Məhkəmə qərarları › İş №2(011)-2626/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2626/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2626/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakı ilə, İddiaçı X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 800 manat məbləğində maddi, 500 manat məbləğində mənəvi ziyana, hüquqi yardıma görə 500 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30.09.2020-ci il tarixli məhkəmə iclasnda iddiaçının nümayəndəsi və vəkili Vəkil əsl cavabdehin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh “Dəniz Wedding” gəlinlik salonunun sahibi X2 əsl cavabdeh kimi cəlb edilməsini məhkəmədən xahiş etmişdir. 19.10.2020-ci il tarixli məhkəmə iclasnda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən X1 800 manat, hüquqi yardıma görə 500 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 03.04.2020-ci il tarixinə təyin olunmuş toy məclisinin keçirilməsi üçün 23.11.2019-cu il tarixində cavabdeh A.Hüseynovanın şəxsində müqavilə bağlamış və cavabdehə 800 manat pul ödəmişdir, bütün dünyada və respublikamızda yeni növ Koronavirus pandemiyasına görə elan edilmiş karantin rejimi qaydalarına müvafiq olaraq keçirilməsi nəzərdə tutulan toy məclisi təxirə salınmışdır, bundan sonra 2 dəfə toy məclisinin keçirilməsi planlaşdrılsa da, kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyindən toy məclisi baş tutmamışdır, mövcud pandemiyanın hansı mddət ərzində davam edcəyi məlum olmadığından o, toy məclisi keçirmədən ailə həyatı qurmuşdur, toy etmək və bununla da müqavilə üzrə nəzərdə tutulan gəlinlik paltarından istifadə etmək ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır, baş vermiş fors-major hal olan pandemiyaya görə onlar toysuz ailə həyatı qurmuşdur, bu barədə dəfələrlə cavabdehə həm şifahi, həm də yazılı olaraq bu barədə məlumat verməklə ödədiyi pul məbləğini geri tələb etsə də, cavabdeh bildirmişdir ki, müqavilədə qeyd edilmiş fors-major halı onlara aiddir, buna görə də ödənilmiş məbləğ geri qaytarılmayacaqdır, cavabdeh könüllü olaraq öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh A.Hüseynzadə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında icarə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır, müqaviləyə əsasən iddiaçı 800 manat beh ödəmişdir, sonradan ölkəmizdə yeni növ “Koronavirus” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq toy məclislərinin keçirilməsi qadağan edildiyindən icarəyə verilməsi nəzərdə tutulan geyim iddiaçıya verilməmişdir, iddiaçı ilə iyun iyul aylarında telefon danışıqları olmuş, əvvəlki paltarın başqa paltarla əvəz olunması barədə razılaşmışlar, lakin iddiaçı sonda pandemiya səbəbindən toy məclisinin keçirilməsinin mümkünsüz olduğunu əsas gətirərək paltarı qəbul etməkdən imtina etmişdir, o, imtina barədə və pulun geri qaytarılması barədə bir neçə dəfə ona müraciət etmişdir, lakin bunun müqabilində iddiaçıya müxtəlif təkliflər edilsə də, onun tərəfindən bu təkliflər rədd edilmişdir, belə ki, iddiaçıya fotosessiya üçün 2 geyim icarəyə verilməsi təklif edilmişdir, iddiaçı özü də mütəmadi olaraq fikrini dəyişdirmişdir, 9 ay müddətində müxtəlif fikirlərdə olmuş, bu qədər vaxt keçəndən sonra 800 manat həcmində ödənilmiş behi tam şəkildə geri qaytarılmasını tələb etmişdir, o, iddiaçıya behin geri qaytarılmadığını bildirmiş, lakin müvafiq şəraiti nəzərə alaraq, behin yarısını 400 manatın geri qaytarılmasını təklif etmişdir, iddiaçı bu təklifi də rədd etmişdir, həmin icarə müqaviləsinə əsasən ona da maddi ziyan dəymişdir, belə ki, həmin müddət ərzində paltar bronda olduğuna və ona görə beh ödənildiyinə görə heç kimə icarəyə verilməmişdir, cavabdeh həmin müddət ərzində mağaza işlədiyi dövrdə paltarın orada olduğuna da gəlib baxa bilərdi, qarşı tərəflər razılaşmaq cəhdlərinin hər biri uğursuz olmuşdur. Sonda, A.İ.Hüseynzadə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı və X5 arasında bağlanmış 23.11.2019-cu il tarixli “icarə xidmətlərinin göstərilməsinə dair” müqavildən görünür ki, sifarişçi icraçıya 800 manat beh və paltar icarəyə götürən zaman 680 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan həmin müqavilədən görünür ki, müqavilənin 5.2-ci maddəsində fors-major şəraiti dedikdə, elan olunmuş və ya faktiki müharibə, epidemiya, epizootiya, blokada, zəlzələ, sel, yanğın və digər təbii fəlakətlər, həmçinin Tərəflərdən hər hansının iradəsindən aslı olmayan və bu müqavilə imzalandığı tarixdə qabaqcadan görülə və qarşısı alına bilməyən şərait nəzərdə tutulmuşdur. İş materiallarında olan həmin müqavilədən görünür ki, müqavilənin 5.3-cü maddəsinə əsasən tərəflər fors-major şəraiti 3 ay davam edərsə və onun başa çatması əlamətləri nəzərə çarpmazsa, hər hansı tərəf digər tərəfə yazılı bildiriş yollayıb bu müqaviləyə xitam verə bilməsi barədə razılıq əldə etmişlər. İş materiallarında olan 27.06.2020-ci il tarixli “Dəniz Wedding” gəlinlik evinin rəhbərliyinə ünvanlanmış ərizə-bildirişdən görünür ki, İddiaçı toy məclisinin təxirə salınması barədə məlumatlandırmış, artıq toy məclisi keçirmədən ailə həyatı qurduğunu bildirmiş, aralarında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən pandemiyanın 3 ay davam etdiyini və onun başa çatması əlamətlərinin görünmədiyinin nəzərə alınaraq, müqaviləyə xitam verilməsini və ödənilmiş behin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 ilə İddiaçı arasında nikah bağlanmış, bu barədə 05.06.2020-ci il tarixində 1230 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 28.09.2020-ci il tarixli qəbzdən görünür ki, hüquqi yardım xidmətlərinin göstərilməsi üçün İddiaçı tərəfindən 500 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 25.11.2019-cu il tarixində icarə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır, həmin razılaşma əsasında tərəflər arasında gəlinlik paltarının icarəyə verilməsinə dair öhdəliklər yaranmışdır, iddiaçı ilkin müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinin icrasını müqavilə üzrə müəyyən olunmuş fors-major halların baş verməsi səbəbindən yerinə yetirə bilməmiş və hazırda isə şərait dəyişməşi nəticəsində cavabdehin öhdəliklərinin həyata keçirilməsi zərurəti aradan qalxmışdır, iddiaçı 05.06.2020-ci il tarixdə ailə qurmuşdur, müqavilə şərtlərinə uyğun olaraq yaranmış fors-major hallara görə müqaviləyə xitam verilməsinə dair cavabdehə yazılı müraciət olunmuşdur, müqavilə üzrə iddiaçı cavabdehə 800 manat beh vermişdir, iddiaçının rəsmi nikaha daxil olduğu 05.06.2020-ci il tarixi ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövrünə düşür. Bununla belə, ödənilmiş məbləğinin geri qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən icarə müqaviləsinin ləğv edilməsinin əsası kimi göstərdiyi yeni növ “Koronavirus” infeksiyasının (COVİD-19) yayılması, bu infeksiyanın qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq mədəni-kütləvi tədbirlərin, o cümlədən, toy və yas mərasimlərinin həyata keçirilməsinin qadağan olunması fors-major hal olaraq tərəflər arasında bağlanmış müqavilənin icrasını, iddiaçının iradəsindən asılılığını aradan qaldırmaqla, mümkünsüzlüyünü şərtləndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin icrasının mümkünsüzlüyü, iddiaçının iradəsindən asılı olmayaraq, Respublika ərazisində yeni növ “Koronavirus” infeksiyasının (COVİD-19) yayılması, bu infeksiyanın qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq mədəni-kütləvi tədbirlərin, o cümlədən, toy və yas mərasimlərinin həyata keçirilməsinin qadağan olunmasıdır ki, bu da fors-major haldır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehin “bağlanmış müqaviləyə görə onu başqa şəxsə icarəyə verməklə əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına” dair dəlillərinə münasibətdə qeyd edir ki, bu sübutla, cavabdeh istinad etdiyi və əsas hesab etdiyi hallara dair sübutetmə yükü daşıyır, lakin onun icarəyə verilən əmlakın müqavilə olmasaydı başqa şəxsə icarəyə veriləcəyi barədə halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəm tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri şəxsi mülahizələrə əsaslandığından əsaslı hesab edilə bilməz. Məhkəmə, iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsinə görə 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi iddia tələbinin qiymətinə nisbətdə ağlabatan məbləğdə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qiyməti 800 manat olduğunu nəzərə alaraq, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi qsimində cavabdehdən ağlabatan məbləğdə 100 manat həddində pul tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 800 manat məbləğində əsas borc, hüquqi yardım xidmət göstərilməsinə görə 100 manat məbləğində pul tutularaq İddiaçı qızına ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X1 800 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 100 manat, cəmi 900 (doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul məbləği alınaraq X4 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar