Məhkəmə qərarları › İş №2(011)-2529/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2529/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2529/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərə görə pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus olan soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası əşyalarının iddiaçıya qaytarılması və ya 47 min manat məbləğində pulun, 30 manat dövlət rüsumunu və hüquq xidmətləri üçün ödədiyi 267 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus olan, məhəllə 2942A ünvandakı 62 saylı mənzili müqavilə əsasında iddiaçı almışdır.Keçən il anası Cavabdeh təkidi ilə o həmin mənzili satmağa məcbur olmuşdur. Həmin mənzili o makler işləyən Ruslan adlı şəxsin vasitəsi ilə satmışdır. Həmin mənzilin satılmasının razılıq sənədlərinə imza atdıqdan sonra, həmin mənzilin pulunu yəni, 25000 (iyirmi beş min) manatını anası ondan almış və mənimsəmişdir. Bu faktı həm evi Bəhram adlı şəxs, həmdə makler işləyən Ruslan da təsdiqləyə bilər. Həmin evi satmamışdan qabaq o 12000 (on iki min) manat pulu anasına saxlamaq üçün vermişdir ki, müalicəsinə lazım olacaq. Bundan əlavə iddiaçının anası ona qarşı evdə haqsızlıq etmiş, iddiaçı həyat yoldaşı ilə evi tərk etmişdir. Onlara aid olan cehiz əşyalarını anası mənimsəyib, geri ala bilmirlər. Onlara məxsus olan cehiz əşyalarının dəyəri olduqca bahadır. Həmin əşyalar aşağıdakılardır: soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3830/2020 nömrəli 18.09.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X4 və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 61, mənzil 6-dan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1264/2021 nömrəli 10.02.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdeh İddiaçı aid hissədə ləğv olunmuş, iddiaçı X2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektindəki 61 saylı evin 6-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, iddiaçını və cavabdehi ünvan 1, mənzil 62-nin alqı-satqısı zamanı tanımışdır. Alqı-satqı müqaviləsi ilə mənzili iddiaçıdan almış, mənzili dəyəri kimi razılaşdıqları 25000 manatı iddiaçının anası Cavabdeh vermişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, iddiaçı və cavabdehlə uzun illərdir ki, qonşu yaşayırlar. İddiaçı məxsus Xətai rayonu, Sadıqcan küçəsində yerləşən mənzilin alqı-satqısı zamanı, müqaviləni Kamran imzalamağına baxmayaraq, 25000 manat məbləğində pul anası Cavabdeh verilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 3 ədəd fayldan ibarət səs yazıları ilə bağlı qeyd edir ki, həmin səs yazıları nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən gizli yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiaçıya məxsus əşyaların mövcudluğu, o cümlədən onların dəyəri, tələb edilən əşyaların iddiaçının özünə məxsus olduğu və halhazırda cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən əşyaların geri qaytarılması hissəsində rədd edilməməlidir. Məhkəmə iddia tələbini 47.000 (qırx yeddi min) manat maddi və mənəvi zərərə görə iddiaçının xeyrinə cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mənzilin satışından əldə edilən 25000 manat və evin satışından əvvəl 12000 manat verilməsi iddia edilsə də, qeyd edilən hal məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddəsi). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092.1-ci maddəsi). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (MM 1092.3-cü maddəsi). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarda izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Məhkəmə maddi və mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən hallarla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianı hüquq xidmətləri üçün ödənilən 267 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən bu pulun ödənilməsini təsdiq edən sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus olan soyuducu, paltaryuyan, kondisioner, ventilyator, qab-qacaq dəsti, tava, blinçik tavası əşyalarının iddiaçıya qaytarılması və ya 47 min manat məbləğində pulun, 30 manat dövlət rüsumunu və hüquq xidmətləri üçün ödədiyi 267 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar