Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-201/2021 18.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Medistyle Hospitala qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Medistyle Hospitala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən əməliyyat üçün ödənilmiş 3.000 manatın, 500 manat analiz xərcinin, burnunun normal vəziyyətinin bərpası üçün 8.000 manat əməliyyat xərcinin, vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 21.530 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı tərəflər tərtib etdikləri barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən müəyyən olunur ki, 1. İddiaçı cavabdehə ödəyəcəyi 3000 manat müqabilində cavabdeh Medistyle Hospitalda çalışan həkim Alessandro Marano tərəfindən İddiaçı burnunda tənəffüs çətinliyinin aradan qaldırılması üzrə təminatlı əməliyyat həyata keçirilir. 2. Medistyle Hospitalda həkim Alessandro Marano tərəfindən 27 dekabr 2019-cu il və 23 mart 2020-ci il tarixlərdə həyata keçirilmiş əməliyyatlarla əlaqədar İddiaçı cavabdeh Medistyle Hospitala qarşı cavabdehdən əməliyyat üçün ödənilmiş 3.000 manatın, 500 manat analiz xərcinin, burnunun normal vəziyyətinin bərpası üçün 8.000 manat əməliyyat xərcinin, vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 21.530 manatın tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbindən imtina edir. 3. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları və möhürü ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3.-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə cavabdeh Medistyle Hospitalın arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı cavabdehə ödəyəcəyi 3000 manat müqabilində cavabdeh Medistyle Hospitalda çalışan həkim Alessandro Marano tərəfindən İddiaçı burnunda tənəffüs çətinliyinin aradan qaldırılması üzrə təminatlı əməliyyat həyata keçirilir.
2. Medistyle Hospitalda həkim Alessandro Marano tərəfindən 27 dekabr 2019-cu il və 23 mart 2020-ci il tarixlərdə həyata keçirilmiş əməliyyatlarla əlaqədar İddiaçı cavabdeh Medistyle Hospitala qarşı cavabdehdən əməliyyat üçün ödənilmiş 3000 manatın, 500 manat analiz xərcinin, burnunun normal vəziyyətinin bərpası üçün 8000 manat əməliyyat xərcinin, vurulmuş mənəvi zərərə görə 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 21.530 manatın tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbindən imtina edir. İddiaçı cavabdeh Medistyle Hospitala qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(011)-201/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Aygün Həsənova