Məhkəmə qərarları › İş №2(011)-2673/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2673/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2673/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi’ barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Zığ yolu, ev 19, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi vərəsəlik əsasında xx.xx.2022-ci il tarixdən öz adına özəlləşdirilib və həmin mənzil onun xüsusi mülkiyyətindədir. 25 dekabr 2004-cü il tarixdən tək yaşayır və onu heç bir yaxını yoxdur. Ona məlum olub ki, ona məxsus olan xüsusi mənzilə onun xəbəri və razılığı olmadan Cavabdeh adlı şəxsi qanunsuz olaraq qeydiyyata salıblar. Bildirir ki, o şəxsi tanımır və heç bir yaxınlığı olmayıb. Belə ki, cavabdeh nə onun ailə üzvüdür, nə də tanıdığı şəxsdir. Mənzil hazırda onun xüsusi mülkiyyəti olmaqla hazırda onun istifadəsindədir və bütün kommunal xərcləri özü ödəyir. Bu isə ona bir sıra maliyyə və digər hüquqları həyata keçirilməsinə əlavə çətinliklər yaradır. Bu barədə əlaqədar təşkilatlara müraciət etsə də heç bir nəticə olmayıb. Elə bu səbəbdən də hüquqlarının müdafiəsi üçün hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş materiallardan görünür ki, Cavabdeh ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması İddiaçı ərizəsi əsasında həyata keçirilmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına İddiaçı ərizəsi əsasında qeydiyyata alındığından mövcud iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. İddiaçı Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” barədə iddia ərizəsi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbləri ilə aidiyyəti inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, inzibati orqan tərəfindən imtina edilərsə, iddiaçının şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçıya izah olunsun ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi eyni tərəflər arasında, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar