Məhkəmə qərarları › İş №2(011)-228/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-228/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-228/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 43.200 manat məbləğində, mənəvi ziyana görə 10.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 53.230 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2011-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinin 40.000 manata satılmasına dair Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə cavabdeh iki ay müddətində mənzili tərk etməli olmuş, lakin həmin müddət bitdikdən sonra cavabdeh hələ də köçmək üçün ev tapmadığını bəhanə gətirərək iddiaçıdan dəfələrlə vaxt istəmişdir. İddiaçı onu başa düşərək bir müddət güzəştə getmişdir. Lakin bu proses 3 ilə yaxın davam etdiyi üçün iddiaçı məcbur olub cavabdehin mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(011)-5177/2014 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və cavabdehin həmin evdən çıxarılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən yenə qərəzli hərəkətlər davam etdirilmiş və o, həmin qətnamədən apeyasiya və kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(102)-2354/2015 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Lakin qərarın qəbul edilməsindən artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qərəzli şəkildə icra olunmamışdır. Onun hərəkətləri nəticəsində iddiaçıya həm maddi, həm mənəvi ziyan dəymişdir. Belə ki, o, mülkiyyətində olan mənzildən artıq 9 ilə yaxındır ki, istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı hazırkı iş üzrə cavabdehin alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş və dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, ev 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. O, həmin mənzili 40.000 manat ödəyərək satın almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(011)-5177/2014 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, 13 saylı evdən çıxarılması və həmin evin onun tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(103)-268/2015 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh 2011-ci ildən mənzilin dəyəri olaraq iddiaçı tərəfindən ödənilən 40.000 manatı almış, lakin müqavilədə nəzərdə tutulduğu kimi mənzili vaxtında tərk etməmişdir. 2015-ci il tarixli Ali Məhkəmənin qərarının olmasına baxmayaraq o mənzili boşaltmamış və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə olan halda iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona ziyan dəyməsinə istinad etməkdə və hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, icranı gecikdirmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində tələbkara zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının 43.200 manat məbləğində maddi ziyan tələbini araşdıraraq belə hesab edir ki, tələb edilən məbləğ tənasübsüz yüksək məbləğ olmaqla işin hər hansı halı ilə təsdiq olunmur. Belə ki, iddiaçı mənzil üçün ödədiyi pul vəsaitini hər hansı bankın depozit hesabına qoymaqla illik 12 faiz gəlir əldə edə biləcəyinə istinad etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının digər hesablaması da mənzilin kirayəyə verilməsindən aylıq 400 manat əldə edilməsi ilə bağlı olmuşdur. Məhkəmə istinad edilən məbləğin reallığı əks etdirmədiyi qənaətinə gələrək rəsmi internet saytlarında analoji mənzillərin kirayə qiymətlərini araşdırmış və ortalama kirayə qiymətinin 200 manat olmasını müəyyən etmişdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Daha sonra məhkəmə iddiaçının hüquqlarının pozulması ilə bağlı istinad etdiyi müddəti araşdıraraq hesab edir ki, qeyd edilən müddət iddiaçının istinad etdiyi kimi 9 ili əhatə etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin qərarından görünür ki, iddiaçı könüllü olaraq cavabdehə müəyyən müddət həmin mənzildə yaşaması üçün razılıq vermişdir. Belə olan halda müddətin axımı Ali Məhkəmənin cavabdehin mənzildən çıxarılması ilə bağlı qərarının qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Odur ki, müddətin axımı xx xxx 2015-ci il tarixdən hesablanmalıdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, 5 il üçün aylıq kirayə qiyməti 200 manatdan hesablanmaqla (200x5x12) cavabdehdən cəmi 12.000 manat pul vəsaiti tutularaq iddiaçiya ödənilməlidir. Məhkəmə cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlara qiymət verərək hesab edir ki, iddianın məhz iddiaçının məhkəmə qətnaməsini icrasını tələb etmədiyi əsası ilə rədd edilməsi qanunun mənasına zidd olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanunun mənasından irəli gələrək məhkəmə hesab edir ki, iddiaçının qərarın icrasını tələb etməməsi cavabdehi qərarın icrasından yayınmasına əsas sayıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı razılaşmanın olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından görünür ki, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, habelə zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübutu məhkəmə baxışı zamanı təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş rüsumun 15 manatı özünə aid edilməli, cavabdehdən rüsumun kəsrini təşkil edən 15 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaiti və 15 (on beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı onun özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar