Məhkəmə qərarları › İş №2(011)-2111/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2111/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2111/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “imtinanın qanunsuz hesab edilməsi və sahənin qazlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “imtinanın qanunsuz hesab edilməsi və sahənin qazlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu X2 yerləşən 2.230 kv metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi mülkiyyətində olan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2.230 kv metr torpaq sahəsində yaşayış evi inşa etmişdir. Torpaq sahəsi onun şəxsi mülkiyyətindədir və Abşeron Rayon İcra Başçısı tərəfindən xx.xx.2013-cü il tarixli 737 saylı ev tikmək üçün sərəncam verilmişdir. O, evi 2022-ci ilin may ayında inşa etmişdir. Məlumat üçün bildirir ki, həmin mənzilə "xxxx" ASC tərəfindən işıq və "xxxx" tərəfindən su xətti çəkilərək hər ikisinə sayğac qoyulmuşdur. Ancaq dəfələrlə Cavabdeh əməkdaşlarına şifahi qaydada qaz xəttinin çəkilməsi üçün müraciət etsə də, onlar ona şifahi olaraq bildirdilər ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş Azərbaycan Respublikası Prezidentinin 30 may 2023-cü il tarixli 894-Vİ QD qanununa edilmiş dəyişikliklərə əsasən 01 oktyabr 2023-cü il tarixdən sənədsiz evlərə kommunal xətlərin qoşulması qadağan edilmişdir. Həmin mənzilə "xxxx" ASC tərəfindən işıq və "xxxx" ASC tərəfindən isə su xətti çəkilərək hər ikisinə sayğac qoyulmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi onun və ailəsinin istifadəsindədir. Ancaq dəfələrlə qaz xətti çəkmək üçün Cavabdehnə müraciət etsə də müraciəti cavabsız qalmışdır. Bundan sonra o yenidən istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Həmin müraciətə əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 14-2-2/2-T-6678-5/2024 saylı məktubla imtina verilmişdir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun istifadəsində olan yaşadığı Sabunçu rayonu X3 yerləşən fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə etdiyi mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. O, inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. Cavabdehin əsaslandırdığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtina əsasından biri də “Cavabdeh” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Hesab edir ki, bu da əsassız imtinadır. Çünki o həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Hesab edir ki, Cavabdeh ərizəyə cavab verməməsi qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə onun AR Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməli, 2.230 kv metr torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən 2.230 kv.m torpaq sahəsinin reyestrdən çıxarışı olmasa da, həmin torpağın daha əvvəl bələdiyyə sənədi olub. O, həmin torpağı etibarnamə ilə İskəndər Həsənovdan alıb. 2022-ci ildə may ayından başlayaraq torpağın üzərində mansardlı 1 mərtəbəli yaşayış evi tikib. Evin tikintisindən qabaq icra hakimiyyətini orqanını şifahi məlumatlandırsa da, buna dair hər hansı rəsmi müraciəti olmayıb. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan notarial aktın surətindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı X1 (doğulduğu tarix xx.xx.1960-cı il, pasportu PC AZE C********) bu etibarnamə ilə Azərbaycan Respublikası vətəndaşı İddiaçı (d/t: xx.xx.1970-ci il, şəxsiyyət vəsiqəsi AA*******) aşağıdakı səlahiyyətləri verir: Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanlarında, Daşınmaz əmlakın dövlət reyestr xidmətində, ASAN-xidmət mərkəzlərində, notariat ofislərində, vergi orqanlarında, kommunal xidmətdə, fiziki və hüquqi şəxslərlə münasibətlərdə onu təmsil etsin. Azərbaycan Respublikası Abşeron rayon icra başçısının xx.xx.2013-сü il tarixli 737 saylı sərəncamı ila onun adına verilmiş 2.230 kv.m torpaq sahəsindən (yerləşdiyi ünvan: Azərbaycan Respublikası, Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisi) 300 kv.m. torpaq sahəsini (bir pay, hasara alınmış) və üzərindəki yaşayış evini müvafiq icra hakimiyyəti orqanlarında, daşınmaz əmlakın dövlət reyestr xidmətində və digər qeydiyyat orqanlarında adına qeydiyyata saldırsın, vahid çıxarışı, texniki pasportu və vacib olan digər qeydə alınmış sənədləri alsın. Qeyd olunan 300 kv.m. torpaq sahəsini və üzərindəki yaşayış evini idarə etməyə, üzərində sərəncam verməyə, hədiyyə etməyə, öz istədiyi qiymət və şərtlərlə satmağa səlahiyyətlidir. Bunun üçün adından lazım olan bütün arayışları və sənədləri toplamağa, ərizələr verməyə, vergiləri ödəməyə (o cümlədən kommunal, qaz, işıq, su) lazım olan sənədləri imzalamağa və bu tapşırıqla nəzərdə tutulan bütün hərəkətləri etməyə səlahiyyətlidir. Etibarnamə qeyri-müəyyən müddətə verilmişdir və ləğv edilənədək qüvvədədir. İş materiallarında olan Cavabdeh İB iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, imtinanın əsası olaraq "Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13, bənd 10-1) istinad edilərək, göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndistexniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 1) hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 2) xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 3) hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 4) hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 5) bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 6) tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 7) fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 8) təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 9) bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 10) hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 11) mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların - 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndistexniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11-ci maddəsinə görə qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. İş materiallarını araşdırıb, işdəki sübutlara məcmu halda qiymət verərək, məhkəmə qeyd edir ki, cavabdehin yaşayış sahəsinin qazlaşdırılmasını həyata keçirməkdən imtinası qanunsuz hesab edilmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edilmiş tikili ölçülərindən asılı olaraq, iddiaçının tikintiyə icazə alması və ya icazə tələb olunmadığı təqdirdə - məlumatlandırma icraatının həyata keçirilməsi aparılması iş materialları ilə təsdiq olunmur. Belə ki, mövcud qanunvericiliyin normalarından görünür ki, tikintiyə icazə tələb olunduğu tikililər üzrə - tikintiyə icazə, belə icazə tələb olunmayan yaşayış evlərinə münasibətdə isə (yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri) tikintini aparan maraqlı subyektin məlumatlandırma icraatı çərçivəsində yerli icra hakimiyyəti orqanına məlumat verməsi zəruridir. Bu prosedurlar çərçivəsində tikinti inşa edən şəxs tərəfindən aidiyyəti icra hakimiyyəti orqanları məlumatlandırılmaqla, tikinti aparan şəxsin sözügedən torpaq sahəsinə dair əmlak hüquqları yoxlanılır. Hazırki iş materiallarından görünür ki, iddiaçının istər tikintiyə icazənin alınması, istərsə də məlumatlandırma icraatı ilə bağlı prosedurlara başlaması və həmin prosedurlar zamanı tikinti apardığı torpağa dair əmlak hüquqlarının (torpaqdan istifadə və ya torpağa mülkiyyət hüququ) yoxlanılması aparılmamışdır. Bununla da, cavabdehin imtinası iddiaçının tikintiyə icazənin alınması və ya bununla bağlı məlumatlandırma icraatının aparılmaması ilə bağlı olduğundan, həmin hallar isə işin mübahisəsiz halları olduğundan, imtina qanunsuz hesab edilmir. Beləliklə, cavabdeh təşkilatın yaşayış sahəsinin qazladırılmasından imtinasının qanuna zidd olması öz təsdiqini tapmadığından, iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – Cavabdeh yaşayış sahəsinin qazladırılmasından imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar