Məhkəmə qərarları › İş №2(011)-2573/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2573/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2573/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X2, X3, Nərimanova Hicran Qabil qızına və X6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X2, X3, Nərimanova Hicran Qabil qızına və X6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən mənzili İddiaçı 13 sentyabr 1997-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 almış və həmin mənzilə mülkiyyət hüququ iddiaçının adına xx.xx.2022-ci ildə tanınmışdır. Mübahisəli mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər isə mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olmuşlar. Cavabdehlər mənzili iddiaçıya satıldıqdan sonra həmin mənzildə yaşamamışlar. Satıcının ailə üzvləri isə alqı-satqı müqaviləsi bağlanarkən mənzildən qeydiyyatdan çıxmağı öz öhdələrinə götürsələr də, çıxmamışdırlar və indiyə qədər mənzildə pasport qeydiyyatında qalmaqdadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Cavabdehlərin qeydiyyatda qalması əlavəmənzil və kommunal xərcləri ödəmək məcburiyyətində qoymaqla ona maddi cəhətdən ziyan vurur. Ona görə də cavabdehlərin mənzilə istifadə hüququ itirilməlidir. İddiaçının tələbi: ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh, X2, X3, Nərimanova Hicran Qabil qızının və X5 istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə icıasında məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini, ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Digər cavabdehlər tərəfindən məhkəməyə heç bir yazılı etiraz və ya əlavə hər hansısa sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər yalnız pasport qeydiyyatındadırlar və bu onun hüquqlarını sərbəst həyata keçirməsinə maneə yaradır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz izahatında qeyd etmişdir ki, hal-hazırda həmin mənzildə qeydiyyatda olan bütün şəxslər ailə üzvləridirlər və qeyd edilən mənzili satdıqdan sonra başqa bir mənzil ala bilməmişlər. Hal-hazırda da cavabdeh olaraq qoyulmuş 5 nəfərin hər biri kirayədə yaşayır, odur ki, həmin mənzildən bu günə qədər qeydiyyatdan çıxa bilməmişlər. Lakin Cavabdeh məhkəməyə (xx.xx.2023-cü il tarixdə) ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini və heç bir etirazının olmadığını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bakı şəhəri 24 saylı Dövlət Notariat Ofisində aparılmış 3M-A/7-810 nömrəli notariat işinin materiallarına əsasən, X4 və İddiaçı arasında xx.xx.1997-ci il tarixli № 023674 Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən yaşayış sahəsi 28,8 kv/m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə satıcı X4 16.000000 (on altı milyon) manat qiymətinə satmış, alıcı İddiaçı daşınmaz əmlakı həmin qiymətə almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzildə hal-hazırki mülkiyyətçi İddiaçı və onun ailə üzvləri ilə yanaşı, həmçinin cavabdehlər Cavabdeh, X2, X3, Nərimanova Hicran Qabil qızı və X7 qeydiyyatdadırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3 Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2.Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.1997-ci il tarixli № 023674 Daşınmaz Əmlakın Alqı-satqısı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətinə keçmiş və mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. İddiaçı keçmiş mülkiyyətçinin və onun ailə üzvlərinin mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq mənzili əldə etmişdir. İddiaçı ilə cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri də deyil. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələrə və həmçinin əlavə mənzil və kommunal xərclərin iddiaçı tərəfindən ödənməsinə səbəb olur. Eyni zamanda cavabdehlərin qeydiyyatı formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından, həmçinin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə olmadığından, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh, X2, X3, Nərimanova Hicran Qabil qızının və X5 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçının digər bir tələbi isə cavabdehlərin sözügedən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə yanaşı, onların pasport qeydiyyatından çıxarılmasıdır ki, iddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə özünü səlahiyyətli hesab etmir. Həmçinin məhkəmə iddiaçının bu tələbinə münasibətdə bildirir ki, ümumi məhkəmələr hər hansı qurumun üzərinə öhdəlik qoymaq kimi bir səalhiyyət daşıyıcısı deyildir. Cavabdehlərin həmin ünvan üzrə pasport qeydiyyatından çıxarılması bir sonrakı mərhələni təşkil edir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1979-cu il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X3, xx.xx.1983-cü il təvəllüdlü Nərimanova Hicran Qabil qızının və xx.xx.2014-cü il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 mənzil 125 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul olunduğu gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar