Məhkəmə qərarları › İş №2(011)-2140/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2140/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2140/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, BəndNümayəndə3 Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh ƏliyevTofiq İman oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixdə ehtiyatsızlıqdan törədilmiş cinayət hadisəsi nəticəsində ona vurulmuş 16.323 manat (on altı min üç yüz iyrmi üç) manat maddi, 5.000 manat mənəvi zərər və ödənilmiş 154 manat dövlət rüsümü, cəmi 21.447 (iyirmi bir min dörd yüz yetmiş yeddi) manat vəsaitin müştərək qaydada cavabdehlər Cavabdeh1 va “Avto Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli ərizə ilə “Avto Lizinq" MMCnin əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-504/2023 saylı hökmündən göründüyü kimi iş üzrə Cavabdeh1 AR CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrindən istifadə etmək hüququndan məhrum etməklə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun çəzaçəkmə müəssisəsində qeydiyyata alınma tarixdən hesablanması hökm edilmişdir. İş üzrə maddi subut kimi tanınmış cavabdeh "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "Nissan Sunny "markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə qaytarılması hökm edilmişdir. Qeyd edilmiş hökmdən göründüyü kimi, Cavabdeh1 həmin əməlin törədilməsində təqsirli bilinməsinə əsas xx.xx.2023-cü il tarixdə saat 14.30-da idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Nissan Sunny "markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 1 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almadan avtomobilin ön sol hissəsi ilə zərərçəkmiş şəxs İddiaçı vuraraq ona etiyatsızlıqdan üst dodağın cırılmış yarası, üst çənədə sol, sağ 1,2,3 dizlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyyəsinin hematoması, hər iki mil sümüyün yerini dəyişən sınıqları, sol əlin bir daraq sümüyün sınığı, sağ əl-daraq sümüklərin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyün xətti sınığı ilə müşahidə olunan, dərəcəsinə görə ümümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. İstintaq orqanı həmin cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində cəlb etmiş, həmin cinayət işi üzrə ibtidai və məhkəmə istintaq apaşdırmaları onun iştirakı ilə aparılmış, istintaq və məhkəmə orqanları tərəfindən təqsirləndirilən şəxsə dəfələrlə ona vurduğu ziyanı ödəməyi təklif edilmiş olsa da, heç bir nəticəsi olmamış, bu günədək Cavabdeh1 tərəfindən ona vurulan ziyanın cüzi bir qismi qarşılanmış, yəni hadisə baş verən günü xəstəxanada cəmi 1400 manat xəstəxananın ilkin xərclərini ödəmiş, daha sonra isə o vaxtdan bugünədək ümümiyyətlə səhhətinə vurduğu zərərin qarşılanmasında iştrak etməmiş, bununla bağlı etdiyi müraciətlərə cavab olaraq "ona vurduğu zərərin əvəzini qarşılamaq niyyətində olmadığını" bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:30-da baş vermiş avto-nəqliyyat hadisəsi zamanı ona vurulmuş zərərin əvəzi cavabdehlərdən alınaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməlidir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-504/2023 saylı hökmü ilə subuta yetirilmişdir ki, Cavabdeh1 etbarnamə əsasında idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Nissan Sunny "markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə saat 14:30-da "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtonəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, hadisənin qarşısını almamış, nəticədə da ona bədənin müxtəlif nahiyələrinə çoxsaylı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır (əslində ağır) zǝrǝrvurmaya aid olan xəsarətlər yetirmişdir, iddiaçı hadisədən dərhal sonra təcili tibbi yardım stansiyanın həkimlərinin müşayəti ilə ilkin 3 saylı Bakı şəhər xəstəxanasına aparılmış, hadsə baş verən günü bazar günü olması və iddiaçının hadisə yerində aldığı xəsarətləri saysızhesabsız olması, həmin günü xəstəxanada növbətçi həkimdən başqa heç kimin olmaması səbəbindən və iddiaçının istəyini və cavabdeh tərəfin buna etiraz etməməsini nəzərə alınmaqla, iddiaçı həmin gün "Liv X11”ına aparılmış, orada da ilkin tibbi yardım dərhal müayinə və müalicə aparılmışdır. Hətta ilkin ödəniş olaraq da cavabdeh həmin Hospitala 1400 manat ödəniş etmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:30-da cinayət hadisəsi nəticəsində ona vurulmuş zərərə görə avtomaşın ”Avto Lizinq”MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 06/3488/LİZ saylı X2 əsasən “NİSSAN SUNNY” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilənin şərtlərinə və tərtib edilmiş təhvil təslim aktına əsasən Cavabdeh2 istifadəsinə verilmiş, həmin avtomobil Cavabdeh2 etibarnamə üzrə təmsil edən X3 ərizəsi əsasında Cavabdeh1 yol vərəqəsi (etibarnamə) verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 06/3488/LİZ saylı X1 4.4.8-ci bəndinə görə sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın qorunması, məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması və istifadə zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, yol nəqliyyat hadisəsi və s.) ilə bağlı məsuliyyət daşımağı razılaşdırılmışdır ki, bu halda da Cavabdeh2 və Cavabdeh1 da müştərək qaydada bərabər məsuliyyət daşımalıdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, hadisə baş verən xx.xx.2023-cü il tarixdən 2023-cü ilin avqust ayınadək olan müddət ərzində cavabdehlərin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o uzun müddət "Liv X11" və "X9" MMC-də uzun müddət müayinə, müalicə və fizioloji tədavi olunub və həmin klinikalara rəsmi olaraq aldığı müalicə, müayinə və fizioloji tədaviyə və bu məqsədlə aldığı dərman və digər tibbi ləvazimatlara, 3 ay ərzində Klinikalara özəl taksi ilə gediş-gəliş yol xərci olaraq cəmi (814+8.156+2.168+2.126+2.800+877+780)=17.723 (on yeddi min yeddi min iyirmi üç) manat vəsait sərf edilmişdir. Qeyri-rəsmi isə ödədiyi vəsaitin miqdarı 20.000 (iyirmi min) manatdan çox olmuşdur. Maddi imkanın olmaması ilə bağlı 2023-cü ilin sentyabr ayından müalicə və fizioloji tədavi davam edə bilməyib. Bütün bunlara baxmayaraq hələ də keçirdiyi ağır stress, beyin silkələnməsi və uzun müddət aldığı əzələ müalicələrin nəticəsi olaraq sağ qolunu ümumiyyətlə hiss etmir, hər iki qolunun daima titrəməsi səbəbindən kənar şəxsin köməyi olmadan sərbəst hərəkət edə bilmir. Bir sözlə, cavabdehlərin təqsiri üzündən şikəst qalıb. Çox təəssüf ki, onu bu vəziyyətə qoyan cavabdehlər nəinki peşimançılıq hissi keçirmir, hətta ona yetirdiyi zərəri belə qarşılamaq istəmirlər. Bu əsasla da, cavabdehlər ona vurduqları maddi zərərlə bağlı ona ən azından 5000 manat da mənəvi zərərə görə kompensasiya ödəməlirlər. Nəzərə alınsa ki, Cavabdeh1 hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixdə, ilkin müayinə və müalicə xərci olaraq 1400 manat vəsait xəstəxanada ödədiyindən, ümümi maddi zərər olan 17.723 manatdan həmin vəsait çıxılmaqla yerdə qalan 16.323 manat maddi və 5000 manat mənəvi zərər, cəmi 21,323 manat və ödənilmiş 154 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq ona ödənilməlidir. Sonda Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, onlar hadisənin baş verdiyi gün 1400 manat ödəyiblər, sonra da xəstəxanaya gediblər ki, yenə də imkanları daxilində yardım etmək məqsədləri olub, lakin iddiaçının onlara qarşı hərəkətlərindən, təhqirlərindən sonra heç bir kömək etməyiblər, iddiaçının tələb etdiyi məbləğ çoxdur, iddiaçı özü həmin xəstəxanada əməliyyat olunmaq istəyib, ancaq 2000 manat məbləğ ödəməyə razıdırlar. Sonda Nümayəndə2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-504/2023 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Hökmdən görünür ki, Cavabdeh1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 21 may 2023-cü il tarixdə saat 14:30-da “BB 118895” nömrəli “B1 B, C1 C, D1 D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus, “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 km/saat sürətlə ünvan 2 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almadan, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən avtomobilin ön sol hissəsi ilə yolun əks tərəfinə keçən piyada İddiaçı vuraraq ona ehtiyatsızlıqdan üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerinidəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. İş materiallarında olan “X10” MMC tərəfindən təqdim olunmuş Arayışdan görünür ki, pasient İddiaçı həqiqətən 2023-cü ilin iyun-iyul ərzində klinikanın həkim stomatoloqu X4 tərəfindən 14 yuxarı və 14 aşağı çənə dişlərinə keramik qapaq düzəltdirmiş və buna 1 ədəd 100 manat olmaqla 2800 manat pul ödəmişdir. İş materiallarında olan, “Liv X11" tərəfindən verilmiş xx.xx.2023-cü il 437 saylı məktubdan görünür ki, İddiaçı dair müayinə vərəqələri və faktura xidmət siyahısı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 154,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 963/KEŞ saylı ekspert Rəyindən görünür ki, 1. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər İki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı və sol kürək sümüyünün xətti sınığının olduğu qeyd olunmuşdur. 2. “X12” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə ağır vəziyyətdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona ‘‘Radiusun aşağı ucunun sınığı. Birinci metakarpal sümük sınığı. Karpal sümük(lər)in digər sınığı” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2023-cü il tarixdə xəstənin üzərində “Böyük sümük parçaları olan sınıqlar üçün açıq İMN”, xx.xx.2023-cü il tarixdə “Böyük sümük parçaları olan sınıqlar üçün açıq İMN (sağ)” cərrahiyyə əməliyyatları icra edilmiş və xx.xx.2023-cü il tarixdə xəstə evə yazılmışdır. 3. “X12” Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar ona adekvat tibbi yardımlar göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 506/KEŞ saylı ekspert Rəyindən görünür ki, 1. İddiaçı mütəxəssis müayinələri zamanı onda üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığından sonrakı vəziyyətin olduğu, həmçinin kliniki olaraq sağ əlinin daraq barmaqlarında hərəkət məhdudluğu, şişkinlik və sol mil-bilək oynağının daraq barmaqlarında qismən hərəkət məhdudluğu, sol və sağ mil-bİlək oynaqlarında və barmaqlarda sinir keçiriciliyinin pozulması ilə əlaqədar keyimə hissi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar onun uzun müddətli müalicələrə, reabilitasiya və fizioterapiya kurslarına ehtiyacı vardır. 2. İddiaçı üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərinin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığından sonrakı vəziyyətin olduğu müəyyən edildi. Sağlamlığının tam bərpa olunması barədə öncədən proqnozun verilməsi mümkün deyil. Aparılacaq müalicələrin Azərbaycan Respublikasında dövlət xəstəxanalarında yerinə yetirilib-yetirilməməsinin və müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3/28-2-6707/2024 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı qeyd olunan travmaların cərrahi müalicəsi TƏBİB-in tabeliyində olan çoxprofilli xəstəxanaların travmatologiya şöbələrində, eləcə də Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya İnstitutunda aparıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 11-10/2-946/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları sığortaolunan hesab edilir. Tibbi göstəriş olduğu hallarda sığortaolunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərdən icbari tibbi sığorta hesabına yararlanması üçün ilk növbədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8n, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində (9 elmi-tədqiqat institutu) olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı halda sığortaolunanın Agentlik ilə “Tibbi sığorta haqqında” Qanunun 15-19-cu maddəsinə müvafiq olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış digər qurumların tabeliyindəki və ya özəl tibb müəssisələrinə göndəriş vərəqəsi ilə təmin olunduğu təqdirdə müraciət etməsi mümkündür. Vətəndaş İddiaçı 21 may 2023-cü ildə “LİV X11”a göndərişsiz müraciət etmiş və öz vəsaiti hesabına tibbi xidmətlərdən yararlanmışdır. Sözügedən tibb müəssisəsi tərəfindən Agentliyə təqdim olunan aylıq hesabata vətəndaşa göstərilən xidmətlər daxil edilməmişdir, həmçinin vətəndaşın özəl tibb müəssisəsinə müraciəti ilə bağlı məlumat təqdim olunmamışdır. “LİV X11’ın 2023-cü il üzrə icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərin dəyərləndirilməsi və maliyyə aktı üzrə ödənişlər Agentlik tərəfindən yekunlaşdırıldığı üçün vətəndaş İddiaçı müayinə və müalicə xərclərinin geri qaytarılması mümkün deyil. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 06/3488/LİZ saylı xx.xx.2020-cu il tarixli "xxxx"MMC ilə birgə bağlanmış müqaviləyə əsasən istifadəsinə verilmiş “Nıssan Sunny” minik avtomobili, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.1950-cu il təvəllüdlü Cavabdeh1 bundan sonra "xxxx" MMC tərəfindən Daxili etibarnamə (yol vərəqəsi) verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, ”Avto Lizinq” MMC-ə məxsus “Nissan Sunny” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixinə qədər oğluna verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən “Liv X11"a müxtəlif məbləğlərdə ödəniş həyata keçirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-ə məxsus olmaqla müqavilə əsasında Cavabdeh2 istifadə üçün verilmiş və sonuncunun razılığı ilə idarə etməsi üçün digər Cavabdeh1 yol vərəqəsi (etibarnamə) verilmişdir, Cavabdeh1 21 may 2023-cü il tarixdə həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə İddiaçı üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerinidəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir, İddiaçı almış olduğu xəsarətlərə görə özəl tibb müəssisəsində müalicə almış, həmin müalicə xərclərinin qiyməti 16323 manat məbləğində hesablanmışdır, hazırda iddiaçı həmin məbləği və mənəvi zərər qismində 5000 manat məbləği cavabdehdən tələb edir, Cavabdeh1 nümayəndəsi iddiaçıya müalicə xərclərinin qarşılanması üçün 2000 manat məbləğində pul verməyə razıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya yetirilmiş xəsarətlər Azərbaycan Respublikasında tətbiq edilən tibbi sığorta çərçivəsində “Xidmətlər zərfi”nə daxil olmaqla onun dövlət tibb müəssisələrində və ya müvafiq göndəriş əsasında özəl tibb müəssisələrində müalicəsi mümkündür, iddiaçı isə birbaşa özəl tibb müəssisəsinə müraciət etmişdir. Bununla belə, digər Cavabdeh2 baş vermiş hadisə üzrə təqsirinin olması müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin “sağlamlığa vurulmuş zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli (delikt) nəticəsinə iddiaçının xəsarət alması, bu xəsarətin aradan qaldırılması məqsədilə sonuncunun xərc çəkməsi işin mübahisəsiz halıdır, mülki qanunvericilik isə sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsinin həcmi və xarakterini müəyyən etməklə onu müəyyən şərtlərdən, (zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmaması ilə) asılı edir. Hazırki işdə də zərərçəkənin çəkdiyi xərcin – müalicənin məhz iddiaçının müalicə olunduğu özəl tibb müəssisəsində aparılmalı olması sübuta yetirilməmişdir, əksinə, həmin xərclərin tibbi sığorta çəçivəsində dövlət tərəfindən qarşılanması, iddiaçının isə bununla bağlı müraciət etmədən birbaşa özəl tibb müəssisəsinə müraciət etdiyi müəyyən edilmişdir ki, bu halda çəkilmiş xərcin zərərvurmuş şəxsin hesabına qarşılanması istisna edilir. Bununla belə məhkəmə, cavabdehin vurulmuş zərərin aradan qaldırılması məqsədilə 2000 manat məbləğində pul ödəməyə razı olmasını, əvvəllər də ödənişlər etməsi hallarını nəzərə alaraq iddia tələbinin qəbul edilən həddə təmin edilməsini mümkün hesab edir. Məhkəmə, iddianın dəlillərinə münasibətdə qeyd edir ki, istinad edilən “Əhalinin sağlamlığının müdafiəsi” haqqında Qanun, iddiaçı ilə cavabdeh arasındakı münasibətləri deyil, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir, hazırkı mübahisə isə, mülki hüquq pozuntularından irəli gəlməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi barədə normaları əsasında tənzimlənir və burada dəymiş zərərin ödənilməsi müəyyən şərtlərdən asılıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı səhhətinə ziyan vurulmasına səbəb olmuş, iddiaçının vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini, cavabdehin maddi vəziyyətini və onun hadisə zamanı davranışı, ödənişlərdə qismən istirak etməsini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 2000 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddia tələbinin Cavabdeh2 yönələn hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 etibarnamə bilavasitə nəqliyyat vasitəsinin mülkiyyətçisi “Avto Lizinq" MMC tərəfindən verildiyindən və baş vermiş hadisədə Cavabdeh2 hər hansı təqsiri müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə əsaslı deyil və təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ümumi məbləği sağlamlığa dəymiş ziyan kimi 2000 manat və mənəvi zərərə görə kompensasiya kimi 2000 manat olmaqla, ümumilikdə 4000 manat həddində müəyyən olunmalı, həmin məbləğ Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən dəymiş maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 4000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsində cavabdehlərə aid edilməli, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 2000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat olmaqla, ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar