Məhkəmə qərarları › İş №2(011)-2044/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2044/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2044/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxriyyə qızının katibliyi, İddiaçı X1, onun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 24000 manat və mənəvi zərərə görə isə 10000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki cavabdehlər yaşadığı həyətdə meyvətərəvəz alveri ilə məşgul olmaqla həmin həyətdə də kirayə yaşayırdılar. Hansısa səbəbdən onları kirayə yaşadıqları mənzildən çıxaranda iddiaçı onlara dəstək olaraq çıxarılmamalarını xahiş edərək, alverlərinə davam etmələrinə kömək etmişdir. Eyni zamanda, illər boyu evinə gəlib-getmişlər, yemək yemişlər, onların borclarının ödənilməsinə kömək etmi, alver etmələri üçün maddi yardım etmiş, kreditlə onlar üçün telefon almışdır. Onlara maddi-mənəvi dəstək olmuşdur. Kiçik qızı nişanlandıqdan sonra cavabdehlər qızının qaynanasına onun və böyük qızının ünvanına xoşagəlməz sözlər danışmışlar. Bir müddətdən sonra qızının baldızı qızına Rəvanənin onun anasına iddiaçının barəsində xoşagəlməz sözlər dediyini bildirmişdir. Bundan sonra Rəvanəni və qudasını çağırıb onlara iradını bildirdikdən sonra evindən qovmuş və bütün dəstəyini dayandırmışdır. Maddi dəstəyini dayandırdıqdan sonra mağazanı işlədə bilməmişlər və nəticədə mağazanı təhvil vermişlər. Bundan sonra həmin mağazanı iddiaçı ərzaq mağazası kimi işlətməyə başlamış və həmin mağazaya 24 000 manat dəyərində ərzaq məhsulları almışdır. Bundan sonra cavabdehlər onunla dava salmağa, onu təhqir etməyə, söyməyə başladılar Rəvanənin əri sərxoş vəziyyətdə həyətdə qışqıraraq iddiaçının ünvanına nalayiq sözlər, o cümlədən "mama roza" demiş, dəfələrlə polisə şikayət ərizəsi ilə müraciət etmiş, təhqirlərdən və söyüşlərdən yaxa qurtarmaq üçün mağazanı başqa şəxsə təhvil vermişdir. Mağazada olan 24 000 AZN dəyərindəki ərzaq məhsulları sıradan çıxmışdır. Daha sonra iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən yalnız maddi zərərə görə 24000 manat tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, həm onun, həm də həyat yoldaşı Cavabdeh2 iddiaçı ilə mübahisələri olmuşdur, lakin iddiaçının işlətdiyi mağazanın bağlanmasında onların heç bir təqsiri yoxdur, hansı səbəbdən bağlandığını da bilmir. Aralarındakı mübahisəyə görə polis orqanlarında izahatlar vermişlər, bu səbəbdən həm iddiaçı onları, həm də onlar iddiaçını söymüşlər, qarşılıqlı bir-birlərinə pis ifadələr demişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında materiala Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində baxılaraq Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanılması rədd edilmiş, vətəndaşa təhqir edilməsi ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi hüququ izah edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4894/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4893/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmiş Arayışdan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) fəaliyyətini xx.xx.2024-cü il tarixdə dayandırmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi Bilidirişindən görünür ki, işəgötürən İddiaçı xx.xx.2024-cü il tarixdə işçi X3 əmək müqaviləsinə xitam vermişdir. Flaşkartda təqdim olunmuş videoyazıdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 iddaçı İddiaçı çalışdırdığı mağazaya daxil olduqdan sonra tərəflər arasında mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı tanımışdır, usta olduğundan iddiaçının çağırışı ilə gələrək mağazaya vitrinləri quraşdıraraq 2400 manat pul almışdır, sonradan iddiaçının xahişi ilə mağazaya elektrik işlərini görmək üçün usta gətirmişdir, onun işinə görə isə iddiaçı ustaya 400 manat ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun işlətdiyi mağazanı işlətməyə götürərkən tanımışdır, onlar mağazanı iddiaçıdan 2024cü ilin avqust ayının axırında təhvil alarkən, mağazada sulardan başqa olan ərzaqlar, kolbasa məhsulları, meyvə-tərəvəz məhsulları hamısı xarab olmuşdu. İddiaçı soyuducunu və kondisoneri çıxartmamış, onlara işlətməyə vermişdir və heç birinin pulunu onlardan götürməmişdir. Mağazanı həyat yoldaşı ilə birlikdə təxminən avqut ayının 27-29-dan başlayaraq işlətmişlər və icarə haqqını Eldar adlı şəxsə vermişlər. Mağazanı təhvil alarkən iddiaçı ilə cavabdehlərin arasındakı problemlərdən xəbərləri olmamışdır, sonradan bilmişdir ki, həmin mağazanı əvvəllər cavabdehlər işlətmişlər. Hazırda mağazanı təhvil vermişlər, işlətmirlər. Mağazanı onlar təhvil verərəkən mağazadakı kondisioneri, soyuducunu, şkafları satmışlar, lakin satışdan əldə etdikləri pulu Əzimə xanıma ödəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 hətay yoldaşı olan şahid X5 ifadəsi ilə oxşar ifadə verərək bildirmişdir ki, onlar mağazanı Əzimə xanımdan təhvil almışlar, təhvil alarkən mağazada məhsulların xeyli hissəsi xarab olmuşdur. Yararlı olan məhsulların bir hissəsini isə Əzimə xanım onlara vermiş və onlar dəyərini ona ödəmişdir. Mağazanı təhvil alarkən mağazada olan əşyaları sonradan onlar özləri mağazadan çıxarkən satmışlar. Satışdan əldə olunan pulu Əzimə xanıma ödəməmişlər, Əzimə xanım onlardan pulu istəməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mağazanı icarə müqaviləsi əsasında çalışdırdığını bildirsə də, iş materiallarında icarə müqaviləsi, eləcə də, iddiaçının mağazasında qeyd edilən miqdarda və dəyərdə malların olmasını təsdiq edən sübutlar mövcud deyil. Eləcə də, mağazanın mübahisədən sonra bağlanması və malların xarab olması ilə bağlı iddiaçı yalnız şahid ifadələrinə istinad etmiş, həmin halı təsdiq edən digər sübutlar (xarab olan malların siyahısı, fotoşəkillər, kamera görüntüləri və s.) təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçıya iddia ərizəsində qeyd edilən maddi zərərin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində dəyməsi sübut olunmur. Belə ki, iş materialları ilə, xüsusən iş materiallarında olan məhkəmə qərarları ilə sübut olunur ki, tərəflər arasında münasibətlər gərgin və mübahisəli olmuş, onlar bir-birinə qarşı hüquq pozuntusuna yol verərək inzibati xəta törətmişdir. Yəni, baş vermiş mübahisədə hər iki tərəfin təqsiri müəyyən olunmuş, mübahisə nəticəsində həm İddiaçı, həm Cavabdeh2 hüquqazidd təqsirli hərəkətləri müəyyən edilərək, onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə) ilə təqsirli bilinərək barələrində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən mağazasında cavabdehlərlə baş vermiş mübahisədən və onların işlətdikləri nalayiq ifadələrdən sonra o, utanaraq mağazanı bağlamış, bunun nəticəsində ona 24.000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mağazanın fəaliyyətini davam etdirmək və malların xarab olmasının qarşısını almaq imkanın obyektiv olaraq mümkün olmadığını təsdiq edən sübutlar təqdim edilmədən, yalnız subyektiv səbəbdən (utandığı üçün) mağazanı bağlaması və malların xarab olmaması üçün tədbir görməməsi cavabdehlərdən maddi zərərin əvəzinin ödənilməsi üçün əsas ola bilməz. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi məhkəməyə təqdim edərək, izahatında bildirmişdir ki, o özü mağazada satıcı olmamış, mağazanın əmək müqaviləsi əsasında çalışan satıcısı olmuşdur. Odur ki, məhkəmə qeyd edir ki, hətta iddiaçının mübahisədən sonra utandığı üçün mağazaya getmədiyi qəbul edilsə belə, hər şeydən əvvəl vuğulanmalıdır ki, iddiaçı satıcı vasitəsilə mağazanın fəaliyyətinin davam etdirilməsi imkanından məhrum olmamışdır. Subyektiv səbəbdən mağazanın bağlanması qərarını aldığı zaman isə malları geri qaytarmaq, təhvil vermək imkanları, mağazaya çəkdiyi yaxşılaşdırmaların dəyərini icarə müqaviləsinə uyğun olaraq mülkiyyətçidən almaq, mağazanı təhvil verərkən malların və əşyaların dəyərini təhvil verdiyi şəxslərdən almaq, eləcə də soyuducu, kondisioner kimi əşyaları mağazadan çıxarmaq imkanlarına malik olmuşdur. İddiaçının bu imkanlardan istifadə etmədən mağazaya çəkdiyi xərclərin, mağazada olan malların və əşyaların dəyərinin maddi ziyan kimi cavabdehlərdən tələb etməsi iddiaçıya vurulan maddi ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqəni istisna edir. Şahid ifadələri ilə də sübut olunur ki, iddiaçı ona dəymiş maddi zərərin qarşısını almaq imkanına malik olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X6 ifadələrində bildirmişlər ki, onlar mağazanı iddiaçıdan təhvil alarkən malların bir qisminin dəyərini iddiaçıya ödəmiş, mağaza onlar tərəfindən təhvil verilərkən isə iddiaçıdan qalan əşyaların satılması nəticəsində əldə etdikləri pulu iddiaçı onlardan geri istəməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona maddi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçıya maddi ziyan vurulması, bunun cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi ziyan arasında səbəbli əlaqənin olması təsdiq edilməmişdir. Odur ki, maddi zərərin ödənilməsi tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar