Məhkəmə qərarları › İş №2(011)-2330/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2330/2025

29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2330/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin imtinasının əsassız hesab edilməsi, Xəzər rayonunda yerləşən 6,3 sot torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Xəzər rayonunda yerləşən 6,3 sot torpaq sahəsini xx.xx.2024-cü il tarixli etibarnamə yolu ilə almış və həmin torpaq sahəsində ev inşa etmişdir. Evə işıq və su xətti çəkilərək sayğac qoyulmuşdur. Ancaq dəfələrlə qaz xətti çəkmək üçün Cavabdeh İB-nə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Cavabdeh İB-nin imtinası əsassızdır, çünki torpaq sahəsi zəbt olunmamışdır. Həmçinin fərdi yaşayış evi qanunvericilikdə edilmiş dəyişiklikdən əvvəl inşa edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı Cavabdeh İB-nə ünvanladığı ərizədən və xx.xx.2024-cü il tarixli poçt qəbzindən görünür ki, İddiaçı Xəzər rayonunda yerləşən 6,3 sot torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün Cavabdeh İB-nə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçının qaz xətti çəkilməsini xahiş etdiyi ev iki mərtəbəli fərdi yaşayış evidir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. 13.10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır (2023-cü il oktyabrın 1-dən qüvvəyə minir). AR Nazirlər Kabinetinin xx.xx.2023-cü tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydası: 1.11. Qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Xəzər rayonu ərazisində yerləşən 6,3 sot torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, həmin evə qaz xəttinin çəkilməsi və sayğacın quraşdırılması üçün Cavabdeh İB-yə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən müraciətə cavab verilməmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçının qaz xəttinin çəkilməsini xahiş etdiyi fərdi yaşayış evinə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər, eləcə də, fərdi yaşayış evinin tikintisi zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatına əməl olunmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Yuxarıda sadalanmış normaların tələblərindən görünür ki, iddiaçının qazla təchiz edilməsini xahiş etdiyi evin qazlaşdırılması cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Lakin, hazırki halda qanunvericilik aktlarının tələbinə əsasən fərdi yaşayış evinin tikintisi zamanı məlumatlandırma icraatına əməl olunmasını təsdiq edən və texniki şərtin verilməsi üçün zəruri olan sənədlər mövcud olmadığından cavabdeh tərəfindən texniki şərtlərin verilməsi qeyri-mümkündür, odur ki, həmin evə qaz xəttinin çəkilməsi öhdəliyi də cavabdehin üzərinə qoyula bilməz. İş materialları ilə təsdiq olunur ki, iddiaçı qaz xəttinin çəkilməsi üçün cavabdehə “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə yuxarıda qeyd edilən dəyişiklik qüvvəyə mindiyi tarixdən sonra müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə müvafiq qadağanı nəzərdə tutan “Qaz təchizatı haqqında” Qanunun 13.10-1-ci maddəsi tətbiq edilməklə həll edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl edərək fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ əldə edərsə, həmin evə qaz xəttinin çəkilməsi ilə bağlı yenidən müraciət etmək imkanından məhrum edilməmişdir. Hazırkı məhkəmə araşdırmasının predmeti qanuvericiliyin tələb etdiyi sənədlərin mövcud olmadığı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar