Məhkəmə qərarları › İş №2(011)-2119/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2119/2021

31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2119/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 79,80 manat, hüquqi xidmətlərin göstərilməsi, qrafık üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması və hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün 150 manat, 20,40 manat dövlət rüsumu olmaqla cəmi 250,30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstələn İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı Lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsi quraşdırmaqla, vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımını təşkil edir. Lakin son zamanlar Xətai rayonu ərazisində bir çox vətəndaşlar cəmiyyətlə müqavilə bağlamadan kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların aradan qaldırılması məqsədilə İddiaçı MMC “Ədalət A” hüquq firması ilə xx.xx.2008-ci, xx.xx.2011-ci, xx.xx.2014-cü, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixlərdə hüquqi yardım göstərilməsi məqsədi ilə müqavilələr imzalanmışdır. AR DİN BPQMİ MAPS şöbəsinin arayışına əsasən Cavabdeh ünvan 1 mənzil 3 ünvanında qeydiyyatdadır. 85 saylı MKİS-nin arayışına əsasən göstərilən mənzil cavabdehə məxsus olmuşdur. Həmin ünvanda yaşayan cavabdehlə İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən həmin ünvan xx.xx.2009-cu ildə “KATV 1” kabel televiziyası şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx.xx.2012-ci il tarixdə “xxxx” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1766 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1766 K saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2011-ci il tarixdə baxış keçirilmişdir. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2011-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2012-ci il tarixə qədər olan müddət 266 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 79,80 manat təşkil edir. Bununla yanaşı, İddiaçı MMC “xxxx” hüquq fırması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin östərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Pul tələbinə dair cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia tələbinin həm əsassız olduğuna, həm də iddia müddəti ötürülməklə verildiyinə görə rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X5 iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edərək, hazırki tələbin müqavilə münasibətləri ilə deyil, dəymiş zərərlə bağlı olduğunu, ümumi iddia müddətinin 10 il olduğunu göstərdi və ərizənin əsassız olduğuna görə təmin olunmamasını xashiş etdi Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2011-ci il tarixli TR N:066 saylı Teleradio yayımı üçün Lisenziyanın surətindən görünür ki, bu lisenziya kabel və efir-kabel üsulu ilə televiziya yayımı üçün İddiaçı MMC-yə 6 il müddətinə verilmişdir. “xxxx” MMC-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 1766 K saylı aktın surətindən görünür ki, ünvan 1 3 saylı mənzildə “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. 85 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 3 saylı mənzil Cavabdeh məxsusdur. Mədaxil orderlərindən görünür ki, “İddiaçı“MMC tərəfindən “xxxx” MMC-yə Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət üçün 150 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən, telekommunikasiya şəbəkələrində, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Təqdim olunmuş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, İ Gəncə prospekti, ev 91, 3 saylı mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması təsdiq olunur və bu hüquqa zidd əməl nəticəsində dəymiş zərərə görə 79,80 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibərdə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə müqavilə münasibətləri ilə deyil, dəymiş zərərlə bağlı olduğuna görə və iddiaçı tərəfindən müvafiq tələblər üzrə iddia müddəti ötürülmədiyindən ərizə təmin olunmamalıdır. Belə ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə isə, ümumi iddia müddəti on il təşkil edir. Bununla yanaşı, iddia tələbinin “cavabdehdən nümayəndə xərci qismində 150 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 150 manat məbləğini ağlabatan məbləğ hesab etmədiyinə görə, iddia tələbini həmin hissədə qismən, yəni 50 manat hissəsində təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 56 faiz həcmində təmin edildiyinə görə 20,40 manat dövlət rüsumunun 11,30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 79,80 manat abunə haqqı qismində vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 50 manat və ödənilmiş dövlət rüsumunun 11,20 manat hissəsi olmaqla, cəmi 141 (bir yüz qırx bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar