Məhkəmə qərarları › İş №2(011)-2115/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-2115/2021

19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2115/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 78 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 248,40 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Q.Quliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərinin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır, Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir, lakin bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar, bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 saylı evin, 93 saylı mənzilində qeydiyyatdadır, xx.xx.2007-ci il tarixdə bağlanmış “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, cavabdeh son ödəməsini xx.xx.2009-cu il tarixədək etmiş və həmin ünvan xx.xx.2009-cu il tarixdə 5,10 borcla şəbəkədən ayrılmışdır, xx.xx.2012-ci il tarixdə “xxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1782 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır, beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur, belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir, həmçinin qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmadan aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi, sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2011-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2012-ci il tarixə qədər olan müddət 260 gün təşkil edir, bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 78 manat təşkil edir, həmçinin İddiaçı MMC “Ədalət – A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci maddəsinə əsasən, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir, pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Sonda F.Quliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 1782 K saylı aktın surətindən görünür ki, "xxxx" MMC-nin əməkdaşı R.M. Mahmudovun, «KATV1» -in əməkdaşı E.F.Tarverdiyevin və Rabitə Nazirliyinin nümayəndəsi S.Məmmədovun iştirakı ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 69 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 93 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döyərkən mənzilin qapısını açan olmamışdı. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 69 mənzil 93 ünvanında yaşayan Muradov İlqar arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, xx.xx.2007-ci iltarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2009-cu il tarixinədək isə son ödəniş edilmiş, xx.xx.2009-cu il tarixində 5,10 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon MKTB-nin 85 saylı MKİS tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh Xətai rayonu, Gəncə prospekti 69 saylı evin, 93 saylı mənzilində qeydiyyatdadır, 069690 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mənzilin sahibidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh üçün (hüquqi xidmətlər göstərmək, qrafik üzrə keçirilən nəzarət baxış, yoxlama) İddiaçı MMC tərəfindən 150 manat məbləğdə pul kassaya mədaxil edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə İddiaçı MMC ilə Muradov İlqar arasında bağlanmış və həmin müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 69 saylı evin, 93 saylı mənzili xx.xx.2007-ci il tarixində KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2009-cu il tarixinədək isə son ödəniş edilmiş, xx.xx.2009-cu il tarixində şəbəkədən ayrılmış, xx.xx.2012-ci il tarixdə Xətai rayonu, Gəncə prospekti 69 ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 93 saylı mənzilin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmasının müəyyən olunması barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 78 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 manat və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 248 manat 40 qəpik məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh abunə haqqına görə 78 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 manat və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 248 (iki yüz qırx səkkiz) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar