Məhkəmə qərarları › İş №2(011)-2425/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2425/2022

04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2425/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı İddiaçı Səbail Rayon Bələdiyyəsinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Səbail Rayon Bələdiyyəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 48 ünvanda fəaliyyət göstərən “Gəncəli Plaza” oteli mehmanxanasına dair 2021-ci il üzrə “Bələdiyyə ərazisində mehmanxana sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabının bələdiyyəyə təqdim edilməsi və 2021-ci il üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Səbail bələdiyyəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Hazırkı ərizəyə baxış zamanı məhkəmə analoji mübahisəni həll edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibində qəbul ediyi “İddiaçı Bakı şəhəri Nəsimi rayonu Nəsimi bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsinə dair” iş üzrə 13 yanvar 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsaslanmağı zəruri hesab edir. İstinad edilən Qərara əsasən hazırkı mübahisənin aidiyyəti mülki hüquqdan, inzibati hüquqdan irəli gəlir. Hazırkı iddia ərizəsində 2 tələb qoyulmuşdur: 1) 2021-ci il üzrə ödəniş hesabının bələdiyyəyə təqdim edilməsi; 2) 2021-ci il üzrə yerli ödənişlərin bələdiyyəyə ödənilməsi. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunların tələblərinə görə, bələdiyyələr tərəfindən tətbiq edilən və yerli büdcənin gəlirlərinə aid olan ödənişlərdən biri bələdiyyə ərazisində mehmanxana xidmətləri göstərənlərdən alınan hər şəxs üçün sutkada 1,1 manatdan çox olmayan və yalnız təyinatı üzrə istifadə oluna bilən ödənişdir (mehmanxana rüsumudur). Bələdiyyə vergiləri kimi, bələdiyyə ödənişlərinin də düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, mehmanxana xidmətləri göstərənlərdən alınan ödəniş (mehmanxana rüsumu) üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (bələdiyyənin) digər tərəf (sahibkarlıq subyekti) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan maliyyə-büdcə münasibətləridir. Analoji vəziyyət bələdiyyə vergiləri üzrə yaranan hüquq münasibətlərində də müşahidə olunur. Bələdiyyə vergi və ödənişləri ilə bağlı yararan hüquq münasibətlərində bələdiyyələr 2005-ci il 21 oktyabr tarixində qəbul olunmuş “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edirlər. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82, 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. “İnzibati icraat haqqında” Qanunun 82, 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. Odur ki, məhkəmənin qənaətinə görə, MPM-in 261.0.1-ci maddəsinin tələbinə əsasən, hazırkı iddia tələblərinə istənilən halda mülki və ya kommersiya icraatı qaydasında baxıla bilməz. Tələblərdən birincisinə (2021-ci il üzrə ödənişin hesabının təqdim edilməsi) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia tələblərindən ikincisi (2021-ci il üzrə yerli ödənişlərin bələdiyyəyə ödənilməsi) isə, mahiyyət etibarilə, “İnzibati icraat haqqında” Qanunun 82, 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə uyğun olaraq, məhkəmədənkənar inzibati icraat qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ saylı Qanunun ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.35.6-cı bəndlərinin məzmunundan aydın olur ki, bələdiyyə yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, 2005-ci il 21 oktyabr tarixində qəbul olunmuş “İnzibati icraat haqqında” Qanunla isə bələdiyyələrə pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyəti verilmişdir. Göründüyü kimi, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” və “İnzibati icraat haqqında” Qanun bələdiyyələrə münasibətdə eyni məsələ ilə bağlı mahiyyət etibarilə birbirindən fərqli icraat qaydası ilə müşaiyət olunan iki müxtəlif davranış imkanı nəzərdə tutmuşdur. Odur ki, “İnzibati icraat haqqında” Qanunun 82, 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövr ərzində yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərək onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə, bələdiyyələr həmin aktı icra sənədi kimi məcburi qaydada icra olunmaq üçün aidiyyəti icra məmuru qurumuna göndərə bilərlər. Sahibkarlıq subyektinin özü isə sözügedən inzibati aktla razılaşmadıqda, onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. “İnzibati icraat haqqında” Qanun qəbul edildikdən sonrakı ötən dövrdə inzibati akt qəbul etmək səlahiyyətinə malik olan bütün orqan və qurumların pul tələblərinə münasibətdə artıq işlək mexanizmə çevrilmiş və özünü doğrultmuş eyni hüquqi təcrubə formalaşmışdır. Bu təcrübə bir tərəfdən, məhkəmələrdə əlavə iş yükünün qarşısının alınmasına, digər tərəfdən isə, orqan və qurumların pul tələblərinin çevik qaydada ödənilməsinə imkan verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı Səbail Bələdiyyəsinin Cavabdehnə qarşı - Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 48 ünvanda fəaliyyət göstərən “Gəncəli Plaza” oteli mehmanxanasına dair 2021-ci il üzrə “Bələdiyyə ərazisində mehmanxana sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabının bələdiyyəyə təqdim edilməsi və 2021-ci il üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Səbail bələdiyyəsinə ödənilməsi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar