Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1934/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehi tanımamışdır, o 2018-ci ildə oğlu ilə kafedə tanış olmuş, oğluna özünü vəzifəli şəxs kimi - Xüsusi Dövlət Mühafizə xidmətinin əməkdaşı kimi tanıtmışdır, həmin müddət oğlu iş axtarırdı və bu səbəbdən işə düzəlmək üçün cavabdehdən xahiş etmiş, cavabdeh oğluna bildirmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətində sürücü yeri boşdur və onu oraya işə düzəldə bilər, amma oranın haqqı 10000 manatdır, oğlu cavabdehin dediklərinə inanaraq onu evlərinə gətirmişdir, ondan kim olduğunu soruşduqda oğlunu işə düzəltmək istəyən adam olduğunu bildirmişdir, cavabdeh iş haqqında ona danışmışdır, XDMX vəsiqəsini ona göstərmişdir, əvvəlcə dediklərinə inanmamış, razı olmamışdır, sonra dəfələrlə onu inandırmaq üçün XDMX formasında evlərinə gəlmişdir, cavabdeh onu inandırmışdır ki, “siz mənə pulu verin, mən 100% söz verirəm, oğlunuzu ora düzəldəcəm”, bu zaman cavabdehə pulunun olmadığını demiş, cavabdeh isə “bankdan götürün, oğlunuz o pulu 2 aya çıxardacaq” demişdir, cavabdehin bu dediklərinə inanaraq, xx.xx.2018-ci il tarixdə Kapital Bankdan 27%-lə pul götürmüşdür, həmin pulun 4000 manatını xx.xx.2018ci ildə cavabdeh evə gəlib yazılı şəkildə götürmüşdür, bu zaman cavabdehə həmin pulu bankdan götürdüyünü, əgər iş alınmasa götürdüyü pulu və onun üstünə gələn pulu son qəpiyinə kimi qaytarmalı olduğunu demiş, cavabdeh də bununla razı olmuşdur, onu inandırmaq üçün oğlunu XDMX-nin ruhi dispenser xəstəxanasından sağlamlıq haqqında arayış almaq üçün yenə ondan 50 manat almışdır ki, güya oğlunu həkimlərdən keçirdəcək, oğlunu özü ilə aparsa da, ona xəstəxananın içərisinə girməyə qoymayıb, ona çöldə gözləməsini, hər şeyi özünün həll edəcəyini bildirmişdir, evə gəldikdə ondan arayışı soruşmuş, cavabdeh isə arayışı və digər sənədlərin hamısını artıq XDMX şöbəsinə təhvil verdiyini bildirmişdir, onu inandırmaq üçün oğluna kostyum aldırtmışdır, oğlunun qolunda döymə olmuş, cavabdeh həmin döyməni sildirməklərini, yoxsa onu işə götürməyəcəklərini bildirmişdir, cavabdehə inanaraq oğlunun döyməsini də sildirmişdirlər, cavabdeh hər şeyin qaydasında olduğunu, 2-3 ay gözləməklərini, işin düzələcəyini bildirmişdir, uzun müddət keçsə də, bir xəbər çıxmamışdır, dəfələrlə ona zəng edib narahat etmiş, oğlunun işinin nə yerdə olduğunu soruşmuşdur, amma cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir, hətta telefonla danışanda bir neçə dəfə onun yalanını tutmuşdur, cavabdehin onları aldatdığını hiss etmişdir, cavabdeh 5 il onlara həm maddi, həm mənəvi ziyan vurmuşdur, bu pula görə həm özü, həm yoldaşı çox stres keçirmişdirlər, özü zəng edərək pulun qaytarılmasını tələb etmişdir, ona bildirmişdir ki, 4000 manat hazırda faizlə birlikdə 6582 manat olmuşdur, ona pulu qaytarmağını, əks halda onu məhkəməyə verəcəyini bildirmişdir, bu zaman cavabdeh yoldaşı ilə birlikdə onların evinə gəlmiş, yalvarmış, pulu qaytaracağını bildirmişdir, pulun bir qismini – 4200 manatı ondan zorla da olsa almışdır, yerdə qalan pulu tam məbləğ bitənə kimi hər ay 100 manat ödəyəciyini bildirmişdir, hətta cavabdehə biraz humanistlik etmiş, 1900 manat verə biləcəyini bildirmişdir, həmin 1900 manatdan 700 manat pulu qaytarmışdır, amma geri qalan 1200 manat pulu isə qaytarmamışdır, cavabdehə zəng edərək geriyə qalan pulu da qaytarmağını tələb etmiş, amma cavabdeh müxtəlif bəhanələrlə yenidən onu aldatmağa çalışmışdır, göstərilənlərə görə çox ağır vəziyyətə düşmüşdür, cavabdeh onları 5 ildir ki aldadır, o, dələduz hərəkətləri ilə pulu ondan almış, qaytarmamışdır, buna görə çox əsəb-stres keçirmişdir, pulunun qaytarılmasını, həmçinin onun bu dələduz hərəkətləri üçün bir tədbir görülməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan əl yazısı ilə icra olunmuş borc vərəqəsində “Mən Cavabdeh hər ayın axırı sizə İddiaçı xanıma 100 manat ödəyəcəm, tam məbləğ 1900 azn (min doqquz yüz) manat bitənə kimi” Cavabdeh və imza əks olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı “oğlunu işə düzəltmək” adı ilə aldatma yolu ilə ümumilikdə 4000 manat pul almışdır, cavabdeh aldığı pulun müqabilində gözlənilən məqsədə uyğun olan hər hansı bir hərəkət etməyərək və həmin məbləğdə pulu qaytarmayaraq iddiaçını əmlakından məhrum etmişdir, həmin puldan 1200 manat geriyə qaytarılmamışdır, hazırki iddia tələbi 1200 manat məbləğin geri qaytarılması barədədir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh aldatma yolu ilə heç bir hüquqi əsas olmadan iddiaçıdan 4000 pul alması onun əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə - geriyə qalan məbləğin qaytarılmasını cavabdehdən geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1200 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (1.000 manatdan 10.000 manatadək olduğundan) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 32 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 32 (otuz iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1934/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1934/2023
28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver