Məhkəmə qərarları › İş №2(011)-2223/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2223/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2223/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı 2008-ci il tarixdən cavabdehin strukturuna daxil olan idarələrdə müxtəlif vəzifələrdə işləmişdir. Əmək funksiyalarının icrası ilə bağlı 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə ünvan 1 ünvanında yaşayan abonentin mənzilində qaz sızmasını aradan qaldırdıqdan sonra evin pilləkənindən yıxılaraq xəsarət almış, bu barədə xx.xx.2018-ci il tarixdə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 02 nömrəli akt tərtib edilmiş və iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2019-cu il tarixdə AR ƏƏSMN Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona 5 il müddətinə (xx.xx.2024-cü ilədək) İİ qrup əlillik (əmək qabiliyyətini 70 faiz itirilməsi) təyin edilmişdir.

2. Növbəti dəfə iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2020-ci il tarixdə AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona yenidən 5 il müddətinə (xx.xx.2025-ci ilədək) İİ qrup əlillik (əmək qabiliyyətsiz) təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ikinci dəfə yoxlanılarkən onun səhhətində ağırlaşmaların olması müəyyən edilmişdir.

3. "xxxx" Sığorta ASC tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş sığorta aktı əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuş, iddiaçıya hər ay 490,11 manat məbləğində sığorta ödənişi ödənilir.

4. Peşə xəsarəti ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdən iddiaçı Cavabdeh İBnin Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə keçirilmişdir.

5. Daha sonra, cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

6. İddia ərizəsinin dəlilləri:

7. İddiaçı cavabdehdən onun xeyirinə maddi və mənəvi zərərin əvəzi olaraq 1000 000 (bir milyon) manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2008-ci il tarixdən cavabdehdə müxtəlif vəzifələrdə işləmişdir. Cavabdehin Təmir-Tikinti İdarəsi, Qəza Təmir Bərpa Sahəsini 1 saylı Qəza Təmir Bərpa Xidmətində 6-cı dərəcəli qaz təsərüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyən zaman 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə ünvan 2 ünvanında yerləşən mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra həmin mənzildə pilləkənlərlə birinci mərtəbəyə düşərkən hündürlükdən yıxılıb xəsarət almışdır. Bu barədə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında Akt tərtib olunmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində onun sağ qulağı 4-cü dərəcə kar olmuş, kəllə-beyin travması almış, beyində 4 mm aralanma yəni, çat yaranmış, sağ ayağının bud sümüyü qırılmış, sağ gözü zədə almış, hal-hazırda görmə qabliyyəti 60 faizdir. 2018-ci il tarixində ayağına qoyulan mil hələ də çıxarılmamışdır. Sağ əli tam olaraq işləmir, impuls qoyulmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona 5 il müddətində İİ qrup dərəcəsi əlillik verilmişdir. Əmək qabliyyəlinin 70%-ni itirmişdir. İş yerinin dəyişdirilməsi barədə ona məcburi ərizə yazdırdaraq xx.xx.2019-cu il tarixində cavabdeh Meterologiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə işə qəbul etmişlər. İş yerində bədən xəsarəti aldığı üçün səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan ona iş yerində bildirmişlər ki, işdən azad edilmişdir. Cavabdeh onu əlilliyə məhkum edib sonradan onu işdən azad etməklə onu müalicə və bərpa prosesindən məhrum etmişdir. Bundan əlavə, cavabdeh onun 3-ü azyaşlı olan ailəsini də aclığa məhkum etmişdirş. İşlədiyi dövrdə bankdan götürdüyü krediti də qaytara biləcək maddi durumda deyil. Onun əmək qabiliyyətini itirməyi üç azyaşlı uşağı təmin edə bilməməyinin, fiziki və psixi durumunun normal olmamasının nəticəsində həyat yoldaşı uşaqlarını da götürüb atası evinə getmiş və boşanma barəsində məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi cavabdehin texniki təhlükəsizlik qaydalarına əməl etməməsinin nəticəsində o, ağır xəsarətlər alaraq əlil olmuş və nəticədə ailəsi də dağılmaqla onun həyatı alt-üst olmuşdur. Bütün bu sadalananlar cavabdehin öz xidməti vəzifələrinə laqeyd yanaşmasına görə baş vermişdir. Bütün bu sadalananların nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə gecə vaxtı baş verib, ancaq iddiaçıya gecə vaxtı işıqlandırmaq üçün fənər belə verilməyib.

11. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsində etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə baş verən gün bütün işçilər təlimatlandırma jurnalına imza etməklə zəruri avadanlıqlarla təchiz edilmişlər. İddiaçı özü texniki təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə yıxılaraq xəsarət almışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

15. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 2.0.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

24. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə iddiaçının əmək qabiliyyətini itirilməsi ilə nəticələnən sağlamlığına dəymiş zərərin yaranmasında cavabdehin təqsirli olubolmaması, habelə cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.

25. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır (§ 16 və 17).

26. Məhkəmə qeyd edir ki, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tələb etməsi barədə iddiasına hüquqi qiymət verilərkən öncə baş vermiş hadisədə cavabdehin təqsirinin olub-olmaması aydınlaşdırılmalıdır.

27. İşin mübahisəsiz halıdır ki, iddiaçının sağlamlamlığına dəymiş zərərlə nəticələnən istehsalatda baş vermiş bədbəxt hadisə 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə saat 01:45 radələrində baş vermiş, iddiaçı qəza çağırışı ilə getdiyi yuxarıda qeyd edilən ünvandakı mənzildə qaz sızmasının qarşısını aldıqdan sonra məhəccəri olmayan beton pilləkənlərdən 1-ci mərtəbəyə yıxılaraq sağlamlığına zərər dəymişdir. İş materiallarda olan təhqiqat aktında baş vermiş hadisədə cavabdehin hər hansı cavabdehlik daşımaması göstərilsə də, o da işin mübahisə edilməyən hallarındandır ki, iddiaçı hadisə baş verən vaxt çilingər vəzifəsini icra edirdi və hadisə gecə vaxtı baş vermişdi. İddiaçının icra etdiyi peşənin təhlükəlilik dərəcəsi və həmin gün gecə növbəsində olduğu üçün, işçilər təhlükəsizlik vasitələri, məsələn ən azından əl fənəri və s. yerinə yetirdiyi işin xüsusiyyətinə uyğun olaraq, digər vasitələrlə təmin edilməli idi. Məhkəmə araşdırması gedişində cavabdehin nümayəndəsindən hadisə baş verən gün iddiaçını əl fənəri və s. kimi digər təhlükəsizlik vasitələri ilə təmin edib-etməmələri soruşulduqda, cavabdehin nümayəndəsi bu barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Ümumiyyətlə, iddiaçının texniki təhlükəsizlik avadanlıqları ilə təmin edilməsini təsdiq edən sübutlarını cavabdeh məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhlükəli işlərin yerinə yetirilməsi ilə bağlı işçilərin texniki təhlükəsizlik avadanlıq və vasitələri ilə təmin edilməsi özlüyündə iki mərhələni ehtiva edir: birincisi, həmin vasitələrin istifadə qaydalarının işəgötürən tərəfindən izahı və işçilər tərəfindən mənimsənilməsi; ikincisi, işəgötürən tərəfindən işçilərin həmin avadanlıq və vasitələrlə təmin edilməsi. Cavabdehin məhkəməyə təqdim etdiyi təhqiqat aktında iddiaçının əməyin mühafizəsi üzrə ümumi təhlükəsizlik qaydaları haqqında 2014-cü ildə ilkin, 2018-ci ildə sonuncu təlimat aldığı və biliyinin 2017-ci ildə yoxlanıldığı göstərilsə də, hadisə baş verən gecə iddiaçıya hansı təhlükəsizlik vasitələrinin verilməsi işin hallarından müəyyən edilmir və cavabdeh bununla bağlı heç bir sübut təqdim etməmişdir.

29. Məhkəmə qeyd edir ki, işçiləri əməyin mühafizəsi üztə təhlükəsizlik qaydaları ilə tanış etmək, təhlükəsizlik avadanlıq və vasitələri ilə təmin etmək hər bir işəgötürənin vəzifəsi kimi müəyyən olunduğundan, bu tədbirlərin lazımı qaydada yerinə yetirilməsini sübuta yetirmək də işəgötürənin üzrəinə düşür.

30. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında da göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Eyni zamanda, qərarda qeyd edilmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.

31. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.

32. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyətinin itirilməsinə səbəb olan sağlamlığına ziyan dəyməsində cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər müəyyən edildiyindən, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır.

33. Lakin məhkəmə qeyd edir ki, iddiaçı maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, işin hallarından müəyyən olunur ki, birincisi, iddiaçı cavabdeh tərəfindən ona hansı miqdarda maddi zərər vurulduğunu, vurulmuş maddi zərərin konkret olaraq nədə ifadə olduğunu izah edə bilməmişdir. Digər bir tərəfdən, işin mübahisəsiz halıdır ki, cavabdehlə üçüncü şəxs, "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmışdır.

34. Yuxarıda sığortanın anlayışı barədə qeyd edilən müddəaların mənasından da aydın olur ki, sığorta - sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış obyektə (sığorta olunanın əmlakı, həyatı, mülki məsuliyyəti və s.) zərər dəydiyi halda sığorta olunanın zərər dəymiş şəxsə ödəyəyəcəyi maddi zərərlə bağlı risklərinin bölüşdürülməsi, yaxud ötürülməsidir. Başqa sözlə, sığorta olunan (sığortalı) bu sahədə peşəkar fəaliyyətlə məşğul olan sığortaçıya razılaşdırılmış məbləğdə sığorta haqqı ödəyərək sığorta hadisəsi baş verəcəyi halda, zərər çəkmiş şəxsə ödəyəcəyi maddi zərərin əvəzini ödəmək öhdəliyini sığortaçıya ötürür. “Sığorta haqqında” AR Qanunun 2-ci maddəsinin 1 hissəsində də göstərilir ki, sığorta—sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.

35. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığorta olunan - iddiaçıya aylıq sığorta ödənişinin ümumi məbləği 38 228,58 manat müəyyən edilməklə hər ay 490,11 manat sığorta ödənişi edilir, xx.xx.2019-cu il tarixində isə iddiaçının protezlə təmin edilməsi üçün 1710,08 manat birdəfəlik ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından öz mülki məsuliyyətini sığortaladığından və iddiaçının aldığı xəsarətlərə görə müalicə, müayinə, protez və ortopedik cihazlarla təmin edilməsi üçün nəzərdə tutulmuş aylıq ödənişlər sığorta şirkəti tərəfindən qarşılandığından məhkəmə hesab edir ki, cavabdehdən maddi zərərin əvəzinin tutulması barədə iddia təmin edilə bilməz.

36. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı iddia tələbini isə qismən əsaslı hesab edir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

38. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

39. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

40. Əvvəldə də şərh edildiyi kimi, cavabdehin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, xx.xx.2019-cu il tarixdə sağlamlığı qiymtləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Sağ mil bilək oynağının sınıq-çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Oynaqların kontrakturası, sağğ diz və mil bilək oynağının postravmatik kontrakturası. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, İV dərəcəlik karlıq. Eşitmə sinirinin travması, sol tərəfli postravmatik kaxlear nevrit. Postravmatik ensefalopatiya. Ağ ciyərin digər travmaları, ağ ciyərlərin sıxılması. Bud sümüyü cisminin (diavizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı. Birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Sağ bu sümüyünün intramedulyar osteosintez və skafold osteosintezi əməliyyatından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarına və cibinin alt divarının bitişmiş sınığı. OU- Mioplya.VİS OD = 1.0 digər ensefalit mielit və ensefalomielit, Postravmatik stress, asteno depressiv təzahürlər, vegerativ disfunksiya diaqnozu qoyulmaqla, İİ qrup (əmək qabiliyyətiin 70% itirilməsi) əlillik dərəcəsi verilmişdir.

41. Həmçinin, iddiaçının növbəti xx.xx.2020-ci il tarixdə sağlamlığı qiymətləndirilərkən ona kəllədaxili travmanın nəticələri, QKBT. Baş beyinin sağ yarımkürəsinin alın payının əzilməsi. Ağırlaşma S04.6 eşitmə sinirinin travması, sol tərəfli postravmatik koxlear nevrit. Ağırlaşma F07.0. üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri. Ağırlaşma S12.0 birinci boyun fəqərəsinin sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı. Ağırlaşma S62.8 biləyin və əlin digər hissələrinin dəqiqləşdirilməmiş sınığı. Sağ mil bilək oynağının sınıq çıxığı. Sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma F07.8 baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri diaqnozu təyin edilməklə İİ qrup (əmək qabiliyyətsiz) əlillik dərəcəsi verilmişdir.

42. Göründüyü kimi, cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində iddiaçı çoxsaylı bədən xəsarətləri almış, hətta sonrakı dövrlərdə onun səhhətində ağırlaşmalar olmuşdur. Bütün bunların, yəni iddiaçının sağlamlığında sonradan ağırlaşmaqla baş vermiş bu dəyişikliklərin, onun şüurunda mənfi emosiyalara səbəb olması, iztirab çəkməsi isə şübhəsizdir. İddiaçının sağlamlığının tibbi sənədlərdə göstərilən həcmdə pozulması heç şübhəsiz ki, onun xoşbəxtlik hissinin azalmasına, stress keçirməsinə səbəb olmuşdur. Həm də nəzərə alınmalıdır ki, iddiaçı əmək qabiliyyətini itirdikdən sonra onun vəzifəsi dəyişdirilərək daha aşağı peşəyə işə qəbul edilmiş, bir müddət sonra isə iddiaçı ilə aralarında olan əmək münasibətlərinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının bu qaydada işdən azad edilməsi, sağlamlığının pozulması səbəbindən onun başqa yerdə əmək fəaliyyəti ilə məşğul ola bilməməsi iddiaçının daha da ağır psixoloji stress və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin təqsirindən sağlamlığının pozulması da nəzərə alındığı halda, düşdüyü ağır fizioloji durum onun mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Odur ki, mövcud şəraitdə yalnız pul kompensasiyası vasitəsilə ilə iddiaçı, müəyyən qədər təsəlli ala bilər.

43. Lakin məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı iddiası qismən təmin edilməlidir.

44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

46. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 25 000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 25 000 manat pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar