Məhkəmə qərarları › İş №2(011)-2675/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2675/2024

02.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2675/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3/20 saylı evin 78 saylı mənzili (bundan sonra - Mənzil) əvvəllər X1 mülkiyyətində olmuş və sonuncunun mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. 10.10.2018-ci il tarixdə Mənzilə dair "xxxx" ASC (ipoteka saxlayan), X5 (alıcıipoteka qoyan) və X3 (satıcı) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, X4 Mənzilə dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.

3. Daha sonra, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Mənzil Eldar Quliyev tərəfindən iddiaçıya bağışlanmış (Eldar Quliyev iddiaçının əridir) və sonuncunun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.

4. Cavabdeh Mənzilin əvvəlki mülkiyyətçinin övladıdır və iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatındadır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehin Mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən onun adına qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh mənzili satdıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəliyinə götürsə də, yaşayış sahəsi satıldığı vaxtdan köçüb getməklərinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, onların məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə MKİS-nın onların həmin mənzildə yaşamamasına dair qeyd yazılmış bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

12. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

14. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

15. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdeh Mənzilin keçmiş mülkiyyətçisinin övladıdır. Mənzilə dair keçmiş mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, cavabdehin Mənzildən istifadə hüququ yaranmışdır.

24. Belə ki, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Cavabdeh Mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olduğundan onun da Mənzildən istifadə hüququ yaranmışdır. Lakin o, Mənzil satıldıqdan sonra keçmiş mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiyindən o, Mənzildən istifadə hüququ ilə bağlılığını daimi olaraq kəsmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə o, iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3/20 saylı evin 78 saylı mənzilinə dair istifadə hüququ itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar