Məhkəmə qərarları › İş №2(011)-2524/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2524/2023

15.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2524/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyəti olan ünvan 1 ünvanından xx xxxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh və onun övladları 02 mart 2012-ci il təvəllüdlü X3 və 12 oktyabr 2013-cü il təvəllüdlü X4 istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, 1971-ci ildən o, həmin mənzildə yaşayır, 01 iyul 2011-ci il tarixdə tam paylı hüquq sahibi kimi daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış almışdır. X11 ailə qurduqdan bir müddət sonra onun həyat yoldaşı Cavabdeh və birgə nikahdan olan övladları 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X7 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata salınmışlar. Son zamanlar oğlunun həyat yoldaşı ilə münasibətləri tam pozulduğundan birgə yaşamaları mümkün olmadığı üçün sonuncu nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Cavabdeh mülkiyyətində olan mənzildən çıxmağı xahiş etsə də, sonuncu buna məhəl qoymamış, mənzili boşaltmaq və qeydiyyatdan çıxmaqdan imtina etmişdir. İddiaçıya məxsus mənzildə üçüncü şəxslərin qeydiyyatda qalmağı mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyata keçirilməsinə mane olur. Daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçının tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı övladının ünvan 1-da olan 6 saylı mənzilə istifadə hüququnun tanınması və ünvan 1-ya dair 01 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ilə nikahlarını 19 aprel 2011-ci ildə 522 nömrəli qeydlə Xətai rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Bununla bağlı cehiz əmlakları ünvan 2 ünvanına aparılmışdır. 24 aprel 2011-ci il tarixdə el adəti ilə toyları olmuş və iddiaçı həmin tarixdən cehiz əmlaklarının aparıldığı mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladı 02 mart 2012-ci ildə X6 və 12 oktyabr 2013-cü il tarixdə X7 doğulmuşdur. Onların nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda iki övladı ilə həmin mənzildə yaşayır. Ona qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra məlum olmuşdur ki, həmin mənzil heç vaxt həmin mənzildə yaşamayan cavabdeh İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçının gəlin köçdüyü və hazırkı vaxta qədər fasiləsiz yaşadığı və istifadə etdiyi mənzilə iddiaçının istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırandan sonra bilmişdir ki, İddiaçı ünvan 2-ya dair xx.xx.2011-ci il tarixdə qanunsuz və əsassız olaraq tam paylı hüquq sahibi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır. Çıxarış alınana qədər iddiaçının gəlin köçdüyü, istifadə hüququnun olduğu, sonradan pasport qeydiyyatına alındığı və faktiki yaşamağına baxmayaraq mənzil özəlləşdirilərkən iddiaçıdan hər hansı razılıq ərizəsi alınmamışdır. Ona görə də hesab edir ki, qeyd edilən çıxarış etibarsız hesab edilməli və eyni zamanda onun gəlin köçdüyü mənzilə istifadə hüququ tanınmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İşin faktiki halları: Mülki işin materiallarından görünür ki, Cavabdeh 19 aprel 2011-ci il tarixdə iddiaçının oğlu olan X2 ilə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından sonra onlar ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yaşamağa başlamışlar. Tərəflərin birgə nikah dövründə 2012-ci il və 2013-cü ildə Heydərli Rəsul və Heydərli Rəhim adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e- 2(011)-444/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh istifadə hüququ mübahisələndirilən Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzil Xətai Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən iddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında mövcud olan arayışdan görünür ki, İddiaçı, Quliyeva Aidə, Məmmədova Nuranə və Heydərov Fərhad həmin ünvanda qeydiyyatda olmuşlar. İş materiallarında mövcud olan orderə əsasən istinad olunan nüvanda yerləşən mənzil iddiaçının atası X1 verilmişdir. Həmin orderə əsasən iddiaçı da mənzildə qeydiyyatda olmuşdur. Daha sonra İddiaçı müraciəti əsasında istinad olunan mənzil özəlləşdirilərək onun mənzilə dair mülkiyyət hüquqları təsdiq olunmuşdur. Özəlləşmə zamanı 82 saylı MKİS tərəfindən verilən arayışa (forma 2) əsasən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alındıqdan sonra mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil 01 iyul 2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh, onun övladları X6 və X7 hazırda İddiaçı məxsus ünvanda qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsi: hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun: 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı Cavabdeh Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzilə dair istifadə hüququnun mövcudluğuna dair mübahisə aşkarlanmışdır. Cavabdeh 2011-ci ildə mənzildə yaşamasını və mənzilin özəlləşdirməsi zamanı onun razılığının alınmadığını əsas gətirərək istifadə hüquqlarının tanınmasını və çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi üzrə çıxarışın etibarsız hesab edilməsi və özəlləşmə prosesinin qanunsuz keçirilməsi ilə bağlı apardığı araşdırma nəticəsində hər hansı pozuntu aşkar etməmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununda ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş vətəndaşların razılıqlarının alınması tələb olunur. İddiaçının adına özəlləşmə prosesi həyata keçirilərkən Cavabdeh mənzillə bağlı hər hansı bir hüququ olmadığından onun razılıq ərizəsi olmadan mənzildə qeydiyyatda olan şəxslərin razılığı əsasında özəlləşmə həyata keçirilmiş və iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus ol an əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı iş üzrə iddiaçı keçmiş gəlini olan Cavabdeh istifadə hüquqlarına xitam verilməsini tələb edərək mülkiyyətçi kimi hüquqlarının bərpa olunması yönündə çıxış etmişdir. Məhkəmə Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqlarının olubolmamasını araşdıraraq qeyd edir ki, tərəflər arasında iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2011-ci ildə yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Qanunvericiliyin tələblərinə əsasən Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqları yaranmamışdır. Odur ki, iddiaçının Cavabdeh istifadə hüquqlarına xitam verilməsi ilə bağlı ərizəsi əsassızdır. Belə ki, məhkəmə tərəfindən yaranmayan hüquqa xitam verilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh övladları olan 02 mart 2012-ci il təvəllüdlü X3 və 12 oktyabr 2013-cü il təvəllüdlü X4 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdıraraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab edir. Məcəlləyə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ərarvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X6 və X7 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə onlar ananın yanında saxlanılmaqla onun himayəsinə veriliblər, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri də valideynlərinin yaşayış yeridir, qeyd olunan mənzilə Cavabdeh istifadə hüququ olmadığından İddiaçı iddiası Cavabdeh uşaqlarına münasibətdə təmin edilməli, X6 və X4 istifadə hüquqlarına xitam verilərək, X6 və X7 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbi qismən təmin edilməli, 02 mart 2012-ci il təvəllüdlü X3 və 12 oktyabr 2013-cü il təvəllüdlü X4 istifadə hüquqlarına xitam verilməli, Cavabdeh istifadə hüququ olmadığına görə iddia ona münasibətdə rədd edilməli, X6 və X7 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalı, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi isə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Rəhimbala Heydər oğlunun Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh övladları 02 mart 2012-ci il təvəllüdlü X3 və 12 oktyabr 2013-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh istifadə hüququ olmadığından iddia ona münasibətdə rədd edilsin. X6 və X7 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar