir. (§23) Məhkəmə qeyd edir ki, həm Azərbaycan Respublikası, həm də deliktin baş verdiyi ABŞ dövləti Varşava Konvensiyasının üzvüdür.
35. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı iki baqaja və içindəki əşyalara vurulmuş ziyana görə “Alaska Airlines”a müraciət etmişdir. Həmin reys üzrə “Alaska Airlines” sonuncu daşıma prosesini həyata keçirmiş, zərərlə bağlı akt həmin şirkət tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, bu cür daşımalar zamanı sərnişin və ya onun adından kompensasiya tələb etmək hüququ olan istənilən şəxs, birinci daşıyıcının xüsusi şərtə əsasən bütün marşrut üçün məsuliyyəti öz üzərinə götürdüyü hal istisna olmaqla, yalnız hadisə və ya ləngimənin baş verdiyi daşımanı həyata keçirən daşıyıcıya qarşı iddia irəli sürə bilər. İddiaçı məhkəməyə ünvanladığı yazılı məlumatda “Alaska Airlines”la sonuncu yazışmalar zamanı X10rşı məhkəmə işinin olmasına istinad edərək həmin şirkət tərəfindən zədələnmiş baqajlarla bağlı araşdırmaların dayandırıldığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hava daşıması zamanı yükün zədələnməsi yükün daşıyıcının mühafizəsi altında olduğu müddəti əhatə edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
36. İddia tələbinin “uşaq arabasına vurulmuş ziyana görə 600 manat miqdarında” maddi ziyan tələbi ilə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından, tərəflərin izahatından məlum olur ki, 08 yanvar 2023-cü il İstanbul-Bakı reysi zamanı uşaq arabası həqiqətən zədəli çatdırılmış, iddiaçı lazımi qaydada daşıyıcı şirkətə etirazını bildirmişdir. Məhkəmə “Chicco 4 season multy ride” markalı uşaq arabasının istifadədə olmasını, istismarını və bunları təsdiq edən mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini nəzərə almaqla 600 manat deyil, 250 manat məbləğində maddi ziyanın iddiaçıya ödənilməsini ağlabatan hesab edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və uşaq arabasına vurulmuş ziyana görə 250 manat miqdarında pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Türkiyə Respublikasının “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyindən “Chicco” markalı uşaq arabasına vurulmuş ziyanın əvəzi olan 250 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
40. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət hesabına köçürülməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh Türkiyə Respublikasının “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyindən “Chicco 4 season multy ride” markalı uşaq arabasına vurulmuş ziyanın əvəzi olan 250 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.
3. İddia qalan hissədə təmin edilməsin.
4. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Türkiyə Respublikasının “X18 X13 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X18” Nümayəndəliyindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova