Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2560/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı sənədlərin əslinin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı sənədlərin əslinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı və cavabdehin ataları X1 Şaumyan ZDS İK-nin (indiki Xətai Rayon İcra Hakimiyyətinin) xx.xx.1957-ci il tarixli, 18/259 saylı qərarı ilə Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 300 kv.m olan 44 nömrəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Həmin torpaq sahəsində tərəflərin atası X9 tərəfindən 1960-cı ildə Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evi inşa edilmişdir. Həmin evə dair 11 sentyabr 1962-ci il tarixdə Texniki Pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən olunur ki, evin həyətyanı torpaq sahəsi 320,4 kv.m təşkil edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o həmin evdə doğulmuşdur və 62 ildir ki, həmin fərdi evin bir hissəsində (2 otağında) öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı 320,4 kv.m torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və X4 tərəfindən yaradılan maneələrə son qoyulması və iddiaçının sözügedən fərdi yaşayış evinin özünə məxsus hissəsində məlum torpaq sahəsinə açılmış, lakin sonradan cavabdehlər tərəfindən qanunsuz olaraq bağlanmış həyət qapısının cavabdehlərin hesabına açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4485/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-188/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4485/2020 nömrəli xx.xx.2020ci il tarixli qətnaməsi- iddia tələbinin təmin olunmayan hissəsinə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bu qətnamə ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı 320,4 kv.m torpaq sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirməsinə cavabdehlər Cavabdeh1 və X4 tərəfindən maneələrin yaradılması qadağan edilmişdir. Mülkiyyətçi- tərəflərin mərhum atası X9 6 iyul 1985-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Tərəflərin anası mərhum X7 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Notariat orqanı tərəfindən iddiaçıdan zəruri sənədlər tələb edilmişdir ki, həmin sənədlər hal-hazırda cavabdehdədir. Tərəflərin mərhum atası X6 Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən ümumi sahəsi 300 kv.m olan 44 nömrəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış həmin evə dair xx.xx.1962-ci il tarixdə verilmiş texniki pasportunun əslinin, tərəflərin mərhum atası X5 və mərhum anası X3 doğum haqqında, nikah haqqında və ölüm haqqında şəhadətnamələrinin, tərəflərin bacılarının şəxsiyyət vəsiqələrinin cavabdehdən alınaraq iddiaçıya verilməsi xahiş edilmişdir. İddiaçının tələbi: Cavabdeh1 Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinə vərəsəlik şəhadətnaməsinin açılması üçün tərəflərin mərhum atası X5 adına olan Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.1962-ci il tarixdə verilmiş texniki pasportunun əslinin, tərəflərin mərhum atası X5 və mərhum anası X3 doğum haqqında, nikah haqqında və ölüm haqqında şəhadətnamələrinin, tərəflərin bacılarının şəxsiyyət vəsiqələrinin Cavabdeh1 tələb olunaraq iddiaçı X8 verilməsi xahiş edilmişdir. Cavabdeh şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən iddiaçı öz izahatında qeyd etmişdir ki, əlavə heç bir tələbi yoxdur, sadəcə vərəsəlik almaq üçün qeyd edilən sənədlərin cavabdehdən təhvil alınmasını xahiş edir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən cavabdehin nümayəndəsi və vəkili öz izahatında qeyd etmişdir ki, iddiaçı özü qeyd edilən sənədlərin bəzilərini əldə etmiş və məhkəməyə təqdim etmişdir. Digər tələb edilən sənədlər iddiaçının bacılarının doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələridir. Həmçinin öz izahatında bildirmişdir ki, vərəsəlik işinin açılması üçün bütün lazımi sənədlər iddiaçının özündə də vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4485/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “torpaqdan istifadəyə yaradılan maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Xətai rayonu 3-cü Əhmədli küçəsi 15 saylı fərdi yaşayış evinin İddiaçı aid hissədə həyətə çıxan qapısının açılmasına Cavabdeh1 və X4 tərəfindən edilən maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020ci il tarixdə İddiaçı ünvanlanmış **********28 nömrəli məktubun surətindən aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinə dair məlumatın və sənədlərin surətinin göndərilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsinə baxılmış və cavab olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 3cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin X5 adına dövlət reyestrində qeydiyyata alınmasına, həmin əmlakla əlaqədar ilkin torpaq sənədləri və cizgiyə dair hər hansı məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə bağlı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinə dair 1962-ci il tarixdə tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti İddiaçı göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-188/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4485/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi - iddia tələbinin təmin olunmayan hissəsinə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Bu qətnamə ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi, 15 saylı fərdi yaşayış evinin həyətyanı 320,4 kv.m torpaq sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirməsinə cavabdehlər Cavabdeh1 və X4 tərəfindən maneələrin yaradılması qadağan edilmişdir. - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan müəyyən olunur ki, 3-cü Əhmədli küçəsi 15 saylı evin sahibi qrafasında X5 adı qeyd edilmişdir. - Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibinin Kartoçkasından müəyyən olunur ki, ev sahibi qrafasında X5 adı qeyd edilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı təqdim edilmiş yaşayış yerindən arayışa əsasən İddiaçı həqiqətən də Bakı şəhəri, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi 15 saylı evdə qeydiyyatda olması faktı müəyyən olunur. - AZ-T 009621 №li Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Atası qrafasında X9, anası qrafasında X7 qeyd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinin təqdim etdiyi nikah haqqında şəhadətnaməsinə əsasən, X9 ilə X10 xx.xx.1959-cu il tarixdə 7334 № li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. - İş materiallarına əlavə edilmiş X5 ölüm haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Perm vilayəti, Dobrınsk rayon VVAQ şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1985-ci il tarixli 199№ li akt qeydinə əsasən X9 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. - İş materiallarına əlavə edilmiş X3 ölüm haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2010-cu il tarixli 718 №li akt qeydinə əsasən X7 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 32.İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
32. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Mülki Məcəllə: 135.5. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 166.2. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 7.1. Subyekt aşağıdakı hüquqlara malikdir: 7.1.6. özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının Qanunu:
1. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 4.1. Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti müvafiq olaraq çağırışçıdan (kursantdan) şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edir. Həmin vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etmədikdə, şəxsiyyət vəsiqəsinin olmamasının səbəbləri və ya şəxsiyyət vəsiqəsinin harada olması haqqında izahat yazır. 4.3. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə qaytarılır. 4.4. Şəxsiyyət vəsiqəsinin girov götürülməsi və vətəndaşdan alınması (bu Əsasnamənin 4.1-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) qadağandır. 5.1. Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsini vəsiqə verən orqana göndərir.
Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.1962-ci il tarixdə verilmiş texniki pasportunun əslini cavabdehdən tələb etməsinə baxmayaraq, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən tələb edilən texniki pasportun təsdiq edilmiş surəti artıq onun özündə mövcuddur. Sənədin arxiv müdirinin imza və rəsmi möhürü ilə təsdiq edilmiş surəti iddiaçının vərəsəlik şəhadətnaməsi alması üçün kifayyətdir. Eyni zamanda məhkəmə proseslərinin gedişində iddiaçı cavabdehdən tələb etdiyi mərhum atası X5 doğum haqqında və ölüm haqqında şəhadətnaməsini, həmçinin mərhum anası X3 ölüm haqqında şəhadətnaməsini, mərhum atası X5 və mərhum anası X3 nikah aktını da məhkəməyə təqdim etmişdir. İddia tələbində qeyd edilən bu sənəd də iddiaçının sahibliyindədir. İddiaçı tərəfindən cavabdehdən tələb edilən mərhum anası X3 doğum haqqında şəhadətnaməsinin və bacılarının şəxsiyyət vəsiqələrinin Cavabdeh1 mövcud olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 5.1-ci maddəsinə əsasən vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsini vəsiqə verən orqana göndərir. Məhkəmə hesab edir ki, iddiaçı mərhum qohumlarının şəxsiyyət vəsiqələrini məhz cavabdehdən deyil, müvafiq dövlət orqanlarına müraciət etməklə də əldə edə bilər. İddiaçının tələb etdiyi sənədlər sırasında cavabdehin şəxsiyyət vəsiqəsi də qeyd edilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin vətəndaşdan alınması hərbi xidmət, cinayət mühakimə icraatı halları istisna olmaqla qadağandır. Cavabdehin şəxsiyyətini təsdiq edən sənıd, yəni onun fərdi məlumatlarını özündə əks etdirən sənəddir. Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin isə cavabdehin icazəsi olmadan ondan alınaraq iddiaçıya təhvil verilməsi qeyri-mümkündür. Belə ki, vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsində fərdi məlumatlar əks edilmişdir və bu səbəbdən həmin sənədin şəxsin icazəsi olmadan və onun iradəsinə zidd şəkildə cavabdehdən alınaraq iddiaçıya verilməsi cavabdehin hüquqlarının əsassız şəkildə pozulmasına səbəb ola bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsasızdır və təmin oluna bilməz. Odur ki, məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samirə Eyvazova