Məhkəmə qərarları › İş №2(011)-2253/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2253/2025

27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2253/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı cavabdehlərlə bri müddət əvvəl tanış olmuşlar. İddiaçı onun işə düzəlməsi məqsədilə Elnarə adlı qadına çatdırılması üçün cavabdehlərə 2000 manat pul vermişdir. İş elanını iddiaçı Yeganə adlı qadının “Whatsap” sosial şəbəkəsində olan “status” bölməsidən öyrənmiş, sonuncuya “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə “sms” yazdıqda, Yeganə iş yoldaşı Nərgizin qohumu Elnarə adlı qadının işə düzəltmə ilə məğul olduğunu ona bildirmişdir.

2. İddiçı işə düzəlmədiyindən pulunu tələb etdikdə, cavabdehlər pulun yalnız 1000 manat hissəsini iddiaçıya qaytarmışlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı 1000 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və 50 manat hüquqi xidmət xərcinin cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, himayəsində az yaşlı övladı və xəstə anası var. Onların maddi ehtiyaclarını qarşılamaq üçün rəfiqəsi ilə iş axtararkən sonuncu Yeganə adlı xanımın “Whatsap” sosial şəbəkəsindəki statusunda iş elanı görüb ona yazmış, Yeganə xanım da iş yoldaşı Nərgizin qohumu Elnarə xanımın işə düzəltmə ilə məşğul olduğunu demişdir. O, uşaq baxçasında müəllimə köməkçisi düzəlməsini istədikdə, onlar 2000 manat ödəməklə Hpvsan qəsəbəsində sosial binaların qarşısında başçaya işə düzələ biləcəyini demişlər. O, bankdan kredit götürərək həmin pulu cavabdehlərə vermişdir. Lakin xeyli müddət keçsə də, işə düzəlmədiyindən pulunu cavabdehlədən geri tələb etmişdir. Cavabdehlər isə onun pulunun yalnız 1000 manat qaytarmış, qalanını isə qaytarmamışlar. Sonradan bilmişdir ki, onlar yüzlərlə şəxslərdən də işə düzəltmək adı ilə pul almışlar. Polisə müraciət etsə də, mülki məsələ olduğundan məhkəməyə müraciət etməsini demişlər. Cavabdehlərdən dəfələrlə telefon vasitəsi ilə tələb etsə də, pulun verməkdən yayınmışlar. Sonuncu telefon danışığı zamanı isə cavabdehlər onunla kobud danışaraq pulu verməyəcəklərini bildirdilər.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehlər məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehlər əvvəlki məhkəmə iclaslarında iddianı etiraf edərək, həqiqtən də iddiaçını işə düzəltmək adı ilə ondan 2000 manat pul aldıqlarını, pulu iddiaçıdan alarkən ona yalan danışdıqlarını, onun hər hansı işə düzəltmək kimi bir imkanlarının olmadığını, sonradan həmin puldan 1000 manat qaytardıqalrını bildirdilər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097.1-ci maddələri təşkil edir.

24. Mülki Məcəllənin yuxarda göstərilən müddəalarının mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

25. Mülki Məcəllənin 21.2-ci maddəsində maddi zərərə verilən anlayışdan da görünür ki, zərər digər əsaslarla yanaşı həm də şəxsin öz əmlakından məhrum olması ilə nətəcələnən hüquq pozuntusunu ehtiva edir. İşin faktiki hallarından görünür ki, iddiaçı işə düzəldilməsi məqsədilə cavabdehlərə 2000 manat pul vermiş, sonradan 1000 manat qaytarılmış, 1000 manat isə qaytarılmamışdır. İdiaçı 1000 manat pul formasında əmlakından məhrum olaraq ona maddi həmin həcmdə maddi ziyan dəymişdir.

26. İddiaçıya zərər vurulmasına səbəb olan cavabdehlərin hərəkətlərinin qanuna zidd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Onlar hər ikisi də məhkəmə iclası zamanı bildirmişlər ki, iddiaçıdan işə düzəltmək adı ilə pul alarkən onu aldatmışlar, bu zaman iddiaçını işə düzəltməyəcəklərini bilirdilər. Göründyü kimi, cavabdehlərin bu hərəkətlərinin qanuna zidd olması birmənalıdır.

27. Cavabdehlərin onun pulunu tam olaraq qaytarmamaqla iddiaçıya ziyan vurulmasında təqsirli hərəkətlərinin olması iddiaçnın etibarından sui-istifadə edərək və aldadarq işə düzəltmək adı ilə 2000 manat (sonradan 1000 manat hissəsini qaytarmışlar) məbləğində pulun alınmasında ifadə edilir.

28. Məhkəmə eyni zamanda, hesab edir ki, şərh edilənlər cavabdehlərin əməli ilə (iddiaçını işə düzəltmək adı ilə yalan vəd vermələri) nəticə arasında (iddiaçının 1000 manat pulundan məhrum olması) səbəbli əlaqənin olması barədə nəticəyə gəlməyə də tam əsas verir.

29. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 1000 manat pulun cavabdehlərdən tələb etməsi əsaslı olduğundan təmin edilməlidir.

30. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi xidmətə görə ödədiyi 50 manat pulun tutulması hissəsində təmin edilə bilməz. İddiaçı həmin pulu işin məhkəməyə hazırlanması zamanı səf etdiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar