Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2240/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
2. Mənzil iddiaçıya satıldıqdan sonra mənzilin keçmiş mülkiyyətçisi mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin mənzildən köçüb getməyinə baxmayaraq qeydiyyatdan çıxmamışdır.
İddiaçının tələbi:
3. Cavabdeh ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh sözügedən mənzildə yaşamır, lakin hələ də qeydiyyatdadır. O, həmin şəxsi tanımır. O əvvəlki mülkiyyətçinin ailə üzvü olmamışdır. Məhkəmədən Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79, ünvanında yerləşən 1 nömrəli mənzildə qeydiyyatdadır.
8. AN-İ ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79, ünvanında yerləşən 1 nömrəli mənzili alıcı İddiaçı tam mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 80000 manata satmışdır.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79, ünvanında yerləşən 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
10. AR Xətai rayonu 85 saylı MKİS-nın məhkəmə bildirişinə cavabında qeyd edilir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79, ünvanında yaşamadığı üçün bildirişi ona təqdim etmək mümkün olmamışdır. Və s.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
12. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu il oktyabrın 1-də qüvvəyə minmişdir): 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı.
18. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasinin Qanununun 5-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini, eləcə də tərəflərin izahını və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və hər iki iddia tələbi rədd edilməlidir.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi İddiaçı ilə X1 arasında bağlanmış ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının mülkiyyətinə keçmiş (§8) və ona xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir (§9). Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ona görə də tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.
24. Göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.
25. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, cavabdeh iddiaçının və ya mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmamışdır. Ona görə də cavabdeh Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyildir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. (§17)
27. İşin hallarından da göründüyü kimi cavabdeh iddiaçının digər qohumu deyil və o əmək qabiliyyəti olmayan şəxs kimi iddiaçının himayəsində olmamışdır.
28. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdeh nə iddiaçının ailə üzvü, nə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs, nə də keçmiş mülkiyyətçinin ailə üzvləri olmamışdır.
29. Bu halda isə cavabdehin Mənzildən istifadə hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.
30. Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. (§18)
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 79 ünvanında yerləşən 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova