Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2648/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Soltan oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Soltan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Xətai rayon 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus qarajın sökülməsi ilə bağlı hərəkətlərinə son qoymaları haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlər kimi Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Xətai rayon 90 saylı MKİS-nin rəisi göstərilmiş, iddia tələbi isə “cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Xətai rayon 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus qarajın sökülməsi ilə bağlı hərəkətlərinə son qoymaları” barədədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bir neçə cavabdehə verildiyindən və onların hər birinə qarşı yönələn tələbin nədən ibarət olması göstərilmədiyindən, Xətai rayon İcra Hakimiyyəti iş üzrə cavabdeh qismində göstərilmədiyi halda, ona qarşı tələb irəli sürüldüyündən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun deyildir və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Soltan oğlunun “cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və Xətai rayon 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus qarajın sökülməsi ilə bağlı hərəkətlərinə son qoymaları” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2648/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2648/2024
02.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver