Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-220/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili, cavabdeh X4 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tibb müəssisəsində müalicə zamanı yalnış diaqnoz nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2399,84 manatın, mənəvi zərərin əvəzi kimi 5000 manatın, cəmi 7399,84 manatın, habelə məhkəmə xərclərinin cavabdehlər tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəyişdirərək, maddi zərərin əvəzi kimi 2399,84 manatın, mənəvi zərərin əvəzi kimi 10000 manatın, cəmi 12399,84 manatın, habelə məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1 MMC və X3 birgə qaydada tutularaq on aödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 aprel 2020-ci il tarixdə günorta saatlarında mədə və qarın boşluğumdakı ağrılarla əlaqədar yaşadığı evin yaxınlığında olan Cavabdeh1nə müraciət etmişdir. Həmin vaxt ölkədə elan edilən koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi olduğundan, qeydiyyat bölməsində qastroenteroloq kimi yalnız Cavabdeh2 olduğu bildirilərək, onu həmin həkimə yönləndirmişlər. Həkim R. Həsənov ümumiyyətlə müayinə etmədən, yalnız şifahi şikayətlərini dinlədikdən sonra USM-ə yönləndirmişdir. USM nəticəsi kimi, qaraciyərdə hiperexogen ocaq-hemongiomanın, mədəaltı vəzidə diffuz dəyişikliyin, öd kisəsində xolestaz əlamətlərinin, qarın boşluğunda güclənmiş meteorizmin olduğu bildirilmiş və KT müayinəsi məsləhət görülmüşdür. ÜSM-nin nəticəsini həkim Cavabdeh2 təqdim etdikdə, o, hazırki mərhələdə KT müayinəsinə ehtiyac olmadığını bildirərək, bağırsaq keçirməzliyinin olub-olmamasını müəyyən etmək üçün iddiaçını rentgen müayinəsinə yönləndirmişdir. Qarın boşluğunun icmal rentgenoqrafiyasının nəticəsi kimi böyrəklərin, sidik axarlarının və sidik kisəsinin proyeksiyasında kölgəliklərin müşahidə edilmədiyi, bağırsaqlarda artıq miqdarda qazın olduğu qeyd edilmişdir. Sonda həkim ciddi problemin olmadığını bildirərək, resept yazmışdır. Reseptdə yazılan dərmanları alıb, dərhal müalicəyə başlamışdır. Ağrıları çox olduğu üçün işə çıxmağı qeyri-mümkün idi. Ona görə də həkimdən xəstəlik vərəqəsinin verilməsini xahiş etmişdir. Lakin həkim yalnız stasionar müalicədə olanlar üçün xəstəlik vərəqəsinin verildiyini bildirmişdir. Növbəti gün həkimlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, ağrıların keçmədiyini bildirmiş, habelə xəstəliyi ilə əlaqədar hər hansı bir sənədin verilməsini xahiş etmişdir. Həkim təyin olunmuş müalicəyə davam etməli olduğunu bildirmişdir. Xəstəliyi ilə əlaqədar i“Arayış” verilmişdir. Arayışda onun 14 və 15 aprel 2020ci il tarixlərində Cavabdeh1 MMC-də müayinə olunduğu və ona “kolit” diaqnozu qoyularaq, ambulator müalicənin təyin olunduğu yazılmışdır. Bu arayışdan sonra “kolit” diaqnozunun qoyulduğunu bilmişdir. Növbəti gün də, yəni 16 apreldə ağrıları keçmədiyi üçün “Diaqnoz” Tibb Mərkəzində təyin olunmuş diaqnoz və müalicənin effektivliyinə şübhəsi yaranmış və yaxın bir insanın məsləhəti əsasında “Ege hospital”da çalışan cərrah Edqard Nurməmmədova müraciət etmişdir. Həkim E. Nurməmmədov onu müayinə edərək, KT müayinəsinə yönləndirmiş, habelə qan analizi aparılmışdır. KT müayinəsi nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: “Apendikulyar çıxıntı çanaq boşluğunun sağ hissəsində yerləşmiş olub, diametri böyüyüb, divarları qalınlaşıbdır (kəskin perforativ apendisit). Mənfəzində fekolit izlənilir. Apendikulyar çıxıntının proksimal hissəsi ətrafında sərbəst hava qabarcığı mövcuddur. Paraçekal nahiyədə və çanaq boşluğunun sağ hissəsində piy toxuması ödemli və infiltrativdir. Regionar 10 mm-dən kiçik limfa düyünləri izlənilir. Paraçekal nahiyədə 34×30 mm ölçüdə ciblənmiş yığıntı (abses) aşkar edilir. Çanaq boşluğunda az miqdarda sərbəst hava izlənilir.” Tibb terminləri ilə yazılanlar ona belə izah olunmuşdur ki, appendisit partlayıb və bağırsaq deşilib, qarnında çox miqdarda irin və çirkab var, dərhal cərrahi müdaxilə olunmalıdır, həmçinin əməliyyatdan sonra uzunmüddətli müailəcə riski var. Appendisitin partlaması və bağırsağın deşilməsi nəticəsində irin və çirkabın qarına dolması insan həyatına təhlükə yaradır və belə hallarda ölüm riski kifayət qədərdir. Qeyd edilənlər, “Diaqnoz” Tibb Mərkəzinin həkiminin məsuliyyətsizliyi nəticəsində səhv diaqnozun və müalicənin nəticəsidir.16 aprel 2020-ci il tarixdə lokalizə olunmuş peritonitlə kəskin appendisit diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Həkimin peşəkarlığı nəticəsində əməliyyat uğurla nəticələnmiş, baş vermə ehtimalı yüksək olan mənfi hallar olmamışdır. Lakin adi appendisit əməliyyatından fərqli olaraq, 5 gecə xəstəxanada qalmalı olmuşdur. 21 apreldə evə yazılmış və müalicəni ev şəraitində davam etdirmişdir. Artıq qeyd etdiyim kimi, ağırlaşmamış appendisit əməliyyatı təxminən 15-20 dəqiqə davam edir və xəstə heç 24 saat keçməmiş evə yazılır. O isə 5 gecə xəstəxanada qalmalı olmuşdur. Bu müddət ərzində damar daxilinə sistemlər qoyularaq çox ağır antibiotiklər (“Tienam”), habelə çoxsaylı ağrıkəsici və hərarətsalıcı, mədəqoruyucu iynələr vurulmuşdur. Belə ki, əməliyyatdan sonra 3 gün ərzində vurulan antibiotiklər kifayət qədər təsir etməmiş və bu iynələrdən sonra qanında CRP (C reaktiv zülal) səviyyəsi normaldan təxminən 300 dəfə çox idi və hərarəti qalxırdı. Ona görə də daha ağır antibiotiklər təyin olunmuşdur. Xəstəxanadan çıxdıqdan sonra bu antibiotiklər, habelə ağrıkəsici və hərarətsalıcı, mədəqoruyucu dərmanlarla müalicə ev şəraitində (gündə 4 dəfə sistem köçürülürdü) davam etmişdir. Qanındakı CRP (C reaktiv zülal) səviyyəsi o qədər yüksək olmuşdur ki, ağır antibiotiklərlə 7 günlük və ondan öncə 3 günlük digər antibiotiklərlə müalicədən sonra belə 24 aprel 2020-ci il tarixində aparılan analiz nəticələrinə görə qanında CRP (C reaktiv zülal) səviyyəsi normaldan təxminən 12 dəfə çox idi. Ona görə də həkim yenidən tabletka şəklində antibiotiklə (“Moksikum”) 7 günlük müalicə təyin etmişdir. “Diaqnoz” Tibb Mərkəzində təyin olunan səhv diaqnoz və müalicə nəticəsində ona maddi zərər vurulmuşdur. Cərrahi əməliyyatdan öncə tam qarın boşluğunun kompüter tomoqrafiyasına görə - 120 manat və qan analizinə görə - 41 manat, cərrahi əməliyyata və xəstəxanada müalicəyə görə 1502,50 manat, 21 aprel 2020-ci il tarixdə (xəstəxanadan çıxdığı gün) apteklərdən dərman alınmasına görə 195 manat və 37 manat, 24 aprel 2020-ci il tarixdə aparılan müayinə və analizlərə görə 79 manat, 24 aprel 2020-ci il tarixdə (xəstəxanadan çıxdıqdan sonra həkim müayinəsində olduğu gün) dərman alınmasına görə 38,34 manat ödəmişdir. Bundan başqa, keyfiyyətsiz tibbi xidmətə görə “Diaqnoz” Tibb Mərkəzində 80 manat, 25 manat və 2 manat və həkim tərəfindən təyin olunan dərmanların alınmasına görə 50 manat xərc çəkmişdir. Bundan başqa, həkim Rafael Həsənov və cərrah E.Nurməmmədov tərəfindən təyin olunan sistemlərin (cəmi 13 ədəd) köçürülməsi ilə bağlı 130 manat və nəqliyyata 100 manat xərcləmişdir. Həmçinin səhv diaqnozun qoyulması və yanlış müalicənin təyin edilməsi ilə sağlamlığımın pozulması nəticəsində fiziki əzab, iztirab və mənəvi sarsıntı keçirmişdir. Belə ki, ağırlaşmamış appendisit əməliyyatı təxminən 15-20 dəqiqə davam edir və xəstə heç 24 saat keçməmiş evə yazılır və ona çox məhdud sayda və qısa müddətə yüngül antibiotiklər təyin edilir. O isə 5 gecə xəstəxanada qalmalı olmuşdur. Hədsiz dərəcədə halsız idi, güclü ağrıları və titrətmələri olurdu. Xəstəxanada qaldığı müddətdə və ev şəraitində çox ağır antibiotiklər (“Tienam”) sistemlə köçürülmüş, habelə çoxsaylı ağrıkəsici və hərarətsalıcı, mədəqoruyucu iynələr vurulmuşdur. Təyin olunmuş antibiotiklərin ağırlığı və uzun müddət bədəninə antibiotik yeridilməsi xəstəxanadan çıxdıqdan sonra 1 aylıq mədəqoruyucu tabletkanın yazılmasını şərtləndirmişdir. Antibiotiklərin orqanizmə vurduğu dağıdıcı zərər isə hamıya məlumdur və ağır antibiotikin özünə uyğun ağır fəsadları olur. Damarlarına vurulan çoxsaylı iynələr nəticəsində əli şişmiş, qolları göyərmişdir. Artıq elə bir vəziyyət yaranmışdı ki, tibb bacıları 4-5 cəhddən sonra iynəni damarına sala bilirdilər. Əllərində və qollarında çoxsaylı iynə yerlərinin günlərlə ağrıyırdı, hər dəfə (və bu gün ərzində dəfələrlə təkrarlanırdı) damarı deşiləndə ağrılar çəkirdi. Bundan başqa, bir aydan çox davam edən müalicə və reabilitasiya nəticəsində fiziki iztirabdan əlavə ağır stres və qorxu yaşamış, günlük həyat tərzi, iş ahəngi, normal ailə düzəni pozulmuş, vaxt itkisi ilə üzləşmişdir. Məhkəmə praktikasında bir qonşunun evindən digərinə su axması nəticəsində evinə su axıdılan qonşunun əsəbləşməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə 500 manat kompensasiya təyin olunduğu hallar çoxsaylıdır. Əsəbləməyinə görə yox, fiziki əzab nəticəsində iztirab və mənəvi sarsıntı keçirdiyinə görə mənəvi zərərin ödənilməsini tələb edir. Mövcud məhkəmə praktikasını nəzərə alaraq mənəvi zərərə görə 5000 manat pul tələb edir. Məsələnin sülh yolu ilə həll edilməsi üçün Cavabdeh1nin baş həkiminin yanında olmuşdur. İlk görüşdə onun özü də etiraf etmişdir ki, əgər həkim KT müayinəsinə yönləndirsə idi, düzgün diaqnoz qoyulardı, ümumiyyətlə isə Cavabdeh2 müalicə təyin etməyə ixtiyarı yox idi, onu cərraha yönləndirməli idi. Sonrakı görüşdə isə baş həkim Cavabdeh2 onunla qəsd-qərəzinin, düşmənçiliyinin olmadığını, həkimin heç bir səhvə yol vermədiyini, həkimin həmin vaxt apendisit əlamətlərini görmədiyini bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, həkimin qəsdən səhv diaqnoz qoyduğunu, onunla düşmənçilik etdiyini iddia etmir. Əgər burada qəsd olsa idi, mülki məsuliyyətdən əlavə, həm də cinayət məsuliyyətindən söhbət gedəcəkdi. Həkimin səhv etdiyini, apendisitin əlamətlərini görməli olduğu halda görmədiyini, bu əlamətləri görmək üçün lazımi müayinələr (KT müayinəsi, qan analizi) aparmadığını, etdiyi səhv nəticəsində həyatına təhlükə yarandığını, yüngül cərrahi əməliyyatla aradan qaldırıla bilən halın həyati təhlükə vəziyyətinə gətirildiyini iddia edir. Kəskin appendisit əməliyyatı olunmamışdan bir gün öncə ona Cavabdeh1ndə “kolit” diaqnozu qoyulmuşdur. Bu, tibb müəssisəsinin baş həkiminin adından verilən arayışda öz əksini tapmışdır. bu sahədə mütəxəssis olmasa da, internetdə apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, həkim Cavabdeh2 təyin etdiyi müalicə heç onu özü tərəfindən qoyulan diaqnoza (kolit) uyğun deyildir. Onun yazdığı dərmanlar daha çox mədədəki narahatçılıqlar (diareya, qidalanma rejiminin pozulması və s.) üçün uyğundur, həmin dərmanların istifadəsinə dair göstərişlərdə ümumiyyətlə kolitin adı çəkilmir. Kolit diaqnozu fiziki müayinələr (məsələn, qarının palpasiyası), instrumental metodlar (məsələn, endoskopiya) və laborator nəticələr əsasında qoyulur. Lakin Cavabdeh2 bunların heç birini tətbiq etmədən, 15 dəqiqəlik söhbət əsasında ilk öncə heç bir diaqnoz qoymadan müalicə yazmış, növbəti gün isə kolit diaqnozu barədə arayış vermişdir. Apendisit vaxtında və düzgün diaqnoz ilə yüngül cərrahi əməliyyatla aradan qaldırla bilindiyi halda, diaqnoz və müalicədə gecikilməsi səbəbindən (həkimin səhvi ucbatından onun vəziyyətində olduğu kimi), müalicəsi uzun vaxt alan, hətta ölümə gətirə biləcək bir xəstəlikdir. Vaxtında appendisitə xas əlamətlərlə tibb müəssisəsinə müraciət etməyinə baxmayaraq, həkimin səhvi nəticəsində aparılmalı olan müayinələr aparılmamış, səhv diaqnoz qoyulmuş və nəticədə yanlış müalicə təyin edilmişdir. Bütün bunlar ölüm riski yüksək olan kəskin apendisitə səbəb olmuşdur. Cavabdeh1nə müraciət etdiyi gün KT müayinəsi və qan analizi aparılsa idi, bütün bunlar baş verməyəcəkdi. Onda olan xəstəlik hər hansı nadir, təyin olunması çətin xəstəlik deyildi və hamıya bəlli olan müayinələr nəticəsində asanlıqla müəyyən oluna bilərdi. İddiaçı həmçinin Cavabdeh1”nin və həkim Cavabdeh2 fəaliyyətinin qiymətləndirilməsinin və onlar barəsində müvafiq hüquqi prosedurların görülməsinin zəruriliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin diqqətinə çatdırılmasını, cavabdehlərin və ekspertlərin hərəkətlərində Cinayət Məcəlləsinin müvafiq olaraq 294.1-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılmasını və bu barədə prokurora xəbər verilməsini, məhkəmə qətnaməsində Cavabdeh1ndə göstərilən keyfiyyətsiz tibbi xidmətə nəzarət üzrə Səhiyyə Nazirliyinin publik səlahiyyətlərini həyata keçirməsi məsələsinə də qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili, digər cavabdeh X4 vəkili X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı USM və rentgen müayinəsindən keçirilib və ona şikayətlərinə uyğun olaraq müayinə təyin olunub, resept verilib. Sonrakı müayinədə yaranan prosseslər rentgendə aşkar edilməyib. Buna görə də iddianı qəbul etmirlər. Məhkəmə izahatları dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “Daxili orqanların ultrasəs müayinə protokolu”ndan görünür ki, iddiaçı 14.04.2020-ci il tarixdə Cavabdeh1ndə USM-dən keçmiş və müayinənin nəticəsi kimi, qaraciyərdə hiperexogen ocaq-hemongiomanın, mədəaltı vəzidə diffuz dəyişikliyin, öd kisəsində xolestaz əlamətlərinin, qarın boşluğunda güclənmiş meteorizmin olduğu bildirilmiş və KT müayinəsi məsləhət görülmüşdür. İş materiallarında olan “Qarın boşuğunun rentgenoqrafiyası”ndan görünür ki, iddiaçı 14.04.2020-ci il tarixdə Cavabdeh1ndə qarın boşluğunun R-qrammasından keçmiş və müayinənin nəticəsi kimi böyrəklərin, sidik axarlarının və sidik kisəsinin proyeksiyasında kölgəliklərin müşahidə edilmədiyi, bağırsaqlarda artıq miqdarda qazın olduğu qeyd edilmişdir. İş materiallarında olan A 009703 saylı resept blankından görünür ki, həkim Həsənov Rəfail 14.04.2020-ci il tarixdə iddiaçıya müalicə təyin etmişdir: 1. Na Cl ogt. 200.V3. Buscopan –N3, pantaprazol-N3 gündə 1 dəfə v/d; 2. Smekta N15-gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl; 3. Ketanol N3 gündə 3 dəfə ə/d. İş materiallarında olan Cavabdeh1 tərəfindən iddiaçının adına verilən 15 aprel 2020ci il tarixli “Arayış”da qeyd edilmişdir ki, iddiaçı 14 və 15 aprel 2020-ci il tarixlərində Cavabdeh1 MMC-də müayinə olunmuş, ona “kolit” diaqnozu qoyulmuş və ambulator müalicə təyin olunmuşdur. İş materiallarında olan “Tam qarın boşluğunun KT müayinəsi”nin nəticəsindən görünür ki, iddiaçı 16 aprel 2020-ci il tarixdə “Ege hospital”da KT müayinəsindən keçmiş və müayinə nəticəsində müəyyən olunmuşdur: “Apendikulyar çıxıntı çanaq boşluğunun sağ hissəsində yerləşmiş olub, diametri böyüyüb, divarları qalınlaşıbdır (kəskin perforativ apendisit). Mənfəzində fekolit izlənilir. Apendikulyar çıxıntının proksimal hissəsi ətrafında sərbəst hava qabarcığı mövcuddur. Paraçekal nahiyədə və çanaq boşluğunun sağ hissəsində piy toxuması ödemli və infiltrativdir. Regionar 10 mm-dən kiçik limfa düyünləri izlənilir. Paraçekal nahiyədə 34×30 mm ölçüdə ciblənmiş yığıntı (abses) aşkar edilir. Çanaq boşluğunda az miqdarda sərbəst hava izlənilir.”. İş materiallarında olan “Ege Hospital”da iddiaçının adına tərtib edilmiş epikrizdən görünür ki, iddiaçı 16 aprel 2020-ci il tarixdə xəstəxanaya daxil olmuş, 21 aprel 2020-ci il taixdə evə yazılmışdır. Ona “kəskin perfore appendisit” diaqnozu qoyulmuş, 16 aprel 2020ci il tarixdə laparoskopik appendektomiya əməliyyatı icra olunmuşdur. İş materiallarında olan “Ege Hospital”-ın Hesab-fakturasından və ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı 16.04.2020-ci il tarixdə “Ege Hospital”-ında əməliyyat olunduğu tarixdən sonra, yəni baş vermiş perforasiya üçün aparılmış müalicə müddətində 17.04.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək 912,11 manat məbləğində ödəniş edilmişdir. İddiaçının adına Cavabdeh1ndə tərtib olunmuş “Ambulator xəstənin tibbi kartası”nda qeyd edilmişdir ki, 14.04.2020-ci il tarixdə iddiaçı qarında olan ağrıdan, ümumi zəiflikdən, ürəkbulanmadan şikayət edir, 3 gündür defeksasiya aktı müşahidə olunmur. Xəstə irriqoskopik müayinəyə göndərilmiş, müayinədə spastik kolit aşkar olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, təxminən bir il öncə aprel ayında bir məclisdə yığışmışdılar. Axşama doğru həyat yoldaşı (iddiaçı) mədəbağırsağında problemlər yaşadı, qarın boşluğunda ağrılar oldu. Səhəri günü tanış həkimlə əlaqə saxlamışlar. Həmin gün həyat yoldaşının qusmaları olmuşdu. Soyuqlamadan, yeməklə bağlı mədə-bağırsağında pozuntulardan şübhələndilər. Tanış həkimin tövsiyəsi sistem qoyuldu, serukal vuruldu. Həmin ərəfədə xüsusi karantin rejimi olduğundan evdən distant işləyirdilər. Həftənin ikinci günü, pandemiya olduğuna və xəstə ağır vəziyyətdə olduğuna görə yaxınlıqda olan tibb müəssisəsinə müraciət etdilər. İddiaçı ikiqat vəziyyətdə idi. Yolu nəzərə alaraq, uzaq məsafəyə getməmək üçün Cavabdeh1nə getmişdilər. Qeydiyyata yaxınlaşaraq, problemləri bildirdilər və onları qastreontoloqa yönəltdilər. Həkimə yaxılaşdılar, həkim 2-ci mərtəbədə otururdu. Həkimə münasibətdə o, sağda, yoldaşı solda əyləşdi. Həkim onları ümumi dinlədi, USM-i məsləhət gördü. USM aparıldı, onun nəticəsi əsasında yenidən həkimə yaxınlaşdılar. Ondan öncə USM-nin nəticəsi ilə özü tanış olmuşdu. Müayinənin nəticəsində yazılmışdı ki, KT müayinəsi tövsiyə olunur. USM heç bir nəticəyə gələ bilmədiyindən, KT-ni məsləhət görmüşdü. Həkim bildirmişdir ki, problem görmür, resept yazır. Nəsə baş verərsə həkim onunla əlaqə saxlamağı tövsiyə edir. O (şahid), şəxsən həkimə bildirmişdir ki, KT müayinəsi tövsiyə olunursa, bəlkə KT edilsin və ya qan analizi edilsin ki, bir nəticəyə gəlinsin, problem müəyyən olunsun. Həkim əlavə xərclərə ehtiyac olmadığını, o, pul məsələsinin önəmli olmadığını, həkimin göndərişinin lazım olduğunu bildirmişdir. Həkim öz dediyində durmuş, yazdıqlarını etməyi tövsiyə etmişdir. Həkim əlaqə nömrəsini vermişdir ki, nəsə olsa əlaqə saxlanılsın. Dərmanları almış, müalicəni aparmağa başlamışlar. Ağrıkəsici yazıldığına görə ağrılar müəyyən zamanlarda olmasa da, ağrıkəsicinin təsiri keçəndən sonra təkrar qayıdırdı. Evdən işləyirdiklərinə və sənəd dövriyyəsi elektron olduğuna görə daim kompüter qarşısında olmalı idilər. Yoldaşı işlə əlaqə saxlamış, nasazlığı olduğunu, işə qoşula bilməyəcəyini bildirmişdir. İşdən bülleten tələb etmişlər. Yenidən həkimə yaxınlaşmışdır. Yoldaşı da həkimlə telefonla əlaqə saxlamışdır ki, ağrılar keçmir. Həkimdən bülleten təqdim etməyi xahiş etmişdir. Xəstəxanada yatmadığına görə bülleten verməkdən imtina etdilər, lakin tibb mərkəzinə gəldiyinə görə məlumat üçün arayış verdilər. Arayışda “kolit” diaqnozu yazıldı, amma nə əsasla bunun müəyyən edildiyini bilmir. Həftənin 4-cü günü bir nəticə əldə olunmadığını görüb, haraya müraciət edə biləcəkləri ilə bağlı məcburən araşdırma apardılar. “Ege hospital”a getmişlər. “Ege hospital”da həkim müayinə otağına keçib, xəstəni müayinə etmişdir. Cavabdeh1ndə isə həkim ayağa durub, bir dəfə olsun yaxınlaşıb yoldaşını yoxlamamışdır, heç bir şey yoxlamadan, palpasiya etmədən oturduğu yerdən öz mülahizəsinə uyğun qərar vermişdir. Amma “Ege hospital”da həkim ilk növbədə yoxlamış, sonra KT təyin etmişdir. KT nəticəsində həkim bildirdi ki, artıq perforasiya olub və bütün zərərli maddələr bədəninə dağılıb, vəziyyət ciddidir, dərhal cərrahi əməliyyat olmalıdır. Məhkəməyə müraciət etməmişdən öncə Cavabdeh1nin baş həkimi ilə görüşmüşdür. Həkimlə də görüşmək istəyirdi, lakin həkim gəlmədi. Onlara məhkəməyə müraciət etmək tövsiyə olundu. Baxmayaraq ki, şahid iddiaçının yaxın qohumudur, onun ifadəsi işdə olan digər sübutlarla inkar olunmadığından, habelə cavabdeh tərəf ifadənin həqiqiliyinə şübhə yarada biləcək heç bir dəlil irəli sürmədiyindən, məhkəmə şahid ifadəsini inandırıcı qəbul edir. Cavabdeh1ndə həkim R. Həsənov tərəfindən iddiaçıya düzgün müayinə və müalicənin tətbiq edilib-edilmədiyini, diaqnozun düzgün qoyulması üçün yetərincə müayinənin aparılıb-aparılmadığını müəyyən etmək üçün ekspertiza təyin edilmiş, bu məqsədlə ekspertiza qarşısında 18 sual qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin KEŞ-497 saylı 21.11.2020-ci il tarixli rəyi 06 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert rəyində çoxsaylı tibbi terminlərdən istifadə edildiyinə, ekspertin rəyi kifayət qədər aydın olmadığına, bir çox suallara birmənalı cavab verilmədiyinə görə ekspertlər Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev məhkəmə iclasında dindirilmişdir. İddiaçı ekspert rəyi ilə bağlı mülahizələrini təqdim etmiş, ekzpertiza aparılarkən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun və Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”nin tələblərinin pozulduğunu bildirmiş və mübahisənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 21 oktyabr 2009-cu il tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol”u nəzərə alıb həll edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili ekspertiza rəyi ilə razı olduğunu bildirmişdir. Ekspert rəyində 2-ci, 8-ci, 15-ci, 16-cı və 17-ci suallara cavablarda klinik protokollara (protokolların adları çəkilmədən) istinad olunsa da, ekspertlərin məhkəmə iclasında dindirilməsi nəticəsində müəyyən olunur ki, faktiki olaraq rəy verilərkən heç bir klinik protokol nəzərə alınmayıb. X9 rəyi verərkən Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokolu” əsas götürmədiklərini, protokolun tövsiyə xarakteri daşıdığını, rəyi protokolla vermədiklərini, kolitin diaqnostika və müalicəsi üzrə analoji protokolun olub-olmadığını bilmədiyini, ekspert Nazim Həsənov isə cərrahi fəaliyyətə dair Azərbaycanda klinik protokol olmadığını, appendisitlə bağlı klinik protokolun təsdiq olunmadığını, heç kimin o protokolla “işləmədiyi”ni bildirmişdir. Həmçinin 3-cü suala cavabda diaqnozun düzgün qoyulması üçün yetərincə müayinənin aparılması sualına cavab verilməmiş, 8-ci suala cavabda appendisitin müəyyən olunmasında həkimin fiziki müayinəsinin, KT-nin və qan analizinin əhəmiyyəti məsələsinə aydınlıq gətirilməmiş, həkimə müraciət edilən gün fiziki müayinə, KT müayinəsi və qan analizi aparılsa idi, “xəstəyə “appendisit” diaqnozu qoyula bilərdimi” sualına cavab verilməmiş, 9-cu sual ağırlaşmanın ilkin əlamətlərdən neçə gün sonra baş verməsi barədə olduğu halda, cavabda ağırlaşmadan sonrakı vəziyyətdən bəhs olunmuş, 12-ci sual isə konkret məsələlərə münasibət bildirilməsini tələb etdiyi halda, ümumi cavab verilmişdir. Bundan başqa, 8-ci suala cavabda iddiaçı Cavabdeh1ndə müayinə olunarkən obyektiv müayinə üsullarının tətbiq edildiyi qeyd edilsə də, bu, heç bir tibbi sənədlə təsdiq olunmur. “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol”a əsasən obyektiv müayinə (yerli və ümumi obyektiv müayinə) palpasiya və hərəkət nəticəsində qarında ağrı və gərginlik, həmçinin ağrının lokalizasiyasının müəyyən edilməsini, bədən temperaturunun, nəbzin, tənəffüs tezliyinin və qan təzyiqinin ölçülməsini nəzərdə tutur. İddiaçının adına tərtib olunmuş “Ambulator xəstənin tibbi kartası”nda xəstənin nəbzinin və qan təzyiqinin ölçüldüyü, palpasiyada qarının sağ qalça çuxuru nahiyəsində ağrılı olduğu qeyd edilmişdir. Tibbi kartaya faktiki olaraq keçirilməyən müayinə barədə məlumatlar daxil edildiyindən məhkəmə həmin sənədi mötəbər sübut kimi nəzərə almır. Belə ki, tibbi kartada iddiaçının 14.04.2020-ci il tarixdə irriqoskopik müayinəyə göndərilməsinə və müayinədə xəstədə spastik kolitin aşkarlanmasına dair qeydlər edilmişdir. İddiaçı həkimin belə bir müayinə təyin etdiyini inkar etdiyindən, habelə tibbi kartaya bu müayinənin nəticələri yox, USM və rentgen müayinəsinin nəticələri əlavə olunduğundan irriqoskopik müayinənin nəticələri və həmin müayinəyə görə ödənişin edilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi cavabdeh tərəfə təklif olunmuşdur. Cavabdehlərin nümayəndəsi və vəkili bu sənədlərin olmadığını, belə bir müayinənin keçirilmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahid Ramil Mirzəzadə də həkimin obyektiv müayinə tədbirlərinin tətbiq edilmədiyini təsdiq etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, həkim Cavabdeh2 iddiaçını müayinə edərkən obyektiv müayinə tədbirləri - palpasiya və hərəkət nəticəsində qarında ağrı və gərginlik, həmçinin ağrının lokalizasiyası müəyyən edilməmiş, bədən temperaturu, nəbz, tənəffüs tezliyi və qan təzyiqi ölçülməmiş, həmçinin “kolit” diaqnozunun qoyulması üçün zəruri olan irriqoskpik müayinə keçirilməmişdir. Qeyd edilənlər əsasında həm də “kolit” diaqnozunun düzgün hesab edilməsi barədə ekspertin gəldiyi nəticənin (3-cü suala cavabda) heç bir tibbi sənədlə təsdiq olunmadığı müəyyən olunur. Belə ki, “kolit” diaqnozunun ultrasəs və rentgenoloji müayinələrin nəticəsi əsasında təyin edildiyi göstərilsə də, həmin müayinələrin nəticəsində “kolit”lə bağlı heç bir qeyd yoxdur. 16 aprel 2020-ci il tarixli KT müayinəsində də iddiaçıda “kolit” xəstəliyinin əlamətlərinin aşkar olunması barədə heç bir məlumata rast gəlinmir. Məhkəmə iclasında ekspertlərin bildirdiklərini və Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokolu” (klinik protokol Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəsmi internet səhifəsində dərc olunumuşdur, yəni ictimai açıq məlumatdır: https://isim.az/upload/File/reports/29_Appendisit.pdf) əsas götürməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh1ndə müayinə və müalicəsi zamanı həkim qastreontoloq Cavabdeh2 yetərli müayinələr keçirməmiş, ona səhv diaqnoz qoymuş, qastreontoloji xəstəliyin olmadığını təsbit edib, xəstəni cərraha yönəltməli olduğu halda səhv müalicə təyin etmiş, bunun nəticəsində iddiaçının əziyyət çəkdiyi xəstəlikdən müalicəsi gecikdirilmiş və bu gecikdirmə nəticəsində onun həyatına təhlükəli vəziyyət yaranmışdır. “Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokolu”nda qeyd edilmişdir ki, kəskin appendisit (KA) soxulcanabənzər çıxıntının kəskin iltihabi xəstəliyidir. KA-nın standart müalicəsi açıq və ya laparoskopik appendektomiyadır. Kəskin appendisit ən çox rast gəlinən təcili cərrahi xəstəlikdir. Diaqnoz qoyulduqdan sonra əməliyyat gecikdirilməməlidir. Xəstəlik başlandıqdan sonra 12 saatdan az müddətdə appendektomiyanın icra edilməsi erkən, 12-24 saat ərzində icra edilməsi gec sayılır. Kəskin appendisit müalicə olunmasa, çıxıntının qanqrenası və perforasiyası baş verə bilər. Nekroz və ya perforasiya 24-48 saat ərzində baş verir. Perforasiya absesə, peritonitə və piyeloflebit kimi təhlükəli ağırlaşmalara səbəb ola bilir. İlk əlamətdən 36 saat keçdikdən sonra perforasiyanın yaranma ehtimalı 16-36% təşkil edir və risk hər 12 saatlıq ləngimədə 5% artır. Appendektomiya nisbətən təhlükəsiz əməliyyat hesab olunur və perforasiya baş vermədiyi hallarda ölüm göstəricisi hər 1000 nəfərə 0,8 təşkil edir. Ölüm və ağırlaşma halları xəstəliyin mərhələsi ilə əlaqəlidir və perforasiya zamanı bu ehtimal artır. Perforasiya hallarının baş verməsi və bunun nəticəsində ölüm hallarının yüksək olması (müvafiq olaraq 20 və 25%) neqativ appendektomiya göstəricilərinin yüksək olmasını dəstəkləyir. Baxmayaraq ki, USM müayinəsi nəticəsində KT müayinəsi məsləhət görülmüşdür, həkim yenə də müayinə üsullarının seçimində səhvə yol verərək, həmin müayinəni təyin etməmişdir Hazırki iş üzrə iddiaçının Cavabdeh1ndə müayinə və müalicəsi zamanı həkim qastreontoloq Cavabdeh2 tərəfindən səhv diaqnoz qoyulması və nəticədə iddiaçının əziyyət çəkdiyi xəstəlikdən müalicəsinin gecikdirildiyi və onun həyatına təhlükəli vəziyyətin yarandığı sübut olunur, ona görə də iddiaçıya vurulmuş zərər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə müvafiq olaraq tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Məhkəmə maddi zərərin məbləğini müəyyən edərkən o faktı nəzərə alır ki, kəskin appendisit hər bir halda cərrahi müdaxilə ilə aradan qaldırılmalıdır, yəni perforasiya baş versə də, verməsə də cərrahi əməliyyat olur. Perforasiya baş verən və verməyən əməliyyat arasındakı fərq müalicənin müddəti, hazırki halda isə xəstəxanada qalma müddəti ilə bağlıdır. Odur ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli, iddiaçının “Ege” Hospitalında qaldığı və 17.04.2020-ci il tarixdən, yəni əməliyyat olunduğu tarixdən sonra əlavə qaldığı müddət üçün çəkdiyi əlavə xərclər hesablanaraq, 912,11 manat cavabdehlər Cavabdeh1 MMC və X3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir: - zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. - şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. - mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Appendisitin perforasiyası baş verdiyindən iddiaçının daha uzunmüddətli müalicəyə məruz qalması nəticəsində daha ağır fiziki əzab çəkməsi şübhəsizdir. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehlərdən iddiaçının xeyrinə 2.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Cavabdeh1nin və həkim Cavabdeh2 fəaliyyətinin qiymətləndirilməsinin və onlar barəsində müvafiq hüquqi prosedurların görülməsinin zəruriliyinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin diqqətinə çatdırılması, məhkəmə qətnaməsində Cavabdeh1ndə mənə göstərilən keyfiyyətsiz tibbi xidmətə nəzarət üzrə Səhiyyə Nazirliyinin publik səlahiyyətlərini həyata keçirməsi məsələsinə qiymət verilməsi barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Səhiyyə Nazirliyi işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan qəbul edilən məhkəmə qərarı ona da təqdim ediləcəkdir. Qeyd edilən məsələlər üzrə hər hansı tədbirin görülüb-görülməməsi Səhiyyə Nazirliyinin publik səlahiyyətlərinə aiddir. Cavabdehlərin və ekspertlərin hərəkətlərində Cinayət Məcəlləsinin müvafiq olaraq 294.1-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılması və bu barədə prokurora xəbər verilməsi ilə bağlı məhkəmə bildirir ki, ekspertlərin bilə-bilə yalan rəy verməsi və cavabdehlər tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı məsələlər hazırki mübahisənin bilavasitə predmeti olmamışdır, həmçinin xüsusi qərardadın çıxarılmaması cinayət təqibi orqanlarına müraciət imkanını məhdudlaşdırmır. Cavabdeh1 tərəfindən iddiaçının adına verilən 15 aprel 2020-ci il tarixli “Arayış”dakı imzanın baş həkimə deyil, onun müavininə məxsus olması məsələsinə qiymət verilməsi barədə iddiaçının dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf bu arayışın Cavabdeh1 tərəfindən verildiyini inkar etməmiş və həmin məsələ (imzanın kimə məxsusluğu) hazırki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Mənəvi ziyana görə 2000 (iki min) manat, maddi ziyana görə 912,11 manat (doqquz yüz on iki manat, on bir qəpik), ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2942,11 manat (iki min doqquz yüz qırx iki manat, on bir qəpik) cavabdehlər Cavabdeh1 MMC və X3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-220/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-220/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver