Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1947/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 28, mənzil 35-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 28, mənzil 35 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən həmin sahə onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən mənzil ona satıldıqdan sonra mənzilin keçmiş sakinləri həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürürlər. Mənzilin keçmiş sakinləri halhazırda onun mükiyyətində olan mənzildən köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1947/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsinı dair işin icraatına iddia tələblərinin Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 28, mənzil 35 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 48,64 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, həmin ünvanda Cavabdeh1, Cavabdeh2, X4 və X3 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 07 aprel 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 tərəfindən İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 05 fevral 2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmənin 31 yanvar 2024-cü il tarixli məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X/145 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X5 arasında ünvan 1 mənzilinə dair 07 aprel 2020-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzilin üzərində X1 mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan Cavabdeh1 həmin mənzilə qeydiyyatda qalması ona məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə cavabdeh iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdeh mənzildə yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 28, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 28, mənzil 35 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatı formal xarakter daşıdığından, onun həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, iddia tələbi təmin edilməli, cavabdehin göstərilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 35 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1947/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1947/2024
06.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver