Məhkəmə qərarları › İş №2(011)-2073/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2073/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2073/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən çəkilmiş əməliyyat xərcləri – 13.328 manat, iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı 56.970 manat, vurulmuş mənəvi zərərə görə - 10.000 manat, hüquqi yardım xidməti ilə bağlı - 850 manat, vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat olmaqla ümumilikdə 81.348 manat və dövlət rüsumu üçün ödənilmiş - 335 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən yeni yaşayış binasında qonşu olmuşlar və onlar arasında həmin yaşayış binasının avtodayanacağında avtomobillərin parklanması ilə bağlı mübahisə olmuşdur. 20 may 2018-ci il tarixdə, saat 00:30 radələrində Cavabdeh İddiaçı yumruqla vurub yerə yıxmış, sonra isə yerdə yıxılmış vəziyyətdə olan iddiaçının baş nahiyəsindən təpiklə zərbə vurub ona başın sağ gicgah-təpə nahiyəsinin qançır-şişkinliyi və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah-təpə sümüklərinin xətti sınığı, sol gicgah-təpə-alın paylarının səthində subdural hematoma, hər iki beyin yarımkürəsinin subaraxnodial qansızmaları, beyin toxumasının sağ təpə və hər iki gicgah paylarına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt yaxınlıqda olan şəxslərin köməkliyi ilə İddiaçı xəstəxanaya çatdırılaraq həyatını xilas etmək mümkün olmuşdur. Cavabdehin ailə üzvləri tərəfindən İddiaçı xəstəxana və əməliyyat xərcləri ödənilmiş, aralarında olan qonşuluq münasibətlərinin düşmənçiliyə çevrilməməsi məqsədilə İddiaçı cavabdehlə barışdığını və ondan şikayətçi olmadığını bildirərərək məhkəməyə ərizə təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(101)-947/2018 saylı hökmü ilə Cavabdeh təqsirli bilinmiş və barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 2022-ci ilin əvvəlində İddiaçı baş gicgah sümüyündə çürümə prosesinin getdiyi məlum olmuşdur. Verilmiş analizlər və həkim müayinələri 2018-ci ildə baş vermiş yuxarıda qeyd olunan hadisə zamanı iddiaçının aldığı xəsarətin nəticəsi olaraq onun baş sümüyündə çürümə prosesinin getdiyi və təcili əməliyyat olunaraq kəllə sümüyünün bir hissəsi xüsusi metalla əvəz olunmalı olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Rusiya Federasiyasının Moskva şəhərinə gedərək üçüncü dəfə əməliyyata girmiş və onun baş sümüyünün bir hissəsi metalla əvəz olunmuşdur. Beləliklə, Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində iddiaçı külli miqdarda maddi və mənəvi ziyanla qarşılaşmışdır. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da, bu, bir nəticə verməmiş, əlaqəyə cavabdehin atası çıxmışdır. Cavabdehin atası ilə görüş təşkil olunmuş və bütün çəkilmiş xərclərlə bağlı məlumat diqqətinə çatdırılmışdır. Cavabdehin atası tərəfindən heç bir köməklik göstərilə bilməyəcəyi bildirilmişdir. Qeyd olunan əməliyyat və işin məhkəmə müstəvisinə çıxarılması prosesi zamanı İddiaçı aşağıdakı xərcləri çəkmişdir. xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-Moskva-Bakı aviabileti - 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə - 459000 rubl - 10805 manat, Xəstəxana tərəfindən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat, Vəkilə etibarnamə verilməsi, notarial xidmət rüsumu - 18 manat, ümumilikdə - 13.328 manat, hüquqi yardım xərci - 850 manat, Vəkillə bağlanılmış müqavilə - 200 manat. Eyni zamanda, Cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində İddiaçı "ikinci dərəcəli əlillik” dərəcəsi almış, sağlamlıq imkanı məhdudlaşmış və ömürlük olaraq fiziki və mənəvi travmalarla əmək qabiliyyətini qismən itirmişdir. Nəticədə maddi və mənəvi zərərlə qarşılaşmışdır. İddiaçı 2018-ci ildə yazdığı ərizədə cavabdehdən şikayətçi olmayacağını bildirsə də, qeyd olunan hadisənin nəticəsinin davam etdiyi, iddiaçının sağlamlığında yeni problemlərin əmələ gəlməsini, əmək qabiliyyətini itirməsini, ömürlük əlillik statusunda qalmasını və yeni maddi zərərlə üzləşdiyini (gələcəkdə üzləşəcəyini) nəzərə alaraq mülki qaydada cavabdehə qarşı iddia qaldırmaq zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən maddi və mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən aşağıda qeyd olunan həcmdə pul məbləğinin iddiaçıya ödənilməli olduğu qənaətindədir: iddiaçı tərəfindən çəkilmiş əməliyyat xərcləri – 13.328 manat, iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı baş verən hadisə nəticəsində itirilmiş qazancı hadisədən əvvəl 12 aylıq orta aylıq qazancının (xx.xx.2017-xx.xx.2017 hər ay 500 manat, xx.xx.2017-xx.xx.2017 tarixləri arasında əmək haqqı 4.600 manat, 2017-ci ilin dekabr ayı – 1.550 manat, 2018-ci ilin yanvar-aprel ayları hər ay 535 manat (işsizlik müavinəti) olmuşdur - (Cəmi 1 il ərzində (500хЗ)+(4.600хЗ)+1.550+(535x3)=18.990) orta aylıq məxrəci – 18.990/12 ay = 1.582,5 manat 3 il üçün hesablanmaqla (36 ay x 1582.5 = 56970 manat) – 56.970 manat, keçirdiyi əsəb sarsıntılarına görə - 10.000 manat, hüquqi yardım xidməti ilə bağlı - 850 manat, vəkillə müqavilə - 200 manat, ümumilikdə - 81.348 manat. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili iddiaya etiraz mövqeyində olmuş, iddiaçının ikinci dəfə əməliyyat olunması zərurətinin aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatla əlaqədar olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, iddiaçı 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilmiş və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. Odur ki, hazırkı iddianın cavabdehə münasibətdə əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, 20 may 2018-ci il tarixdə tərəflər arasında yaşadıqları binanın həyətində mübahisə baş vermiş, mübahisə zamanı cavabdeh iddiaçını döyməklə ona xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli 1(101)-947/2018 saylı hökmü ilə cavabdehin əməlinə hüquqi qiymət verilmiş, cavabdfeh AR Cinayət Məcəlləsinin 126.1 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ümumilikdə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında mövcud olan 20 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçının cavabdehə qarşı hazırda və gələcəkdə heç bir şikayət, maddi tələb və mülki iddiası yoxdur və olmayacaq. İş materiallarında mövcud olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, iddiaçı ikinci qrup əlillik almışdır, əsəb gərginlik tələb olunmayan işlərdə çalışa bilər. İddiaçı 20 may 2018 – 13 iyul 2018-ci il tarixləri arasında X2 əməliyyat olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin əvvəlində iddiaçının səhhətində aldığı xəsarətdən sonra müəyyən dəyişikliklər olduğundan onun kəllə sümüyünün bir hissəsi xüsusi metalla əvəz olunmalı olmuş və iddiaçı 2022-ci ildə Moskva şəhərində ikinci dəfə əməliyyat olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili iddiaçının ikinci dəfə əməliyyat olunmasının zəruri olmadığını, olsa da belə bunda cavabdehin təqsirinin olmadığını, 2018ci il tarixdə keçirilmiş əməliyyatın qüsurlu icra edilməsi ilə əlaqədar olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına kömək göstərilməsi üçün işə mütəxəssis qismində Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru X5 izahatında bildirmişdir ki, iddiaçının səhhətində yaranan problem səhv icra edilmiş əməliyyat nəticəsində baş vermiş olsaydı, o, 2 ildən sonra yox, daha tez üzə çıxardı. Odur ki, ikinci əməliyyatın keçirilməsinin səbəbi 2018-ci ildə alımış xəsarətin nəticəsində baş verməsi istisna edilmir. Məhkəmə iddiaçı tərəfindən ikinci dəfə əməliyyat keçirməsinə səbəb olan halları araşdırmaq məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli rəydən görünür ki, X2 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə ağır kəllə-beyin travması ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Travmatik subdural qansızma. Epidural qansızma. Baş beynin travmatik ödemi. Kəllə tağının sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq tibbi göstərişlə təcili olaraq üzərində “Sol tərəfli dekompressiv trepanasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi X1 İddiaçı adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə mərkəzə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Solda alın-təpə-gicgah nahiyəsinin əməliyyatdan sonrakı deformasiyası və qüsuru. Solda alın-təpə-gicgah nahiyəsində sümük loskutunun rezorbsiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində cərrahiyyə əməliyyatının icrasına göstəriş olmuş və xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Rezorbsiya olunmuş natamam sümük loskutunun çıxarılması. Solda alın-təpə-gicgah nahiyəsində nəhəng sümük qüsurunun fərdi titan implantı ilə eyni anlıq mikrocərrahi rekonstruksiyası qabaqcadan kompüter və stereolitoqrafık modelləşdirilmə ilə” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 2018-ci il tarixdə almış olduğu xəsarətlər nəticəsində yaranmış patologiyalar xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı ilə aradan qaldırılmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ikinci əməliyyatla bağlı çəkilmiş xərcləri tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3-cü maddəsinə əsasən, zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində belə qənaətə gəlir ki, tərəflər arasında 2018-ci ildə baş vermiş dava nəticəsində iddiaçı xəsarət almış, 2018-ci ildə müəyyən əməliyyat və müalicələr alsa da, 2022-ci ildə ikinci dəfə əməliyyat keçirmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilmiş ekspertiza nəticəsində hadisələr arasında səbəbli əlaqənin olduğu müəyəyn edilmişdir. Odur ki, yuxarıda istinad olunan qanunvercilik normalarına əsasən cavabdeh iddiaçıya vurduğu ziyanın əvəzini ödəməlidir. Məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən 20 oktyabr 2018-ci il tarixli notarial təsdiqli ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı ərizəni təqdim etdiyi zaman onun həmin dövrə olan vəziyyəti məqbul olduğundan və səhhətində hər hansı problem olmadığından ərizəni vermişdir. Belə ərizənin mövcudluğu sonradan iddiaçının səhhətində cavabdehin hərəkətləri nəticəsində aldığı xəsarətdən yaranmış fəsadın aradan qaldırılmasını tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı notarial qaydada ərizəni təqdim etdikdən sonra ona verilmiş 51.000 manatı 2018-ci ildə xəstəxananın reanimasiya şöbəsində 33 gün ərzində qalması ilə bağlı yaranmış xəstəxana xərclərinə sərf etdiyini bildirmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehdən tutulacaq məbləğin miqdarını müəyyən edərkən qeyd edir ki, iddia ərizəsində istinad olunan əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat məbləğində vəsait tam olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə əsasən 13.328 manat tələbə daxildir: xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-Moskva-Bakı aviabileti - 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə - 459000 rubl - 10805 manat, Xəstəxana tərəfindən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat (tələb olunan məbləğlər iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapır). Məhkəmə iddia tələbinin iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı tələb etdiyi 56.970 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahatlardan onun əlil olması səbəbindən heç bir yerə işə qəbul olunmaması, xəsarət almamışdan əvvəl informasiya texnologiyaları sahəsində çalışmasını, lakin xəsarət aldıqdan sonra çalışa bilmədiyini məhz ikinci dərəcəli əlil olduğuna görə onu işə qəbul etmədiklərini bildirsə də, məhkəmə istinad olunanları iddianın təmin olunması üçün yetərli hesab etmir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hər hansı şəxsin əlilliyinə görə işə qəbul edilməsindən imtina edilməsi qanunla qadağandır. İddiaçı aldığı xəsarətdən sonra işə götürülmədiyini qeyd etsə də, həqiqətən də harasa müraciət etməsi, oradan xəstəliyi ilə əlaqədar imtina alması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tələb etdiyi məbləğin keçmiş dövrdə qazanması ilə bağlı hesablamalar apararaq bu məbləği tələb etmişdir. Lakin həqiqətən də iddiaçının istinad etdiyi məbləğlərin onun tərəfindən alınması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, müasir dövrdə informasiya texnologiyalarının inkişaf etdiyi şəraitdə bu sahədə çalışan işçinin işsiz qalması ağlabatan deyil. Belə ki, istinad olunan sahədə fəaliyyət göstərən mütəxəssislərə tələbat çoxdur. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər dünya üzrə elan edilmiş pandemiya nəticəsində kütləvi qapanmalardan sonra əsasən fəaliyyətini evdən işləməklə həyata keçirmişlər. İddiaçının təqdim etdiyi ekspertizanın çıxarışdan da görünür ki, iddiaçının əsəb gərginliyi tələb olunmayan işlərdə çalışmasına icazə verilmişdir. Beləliklə, istinad olunan halların vəhdəti məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə münasibətdə qeyd edir ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Belə ki, Mülki-Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. İddiaçı məhkəməyə müraciət etmiş, bununla da əlavə xərc çəkmişdir. Odur ki, iddia tələbi hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə münasibətdə təmin edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunması onun gündəlik həyatına təsir etməyə bilməz. Çünki dünyada mövcud olan vəziyyətdə insan adi alış-veriş mərkəzi, hava limanı və buna bənzər yerlərdən keçərkən metal dedektorlar onun başında olan xüsusi metal hissəyə reaksiya verərək həyəcan siqnalını işə salır, bu hal isə iddiaçının özünü narahat hiss etməsi üçün kifayətdir. Odur ki, belə hallar insan kütləsində ona əlavə marağın oyanmasına səbəbdir. İstinad olunanlara əsasən baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 1.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 13.328 manat, mənəvi zərərə görə 1.000 manat, hüquqi yardım xidməti ilə bağlı ödədiyi 850 manat, vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 335 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 335 manat dövlət rüsumunun 271.35 manatı iddiaçının özünə aid edilməli, qalan 63.65 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının çəkdiyi əməliyyat xərci olaraq 13.328 (on üç min üç yüz iyirmi səkkiz) manat, mənəvi zərərə görə 1.000 (bir min) manat, hüquqi yardım xidməti ilə bağlı ödədiyi 850 (səkkiz yüz əlli) manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı ödədiyi 335 manat dövlət rüsumunun 271.35 (iki yüz yetmiş bir manat otuz beş qəpik) manatı iddiaçının özünə aid edilsin, qalan 63.65 (altmış üç manat altmış beş qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar