Məhkəmə qərarları › İş №2(011)-1941/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1941/2022

06.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1941/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun, pul vəsaiti gecikdirilən zaman ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin və dövlət rüsumu qismində ödənilmiş 55 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 3500 manat pulun və dövlət rüsumu qismində ödənilmiş 55 manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh oglu ilə instagram sosial şəbəkəsində “Lilex_iewellery” səhifəsi vasitəsilə tanış olmuşdur, o, qızıl-zinət əşyalarının sifarişini qəbul edirdi, iddiaçı həyat yoldaşı üçün 1 ədəd qızıl üzük, 1 ədəd qolbağ və 1 ədəd boyunbağı sifariş vermək qərarına gəlmişdir, bundan sonra cavabdehlə görüşüb onun yaşadığı ünvan 1 ünvanında görüşmüş və istəyini ona bildirdikdən sonra cavabdeh razılığa gəlmişdir, cavabdeh, iddiaçının sifariş verdiyi qızıl-zinət əşyalar üçün cəmi 6500 manat pul lazım olduğunu bildirmiş, iddiaçı da beh olaraq həmin gün ona 500 manat pul vermişdir, təxminən 5 gün sonra cavabdeh ilə Səbail rayonunda yerləşən Xəqani bağının yanında görüşərək ona 2000 manat pulu vermişdir, ötən müddət ərzində cavabdeh sifarişlərdən 1 ədəd 1000 manat dəyərində qızıl üzüyü hazırlayıb iddiaçıya vermişdir, təxminən 2020-ci ilin sentyabr ayında cavabdeh onun iş yeri olan ünvan 2 ünvanında yerləşən ofisimə gələndə orada ona iddiaçı 2000 manat pul vermişdir, ümümilikdə cavabdehə 4500 manat pul vermişdir, lakin o, vədinə əməl etməyərək onun sifarişini vaxtında hazırlayıb verməmiş, nə də pulunu geri qaytarmamışdır, cavabdehdən səbəbini soruşduqda o, sifarişlərin baha başa gəldiyini, verdiyi pulu xərclədiyini bildirmişdir, iddiaçı cavabdehən ondan aldığı pulu qaytarmasını tələb etsə də, hal-hazırkı vaxta kimi qaytarmamışdır, cavabdehin bu hərəkətləri barədə ərizə ilə Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmişdir, lakin ərizəyə cavab olaraq cinayət işi başlanması rədd edilərək, göstərilən xüsusatların polis səlahiyyəti daxilində olmadığı, mülki xarakterli olması müəyyən edilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ 35-ci PB-nin 26.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin Qərardan görünür ki, Cavabdeh araşdırma üzrə verdiyi izahatda İddiaçı 3500 manat borcu olmasını bildirmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı xidmətlər göstərilməsi adı ilə 3500 manat pul almışdır, tərəflər arasında mübahisə həmin borcun qaytarılması ilə bağlıdır, Xətai RPİ 35 saylı PB-in 26.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar ilə mübahisədə cinayət tərkibinin olması müəyyən edilmədiyindən və mübahisə mülki xarakterli olmaqla, məhkəmə səlahiyyətlərinə aid olduğundan cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 3500 manat pul məbləğinin alınması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh etibardan sui-istifadə edərək heç bir hüquqi əsas olmadan iddiaçıdan 3500 manat pul alması onun əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhrum olunduğunu cavabdehdən geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən 55 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar