Məhkəmə qərarları › İş №2(011)-2079/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2079/2022

16.02.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2079/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı Ərizəçi adın, soyadın doğum şəhadətnaməsində düzəliş edilməsi faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun ata adının İsrafil, soyadının isə Vəliyev olaraq hazırkı sənədlərə uyğun düzəliş edilməsinin Şərur rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən sənədlərdə şəxsin adının, ata adının və ya soyadının düz gəlmədiyi hallarda işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin məktubundan görünür ki, ərizəçinin eyni məzmunlu müraciətindən imtina edilmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, ərizəçi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamədə yol verilmiş səhvin aradan qaldırılması tələbi ilə ümumi məhkəməyə müraciət etmişdir, bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə qeyd edilmiş halları nəzərə alaraq, aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi adın, soyadın doğum şəhadətnaməsində düzəliş edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar