Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-226/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun həyat yoldaşı Əliyeva Seylan Nuşirəvan qızı xx.xx.2020-ci ildə COVİD-19 xəstəliyinə tutulması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mobil tipli hospitalına yerləşdirilmişdir. O, həmin hospitalda xx.xx.2021-ci il tarixədək stasionar müalicə almışdır. Vəziyyəti qismən yaxşılaşdıqdan sonra məsləhət görülmüşdür ki, tam sağalması üçün müalicənin davam etdirilməsi zəruridir. Buna görə də onlar onu Nərimanov rayonunda yerləşən "xxxx" MMC (Hospitalına), həmin vaxt hospitalda şöbə müdiri işləyən Zəfər adlı həkimin məsləhətinə əsasən yerləşdirmişlər. Xəstəni hospitala aparan təcili yardım maşını onlardan yol xərci kimi 500 manat məbləğində pul almış, hospitalda hər gün çarpayı qiyməti 200 manat təşkil etməsinə baxmayaraq, onlardan hər gün 500 manat tək çarpayı pulu alınırdı. Həyat yoldaşı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hospitalın reanimasiya şöbəsində müalicə almışdır. Həmin gün onu palataya köçürməli idilər, lakin vəziyyəti yenidən pisləşdi, ona görə ki, Zəfər həkim onu yataq xəstəsi olmasına baxmayaraq məcbur etmişdi ki, o, şar üfürsün. Bundan sonra o, onun rengen müayinəsindən keçirilməsini tələb etmişdir. Rengen müayinəsi zaman müəyyən olundu ki, onun ciyərləri şar üfürən zaman iki yerdən deşilmişdir. Buna görə də təcili onu əməliyyat etdilər və onun ciyərinə drenaj yerləşdirdilər. Zəfər həkim ona bildirdi ki, onların başqa imkanları yoxdur, həyat yoldaşı cərrahiyə əməliyyatına götürülməlidir. Buna görə də o, məcbur olub münasib bir cərrah axtarışında olmuş və xx.xx.2021-ci ildə DTX-nin hospitalı ilə əlaqə saxlayıb həyat yoldaşını ora aparmışdır. Bundan əvvəl Zəfər həkim həyat yoldaşını ağır vəziyyətdə qoyub çıxıb getmişdir. O, söz vermişdi ki, xəstənin köçürülməsində iştirak edəcək. Lakin o, verdiyi heç bir vədə əməl etmədi. "xxxx" MMC-nin (Hospitalın) rəhbərliyi ilə əlaqə saxlamaq istəmiş, çox çətinliklə hospitalın rəis müavini ilə telefon əlaqəsi yarada bilmiş və ona iradını bildirmişdir ki, onun yoldaşını sağaldacağına söz verməsinə baxmayaraq bunu etməmişlər, yoldaşı ölüm ayağındadır, o, onların hospitalına 11300 manat ödəniş etmiş və çox böyük mənəvi stres keçirmişdir. Ona vurulan maddi və mənəvi ziyanı heç olmasa qarşılasınlar ki, o, yoldaşının müalicəsini davam etdirə bilsin. Lakin Cavabdeh MMC-nin (Hospitalın) rəis müavini ona bildirmişdir ki, onun yerinə olsalar ödənişlərdən keçər, o, buna etiraz edəndə ona demişlər ki, get hara və kimə şikayət edirsən et. O, "xxxx" MMCnə (Hospitala) həyat yoldaşının müalicə və s. üçün 11300 manat pul ödəmişdir. Ancaq həmin hospitalın həkimləri və hal-hazırda hospitala rəhbərlik edən X2 yoldaşını sağaltmaq əvəzinə onun ağır vəziyyətə düşməsinə səbəb olmuşlar. Həyat yoldaşı xx.xx.2021-ci il tarxidə DTX-nin hospitalında əməliyyat olundu. Maddi cəhətdən imkansızlıq üzündən onu tam sağalmamış evə gətirmişlər. Hal-hazırda evdə hələ də oksigen aparatı ilə yaşayır. Həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin (Hospitalın) həkimlərinin hərəkətləri, onların xəstəyə qarşı diqqətsizliyi, səhlənkarlığı və səriştəsizliyi ona çox pis təsir etmişdir. O, həm maddi, həm də mənəvi zərər çəkmişdir. Ona görə də ona vurulmuş maddi və mənəvi zərərin cavabdehdən alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, hospitala 11300 manat pul ödəmiş, bu barədə qəbzlər var. Ona dəyən mənəvi zərəri isə 50000 manat qiymətləndirir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən (Hospitaldan) ona vurulmuş 11300 manat maddi zərərin və 50000 manat mənəvi zərərin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələblərini arvadı X1 cavabdeh kinikada müalicəsi vaxtı ciddi həkim səhvinə yol verilməsi ilə əsaslandırmışdır. İddianın predmeti xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan məhkəmə qərarı əsasında mülki iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizası keçirilmiş, tərəfin təqdim etdikləri çoxsaylı tibbi sənədlər ekspertlərə təqdim olunmuş və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq məhkəmə-tibbi ekspertizasına əsaslanmış ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin ekspertizanın nəticəsində məhkəməyə təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Şəxsinin 134/KEŞ saylı ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:
1. “Medistyle Hospital”da Seylan Əliyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 08 yanvar 2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Virus pnevmoniyasından sonrakı vəziyyət.Tənəffüs çatmamazlığı” diaqnozu düzgün təyin edilmişdir.
2. Seylan Əliyevaya “Medistyle Hospital”da göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.
3. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstə reanimasiya şöbəsinə yerləşdirilmiş, təyinat üzrə müayinə və mülaicəyə başlanılmışdır. Aparılan müalicə fonunda xəstənin vəziyyətində müsbət dinamika əldə edilmişdir. xx.xx.2021-ci il tarixdə xəstənin vəziyyəti qəflətən pisləşmiş, aparılmış döş qəfəsi rentgenoqrafiyasında sol tərəfli pnevmotoraks qeyd olunmuş və təcili xəstəyə sol plevral boşluğa drenaj qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə xəstənin ümumi vəziyyəti ağır olmuş və yaxınlarının istəyi ilə xəstə digər tibb müəssisəsinə köçürülmüşdür. S.Əliyevaya aparılmış müayinə və mülaicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla muhafizə edilir. Qanunla mudafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin odənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli torədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin odənilməsi tələb edilə bilər. Çünki delikt torətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna gorə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ gorə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun arvadının müalicəsi zamanı səhhətinə zərər vurmasını və buna gorə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun olaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyləri ilə təsdiq edilir ki, S.N.Əliyevaya “Medistyle Hospital”da aparılmış müalicələr hazırda Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuş, “Medistyle Hospital”da Seylan Əliyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 08 yanvar 2021-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Virus pnevmoniyasından sonrakı vəziyyət.Tənəffüs çatmamazlığı” diaqnozu düzgün təyin edilmiş, S.Əliyevaya aparılmış müayinə və mülaicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən onun Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova