Məhkəmə qərarları › İş №2(011)-204/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-204/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-204/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Honda Accord” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 896.50 manat sığorta ödənişi məbləği və ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 926.90 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Y.Alakhverdiev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 28.07.2014-cü il tarixdə idarə etdiyi “Vaz 21051” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən İddiaçı Sığorta Şirkətində sığortalanmış “Honda Accord” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov rayon DYPŞ-nin 28.07.2014-cü il İnzibati tənbeh vermə haqqında iş üzrə Qərarında öz əksini tapmışdır, hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi mövcud deyildir, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 23 sentyabr 2014-cü il tarixli akta əsasən “Honda Accord” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2793 manat ziyan dəymişdir, 8 oktyabr 2014-cü il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti “Honda Accord” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası natamam şəkildə həyata keçirildiyinə görə dəymiş zərərin məbləği 1396 manat müəyyən edilmişdir və müəyyən edilmiş 1396 manatdan sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat franşiza (azadolma məbləği) çıxılmaqla 896.50 manat ödənilmişdir,bu səbəbdən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş zərər məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır, maşının sığortası kasko sığorta idi, o sığortada da qırılan düzəldilmir, həmin hissə yenisi ilə əvəz olunur, hazırda günahkar cavabdehdir, pul ondan alınaraq ödənilməlidir. Sonda A.Y.Alakhverdiev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək izahatında bildirdi ki, hadisənin üzərindən artıq doqquz il keçib, hadisə zamanı avtomobili özü idarə edirdi, yol hadisəsi öz əməli nəticəsində olub, maşın onun idi, maşını vurmuşdur sığortaya getmişlər, lakin həmin zaman ona məlumat verilməyib, hadisənin üstündən səkkiz il sonra akt qoyulur ki, borcu ödəsin, tələb olunan məbləğlə razı deyildir, hadisənin üzərindən səkkiz il keçdikdən sonra ekspertizada o qiymət qoyula bilməz, maşın vuruq və əzik halda ekspertizaya getməli idi, özündə də maşının vəziyyəti ilə bağlı şəkillər var, sığorta artıq ödənişi edib, bir il ərzində ona bu barədə müraciət edilməli idi, amma illər sonra məlumat verilmişdir, özündə icbari sığorta olmayıb, maşının cəmi 1000 manat xərci olmuşdur, həmin maşının yeni vəziyyətdə dəyəri 17000 manat yaxındır, sığorta tərəfindən həmin pul ödənilib, ona demişdirlər ki, kasko var deyə, dəymiş zərər tam qarşılanır və pulu Atəşgah ödəyir, kaskonun mahiyyəti odur ki hər iki tərəfdə günah olsa da, tərəfdən pul ödənilmir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 28.07.2014-cü il tarixdə N.Nərimanov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “VAZ-21051” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X2, hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, zərər vurulan avtomobilin mülkiyyətçisi X9 və hadisə zamanı sürücüsü X5r. İş materiallarında olan 010810 saylı sığorta aktının surətindən görünür ki, 28.07.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişinin məbləği 1396.50 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən texniki baxışdan keçirilmiş “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 2793 manat məbləğində müəyyən edilmişdir. Sığortalanmış nəqliyyat vasitəsinin sığortası natamam şəkildə həyata keçirildiyi üçün avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği xüsusi hesablanma qaydası ilə hesablanaraq 1396.50 manat müəyyən olunmuşdur. Sığorta ödənişi dəymiş zərərdən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat məbləği çıxılmaqla 896.50 manat təşkil edir ki, bu məbləğin də sığortalıya nağd yolu ilə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan CYP seriyalı 376145 saylı İnzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh 28.07.2014-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin İ bəndini pozaraq N.Nərimanov küçəsi ilə hərəkət edərkən hərəkət sürətini nəzərə almamış, düzgün sürət seçməmiş yolun əks istiqamətində parklanmış “Honda Accord” markalı, **- RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur, hadisə nəticəsində bədən xəsarəti alan olmasa da avtomobillər əzilmişdir. İş materiallarında olan CYP nömrəli 376145 saylı Cərimə bildirişindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 181.1-ci maddəsinə əsasən 29.07.2014-cü il tarixdə 40 manat cərimə olunmuşdur. İş materiallarında olan 23.09.2014-ci il tarixli Zərərin qiymətləndirilməsi barədə hesabat aktından görünür ki, “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2793 manat ziyan dəymişdir. İş materiallarında olan 826422 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarında olan 583648 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21051” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan Avtonəqliyyat Vasitələrinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, X4 məxsus “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuş maddi zərərə görə Atəşgah Sığorta tərəfindən sığorta olunmuşdur, maddi zərərin sığortası 7660 manatdır. İş materiallarında olan 2462 saylı Kassa məxaric orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən 010810/2014 saylı sığorta aktına əsasən 896 manat sığorta ödənişi 13 oktyabr 2014-cü il tarixdə X4 verilmişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixli O-AP-2021/3448 saylı Pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-yə olan 896.50 manat sığorta ödənişini 7 gün ərzində ödəməli olduğu İddiaçı Sığorta Şirkəti ASC tərəfindən bildirilmişdir. İş materiallarından olan 11.08.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 30 manat dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında elektron arayışdan görünür ki, avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27.12.2021-ci il tarixli 18 №-li Ekspert rəyindən görünür ki, “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir olunmuşsa iş materialları əsasında 896,50 manat müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş 12 №-li Hesabdan görünür ki, görülmüş işlərin dəyəri 100 manatdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28.03.2022-ci il tarixli 9 №-li Ekspert rəyindən görünür ki, İddiaçı Sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib olunmuş qüsur aktına əsaslanaraq “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini 2793 manat müəyyən edilmiş və həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirməyə ehtiysc olması və hər birinin dəyəri ayrı-ayrılıqda göstərilmişdir. Həmin Rəyə əlavə edilmiş 07 №-li Hesabdan görünür ki, görülmüş işlərin dəyəri 100 manatdır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X4 məxsus “Honda Accord” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmışdır, həmin avtomobilə 28.07.2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “VAZ-21051” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuşdur, cavabdeh İXM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur, zərər vurulmuş avtomobilin təmir-bərpa xərci 2793 manatdır, sığortalanmış nəqliyyat vasitəsinin dəymiş zərərin məbləği (sığorta məbləği - 7660 AZN; avtomobilin dəyəri - 15320 AZN; dəymiş zərər - 2793 AZN; azadolma məbləği - 500 AZN) nəzərə alınmaqla 896,50 manat sığorta ödənişi hesablanaraq iddiaçı tərəfindən X4 ödənilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 896,50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və bank xidməti üçün ödənilmiş 0,40 qəpik, habelə ekspertiza xərcləri Cavabdeh aid edilməli, ondan 30,40 manat alınaraq iddiaçıya, 100 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta məbləği kimi 896 (səkkiz yüz doxsan altı) manat 50 (əlli) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat məbləğində pul tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar