Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2417/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdirlər ki, xx.xx.2020-ci il tarixdə iddiaçının oğlu X4 ilə gəlini- Cavabdeh rəsmi nikaha daxil olmuş və iddiaçıya məxsus evdə yaşamışdırlar. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6680/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X4 və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1075 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. X4 və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1075 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının gəlini, yəni Cavabdeh tələbə olaraq Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 2019-2024-cü illərdə cavabdeh qeyd edilən Universitetdə ödənişli əsaslarla təhsil almışdır. Təhsil haqqı 1700 manat təşkil etmişdir. Lakin 2020-ci ildə cavabdeh işləmədiyi üçün təhsil haqqı ödəməyə imkanı olmamışdır. Bundan başqa cavabdehin valideynləri tərəfindən təhsil haqqını ödəməkdən imtina etmişlər. Cavabdehin öz xahişinə əsasən iddiaçı ilə aralarında belə bir razılaşmaya gəlmişlər ki, iddiaçı təhsil haqlarını ödəyəcək, cavabdeh də öz növbəsində təhsilini bitirdikdən sonra iddiaçı tərəfindən ona verilmiş təhsil haqqını qaytaracaqdır. Aralarında olan razılaşmaya əsasən iddiaçı cavabdehə 2020,2021, 2022 və 2023-cü illər üzrə təhsil haqqı ödənişini vermiş, cavabdeh də öz növbəsində təhsil haqqını universitetə ödəmişdir. Artıq cavabdeh ali təhsil haqqında diplomunu da əldə etmişdir. Lakin cavabdeh məhkəmə qaydasında nikah pozulduğu üçün iddiaçının evində yaşamır. Cavabdeh öz ata evində yaşayır və ödənilmiş 6800 manat pulu qaytarmaq niyyətində deyildir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 6800 manat və ödənilmiş 88 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, o, 2021-ci ildə "xxxx" QSC-dən 2000 manat kredit götürmüş, 2022-ci ildə isə avtomobilini satmışdır. Cavabdehin anası cehizləri aldığı üçün iddiaçıya cavabdehin təhsil haqqının ödəməsini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, 2019-cu ildə universitetə qəbul olmuş, illik ödəniş 1700 manat olmuşdur. İlk ödənişini özü etmişdir. 2020-ci ildə nişanlanmış, 2020-ci ilin sentyabr ayında universitetə getmişdir. 2021-ci ildə ailə həyatı qurmuşdur. Qiyabi təhsil aldığı üçün universiteti 2024-cü il tarixdə bitirmişdir. 2021-ci ildə iddiaçı xəstə olmuşdur. İddiaçı qeyd etmişdir ki, təhsil xərclərini həmişə özü ödəmişdir, cavabdeh krediti oğlunun xərcləri üçün götürmüşdü. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6680/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, X4 və Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 1075 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü İddiaçı Sənan oğlunun anası Cavabdeh yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü İddiaçı Sənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay 235 manat miqdarında alimentin X1 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X2 tərəfindən Bakı Dövlət Universitetinin hesabına 19 avqust 2019-cu il tarixdə 1700 manat, 01 dekabr 2020-ci il tarixdə 1700 manat, 12 noyabr 2021-ci il tarixdə 1700 manat, 17 noyabr 2022-ci il tarixdə 1700 manat, 02 oktyabr 2023-cü il tarixdə 898 manat, 13 may 2024-cü il tarixdə 798 manat, 23 may 2024-cü il tarixdə 3 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı verilmiş 093005 nömrəli arayışdan görünür ki, 07 mart 2025-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, 24 noyabr 2020-ci il tarixli, 002A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı verilmiş 2000 manat məbləğində kredit üzrə "xxxx" QSC qarşısında olan kredit öhdəliyini 24 may 2021-ci il tarixdə tam olaraq yerinə yetirmişdir və hazırda həmin kredit müqaviləsi üzrə "xxxx" QSC qarşısında kredit öhdəliyi mövcud deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X4 ilə Cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6680/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh 2019-2024-cü il tarixlərdə Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil almış, illik ödənişi 1700 manat təşkil etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdeh üçün təhsil haqqı olaraq ödədiyi 6800 manat pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, iş materiallarında təhsil haqqının iddiaçı tərəfindən ödənilməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Eyni zamanda iş materiallarında olan qəbzlərdən görünür ki, 2019-2024-cü il tarixlərdə Bakı Dövlət Universitetinin hesabına təhsil haqqları cavabdeh tərəfindən həyata keçirilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2417/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2417/2025
21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver